Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda da adı çəkilən yeddi qat göy haqqında İslam alimləri və təfsirçilərinin bir neçə baxışı var:
1. Burada yeddi rəqəmi çoxluğu bildirir. (Yəni müxtəlif səmalar) İşarə olunur ki, müxtəlif kürələr xəlq olunmuşdur. Bir çox dillərdə hər hansı bir ədədi qeyd etməklə çoxluğu bildirmək istəyirlər. Yəni məqsəd konkret bir rəqəm yox, çoxluqdur. Məsələn, fars dilində belə bir söz işlədilir ki, bu sözü əlli dəfə demişəm! Deyənin məqsədi bu deyil ki, eyni bir sözü əlli dəfə təkrarlamışdır. O, sadəcə, bu sözü dəfələrlə dediyini nəzərə çatdırır.
Qurani-kərimdə Allahın buyuruqları haqqında belə məlumat verilir: “Əgər yerdəki bütün ağaclar qələm, dəryalar isə mürəkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.” Təbii ki, ayədəki “yeddi” sözü çoxluğa işarədir. Əlbəttə ki, yeddi yox, yüz yeddi dərya da əlavə olunsaydı, Allahın sözlərini yazıb qurtarmaq olmazdı. Çünki Allah bütün cəhətlərdən sonsuzdur. Quranda, digər mətnlərdə yetmiş rəqəmi də çoxluğu bildirmək məqsədi ilə işlədilmişdir. Bu rəqəmlərin adı çəkildikdə konkret bir say nəzərdə tutulmur. Məqsəd çoxluğu nəzərə çatdırmaqdır.
2. Yeddi qat göy dedikdə, Quran nazil olduğu vaxt xalqa məlum olan yeddi kürə nəzərdə tutulur. İndi də həmin kürələri adi gözlə görmək mümkün deyil.
3. Yeddi qat göy dedikdə atmosferin qatları nəzərdə tutulur.
4. Amma bir çox tanınmış alimlərin nəzərincə, gözlə görünən bütün kəhkəşanlar yalnız birinci göyün tərkibidir. Gördüyümüz göy qatından sonra da altı qat başqa göy vardır.
Quran yeddi qat göy dedikdə yeddi aləmi nəzərdə tutur. Bu gün elm həmin yeddi aləmi kəşf edə bilməsə də, gələcəkdə bu iş mümkün olasıdır. Bu baxışın tərəfdarları sübut olaraq aşağıdakı ayəni göstərirlər: “Biz ən yaxın olan göy üzünü ulduzlarla bəzədik.” Ayədən belə məlum olur ki, qeyd etdiyimiz ulduzların hamısı birinci göy qatına aiddir.
Belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun ayə və rəvayətlər bu gün atmosfer qatları haqqında olan bəzi nəzəriyyələri təsdiq etmir. Çünki uyğun nəzəriyyələrə görə göy qapıları doqquzdur.
Quranda yeddi qat yer haqqında da danışılır. Bu rəqəm də çoxluğu bildirir. Təfsirçilərin rəyinə görə, yeddi qat göy dedikdə hər bir kürəni əhatə etmiş göy qatı nəzərdə tutulur.
Başqa sözlə, hər bir kürə bir yer hesabındadır. Bu kürələrin hər birinin ətrafında səma qatı var. “Səma” dedikdə ərəb lüğətində yuxarıda qərar tutmuş hər bir şey nəzərdə tutulur.
Müxtəlif təfsirçilərin nəzərlərini diqqətinizə çatdırdıq. Hər bir nəzəriyyənin tərəfdarları öz baxışlarının sübutu üçün dəlillər göstərmişlər. Amma sonuncu təfsir daha əsaslı görünür.
Allah sizə yar olsun.