Sual (291) : Salamun əleykum.«Ziya» və «nur» arasında fərq varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimdə rastlaşdığımız «günəşi ziyalı, ayı nurlu ... edən məhz Odur» «Yunis» surəsi, 5-ci ayəsi «ziya» və «nur» kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu barədə rəylər müxtəlifdir. Bu iki kəlmə arasında fərq olduğunu qəbul etməyənlər olsa da, bir qrup alim bu fikirdədir ki, ziya nurun mənbəsidir. Məsələn, günəşin ziyasından nurlanan ay, yalnız işığı əks etdirir.
Uyğun ayənin davamında «ay üçün mənzillər təyin edən Odur» buyuruğu, əslində həmin dövr üçün elmi bir yenilik idi. O dövrdə elmə məlum deyildi ki, ay hərəkətdə, günəş isə nisbi sükunətdədir. Ay üçün mənzillər təyin olunması artıq aşkar bir şəkildə ayın hərəkətdə olduğunu bildirir.

Allah sizə yar olsun.
Sual (292) : Salamun əleykum.Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran ayələrindən məlum olur ki, ruzi təkcə maddim nemətlərdən ibarət deyildir. Bu sözün lüğəti mənası «davamlı hədiyyə» deməkdir. Ruzi anlamı qida maddələri ilə yanaşı məskən, geyim, elm, düşüncə, iman kimi nemətləri də əhatə edir. «Ali-imran» surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər». Ayədən göründüyü kimi ruzi təkcə maddi yox, həm də mənəvi nemətləri ifadə edir. Bərzəx dünyasında maddi nemətlərin olmaması, buna bir sübutdur.
«Hud» surəsinin 6-cı ayəsində oxuyuruq: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin».
Keçmiş zamanlarda insanlar okean dərinliklərində canlıların olmasına inanmırdılar. Çünki 700 metr dərinlikdə canlı orqanizmləri qidalandıracaq bitkilər yaşaya bilməzdi. Əsli yaşıl təbiətdən götürülən əksər qidalar, okean dərinliklərinə hansı yolla çata bilərdi?! Günəş işığı olmadan həmin dərinlikdə otların cücərməsinin qeyr-mümkün olduğu şübhə doğurmur. Zaman ötdükcə okeanın dərinliyi tədqiq edildi və məlum oldu ki, uyğun dərinlikdə canlılar yaşayırmış. Sübuta yetirildi ki, günəş işığı okean səthində mikrobitkilər cücərdir. İlkin təkamül mərhələsini su səthində keçirən bu qidalar, sanki okean dibindəki süfrəyə ələnir. Demək, hansı şərait olmasından asılı olmayaraq, bütün canlılar təyin olunmuş ruzisinə çatır.
Bəs insan necə? İnsan çalışmadan, heç bir zəhmət çəkmədən təyin olunmuş ruzisini əldə edə bilərmi? Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə sənin axtarışındadır» «Nəhcül-bəlağə».
Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur. Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş ruzisini əldə edə bilər. Bəs həzrət Əlinin (ə) buyurduğu ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma insan oturub, təsadüflərin intizarında olmamalıdır.

Allah sizə yar olsun.
Sual (293) : Salamun əleykum.Yuxuya inanmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?
Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf» surəsinin 36-cı ayəsində oxuyuruq: «(İki gənc, Yusif peyğəmbərə dedi:) «Gəl bu yuxunu bizə yoz». Yusif belə cavab verdi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir» «Biharul-ənvar», 14-cü cild, səh. 411.
İslam dinində təbiri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.

Allah sizə yar olsun.
Sual (294) : Salamun əleykum.Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan isə maşından fərqli olaraq cismlə yanaşı, ruha da malikdir. İnsanın gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran ən gözəl vasitə, sağlam əyləncədir. Təcrübədə sübut olunmuşdur ki, ruh yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır.
Həzrət Əli (ə) buyurur: «İmanlı insanın günü üç hissədən ibarətdir. Günün bir hissəsini mənəviyyatla məşğul olub ibadət edən insan, günün ikinci hissəsini maddi ehtiyaclarının təminatına sərf etməlidir. Günün üçüncü hissəsi halal ləzzətlərə sərf olunmalıdır»[4122].
Başqa bir hədisdə isə, günün əyləncəyə sərf olunan hissəsinin digər iki hissəyə kömək etdiyi bildirilir.
İmam Sadiq (ə) buyurur: «Təbukdan qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib gəldi»[4123].
İslamda sağlam əyləncəyə o qədər əhəmiyyət verilmişdir ki, hətta bəzi müsabiqələrdə şərt də bağlamaq halaldır. Bu müsabiqələr peyğəmbər dövründə bəzən onun hakimliyi ilə keçirilərdi. At çapmaq, ox atmaq uyğun halal müsabiqələrdəndir.
Lakin unutmaq olmaz ki, İslam dini yalnız sağlam müsabiqəni qəbul edir. İnsanın cisminə və ruhuna zərərli əyləncələr cəmiyyətdə inkar olunur. İkinci bir tərəfdən, əyləncə insanın həyat idealına çevrilib, onu ruzi qazanmaq və ibadətdən saxlamamalıdır. Əgər əyləncəyə aludə olmuş insan namazın vaxtını ötürürsə, bu sayaq əyləncəni heç vəchlə məqbul hesab etmək olmaz.
[4122]  «Nəhcül-bəlağə».
[4123]  «Səfinətül-bihar», 1-ci cild, səh.596.


Allah sizə yar olsun.
Sual (295) : Salamun əleykum.Məsəl çəkməyin hansı faydaları var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər hansı bir məsələnin izahı üçün məsəl çəkməyin faydası inkar edilə bilməz. İnsanlar müxtəlif səviyyəli istedada malik olduqlarından dinlədikləri mövzunu anlamaya da bilərlər. Məsəl çəkildiyi zaman iti ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.
Qurani-kərim bütün bəşəriyyətə ünvanlandığından onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir.
Həzrət İsanın (ə) bakirə qadından doğulmasına inanmayanlara Qurani-kərim belə bir misal çəkir: «Allah yanında İsa da Adəm kimidir» «Ali-imran» surəsi, 59.
Allah-təala İsanın atasız doğulmasına şəkk edənlərə həm ata, həm də anasız yaradılmış Adəmi xatırladır.
Bəs Qurani-kərimdə müxtəlfi mövzuların izahı üçün çəkilmiş məsələlərin konkret hansı faydaları vardır?
1. Adətən, hiss üzvləri ilə inanan insan bəzi mürəkkəb əqli məsələləri anlamaqda çətinlik çəkir. Çəkilmiş məsəl onun düşüncəsinin mümkün qədər əqli həqiqətlərə yaxınlaşdırır. Bir növ hisslər ən uca nöqtədən baxmağa başlayır.
2. Çəkilmiş misallar bir məsələnin sübutu üçün gətirilmiş dəlillərin təsirini gücləndirir.
3. Məsəl çəkmək bir növ elmi dilin sadələşdirilməsidir.
4. Məsəl mövzunu əql dilindən hiss dilinə tərcümə edir.
5. Mövzu məsəl qəlibinə töküldükdən sonra höcət insanların bəhanəsi kəsilir.

Allah sizə yar olsun.
Sual (296) : Salamun əleykum.Donuz əti nə üçün haramdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

«Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».

Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə buyurulur: «Qan içən insanların qəlbi o qədər daşlaşır ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə çəkinmirlər» «Vəsailuş-şiə», 16-cı cild, səh. 310.

Donuz ətindən ən çox istifadə edən avropalılar arasında donuz, qeyrətsizlik simvoludur. Əgər heyvanat aləminin cinsi həyatını diqqətlə izləyə bilsək, donuzun cinsi həyatında heç bir hədd-hüduda təsadüf etmərik. Donuz ətindən istifadə edən insanlar, adətən, ailədə namus məsələlərinə biganə olur.

Donuz ətini Həzrəti Musa (ə) da haram bildirmişdir. İncildə günahkarlar donuza oxşadılır və məhz bu heyvan, şeytanın təcəssümü hesab edilir.

Bu heyvan çox vaxt öz ifrazatı ilə qidalandığından, insan sağlamlığı üçün çox qorxulu olan iki növ parazit daşıyıcısıdır. Bir ayda on beş min yumurta qoyan bu qurdlar insan orqanizminə düşdükdə, qan çatışmamazlığı, dizenteriya, revmatizm və bir çox digər xəstəliklərə səbəb olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta qoya bilir. Bir çox ölkələrdə, o cümlədən Rusiyada uyğun xəstəliklər səbəbindən qısa müddətli də olsa, dəfələrlə donuz ətinin istifadəsi qadağan edilmişdir.



Allah sizə yar olsun.
Sual (297) : Salam. Aga, sie o keslere deyilir ki, islam barede h Eli(e) eqidesinde olsun. Bizim alimler ele teriqetleri sielire aid edirler ki, men bunu yolverilmez hesab edirem. Bizi 12 imam siesi kimi seciyyelendirerek, ismailileri ve basqalarini da sie kimi qeleme verirler. Yeni bele cixir ki, sienin her cur novu var. h Elininse (e) dini eqidesi novbenov olmayib, Demek isteyirem ki, sie sozu ancaq 12 imam (e) etiqadinda olanlara samil edilmelidir. Vessalam. Yoxsa, bizim bir cox vacib meselelerde basqalirina irad tutmaqa haqqimiz olmaz,Ne deyirsiniz? Bu xosakelmez ise qeti sekilde son qoyulmalidir ya yox?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şiə - islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən təyin olunmasının etiqad bəsləyən bir qrup müsəlmandır.
Şiə məzhəbi geniş bir anlayışdır. Bu məzhəbin bir neçə qolu var. Necə ki, sünni (əhli-sünnə) məzhəbinin də bir neçə qolu var (hənəfilik, hənbəlilik, şafiilik, malikilik və s.). şiə məzhəbinə cəfərilik, ismaililik, zeydilik və s. kimi qollar daxildir. Bunlar arasında əsas fərq Peyğəmbərin Əhli-beytindən olan 12 imamdan neçəsini imam olaraq qəbul etmələrindədir. Məsələn, zeydilər ilk 4 imamı, ismaililər ilk 6 imamı qəbul edirlər, cəfərilər 12 imamı qəbul edirlər; buna görə onlara isna-əşərilər (on iki imamçılar) da deyirlər. Cəfəri məzhəbi altıncı İmam Cəfər Sadiq (ə) tərəfindən sistemləşdirilib. Hal-hazırda dünya şiələrinin əksəriyyətini cəfərilər təşkil edirlər (o cümlədən, Azərbaycan, İran, İraq şiələri).“Şiə” deyərkən adətən cəfəri məzhəbi nəzərdə tutulur. Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-möminin Əli (ə)-ın ardıcıllarına vermişdi.  Şiə kəlməsi başqa terminlər kimi müxtəlif nümunələri var ki, ən kamil nümunəsi 12 imama etiqadı olan Əhli-beytin həqiqi davamçısıdır. Necəki insan dedikdə insanlığın ən uca zirvəsində olan kamil şəxsiyyətə və hansısa kafir və səviyyəsizədə şamil olur.
Allah sizə yar olsun.    
Sual (298) : Salamun əleykum.Gözdəymə həqiqətdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir çox insanların gözündə xüsusi bir təsir olduğu barədə gəzən söz-söhbətlərdə həqiqət varmı? Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir»[4223].
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...»[4224]. Həzrət Əli (ə) buyurur: «Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gödəymə duası hazırlamışdı»[4225]. Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil.
[4223]  «Məcməül-bəyan», 10-cı cild, səh. 341.
[4224]  «Yusif» surəsi, ayə 67.
[4225]  «Nurus-səqəleyn», 5-ci cild, səh. 400.

Allah sizə yar olsun.
Sual (299) : Salamun əleykum.Peyğəmbərlik həvəsinə düşənləri necə anlatmalı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala buyurur: «(Məhəmməd) Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur» «Əhzab» surəsi, ayə 40.
Əlbəttə ki, ayə və hədislər yalnız mömin müsəlmanlar üçün mötəbərdir. Peyğəmbərlik eşqinə düşmüş fırıldaqçıları isə, yalnız elm və məntiq yolu ilə susdurmaq olar. Belə ki, heç bir peyğəmbər göndərildiyi cəmiyyətdə dəlil-sübutsuz qəbul olunmamışdır. Buna görə də, bu eşqə düşənlər öz peyğəmbərliklərini sübuta yetirmək üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
1. Bütün peyğəmbərlər möcüzə ilə göndərildiyindən, iddiaçı öz möcüzəsini göstərməlidir;
2. Bütün peyğəmbərlərin gəlişi özündən əvvəlki peyğəmbər tərəfindən xəbər verilmişdir;
İsa (ə) və onun gətirdiyi İncildə həzrət Məhəmməd (s) haqqında xəbərlər vardır. İddiaçı öz peyğəmbərliyinin sübutu üçün Qurandan dəlil gətirməlidir (Hansı ki, «Əhzab» surəsinin 40-cı ayəsində «Məhəmməd peyğəmbərlərin sonuncusudur»-deyə buyurulur).
3. Peyğəmbər öz dövrünün ən inkişaf etmiş elm sahəsində hamıdan üstün olmalıdır;
Necə ki, Musa möcüzədə, İsa tibbdə, Məhəmməd (s) məntiq və hikmətdə birinci idi.
4. Peyğəmbər cəmiyyətin bütün problemlərinin həlli yolunu göstərməyi bacarmalıdır;
5. Peyğəmbər zorakı hakimiyyətə qarşı çıxıb, ictimai ədalətin bərpasına çalışmalıdır;
6. Peyğəmbərin dininə hamıdan əvvəl onun ən yaxın adamları iman gətirməlidir və s.

Allah sizə yar olsun.
Sual (300) : Salamun əleykum.Gecəni yatmaq, yoxsa oyaq qalmaq daha faydalıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əhli-beyt hədislərindən birində buyurulur: «Alimin yuxusu cahilin ibadətindən üstündür». Maraqlıdır, necə ola bilər ki, yuxu ibadətdən üstün olsun? Başqa bir sual- mürəbbə baldan üstün ola bilərmi? Hamı bilir ki, bal misilsiz bir nemətdir və onu mürəbbə ilə müqayisə etməyə dəyməz. Bəs bala sirkə qatışsa necə? Əlbəttə ki, belə baldan mürəbbə yaxşıdır.
Sözsüz ki, ibadət yuxudan üstündür. Amma nadan insanın ibadəti, adətən, «qatqı»lı olur. Bu ibadətdə riya, başqalarının nəzərini düşünmək, fikir dağınıqlığı kimi mənfi elementlər kifayət qədərdir. Alim isə yuxunu ibadətə «çevriməyi» bacarır. O, yatarkən dəstəmaz alır, dua oxuyur, sağ tərəfi üstə yatır, ən əsası isə yuxunun vaxtını və müddətini düzgün təyin edir.
Amma başqa bir hal da var. İnsan gecəni oyaq qalıb, ibadətə məşğul olur. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecə yarı oyan və gecə namazı qıl. Olsun ki, Rəbbin səni uca məqama qaldıra».
«Səcdə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Onlar ibadət üçün yataqlarından qalxar».
İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət edən insanı Allah yad edər» «Üsuli-kafi».
Bəli, gecənin əsrarəngiz mənzərəsi, eləcə də, sükutu insan təfəkkürünü oyadır. İnsan bütün bu incəliklərin xaliqinə yol axtarır.
Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan başqa kimə deyəsən?! Dostların, qohumların qapısı bağlı, idarələrin qapısında qıfıl! Yalnız bir olan Allahın qapısı açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!

Allah sizə yar olsun.
Go to TOP