Suala iki bölmədə cavab verəcəyik;
1. Qiyamətdə ölümün mahiyyəti və əhatəsi
2. Bu halətdən istisna olunmuşlar
Birinci hissə;
Quran nöqteyi-nəzədən hər şeyin ölümü o zamandır ki, “əcəli” (son vaxtı) çatmış olsun. Başqa tərəfdən bütün yaranmışların, istər insan və istərsə də qeyri-insan, əcəli olduğundan, deməli, hər şeyin əcəli və sonu vardır.
Hər bir şeyin əcəli və sonu daimi və sonu olmayan Allah-taalanın yanındadır. Ölüm isə, “müvəqqəti və fani dünyadan Allah dərgahında əbədi və həmişəlik bir aləmə keçid” deməkdir. Elə bir ölüm ki, bütün varlıqları əhatə edər və Qiyamət günü çatan vaxt bütün varlıqlar bu ölümü dadar və əslində, Qiyamətdə hamı ölümdən sonra dirilib, Allah-taalanın hüzuruna cəm olarlar.
Quranda belə bir hadisənin əvvəli “şeypurun çalınması” ilə bütün yaranmışların ölümü, ikinci dəfə yenə şeypurun çalınması ilə hamının təzədən dirilməsi ilə bildirilir. Bu səbəbdən bir qrup ayə və rəvayətlər yerin və göylərin parçalanması və dağılmasını, digər tərəfdən başqa bir qrup ayə və rəvayətlər isə bu zaman bütün yaranmışların məhv olmasını açıqlayır. Başqa bir qrup ayə və rəvayətlər isə Qiyamət günü bütün ölülərin təzədən dirilib əbədi həyatın təcəllisi olan Qiyamət səhnəsinə daxil olmaqlarını xəbər verir.
Bütün bu ayə və rəvayətləri araşdırdıqdan sonra məlum olur ki, yerlər və göylər, bərzəx aləmi və onların içində olanların hamısı hətta, ərşi-əlanı həml edənlər, Allah-taalanın dərgahına yaxın mələklər (Cəbrail, Mikayil, Əzrail və İsrafil) də belə dəhşətli, əzəmətli hadisədən və iki şeypur səsindən, yəni, hamını əhatə edən ölüm və hamılıqla dirilmə hadisəsindən, amanda qalmayacaqlar.
İkinci hissə;
Əvvəldə qeyd etdiymiz ayə və rəvayətlərin hamısı belə bir əzəmətli hadisənin baş verəcəyindən xəbər verir. Qeyd etdiklərimizdən əlavə, bəzi ayə və rəvayətlər belə bir əzəmətli hadisənin qorxu və vəhşətindən amanda qalan bir dəstənin də xüsusiyyətlərini qeyd edirlər ki, onlar bu iki şeypur səsinin qorxu və vəhşətindən tamamilə amanda olar və öz həyatlarına davam edərlər. Quran ayələrinə əsasən, belə şəxslərdə iki mühüm xüsusiyyət özünü daha çox büruzə verir. Əslində bu iki xüsusiyyət bir həqiqətə qayıdır;
1.Saleh əməl sahibi olmaq və tam şəkildə hər cür günah və çirkinlikdən pak və uzaq olmaq;
2.Xalis olmaq və Allah-taalaya müxlis (ixlaslı, saf və pak) bəndə olmaq;
Bu insanlar o kəslərdir ki, dünyada Allah yolunda etdikləri əməllər və çəkdikləri əziyyətlərə görə həm dünyaya bağlılıqlardan ayrılmış və bərzəx aləminin çətinliklərindən azad olmuş və həm də dünyada öz hesab-kitablarına yetişdiklərinə görə birbaşa Allah-taalanın dərgahında behiştin ən yüksək dərəcəsinə çatmışlar. Nəticədə, nə bərzəx aləmində çox dayanıblar və nə də Qiyamətin qorxu və vəhşətləri onları tuta bilmişdir. Əslində, onlar öz nəfslərində “ölməmişdən əvvəl ölün” hədisinə tam şəkildə əməl etmiş bəndələrdəndir.
Belə bir dəstənin ən başlıca nümunəsi on dörd məsumlardır (əleyhimussalam). Baxmayaraq ki, peyğəmbərlər, övliyalar və öz nəfslərinin paklanması ilə hədəfə çatmış arif insanlar da on dörd məsumun (əleyhimussalam) vilayətinin kölgəsində və onlarla düşmənçilikdən uzaq olduqları təqdirdə özlərinə uyğun olan belə bir məqama çata bilərlər və iki şeypurun vəhşət və qorxusundan amanda qalanlardan sayıla bilərlər.
Sualda işarə edilən məsələ nə tamamilə qəbul, nə də tamamilə inkar edilir. Bu, günahın növünə və günahkar şəxsin kim olmasına bağlıdır. Çünki Allaha şərik qoşmaq kimi bəzi günahlar heç vaxt bağışlanmır. “Həqqun-nas” (camaatın haqqı) kimi bəzi günahlar isə, günahkarın ölümündən sonra, başqalarının onun haqqında etdiyi dua və ehsanlar vasitəsi ilə belə bağışlanmır; yalnız haqq sahiblərinin razılığını əldə etməklə onun bağışlanmasına şərait yaranır.
Günahkar şəxs bəzən cəhalət üzündən müəyyən bir günah iş görür ki, peşman olub tövbə etdikdən sonra onun bağışlanmasına ümid olunur. Bəzən o, Allah qarşısında üsyankarlıq və inadkarlıq üzündən müəyyən bir günah işi görür ki, bunu da bərpa etmək lazımdır. Günahı və onun təsirlərini bərpa etmək həm günahkar şəxsin öz tərəfindən baş verə bilər, həm də başqaları onun tərəfindən əncam verə bilərlər.
Əlbəttə, insan öz səy və fəaliyyətindən artıq şeyə haqlı deyildir, lakin bu məsələ Allahın lütf və mərhəməti sayəsində ləyaqətli olan insanlara müəyyən nemətlər verilməsinə mane olmaz. Burada “layiq olmaq”la “ehsan və mərhəmət etmək” bir-biri ilə tamamilə fərqli olan iki məsələdir.
Bundan əlavə, başqalarının (günahkar şəxs barəsində) etdiyi ehsan, yaxşılıq, dua, şəfaət və s. də hesab-kitabsız deyildir və bir növ şəxsin özünün fəaliyyətlərinə bağlıdır. Misal üçün, şəfaət məsələsində şəfaət edən şəxs ilə mənəvi rabitə icad edilməsinə və bu sahədə bir növ səy və fəaliyyətə ehtiyac duyulur. Həqiqətdə şəfaət olunacaq insanda mənəvi inkişaf, ruhi qabiliyyət və səlahiyyət olmalıdır. Bitki su, torpaq, enerji və s.-dən kömək almadan kamal dərəcəsinə çata bilməz, amma gərək onun varlığında inkişaf etmək üçün qabiliyyət və istedad da olsun ki, sudan, enerjidən və s.-dən kömək almaq onun vəziyyətinə faydalı olsun.Asimani kitablar içərisində Quran Qiyamət barəsində müfəssəl şəkildə danışan yeganə kitabdır. Tövrat bu gün barəsində əsla söhbət açmamış, İncil isə cüzi işarədən başqa bir şey bəyan etməmişdir. Quranın yüzlərlə ayəsində Qiyamət günü müxtəlif adlarla yad edilmiş, bu gündə dünya və onun əhalisinin malik olduqları tale barəsində bəzən qısa şəkildə, bəzən isə geniş şəkildə izahlar verilmişdir.
Quran dəfələrlə xatırladır ki, Qiyamət gününə iman Allaha imanla yanaşı olub islamın üçlük təşkil edən etiqadi prinsiplərindən biridir ki, ona malik olmayan şəxs (məadı inkar edən şəxs) islam dinindən xaric olub, əbədi həlakətə düçar olanlar sırasındadır.
Həqiqət də məhz belədir. Çünki əgər Allah tərəfindən insanların əməl və işlərinin hesabı, cəza və mükafat məsələsi olmasaydı, Allahın fərman, əmr və nəhylər məcmuəsindən ibarət olan dini dəvət heç bir təsirə malik olmazdı; təsir baxımından təbliğ və nübuvvətin olub-olmaması eyni səviyyədə olacaq, hətta onun olmaması olmasından daha üstün sayılacaqdı. Çünki dini qəbul edib, şəriət qayda-qanunlarına tabe olmaq hökmən özü ilə müəyyən mükəlləfiyyətlər gətirir və azadlığın alınmasına səbəb olur. Halbuki, əgər dinə tabe olmağın heç bir nəticəsi olmasaydı, camaat onu heç vaxt qəbul etməz və öz təbii azadlıqlarından əl çəkməzdi.
Buradan aydın olur ki, Qiyamət gününün xatırladılmasının əhəmiyyəti dini dəvətin öz əhəmiyyətinə bərabərdir.
Eləcə də aydın olur ki, Qiyamət gününə iman insanın təqvalı olub çirkin və bəyənilməz əxlaqdan, böyük günahlardan çəkinməsinin ən mühüm amilidir. Belə ki, ona imanlı olmamaq və yaxud unutmaq da hər növ günahın mənşəyi sayılır. Allah-taala Öz kitabında belə buyurur:
“Həqiqətən Allah yolundan çıxaraq azğınlığa düşənlər üçün ağır bir əzab vardır, çünki onlar Qiyamət gününü unutmuşlar.”[i]
Aydın olduğu kimi, bu şərif ayədə Qiyamət gününün unudulması azğınçılıq hesab olunur. İnsan və dünyanın yaradılışında, eləcə də asimani şəriətlərin hədəf və məqsədində dərindən diqqət yetirilməsi ilə belə bir günün (Qiyamət gününün) irəlidə olduğu tamamilə aşkar olur.
Biz yaradılış aləmində gerçəkləşən işlərə diqqətlə yanaşsaq məlum olar ki, heç bir iş (belə ki, zəruri olaraq müəyyən qədər hərəkətə də şamil olur) sabit bir hədəf olmadan yerinə yetirilmir; heç vaxt bir işin özü müstəqil şəkildə insanın məqsədi və istədiyi şey deyil, əksinə bunların hamısı müəyyən bir hədəfin müqəddiməsidir və məhz ona görə istənilir. Hətta səthi nəzərlə yanaşdıqda məqsədsiz sayılan müəyyən işlərə, o cümlədən təbii işlərə, uşaq oyunlarına və s. diqqətlə nəzər saldıqda onun növünə uyğun olan məqsəd və hədəflərin olduğu aydınlaşır. Belə ki, ümumi halda hərəkət qəbilindən olan təbii işlərdə hərəkət hansı istiqamətə gedirsə, həmin istiqamət onun məqsədi və hədəfidir. Uşaqlara xas olan oyunlarda isə oyunun növünə münasib olan xəyali bir hədəf vardır ki, oyunda istənilən şey həmin xəyali məqsədə çatmaqdan ibarətdir.
İnsanın və dünyanın yaradılışı Allahın işidir və Allah heç vaxt əbəs və hədəfsiz bir iş görməz. O, yaradılışda sabit bir məqsəd güdmədən və sabit bir hədəfi izləmədən daim yaradıb ruzi verdikdən sonra öldürməsi və yenidən dirildib ruzi verib sonra yenidən öldürməsi, həmçinin bir şeyi düzəldib sonra bir-birinə qarşıdırması və s. işlərdən çox-çox pak və münəzzəhdir.
Deməli, insan və dünyanın yaradılışı üçün hökmən sabit bir hədəf və məqsəd vardır. Əlbəttə, onun faydası hər şeydən ehtiyacsız olan Allaha deyil, yaranmışlara qayıdır. Deməli, insan və dünya sabit bir yaradılışa, daha kamil vücuda doğru irəliləyir ki, onda heç bir fanilik və puçluq yoxdur. Həmçinin dini tərbiyə baxımından camaatın vəziyyətinə diqqətlə yanaşsaq görərik ki, insanlar bu tərbiyə və ilahi hidayət nəticəsində yaxşı və pis əməl sahibləri olaraq iki qrupa bölünürlər. Bununla belə, bu həyat nəşəsində ayrıseçkilik və imtiyaz yoxdur. Əksinə, əksər hallarda müvəffəqiyyət və inkişaf zalımlara və bəd əməl sahiblərinə nəsib olur, yaxşı əməl sahibləri həmişə giriftarçılıqda, çətin məişətdə, ağır həyat şəraitində yaşayır və cürbəcür məhrumiyyətlərə, zülmlərə düçar olurlar.
Belə olan halda ilahi ədalət tələb edir ki, başqa bir həyat da mövcud olsun; onda qeyd olunan iki dəstədən hər biri öz əməlinin cəzasını və əvəzini görsünlər; hər biri öz halına münasib olaraq həyat sürsün. Allah-taala Öz kitabında bu iki höccətə işarə edərək buyurur:
“Biz asimanları, yeri və onların arasında olanları əbəs yerə yaratmamışıq (onları yalnız haqq əsasında hikmət və məsləhətə uyğun xəlq etmişik), lakin camaatın əksəriyyəti agah deyillər.” (Ağıldan uzaq olan bu ehtimal Allaha qarşı kafir olan şəxslərin etdiyi gümandır, vay olsun bu kafirlərin halına! Onlara vədə verilən atəş...! Məgər Biz iman gətirib yaxşı iş görənləri yer üzündə fitnə-fəsad törədənlər kimi qiymətləndirərikmi? Yaxud pəhrizkarları günah əhli kimi qərar verərikmi?)
Başqa bir ayədə iki höccəti cəm edərək buyurur:
“Yoxsa cinayət törədib pis iş görənlər güman edirlər ki, Biz onları iman gətirib yaxşı iş görənlər kimi qərar verəcəyik ki, onların ölümləri və həyatları bərabər olsun? Onların etdiyi hökm necə də pis hökmdür! Allah asimanları və yeri haqq olaraq yaratdı (əbəs yerə yaratmadı) ki, hər nəfsə öz əməli ilə kəsb etdiyi şeylər əvəz olaraq verilsin və camaata zülm olunmasın.”
Bu kitabın ikinci bölməsində Quranın zahiri və batini mənaları izah edilərkən qeyd olundu ki, müqəddəs kitabımızda islami maariflər müxtəlif yollarla bəyan olunmuşdur. Həmin yollar ümumi şəkildə iki qismə - zahir və batinə bölünür.
Zahir yolu ilə bəyan olunanlar sadə olub, ümumi kütlələrin düşüncə səviyyəsi ilə uyğundur. Amma batin yolu ilə çatdırılan izahlar xüsusi şəxslərə aiddir və mənəvi həyat ruhu ilə dərk olunur.
Zahir yolundan qaynaqlanan bəyan Allah-taalanı yaradılış dünyasının mütləq rəhbəri və fərman verəni hesab edib buyurur ki, bütün mülk aləmi Ona məxsusdur, Allah-taala saysız-hesabsız mələklər yaratmışdır. Onlar Allahın əmrlərinə itaət edərək fərmanlarını icra edirlər. Allah dünyanın hər bir tərəfinə, hər bir yerinə əmr verir, dünyanın hər bir qisminin yaradılışı və nizam-intizamı mələklərdən olan xüsusi bir qrupa aiddir ki, onlar həmin hissənin vəkilləri sayılırlar. İnsan növü də Allahın yaratdıqlarından və bəndələrindəndir ki, Onun əmr və fərmanlarına qulaq asmalı, Allaha itaət etməlidir. Peyğəmbərlər də ilahi çağırışları, Allahın qanun və şəriətlərini gətirən insanlardır ki, Allah onları insanlara doğru göndərmiş və bu qanunların icra olunmasını tələb etmişdir.
Allah-taala iman və itaətə savab və mükafat vədəsi, küfr və günaha isə cəza və əzab vədəsi verdiyinə, digər tərəfdən də vədəsinə xilaf çıxmayacağını buyurduğuna və adil olduğuna görə Öz ədalətinin tələbi ilə başqa bir dünyada yaxşı əməl və pis əməl sahiblərinin bu dünyada öz (yaxşı və ya pis) əməllərinə müvafiq yaşamadıqları üçün o dünyada bir-birindən ayırmalı, yaxşılara yaxşı həyat, pis əməl sahiblərinə isə pis və xoşagəlməz həyat əta etməlidir.
Allah Öz ədalətinin tələbi ilə vədə verdiyinə uyğun olaraq, bu dünyada olan insanları istisnasız şəkildə ölümdən sonra yenidən dirildəcək, onların etiqad və əməllərini incəliklərinə qədər araşdıracaq, onların arasında haqq əsasında mühakimə edəcək və nəticədə hər bir haqq sahibinin haqı özünə qaytarılacaq, hər bir məzlumun haqqı zalımdan alınacaq, hər kəsin əməlinin mükafatı (əvəzi) özünə veriləcək, bəziləri əbədi behiştə, digər bir qrup isə əbədi cəhənnəmə məhkum olunacaqdır.
Bu, Quranın zahiri bəyanıdır və əlbəttə öz yerində doğru və düzgündür; lakin bu anlayışlar insanın ictimai təfəkkürünün məhsulu olan maddədən tənzim olunmuşdur ki, onun faydası daha ümumi və əməlinin hüdudları daha geniş olsun.
Həqiqət vadisində az-çox olan, Quranın batini bəyanı ilə müəyyən qədər tanış olan şəxslər bu bəyanlardan adi və sadə camaatın idrakının səviyyəsindən çox-çox yüksəkdə olan müəyyən mətləbləri başa düşürlər. Quran da öz əbədi çağırışlarında bəzən bu bəyanların batini məqsədini çatdıran məsələləri xatırladır.
Quran öz müxtəlif bəyanları ilə qısa şəkildə buyurur ki, insan da daxil olmaqla, bütün yaradılış aləmi öz təkvini seyri ilə Allaha doğru hərəkət edir; onlar bir zaman öz hərəkətini sona çatdıraraq ilahi əzəmət müqabilində öz müstəqilliklərini tamamilə əldən verəcəklər. İnsan da dünyanın bir varlığıdır, onun təkamülü isə şüur və elm yolu ilədir. O Allah dərgahına doğru çox sürətlə hərəkət edir, öz hərəkətini axıra çatdırdığı bir gün Allahın haqq və yeganə olmasını əyani olaraq müşahidə edəcək və görəcəkdir ki, qüdrət, mülk və hər bir kamal sifəti yalnız Allahın müqəddəs zatına məxsusdur. Məhz bu yolla da əşyalar real varlıqları ilə ona aşkar olunacaqdır.
Bu, əbədiyyət dünyasının ilk mənzilidir. Əgər insan bu dünyada imanlı olub saleh işlər yerinə yetirməklə Allahla, eləcə də Onun dərgahına yaxın olanlarla rabitə, ülfət və ünsiyyət qurarsa, heç vaxt vəsf edilə bilməyən səadət və xoşbəxtliyə çatar, Allah dərgahında, maddi aləmin fövqündə olan bir aləmin pak şəxsiyyətləri ilə yanaşı olar. Əgər dünya həyatına ürək bağlamaq, onun ötəri ləzzətlərində qərq olmaq nəticəsində maddi aləmin fövqündə olan bir aləmdən əlaqəsini kəssə, pak Allah və Onun dərgahının pak insanları ilə ülfət və ünsiyyət bərqərar etməsə əbədi bədbəxtliyə və əzaba düçar olacaqdır.
Əlbəttə, insanın yaxşı və pis əməlləri bu dünyada baş verir və burada da aradan gedir; lakin yaxşı və pis əməllərinin surəti insanın batinində həmişə qalır, insan hara getsə o surətlər onunla yanaşıdır və bunlar onun gələcəkdəki acı, yaxud şirin həyatının sərmayəsi olur.
Yuxarıda qeyd olunan mətləbləri aşağıdakı Quran ayələrindən də anlamaq olar:
Allah-taala buyurur:
“Qayıdış mütləq şəkildə Allaha doğrudur.”[ii]
“Agah olun ki, bütün işlər Allaha doğru qayıdır.”[iii]
“Bu gün əmr birbaşa Allaha məxsusdur.”[iv]
“Ey aramlıq tapan nəfs (Allahı yad et) öz Rəbbinə tərəf qayıt, halbuki sən razısın, səndən də razı qalıblar. Belə isə Mənim bəndələrimin arasına və behiştimə daxil ol.”[v]
Qiyamət günü bəzi insanlara olunan xitabı bəyan edərək buyurur:
“Sən müşahidə etdiyin bu işlərdən qafil idin, indi pərdəni sənin gözünün qarşısından götürdük və nəticədə sənin gözün bu gün daha iti görür.”[vi]
Quranın təvili barədə belə buyurulur:
“Quranı qəbul etməyən şəxslər onun təvilindən başqa bir şey gözləyirlərmi?! Onun təvili müşahidə olunan bir gündə əvvəllər onu unudan şəxslər belə deyəcəklər: Bizim Rəbbimizin peyğəmbərləri haqq olaraq gəlmişlər, görəsən bizim üçün şəfaət edəcək bir şəxs varmı ki, bizə şəfaət etsin, yaxud arxaya (dünyaya) qayıdaq və yerinə yetirdiyimiz əməllərdən başqa əməllər görək?!” Onlar öz nəfslərinə ziyan vurmuşlar və yaxdıqları iftiranı itirmişlər.”[vii]
“Belə bir gündə Allah onların həqiqi mükafatlarını verər və onlar Allahın aşkar bir gerçəklik, pərdəsiz bir varlıq olduğunu görərlər.”[viii]
“Ey insan, sən əzab-əziyyətlə öz Rəbbinə tərəf səydəsən. Belə isə Onunla görüşəcəksən.”[ix]
“Hər kəs Allahın görüşünə ümidvar olsa (bilsin ki,) Allahın görüş üçün müqəddər etdiyi vaxt gəlib çatacaqdır.”[x]
“Hər kəs öz Rəbbinin görüşünə ümidvar olsa gərək saleh əməl (yaxşı və bəyənilən iş) etsin və öz Allahına pərəstişdə heç kəsi şərik qoşmasın.”[xi]
“Ey xatircəm olmuş nəfs! Sənin Rəbbindən, Rəbbinin də səndən razı olduğun halda öz Rəbbinə doğru qayıt. Mənim bəndələrimin içinə və behiştimə daxil ol.”[xii]
Başqa bir ayədə buyurulur:
“Ən böyük müsibət gəlib çatdıqda insan özünün hər növ səylərini xatırlayar, əzab üçün işıqlanan atəş aşkar olar (camaat iki qrupa bölünər). Tüğyan edərək dünyanı özlərinə həyat seçənlərə gəldikdə, həmin atəş onun yeridir. Amma hər kəs öz Rəbbinin məqamından qorxaraq nəfsini həvayi-nəfsdən, xoşagəlməz işlərdən çəkindirsə cənnət onun yeridir.”[xiii]
Əməllərin cəzasnın necəliyi barədə isə belə buyurulur:
“Ey kafir olanlar! Üzr və bəhanə gətirməyin. Bu gün (Qiyamət günü) sizə verilən cəzalar yerinə yetirdikləriniz əməllərdir.”[xiv][i]“Sad” surəsi, ayə-26.
[ii]“Ələq” surəsi, ayə-8.
[iii]“Şura” surəsi, ayə-53.
[iv]“İnfitar” surəsi, ayə-19.
[v]“Fəcr” surəsi, ayə-27-30.
[vi]“Qaf” surəsi, ayə-22.
[vii]“Əraf” surəsi, ayə-53.
[viii]“Nur” surəsi, ayə-25.
[ix]“İnşiqaq” surəsi, ayə-6.
[x]“Ənkəbut” surəsi, ayə-5.
[xi]“Kəhf” surəsi, ayə-110.
[xii]“Fəcr” surəsi, ayə-27-30.
[xiii]“Naziat” surəsi, ayə-34-41.
[xiv]“Təhrim” surəsi, ayə-7.