Sual (281) : Salamu-aleykum. Aga, huseyniyye ne demekdir? Mescidden ne ile ferqlenir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykum salam.
Hüseyniyyə xeyir işlər, əzadarlıq və digər dini mərasimləri təşkil etmək üçün vəqf edilmiş yerə deyilir.
Məscidlə hüseyniyyənin bir neçə fərqi vardır:
1-Məsciddə cənabətli halda qalmaq olmaz. Peyğəmbərin məscidi və Məscidul-harama daxil olmaq belə haramdır. Digər məscidlərdə isə bir qapıdan daxil olub o birisindən çıxa bilər. Cənabətli bir şəxsin huseyniyyəyə daxil olması və orada qalmasının iradı yoxdur.
2-Məscidi nəcis etmək haram və nəcisləndiyi təqdirdə onu yuyub təmizləmək vacibdir. Amma Hüseyniyyədə belə deyil.
3-Məscid vəqf olunandan sonra vəqf edən şəxs istifadə etməkdə digər insanlarla bərabərdir və heç bir dəxalət edə bilməz. Amma Hüseyniyyədə insan vəqf etdikdən sonra bir sıra şərtləri irəli sürə bilər.
Allah sizə yar olsun.
Sual (282) : Salamun əleykum. İnsan öz sağlamlığına nə qədər fikir verməlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dini orqanizm üçün zərərli şeylərə qadağan qoyub. Bəzi heyvanların əti, spirtli içkilər məhz bu məqsədlə haram buyurulur.
İnsan sağlamlığının əsas amillərindən biri təmizliyin qorunmasıdır. Həzrət peyğəmbər (s) buyurur: “Təmizlik imadandır” İmam Musa ibn Cəfər (ə) buyurur: “Gündə bir dəfə hamada yuyunmaq qüvvəni artırır.” Heç bir dində təmizliyə bu qədər əhəmiyyət verilməmişdir. Yeməkdən qabaq və sonra əlləri yumaq, ağız və burunun yaxalanması, saçın və saqqalın daranması dini gigiyenik göstərişlərdir.
İbadət zamanı bədənin, paltarın, namaz qılınan yerin təmizliyi, eləcə də, dəstəmaz və qüsl sağlamlığın qorunmasında böyük rol oynayır. Maraqlıdır ki, dəstəmaz və qüsldən qabaq bədəndə dərinin islanmasına mane olacaq heç bir ləkə olmamalıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlara əziyyət vermək qorxusu olmasaydı, onlara dişlərini yumaq vacib buyurardılar”
İnsan nəfs aldıqda havadakı tozların qarşısını burundakı tüklər alır. İslamda göstəriş verilir ki, hər gün dəstəmazdan qabaq buruna su çəkib buraxmaqla bu çirklər təmizlənməlidir. Burunun bu üsulla təmizlənməsi “istinşaq” adlanır.
Fiziki sağlamalıq mühümdür. Həzrət peyğəmbər (s) buyurur ki, duaların qəbul məqamında Allahdan sağlamlıq istəyin.

Allah sizə yar olsun.
Sual (283) : Salamun əleykum. İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir.
Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: etiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış.
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.

Allah sizə yar olsun.
Sual (284) : Salamun əleykum.İrfanda mənzillər hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İrfanda həqiqətə çatmaq üçün mənzillər müəyyənləşdirilmişdir.
İlk mənzil “iradədir”. İradə həqiqətə çatmaq üçün insanda yaranmış rəğbətdir. O, əslində yatmış şüurun oyanmasıdır. İradə insanın tənhalıq hiss edərək öz əslinə qayıtma istəyidir. İnsan elə bir həqiqətə çatmaq istəyir ki, tənhalıq hiss etməsin.
İkinci mənzil”riyazət”dir. Riyazətin üç hədəfi var: yoldan maneləri kənarlaşdırmaq, əmmarə nəfsi cilovlamaq, batini, agahlıq üçün yumuşaltmaq.
“Riyazətin” irfanı mənası nəfsi incitməkdir. Amma bu sözün lüğət mənası cavan atın təlimidir.
İradə və riyazətdən sonra insanın qəlbində olduqca ləzzətli ani işıqlanmalar olur. Ariflər bu halı “ovqat” adlandırırlar.
Nəhayət, riyazət bir həddə çatır ki, “ovqat” “səkinə” halı ilə əvəz olur. Qəlbdəki qığılcım daimi şöləyə çevrilir. Səkinə halında olan insana baxan şəxs onun qeyri-adi halda olduğunu hiss edir.
Lakin insan bu məqamda dayanmır. Anba an həqiqətə yaxınlaşdıqca insan öz ixtiyarından çıxır və hər zaman özünü Allahın hüzurunda hiss edir. Bu mərhələyə çatmış insan hətta özünə baxdıqca həqiqəti müşahidə edir.
Nöbəti mərhələdə insan özünü unutmağa başlayır və həqiqətə qovuşur.


Allah sizə yar olsun.
Sual (285) : Salamun əleykum.Məktub necə yazılmalıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: «Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur»[4203].
Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə yazdığı məktubları göstərmək olar.
«Nəhcül-bəlağə»də oxuyuruq: «Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur». İmam Sadiq (ə) buyurur: «İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir»[4204].
İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə buyurulur: «Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin»[4205].
[4203]  «Xisali-Səduq».
[4204]  «Biharul-ənvar», 76-cı cild, səh. 50.
[4205]  «Nisa» surəsi, ayə 86.


Allah sizə yar olsun.
Sual (286) : Salamun əleykum.İslam kasıbçılığı bəyənirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır»[4207].
İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət qazanmaq qəbahət yox, müqəddəs işdir.
İmam Sadiq (ə) buyurur: «Səni başqalarının haqqına təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən kasıbçılıqdan üstündür»[4208].
Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların kəlamlarından aşağıdakı nəticələr alınır:
- Kasıb millətin azadlığı və başıucalığı qeyri-mümkündür;
- Kasıblıq, asılılıqdır;
- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
- Kasıblıq, insanı günaha çağırır ...
[4207]  «Vəsailuş-şiə», 12-ci cild, səh.17.
[4208]  «Vəsailüş-şiə», 12-ci cild, səh. 17.


Allah sizə yar olsun.
Sual (287) : Salamun əleykum. Kəşf və ixtira üçün ilahi mükafat varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər kəşf və ixtiralar tarixinə nəzər salsaq, alimlərin bu yolda çəkdikləri üzücü zəhmətlərə şahid olarıq. Onlar min bir əzab-əziyyətə qatlaşaraq, öz yenilikləri ilə bəşəriyyətə böyük faydalar vermişlər. Məşhur fizik Edisson elektrik cərəyanının kəşfi yolunda nəinki əziyyət çəkmiş, hətta həyatını qurban vermişdir. Nəticədə, dünyanın qaranlıq gecələri işıqlanmış, zavod və fabriklər hərəkətə gəlmiş, bir sözlə, həyat yeni rəng almışdır. Ortaya belə bir sual çıxır: necə ola bilər ki, həyatını bəşəriyyət yolunda fəda etmiş bir insan imanı olmadığı üçün cəhənnəmə, əlini ağdan qaraya vurmamış bir müsəlman isə, behiştə getsin?
İmam Kazim (ə) buyurur: «Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu vardı. Kafir qonşu öz imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını dəyişdi. Mömin qonşusu ilə yaxşı rəftarlarına görə, axirətdə onu oddan qoruyacaq bina ilə mükafatlandırıldı»  «Biharul-ənvar», 3-cü cild, səh.377.
Çox olub ki, məscid və ya mədrəsə tikən bir şəxsin niyyəti Allahı razı salmaq yox, hansısa şəxsi mənafelər olub. Əksinə, imkansız bir şəxs sırf Allahın razılığı üçün çox kiçik bir iş görüb. İslam dinində bütün əməllər niyyətin saflığı ilə ölçüldüyü üçün, ikinci şəxsin kiçik işi daha üstündür.
Əgər alim maddi təmənnaya, vəzifə və şöhrətə görə əziyyət çəkmişsə, heç bir ilahi mükafat gözləməməlidir. Onun gördüyü iş günah hesab olunmur, amma savabı da yoxdur.
Allah sizə yar olsun.
Sual (288) : Salamun əleykum. Cinlər nə üçün gözə görünmür?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.
Qurani-kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini görə bilmir. Quran ayələrinə əsasən də, cin insan kimi mömin və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq»[4147].
Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.
Qurani-kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:
«Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq»[4148].
«Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman, ona iman gətirdik»[4149].
«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da»[4150].
Son nəticə olaraq bunu deyə bilərik ki, İblis cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir. 
[4147]  «Zariyyat» surəsi, ayə 56.
[4148]  «Cinn» surəsi, ayə 11.
[4149]  «Cinn» surəsi, ayə 13.
[4150]  «Cinn» surəsi, ayə 14.
Allah sizə yar olsun.
Sual (289) : Salamun əleykum.Həzrət Məhəmməd (s) və həzrət Əli (ə) hər ikisi buyurublar: "İnsanın dəyəri öz əməlinə bağlıdır. Kimin övladı, hansı ailədən və nə rəngdə olması insana dəyər gətirməz." Siz bunu qəbul edirsinizmi? Belə olan halda nə üçün şiələr həzrət Əlinin (ə) və həzrət Məhəmmədin (s) bütün nəslini başqalarından üstün və pak bilirlər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamın nəzərində hamı qanun və ədalət qarşısında bərabərdir. Bu cəhətdən şah və dilənçi, güclü və zəif, kişi və qadın, qara və ağ, hətta, məsum Peyğəmbər və imamların başqaları ilə fərqi yoxdur. Kimisə bu qanundan istisna etmək və ya kiminsə əleyhinə təsir göstərib qanun azadlığını ondan almaq olmaz.
Seyidlərə ehtiram etməyin kökü Qurani-kərimə qayıdır. Quranda gələn bir ayəyə əsasən Allah-taala öz Peyğəmbərinə əmr edir ki, camaatdan onun qohum əqrəbası ilə dostluq edib məhəbbət göstərmələrini istəsin .“Şura” surəsi, ayə: 23.
Bu istəyin sirri Peyğəmbərin vəfatından sonra məlum oldu və camaat o Həzrətin övladlarıyla elə bir rəftar etdilər ki, tarixdə heç bir rəhbər və başçının nəsli ilə belə rəftar etməmişdilər. Peyğəmbərin vəfatından sonra seyidlərin rahatlığı yox idi. Onları öldürülür, kəsilmiş başlarını hədiyyə kimi bir şəhərdən başqa bir şəhərə aparır, diri-diri basdırır, dəstə-dəstə binaların divarında hörür, bəzilərini də uzun illərlə qaranlıq zindanlarda işkəncə verdikdən sonra zəhərləyirdilər.
Hicrətdən bir neçə əsr sonra az-çox müstəqillik və məzhəb azadlığı qazanan şiələr peyğəmbərin övladlarına və dostlarına olan zülmün qarşısında əks təsir göstərərək seyidlərin ehtiramına çalışırdılar.

Allah sizə yar olsun.
Sual (290) : Salamun əleykum.Zəkat nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.
Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır»[4105]. Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: «Onların mallarından zəkat al»[4106].
Lakin zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib edən, zəkat veriləcək şeyin miqdarının «nisab» deyilən həddə çatmasıdır. On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş, fitrə (bədənin zəkatı).
Məsələn, beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki yaşa girmiş dana, qırx qoyuna bir qoyun zəkat ödənilməlidir. Say artıqca, zəkatın miqdarı dəyişə bilər. Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz qoyundan biri zəkat verilir.
[4105]  «Vəsailuş-şiə», 6-cı cild səh. 4.
[4106]  «Tövbə» surəsi, ayə 103.


Allah sizə yar olsun.
Go to TOP