Bismillahir-rəhmanir-rəhim.
“Şiə” ərəb lüğətində
“ardıcıl” mə`nasını daşıyır. Qur`ani Kərim buyurur:
وَ اِنَّ مِنْ
شِيعَتِهِ لَاِبْرَاهِيمَ
“Nuhun ardıcıllarından biri İbrahimdir.”[1]
Müsəlmanların istilahında isə
“şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif
münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə tə`yin etməsinə inanan
şəxslərə aid edilir. Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur
olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri
Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni
bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini
rəhbəri kimi tə`yin etmişdir.
İzah: Peyğəmbəri
Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:
1-Bə`ziləri inanırdılar ki,
Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və
özü üçün canişin tə`yin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk
şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.
Başlarında Bəni-Haşimin bütün
böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə,
o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu
qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.
Əlbəttə, bu ləqəbi (şiə)
Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-mö`minin Əli (ə)-ın
ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:
وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ
لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ
“Canım
əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət
günündə nicat tapanlardır.”[2]
Deməli “şiə” islamın ilk
əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən tə`yin olunmasının
e`tiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər
(s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.
Şiənin məqam və mövqeyi həmin
yollarla müəyyən olunur. Bununla da bə`zi cahillərin və ya qərəzli şəxslərin
şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam
əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün
“Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Ə`yanuş-şiə” kitablarına müraciət edə
bilərsiniz.
2-Digər bir qrup inanırdı ki,
xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə bey`ət
etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar.
Nəticə e`tibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək
cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in
canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini
təşkil edənlər də mühacir və ənsar idi.
Allah sizə yar olsun.
[1] “Saffat” surəsi, ayə:83
[2] “Əddurrul-mənsur” (Cəlaləddin Suyuti), 6-cı
cild, “Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.