Sual (11) : Salamun əleykum.Musa (ə) nə üçün tövbə etdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər».
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.

Allah sizə yar olsun.
Sual (12) : Salamun əleykum.Qurani-kərimin bəzi ayələrində yeddi qat göydən danışılır. Yeddi qat göy dedikdə nəyə işarə olunur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda da adı çəkilən yeddi qat göy haqqında İslam alimləri və təfsirçilərinin bir neçə baxışı var:
1. Burada yeddi rəqəmi çoxluğu bildirir. (Yəni müxtəlif səmalar) İşarə olunur ki, müxtəlif kürələr xəlq olunmuşdur. Bir çox dillərdə hər hansı bir ədədi qeyd etməklə çoxluğu bildirmək istəyirlər. Yəni məqsəd konkret bir rəqəm yox, çoxluqdur. Məsələn, fars dilində belə bir söz işlədilir ki, bu sözü əlli dəfə demişəm! Deyənin məqsədi bu deyil ki, eyni bir sözü əlli dəfə təkrarlamışdır. O, sadəcə, bu sözü dəfələrlə dediyini nəzərə çatdırır.
Qurani-kərimdə Allahın buyuruqları haqqında belə məlumat verilir: “Əgər yerdəki bütün ağaclar qələm, dəryalar isə mürəkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.” Təbii ki, ayədəki “yeddi” sözü çoxluğa işarədir. Əlbəttə ki, yeddi yox, yüz yeddi dərya da əlavə olunsaydı, Allahın sözlərini yazıb qurtarmaq olmazdı. Çünki Allah bütün cəhətlərdən sonsuzdur. Quranda, digər mətnlərdə yetmiş rəqəmi də çoxluğu bildirmək məqsədi ilə işlədilmişdir. Bu rəqəmlərin adı çəkildikdə konkret bir say nəzərdə tutulmur. Məqsəd çoxluğu nəzərə çatdırmaqdır.
2. Yeddi qat göy dedikdə, Quran nazil olduğu vaxt xalqa məlum olan yeddi kürə nəzərdə tutulur. İndi də həmin kürələri adi gözlə görmək mümkün deyil.
3. Yeddi qat göy dedikdə atmosferin qatları nəzərdə tutulur.
4. Amma bir çox tanınmış alimlərin nəzərincə, gözlə görünən bütün kəhkəşanlar yalnız birinci göyün tərkibidir. Gördüyümüz göy qatından sonra da altı qat başqa göy vardır.
Quran yeddi qat göy dedikdə yeddi aləmi nəzərdə tutur. Bu gün elm həmin yeddi aləmi kəşf edə bilməsə də, gələcəkdə bu iş mümkün olasıdır. Bu baxışın tərəfdarları sübut olaraq aşağıdakı ayəni göstərirlər: “Biz ən yaxın olan göy üzünü ulduzlarla bəzədik.” Ayədən belə məlum olur ki, qeyd etdiyimiz ulduzların hamısı birinci göy qatına aiddir.
Belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun ayə və rəvayətlər bu gün atmosfer qatları haqqında olan bəzi nəzəriyyələri təsdiq etmir. Çünki uyğun nəzəriyyələrə görə göy qapıları doqquzdur.
Quranda yeddi qat yer haqqında da danışılır. Bu rəqəm də çoxluğu bildirir. Təfsirçilərin rəyinə görə, yeddi qat göy dedikdə hər bir kürəni əhatə etmiş göy qatı nəzərdə tutulur.
Başqa sözlə, hər bir kürə bir yer hesabındadır. Bu kürələrin hər birinin ətrafında səma qatı var. “Səma” dedikdə ərəb lüğətində yuxarıda qərar tutmuş hər bir şey nəzərdə tutulur.
Müxtəlif təfsirçilərin nəzərlərini diqqətinizə çatdırdıq. Hər bir nəzəriyyənin tərəfdarları öz baxışlarının sübutu üçün dəlillər göstərmişlər. Amma sonuncu təfsir daha əsaslı görünür.

Allah sizə yar olsun.
Sual (13) : Salamun əleykum.Quranı təhrif etmək mümkündürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə kitab, Qurani-kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur.

«Hicr» surəsinin 9-cu ayəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Quranın bu sayaq ciddi qorunmasının əsas səbəbi, əvvəlki ilahi kitabların kafirlər tərəfindən təhrif olunmasıdır. Ötən on dörd əsrdə uyğun təcavüzlərə dəfələrlə məruz qalmış Qurani-kərim, vəd olunduğu kimi qorunmuşdur.

Hicri ΙV əsrin böyük alimlərindən olan Seyid Mürtəza deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?! Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və II dünya müharibələrinə kimdə şəkk var?! Deyilənlər haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-şübhəyə yer qoymur. Qurani-kərim də belədir. Onun hər bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün şübhələri aradan qaldırır, təcavüzlərin qarşısında keçilməz sədd çəkir».

Allah sizə yar olsun.
Sual (14) : Salamun əleykum. Həzrət Muhəmməd (s.ə.v.v)-in “bu surə məni qocaltdı!” - deyə buyurduğu surələr hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Həzrəti Muhəmməd peyğəmbərin “bu surə məni qocaltdı” dediyi surələr “Hud”, “Vaqiə”, “Mursəlat” və “Nəbə” surələridir.
Allah sizə yar olsun.
Sual (15) : Salamun əleykum.Peyğəmbərə (s) nazil olan birinci və axırıncı ayə hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə “Maidə” surəsinin 3-cü ayəsidir.
Allah sizə yar olsun.
Sual (16) : Salamun əleykum. İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Bəzi ayələrdə "kitabi mubin" qeyd olunub və ondan məqsəd Qurani kərim olmasına baxmayaraq, amma bu ayə və buna oxşar ayələrdə ki, ilahi elmin sənədini açıqlayırlar, "kitabi mubindən" məqsəd, varlıqlar yaranmamışdan qabaq, ilahi elmin mərhələsidir ki, onun özü digər kitab və lövhələrə şamildir, onun keyfiyyət və miqdarı, bizə məlum deyil.
"Rətb və yabis" bu ayələrdə hər bir şeyə işarədir. Və xüsusi bir şeyə işarə deyil. Ətraflı cümlədən sonra gələn qısa cümlə növündəndir. Yəni buyurur: Qeybin açarları yalnız onun yanındadır. Və (heç kəsin onlardan məlumat yoxdur, məgər onlar ki, Allah özü onları ondan xəbərdar edir) və həmçinin dənizdə və Quruda olanların hamısından xəbərdardır. Hətta düşən hər bir yarpağa da Allahın elmi var. bunu buyurandan sonra, digər kiçik misallar vurmur və deyir (xülasə) hər yaş və quru kitabi mubində yazılıb və biz ondan xəbərdarıq.

Allah sizə yar olsun.
Sual (17) : Salamun əleykum. Qurani-Kərimdə səma cisimlərinin alimlər tərəfindən hansısa bir həddə ram edilməsi barədə məlumat verilmişdirmi? Bəşəriyyət bu sahədə daha da irəli gedə biləcəkmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şübhəsiz ki, insan həyata qədəm qoyduğu gündən təkamüldədir. İndi də elə bir gün olmur ki, yaranış aləminin hansısa bir sirri açılmasın. Bəli, insan nə vaxtsa öz yaşayış məkanını başqa planetlərədək genişləndirə bilər.
Qurani-Kərimin göylərin və yerin insan üçün ram edilməsi haqqındakı ayələri, olsun ki, yuxarıda deyilənlərə bir işarədir. Günəş, ay və başqa səma cisimləri ilk gündən ram edilməsinə baxmayaraq, onlardan faydalanmanın da dərəcələri var. Onların ən kamil halı yaşayış üçün yararlı olmalarıdır. İndi isə bəzi ayələrə nəzər salaq:
1. Göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, düşünən bir qövm üçün bunda ibrətlər var.”
2. Məgər Allahın göylərdə və yerdə olanları sizin üçün ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?!
3. Seyr edən günəşi və ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınızda qoyan Odur.”
Bəli, yuxarıdakı ayələrdə Quran bildirir ki, Allah-təala bütün nemətləri, eləcə də, göyləri və yeri insanın ixtiyarında qoymuşdur. Amma insan bütün bu nemətləri tədricən əldə etməlidir. Hər əsrin öz kəşfi, öz nailiyyətləri var. Allahın yer üzündə olanları insanın ixtiyarında qoyması o demək deyil ki, yerin təkində və üstündə olan bütün nemətlər heç bir zəhmətsiz ələ gələsidir. Xeyr, insan çalışmalı, araşdırmalar aparmalı, qiymətli xəzinələri kəşf etməlidir. Bəzi dövrlərdə insan yalnız bəzi mədənləri kəşf edə bilirsə, olsun ki, nə zamansa yerin təkindəki bütün ehtiyatlar kəşf olunacaqdır. Bəşər gələcəkdə elə mənbələr tapa bilər ki, hazırkı dövrümüzdə həmin mənbələr barədə zərrəcə məlumat yoxdur. Səma cisimləri elə ilk gündən bəşəriyyətə ram olmuş olsa da, yalnız zaman keçdikcə onlardan daha çox istifadə olunacaq.
“Ərrəhman” surəsinin 33-cü ayəsində buyurulur: “Ey cin və insan tayfası, əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız qüvvət və qüdrətlə çıxa bilərsiniz.” Ayədən göründüyü kimi, insan elmi-texniki tərəqqinin nailiyyətləri ilə silahlanaraq fəzaya səfər edə bilər. Nə vaxtsa xəyal kimi görünən bu işlər indi adi bir gerçəklikdir.

Allah sizə yar olsun.
Sual (18) : Salam. Zəhmət olmasa mənim bu sualımı cavablandırın: Əgər bir şəxs mənasını anlamadan Quran oxuyursa və ya oxuduğunun mənasına diqqətsizsə, belə Quran oxumağın ona təsiri ola bilərmi?
Allahın adı ilə.   
Əleykumus-salam.
Qurani-kərimdə buyurulur: "Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik."
Bir misalla mövzunu daha artıq aydınlaşdıraq: Bir şəxs dərman qəbul edərkən qəbul etdiyinin nə olduğunu bilməsə də dərman ona öz təsirini göstərir. Necə ola bilər ki, Quran təsirsiz qalsın?! Əslində Quranın təsiri daha böyükdür. 
Lakin yaxşı olar ki, insan Quran oxuyanda onun mənasına diqqət yetirsin. Əgər mənasını anlamasa, Quranın ilahi vəhy olduğuna diqqət etsin və bu qiraəti Allahın onunla danışığı kimi qiymətləndirsin.
Ariflər deyir ki, namaz qılan şəxs Allahla danışır, amma Quran oxuyan şəxslə Allah  danışır.
Allah sizə yar olsun. 
Sual (19) : Salam. Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?
Allahın adı ilə.   
Əleykumus-salam.        

 İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci dəfə iyirmi üç il ərzində tədricən.

«Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «Kafirlər «Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz onu ayə-ayə nazil etdik».

Əvvəla, Quranın tədriclə nazil olması, insanların təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha aydın dərk olunur.

Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.

Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı idi.

Allah sizə yar olsun.
Sual (20) : Salam. Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox!
İnsanın da yaradanı var və bu yaradan ona Qur`an adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.”
Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
Allah sizə yar olsun.
Go to TOP