Sual (31) : Salamun əleykum.Əgər insanın gözü və qulağı ölümündən sonra (bərzəx aləmində) açılırsa, onda nə üçün onlar dirilər və ya təzə ölən insanlar barəsində başqalarından (bərzəxdəki ölülərdən) soruşurlar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, məhdud surətdə və bərzəx həyatına mütənasib olaraq onlara təqdim olunur. İnsan ölməklə mələyin vücudunu, ölümdən sonrakı həyatı, həmçinin peyğəmbərlərin və övliyaların verdiyi vədələrdən bəzilərini bərzəx gözü ilə müşahidə edib onların barəsində tam yəqinə çatır.

Lakin ailə, qohum-əqrəba, dostlar barəsində məlumat əldə etməyin və dünyaya əhatəli olmağın ümumiyyəti yoxdur. Onun geniş və ya məhdud olması şəxsin əməllərinin mizan və meyarına bağlıdır. Belə ki, dünyadan təzə getdikdən sonra dünya əhlinin barəsində söz-söhbətlər, hal-əhval soruşmaq ölülərin hamısı üçün hasil olmur. Əksinə, islam rəvayətlərinə əsasən, bu məsələ ölülərin hamısına yox, behişt bərzəxinin əhalisinə məxsusdur. Lakin Allahın övliyaları bundan da yüksək məqamlarda olmaqla başqalarından (bir şey) soruşmağa ehtiyaclı deyildirlər!

Buna görə də çoxlu məxfi işlər və sirlər vardır ki, hətta bərzəxdə də aşkar olmur; bu kimi işlər insanın qiyamət səhnəsinə daxil olduğu zaman zahir olur. O gün “sirlərin aşkar olduğu gündür” və bütün sirlər əyani şəkildə müşahidə olunacaqdır.
Allah sizə yar olsun.
Sual (32) : Salamun əleykum.Mən İsrafil surunun neçə dəfə və harada, necə çalınacağı barədə soruşmaq istəyirdim. Bu brədə harada yazılımışdır? Əgər mümkünsə Quran ayələri və hədislərdən misal yazın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu barədə Quranda gəlmişdir və təfsir kitablarında daha geniş şəkildə şərh olunmuşdur.

Quran ayələrindən məlum olur ki, iki dəfə sur çalınacaq; birinci dəfə çalındıqda Allahın istədiyi bütün insanlar öləcək. Bu barədə "Zümər" surəsinin 68-ci ayəsində belə biyurulur: "Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər)".

İkinci dəfə sur çalindiqda isə ölənlərin hamısı yenidən diriləcəkdir. Bu barədə də yenə həmən ayədə belə buyurulur: "Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)".

Bu mövzu ilə baqlı Quranda gələn ayələr bunlardır:

"Ənam" surəsi ayə 73

Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!

Ər-Hicr (Daşlı sahə) surəsi 38

Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!

Ər-Kəhf (Mağara) surəsi 99

O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik.

Taha surəsi ayə 102

Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün

Əl-Ənbiya (Peyğəmbərlər) surəsi ayə 103

Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər.

Əl-Muminun (Möminlər) surəsi ayə 10

Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).

Nəml (Qarışqalar) surəsi ayə 87

Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr.

Rum (Rumlular) surəsi 25

Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

Yasin surəsi ayə 25

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

Yasin surəsi ayə 49 və 51 və 53

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
Allah sizə yar olsun.
Sual (33) : Salam. Dünyasını dəyişmiş insanın ruhu yeni doğulmuş uşağa keçə bilərmi?


Allahın adı ilə.   
Əleykumus-salam.        
“Tənasüx” adlanan bu məsələ ciddi elmi mübahisə mövzularından biridir. Ruhun bir bədəndən o birinə keçməsi, ölmüş insanın başqa bir şəkildə dünyaya qayıtmasının mümkünlüyü çoxlarını düşündürür.
Tənasüx iki növdür: ruhun maddi bədəndən maddi bədənə keçməsi və ruhun maddi bədəndən “misali” qəlibə düşməsi.
Misali bədən insanın dünyada öz əməlləri ilə yaratdığı bir qəlibdir.
İslam dini maddi tənasüx məsələsini qəbul etmir. Ayə və rəvayətlərə əsasən hər bir varlıq təkamül yolu keçdiyi kimi, ruh da daimi hərəkətdədir. Bədəndən ayırılmış ruhun özünə uyğun olmayan yeni doğulmuş bədənə keçməsində ziddiyyət mövcuddur.
Ruh o bədəndə ola bilər ki, bu bədən onun təkamül pilləsinə uyğun gəlsin. Əgər İslam ruhun bərzəx bədəninə keçməsini qəbul edirsə, demək bərzəx bədəni ruhun təkamül səviyyəsinə uyğun bir bədəndir. Demək, tənasüxün ikinci növü bizim üçün məqbuldur.
Allah sizə yar olsun.






Sual (34) : Salam. Doğrudurmu ki, ölülər cümə günü azad edilir?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir.
İshaq ibn Əmmar imam Kazimdən (ə) “mö`minin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Mö`minlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də mö`minin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”
Allah sizə yar olsun.






Sual (35) : Salam. Bərzəx bədəni maddidirmi?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Etiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar mə`lumata malikdirlər. Amma Quran ayələri və rəvayətlərdən bəzi qənaətlərə gəlmək olar.
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa, onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir.
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz.
Allah sizə yar olsun.
Sual (36) : Salam. Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?
Allahın adı ilə.   
Əleykumus-salam.         
Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.
Allah sizə yar olsun.
Go to TOP