Sual (51) : Salamun əleykum.Mən çox vaxt eşidirləm ki, deyirlər: İmam Hüseynin (ə) qəbri altı guşəlidir. Bu nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Adətən ziyarətgahlarda qəbirlərin üzərində dörd güşəli dəmir (qızıl, gümüş və s.) çərçivələr qurulur. İmam Hüseynin (ə) qəbrinin üzərində də qızıl və gümüşlə bəzədilmiş çərçivə var. Lakin İmam Hüseynin oğlu hz. Əli Əkbər İmamın ayaqları tərəfində dəfn olunduğu üçün həmin tərəfə də iki güşə artırılıb. İmam Hüseynin qəbrinin altı güşəli olmasına səbəb budur.
Allah sizə yar olsun.
Sual (52) : Salamun əleykum.Bizim yaşadığımız dövrün imam Hüseynin (ə) dövrü ilə oxşarlığı varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin imam Hüseynin (ə) başına gətirdikləri işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseyn əleyhissəlamın qatilləri öz əmioğlanları idi.
Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər. Bu günkü cəmiyyətdə özümüzkülərin xəyanəti az imiş kimi, xaricdən də bunlara kömək edirlər. Amma birbaşa rolu daxildəki amillər ifa edirlər. Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir. Xaricilər daxili amilləri araşdırıb üzə çıxardıqdan sonra onlara təbliğatın himayəsi, maddi köməklik göstərmək və ya digər formalarda yardım edirlər; məsələn onu aranı qarışdırıb, suyu bulandırmaq və fitnə-fəsad törətməklə gücləndirirlər. Düzdür ki, belə fitnələrin çoxu daxili qüvvələrin əli ilə olur. Amma münafiqlər xarici deyillər? Elə burada doğulub, boya-başa çatan adamlardır. Bunların çoxu din və millətin xidmətçisi adı ilə ortalığa çıxıblar. Bu gün İslamın, imam Hüseynin (ə) əleyhinə çıxış edən düşmən öz cəmiyyətimizdə böyümüş adamlardan seçilir. Bu şəxslər bir müddət İslam adından danışıb, din və milləti müdafiə edən şəxslər olur. Amma bu gün bu dəyərləri inkar edir, ona qarşı çıxır! Deyir: “İslam dini bu günün tələblərinə cavab vermir”. Belə şəxslərin Amerikadan gəlməsi lazım deyil; özümüzdə də bu kimi mənfur simalar tapılır. Qeyd etdik ki, bunlar adi şəxslərdən olmur, onlar bir zaman millətin hamisi sayılırdılar. Belələri demokratiya adı, azadlıq şüarı ilə istədikləri xəyanəti edirlər. Əgər bu arada xarici qüvvələr də at oynadıb, meydan sulayırlarsa, məhz bu cür xainlərin hesabına olur. Təəssüflər olsun ki, belələri yüksək məqamlara asanlıqla yiyələnir, hökumət dairələrinə nüfuz edir, kütləvi informasiya vasitələrində tez-tez peyda olaraq, din haqqında öz qərəzli mövqeyini bildirirlər. Əgər İmam Hüseyn (ə) “hidayət nuru”dursa və bu nur xalqın ürəklərinə saçaraq, onların yolunu aydınlaşdırırsa, bu zamanda həmin nurdan istifadə olunmalıdır. İslam düşmənləri o zaman dinimizi necə təhrif edib, başqa cür qələmə vermiş, böyük şəxsiyyətlərə töhmət vurub, nəhayət İmam Hüseyn əleyhissəlamı qətlə yetirmişdilərsə, bu gün də İslam düşmənləri həmin üsulla zamanın Hüseynini öz yolundan döndərməyə çalışırlar. Bu gün də həmin amillərdən, vasitələrdən istifadə edirlər. Ümumi yolları da həmin təbliğ, təhdid və tamahlandırmadır. Mən nə qədər fikirləşdimsə də, dördüncü amili tapa bilmədim. Əlbəttə, şəraitlər mühitdən asılı olaraq, bir-birindən fərqlənir. Mümkündür, indi başqa şəraitlərdən istifadə olunur. Amma istifadə olunan amillər qeyd edilən üç amildir.
Görün İslam düşmənləri bu gün dünyada İslama qarşı hansı yollardan istifadə edirlər. Təbliğat üsullarına və məzmunlarına diqqət yetirin? Görəsən vurmadıqları iftira, töhmət qalıbdırmı? Bu xalqın büdcəsi hesabına əksər informasiya vasitələrində istədikləri iftira, töhməti yazıb-danışır, camaata yayırlar. Əksər xəbərsiz cavanlar da bunların təsiri altına düşür. Sizcə bunların günahı imam Hüseyni qətlə yetirən adamların günahından azdırmı? Bunların onlardan nə fərqi var ki? Bu adamların günahı Müaviyənin və tərəfdarlarının günahından azdırmı? Din pərdəsi altında bu cür fitnə-fəsad yayan şəxslərin Əbu Hüreyrə və onun kimilərdən nə fərqi var? Bəlkə də İslamın geniş yayıldığı, İslama diqqətin artıdığı bir vaxtda belə adamların günahı, eləcə də xalqına xidmət göstərən şəxslərin əcr və savabı daha çoxdur. Çünki, istər xidmət olsun, istərsə də xəyanət, hər ikisinin təsir əhatəsi çox böyükdür. Müaviyə hakimiyyətə gəldikdə, xalqın səviyyəsi də aşağı idi. Necə deyərlər, iki ulağın arpasını bölə bilmirdilər.
Müaviyə bəzən bu xalqın nadanlıq və ya “itaətkar”lığını sübuta yetirmək üçün cümə namazını çərşənbə günü qılır, heç kəs də ona etiraz etmirdi. Hətta Əməvi xəlifələrindən biri kefli halda camaat namazına durub, sübh namazını iki rəkət əvəzinə dörd rəkət qılmışdı; ona sübh namazının iki rəkət olduğunu söyləyəndə, belə demişdi: “Bu gün kefim kökdür, istəyirsiniz bir-iki rəkət də artıq qılım”. O zamanlar İslam düşmənləri bu cür avam kütlə üzərində hakimiyyət edirdilər. İndiki zamanda cavanları belə asanlıqla aldatmaq olmaz. Amma müasir dövrdə düşmənlərin hiylələri də insanların səviyyəsinə mütənasib şəkildə artmışdır.
Siz hətta İslamdan qabaqkı cahiliyyət dövrünə də nəzər salsanız görərsiniz ki, ərəblər arasında Hərmələdən daha rəhimsiz adam tapmaq olmaz. Son nəfəslərini yaşayan altı aylıq bir körpəni boğazından zəhərli oxla vuran belə yırtıcı harada tapmaq olar? İslamdan qabaq bu həddə qədər adam var idi? Mən inanmıram İslamdan qabaq törədilən vəhşiliklər arasında bundan alçaq bir hərəkət olsun.
İslamın zühur və inkişafından sonra Yezid, Şimr və Hərmələ kimi şeytanlar meydana çıxaraq, İslam əleyhinə mübarizəyə başladılar. Çox qəribədir, Quran nazil olmağı ilə bir tərəfdən möminlər hidayət olunur, digər tərəfdən də zalımların zülm, küfr və azğınlığı daha da artırdı.
Yağış suyunun təsiri də belədir. Bir yerdə xoş ətirli gözəl güllər bitirir, digər yerdə zəhərli ot və tikanlara can verib, qüvvətləndirir.
İslam cəmiyyətində bir tərəfdən salmanlar, əbuzərlər, əmmarlar, meysəm təmmarlar, səid ibni cübeyrlər kimi xalis möminlər yetişir. Elə kəslər ortaya çıxır ki, Aşura gecəsi deyirlər: “Bizi əgər yetmiş dəfə qanımıza qəltan edib yenidən diriltsələr, yenə də sənin bayrağın altında şəhid olmağı arzu edərik”. Digər tərəfdən də rəhimsiz və azğınlar baş qaldırır. Elələri tapılır ki, ilahi hidayəti ayaqlar altına salır, Allahın rəhmətindən üz döndərir, get-gedə azğınlaşıb, daha da qəddarlaşırlar.
Bizim özümüzdə də İran İslam İnqilabı bir tərəfdən elə ürəkaçan güllər yetişdirdi ki, İslam tarixi boyunca belələrinə rast gəlmək çox çətin olar. Tələbəlik illərində İslam tarixini yenicə öyrənməyə başladığım vaxtlarda, rast gəldiyim bir hadisə məni həddən artıq mütəəssir edib təəccübləndirmişdi. Dediyim hadisə Hənzəleyi Qəsil adlı bir nəfərdən bəhs edir:
İslamın əvvəllərində Hənzələ adlı bir cavan oğlan olur. Bu cavan özünə toy edir, toyun səhərisi qalxıb Ühüd müharibəsinə gedir. Toy axşamının səhərisi fürsət tapıb qüsl ala bilmədiyinə görə, elə cənabətli halda da şəhid olur. Peyğəmbər (s) onun şəhadəti zamanı bir anlığa ayağa qalxıb buyurur: “Bu anda mələklərin asimandan su endirib, Hənzələyə qüsl verdiklərini müşahidə edirəm”. Bu münasibətlə də ona tarixdə “mələklərin qüsl verdiyi Hənzələ” deyirlər. “Hənzəleyi-Qəsil” qüsl verilmiş Hənzələ deməkdir. Bir cavanın öz bəxt gecəsinin səhərisi müharibəyə gedib şəhid olması məni çox təəccübləndirdi. Amma bizim inqilabda yüzlərlə, minlərlə Hənzələ kimi cavanlarımız var idi. Neçə-neçə şəhidlərimiz vardır ki, şəhadətə yetişən zaman tikələrinin belə, tapılmamasını arzu edirdilər.
Mənim yaxın tələbə yoldaşlarımdan biri neçə il müharibədə vuruşduqdan sonra batalyon komandiri oldu. O deyirdi: “Allahdan ancaq bir arzum var; seyyid bir qızla evlənmək istəyirəm“. Nəhayət on min tümən borc tapıb, seyyid bir qızla toy edir. Neçə il müharibədə can qoymasına baxmayaraq, toyunun üçüncü günü cəbhəyə qayıdır və qayıdan kimi də şəhid olur. Allahdan arzu etmişdi ki, şəhid olan zaman tikə-tikə olsun, cəsədindən əsər-əlamət qalmasın...; belə də oldu...
Bu inqilabda bir tərəfdən elə cavanlar çıxırdı ki, ariflərin yüz ilə getdiyi yolu bir gecədə başa vururdular. Bunun müqabilində elə münafiqlər də üzə çıxırdı ki, nifaq salmaqda, şeytanlıqda tayı-bərabəri yox idi. Təəssüflər olsun ki, bu günlər belə münafiqlər cəmiyyətimizdə böyük ehtiramla yaşayıb fəaliyyət göstərirlər.
Niyə? Ona görə ki, əvvəldən təbliğat maşınını işə salıb zorakılığı pisləyir, demokratiyadan dəm vurub, azadlıqdan danışır, sazişçilik hisslərini aşılayaraq, xalqın qeyrətini süstləşdirib, istədikləri işi görürdülər ki, namərdcəsinə bütün dini əsaslara zərbə vura bilsinlər. Əgər bir nəfər cürət tapıb onlara etiraz etsə, o saat “mürtəce”, “zorakı”, “fundamentalist”, "şovinist” adı ilə damğa vurub səhnədən silə bilsinlər.
Bu, təbliğatın ilkin mərhələsidir. Hələlik bu yol nəzərdə tutduqları son mərhələyə qədər davam etməkdədir. Bu Müaviyənin və bütün dünya şeytanlarının siyasət kürsüsünə çatdıqda, oynadıqları həmin roldur. Müxaliflərini zorakılıqda günahlandıran belələri, öz siyasətləri tələb etdikdə onları hər cür təhdid etmək və hər cür zorakılıq göstərməkdən belə çəkinmirlər. Eynən Müaviyənin apardığı siyasət kimi.

Allah sizə yar olsun.
Sual (53) : Salamun əleykum.Bəşər tarixində hansı dinlər mövcuddur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İnsanın digər canlı aləmdə əsil üstünlüyü onun dini etiqadıdır. Başqa xüsusiyyətlərə gəldikdə heyvanat aləmində daha güclü istedadlar müşahidə olunur. Məsələn, insan fiziki cəhətdən nə qədər güclü olsa da, təbiətdə ondan qat-qat güclü heyvanlar mövcuddur. Bal arısının həyatını ətraflı müşahidə etdikdə onun mühəndisliyinə, qənnadçılığına heyran qalmamaq olmur. Bəşər övladının bütün kəşfləri bir növ təbiətdəki əsərlərin surətidir. Demək, insan digər varlıqlardan yalnız dindarlığı ilə üsütün ola bilər
Bəşər tarixində dini etiqada malik olmayan bircə qəbilə də tapmaq mümkün deyil. Hətta Avstraliyanın mərkəzindəki ən geri qalmış tayfaların da dini etiqadı vardır. İnsan heç bir mənbədən ala bilməyəcəyi mənəvi qidanı dindən alır.
Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq:
-Hindu dini (miladdan 1500-2000 il qabaq)
-Yəhudilik (miladdan 1200- 1500 il qabaq)
-Sintoizm (miladdan 660 il qabaq)
-Zərdüştilik (miladdan 660 il qabaq)
-Buddizm (miladdan 560 il qabaq)
-Konfusi dini (miladdan 551 il qabaq)
-Məsihilik (miladın başlanğıcı)
-İslam (miladi 610-cu il)

Allah sizə yar olsun.

Sual (54) : İnsan nəsli Habil və Qabilin vasitəsilə artdımı?
Allahın adı ilə.   
Tarixi və rəvayət mənbələri insan nəslinin Adəm (əleyhis-salam)-ın üçüncü övladı və onun vəsisi və vəliəhdi olan Şeys və ya Hibətullahdan davam etməsini demişlər. Habil Qabilin əli ilə qətlə yetirilmişdi. Üsyankarlıq və günah nəticəsində qovulan Qabil günah və fəsad işlər ardınca getdi. Onun övladları da atasının əməl və rəftarlarına tabe olaraq üsyankarlıq və tüğyana qurşandılar və Nuh (əleyhis-salam)-ın tufanı hadisəsində hamılıqla məhv olub aradan getdilər. Bundan sonra Şeysin nəsli qalıb davam etdi.
Amma Adəm (əleyhis-salam)-ın övladlarının kimlə evlənməsinə gəldikdə isə, bu çox müəmmalı bir bəhsdir. Rəvayət mənbələrimizdə bir-biri ilə təzadlı olan çoxlu rəvayətlər gözə dəyir. Bəziləri “Nisa” surəsinin birinci ayəsinə istinad edərək inanırlar ki, Adəmin övladlarının nəsli yalnız Adəm ilə həyat yoldaşı Həvvanın vasitəsi ilə davam etmiş və bu məsələdə üçüncü bir varlıq rol ifa etməmişdir.
Bu da Adəmin övladlarının bacı-qardaşla evlənməsini tələb edir. Çünki əgər onlar digər insan növündən olan qızlarla evlənsəydilər, Allahın “minhuma – o ikisindən (Adəm-Həvvadan) nəslini davam etdirdi” – deyə buyurması mənasız olardı.
Çoxlu rəvayətlərdə nəql olunan bu məsələ çox da təəccüblü deyildir. Çünki bəziləri məsum imamlardan nəql olunan hədislərə istinadən bu cür evlənmənin mübah (icazəli) olduğunu qeyd etmişlər. Onlar demişlər ki, o zaman bacı ilə qardaşın evlənmənin haramlıq hökmü hələ Allah tərəfindən verilməmişdi.
Aydındır ki, hər bir işin qadağan olunması Allah tərəfindən haram edilməyə bağlıdır. Müəyyən zərurətlər və məsləhətlərin tələbi ilə hər hansı bir işin müəyyən zaman dövründə caiz, sonradan isə qadağan edilməsinə nə mane ola bilər?!
“Ehticac” kitabında nəql olunur ki, imam Səcad (əleyhis-salam) Qureyşdən olan bir kişi ilə bəhs edərkən buyurdu: – Habil Qabillə birlikdə doğulan (onunla əkiz olan) bacısı Lovza ilə evləndi, Qabil isə Habillə birlikdə doğulan (onunla əkiz olan) bacısı İqlimaya ilə evləndi.
Ravi deyir ki, Qureyşdən olan kişi soruşdu: – Habil və Qabil öz bacılarını hamilə etdilər?!
Həzrət buyurdu: – Bəli.
O kişi dedi: – Bu, hazırkı məcusların əməlidir!
Həzrət buyurdu: – Məcuslar bu işi görəndə biz onu batil (və qanunsuz) hesab ediriksə, səbəbi budur ki, onlar bu işi Allah tərəfindən haram edildikdən sonra əncam verirlər... Bu məsələni inkar etmə! Çünki bu əməlin o gündə düzgün olması, bu gündə isə düzgün olmaması Allahın belə qərar verdiyi hökmüdür. Məgər Allah-taala Adəmin həyat yoldaşını onun özündən (onun palçığından) xəlq etmədimi?! Eyni halda görürük ki, Həvvanı onun üçün halal etdi. Deməli, bu şəriət hökmü o gündə Adəm övladlarının və onların xüsusi adamlarının şəriəti idi və sonralar Allah onun haram olma hökmünü nazil etdi.
Lakin bunun müqabilində bəziləri başqa hədisləri əsas tutaraq Adəmin övladlarının heç vaxt bir-biri ilə evlənmədiyini demişlər. Onlar inanırlar ki, Adəmin övladları digər insan nəslindən olan qızlarla evlənmişdilər. Çünki rəvayət mənbələrinə əsasən, həzrət Adəmdən əvvəl də yer üzündə başqa insan növləri mövcud imiş.
Elmi tədqiqatlar da göstərir ki, ehtimal üzrə insan yer üzündə milyonlarla il qabaqcadan yaşamışdır. Halbuki, Adəmin xilqət tarixindən indiyə qədər çox da vaxt keçmir. Buna əsasən, qəbul etməliyik ki, Adəmdən əvvəl də yer üzərində müəyyən insan növləri yaşayırmış, Adəm yaralan zaman onların nəsli kəsilmək üzrə idi. Adəmin övladlarının onlardan əvvəlki insan nəsillərindən hər hansı biri ilə evlənməsinin nə maneəsi vardır?!
Lakin bu ehtimal yuxarıdakı ayənin zahiri ilə çox da uyğun deyildir. Fiqhi qanunlara əsasən hədislər bir-biri ilə təzadlı olan zaman Quran ayələri ilə müvafiq olan hədisləri əsas tutmaq lazımdır.
Belə nəticə alınır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğundur. Necə ki, “Əl-mizan” təfsirinin müəllifi Əllamə Təbatəbai (r) birinci ehtimalı gücləndirərək qəbul etmişdir.
Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: “Əl-mizan”, 4-cü cild, səh. 245-dən sonra; “Əl-burhan”, “Əd-durrul-mənsur”, eləcə də peyğəmbərlərin həyatı barədə yazılan kitablar.

Allah sizə yar olsun.
Sual (55) : İnsan nəsli necə davam etmişdir? Habil və Qabil kim ilə evlənmişdi?
Allahın adı ilə.   
Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik:
1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz.
2. Adəmin övladlarının bir-biri ilə evlənməsi mümkün olmadığından, onlar yer üzündə əvvəlcədən olan digər insan nəslinin qızları ilə evləndilər. Sonralar onların övladları bir-biri ilə əmi uşağı oldular və bir-biri ilə evləndilər. Bu nəzəri də bəzi rəvayətlər dəstəkləyir. Çünki Adəmin nəsli yer üzündə mövcud olan ilk insanlar olmamış, ondan əvvəllər də yer üzündə müəyyən insan növləri mövcud olmuş və yaşamışdır.
Əlbəttə, belə nəzərə çarpır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğun olmuş olsun.

Allah sizə yar olsun.
Sual (56) : Adəmin övladları kiminlə evləndi?
Allahın adı ilə.   
İslam alimləri arasında bu məsələ ilə bağlı iki baxış mövcuddur. Hər iki tərəf öz baxışına uyğun dəlillər gətirir. Hər iki baxışı nəzərdən keçirək:
1. Həmin dövrdə bacının qardaşla evlənməsi qadağan edilməmişdi. Çünki bəşər nəslinin davamı üçün başqa bir yol yox idi. Ona görə də qardaşların öz bacıları ilə evlənməsi zəruri oldu. Nəzərə alsaq ki, yeganə hökm verən Allahdır, onda bütün iradlar yersiz görünər.
Bu nəzəriyyənin tərəfdarları Qurandan belə bir dəlil göstərirlər: “Ey insanlar. Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun.” Zahirən ayədən belə görünür ki, bəşər nəsli yalnız bu iki nəfərdən törəmişdir. Çünki ayədə bu iki nəfərin vasitə olması bildirilmir. Uyğun fikri mərhum Təbərsinin nəql etdiyi rəvayət də təsdiqləyir.
2. İkinci baxışa görə, Adəm övladlarının bir-biri ilə izdivacı mümkün olmadığından onlar yer üzündəki başqa bir nəsildən olanlarla evləndilər. Sonrakı nəsil isə əmiuşaqlarının izdivacı nəticəsində davam tapdı. Bu baxışı da təsdiq edən rəvayətlər var. Çünki Adəm nəsli yer üzündəki ilk insan nəsli deyil. Ondan əvvəl bir çox insan nəsilləri olmuşdur.
Nəticə olaraq deyə bilərik ki, Adəmin övladları Adəm nəslindən əvvəl mövcud olmuş insan nəslinin nümayəndələri ilə evlənmişlər. Allah-təalanın mələklərlə söhbətindən məlum olur ki, Adəm və Həvvadan qabaq yer üzündə insanlar olmuşdur.

Allah sizə yar olsun.
Sual (57) : Qadınlara islami örpək (hicab) neçənci ildə və hansı surədə vacib olmuşdur?
Allahın adı ilə.   
Hicab əmri, “Nur” surəsində hicrətin 7-ci ilində nazil olmuşdur.
Allah sizə yar olsun.
Sual (58) : “Xəndək” müharibəsinin başqa adı nədir və nə üçün belə adlanır?
Allahın adı ilə.   
Bu müharibənin ikinci adı “Əhzab”-dır (dəstələr, partiyalar). Çünki, Qüreyş kafirləri müsəlmanlarla müharibə aparmaq üçün müxtəlif ərəb qəbilələrindən ordu yığmışdılar. Bu müharibədə kafirlərin ən güclü pəhləvanı Əmr ibni Əbduvədi məğlub edən zaman İslam Peyğəmbəri (s.ə.v.v) buyurmuşdu: “Xəndək günündə Əlinin bir zərbəsi bütün cinlərin və insanların ibadətindən üstündür.”
İslam Peyğəmbəri (s.ə.v.v) həm də “Bu gün bütün islam bütün küfrün qarşısındadır”- deyə buyurmuşdu.

Allah sizə yar olsun.
Sual (59) : “Xəndək” müharibəsi nə vaxt baş verib? Bu müharibədə Peyğəmbər (s.ə.v.v) düşmən ordusunun qarşısını almaq üçün nə kimi tədbir görmüşdü?
Allahın adı ilə.   
“Xəndək” müharibəsi Əbu Süfyanın sərkərdəliyi altında, hicrətin 5-ci ilində olmuşdur. Salman Farsinin məsləhəti və Peyğəmbər (s.ə.v.v)-in razılığı ilə Mədinənin ətrafında dərin və enli xəndək qazılaraq şəhəri kafirlər qarşısında müdafiə etmişlər. Bu xəndək bir ay müddətinə qazılmışdır. Peyğəmbər (s.ə.v.v)-in şəxsən özü də bu qazıntıda iştirak etmişdir.
Allah sizə yar olsun.
Sual (60) : Ühüd müharibəsində Peyğəmbər (s.ə.v.v)-i canla-başla müdafiə edən qadının adı nədir?
Allahın adı ilə.   
Onun adı Nəsibə, künyəsi isə Ümmü Amir idi. O, əsgərlərə su vermək üçün döyüş meydanında iştirak edirdi. Lakin, Peyğəmbər (s.ə.v.v)-in canının təhlükədə olduğunu görəndə su kuzəsini kənara ataraq dərhal qılıncı götürdü və onu müdafiə etməyə başladı.
Allah sizə yar olsun.
Go to TOP