Sual (41) : Salamun əleykum.Mərsiyə oxuyanların oxuduqları şerlərin mənbəsi haradır? Onlar hansı tarixə istinad edirlər? Bu düzdürmü? Hər mərsiyəxan aşura hadisəsinə yeni bir şey artırır. Bunun iradı yoxdurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Kərbəla səhnəsinin iki üzü vardır:
1). Nurani, aydın və iftixarlı səhnə.
2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır.
Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq:
Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni bunlar hadisənin əsil mətləblərini məcazi mənada, məzmunu itirmədən və dəyişmədən çatdırırlar. Bəzən bəzi təmsillərə də yol verərək Kərbəla yanqısını daha da alovlandırırlar. Belə artırmalar hadisənin əslinə xələl gətirməzsə heç bir iradı yoxdur.
İkinci baxışda isə yalançı mərsiyəxanlar dayanır. Belə mərsiyə oxuyanların sözlərinin heç bir tarixi əsası yoxdur və eyni zamanda da iradı vardır. Gərək belə insanların qarşısı alınsın.
Allah sizə yar olsun.
Sual (42) : Salamun əleykum.Əhli- sünnə qardaşlarımızın tarix kitablarında aşura səhnələrini oxuyarkən belə bir mövzuya rast gəlmək olur: Səqqa (su paylayan) İmam Hüseynə (ə) yaxınlaşaraq ona su içməyi təklif edir. Bu zaman İmam (ə) əlinin içini səqqaya uzadır. Səqqa İmamın əlinin içində sanki göz yaşı tək şəffaf su olduğunu müşahidə edir. İmam ona deyir: Mənim suyum var. Sən o kəslər ki, susuzdurlar və suya ehtiyacları vardır onları sirab et". İmamın (ə) bu sözdən və işdən əsas məqsədi nə idi? Nə üçün su içə biləcəyi halda sudan üz çevirdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır:
1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə öz gündəlik həyatlarını tənzimləsəydilər onlar heç vaxt başqalarına nümunə ola bilməzdilər.
2). Belə hədislər, Əhli- sünnət qardaşlarımızın kitablarında olmasından aslı olmayaraq təsdiqi həqiqətdən kənardır. Yəni istinad ediləsi hədis deyildir.
3). İlk baxışdan bu hədisin eyibli dəlilləri vardır ki, biz onlardan bir neçəsini burada qeyd edirik:
Birincisi budur ki, (demək olarki,) bütün tarix kitablarında düşmən tərəfin Fərat çayının qolunu bağlaması, İmama su verilməməsi, İmamın onlardan neçə dəfə su istəməsi və hər dəfə onların bu işdən üz çevirməsi təkrar olaraq yazılmışdır.
İkincisi budur ki, İmamın (ə) xeyməsi aşura günündə düşmən tərəfindən tamami ilə mühasirə olunmuşdur. Saqi necə özünü İmama çatdıra bilmişdir? Ya saqi düşmənin amansız ox və nizəsinin müqabilində necə su paylaya bilirdi?
Deməli, bu hədis İmamın və Əhli- beytin məzlumiyyətini, düşmənin biz təsəvürr edəcəyimiz qədər də qəddar olmadığını və İmamın susuz şəhid olmasını inkar etmək üçün düzəldilmişdir. Belə hədislər Kərbəla yanqısını ürəklərdən soyudmaq və ya şübhə altına aparmaqdan başqa bir şeyə xidmət etmir. Bu səbəbdən də belə hədislərə tarix kitablarında istinad edilmir.

Allah sizə yar olsun.
Sual (43) : Salamun əleykum.Aşura hadisəsinin əziz tutulması üçün bu mövzuda söhbətlərlə kifayətlənib, sinə və zəncir vurulmasını aradan götürmək olmazmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Hüseyn (ə) şəxsiyyətinin cəmiyyətə tanıtdırılması üçün konfranslar, elmi çıxışlar, tədqiqatlar və məqalələr çox faydalıdır. Amma öz rəftarımıza nəzər salsaq mühüm rola malik iki qrup amillə rastlaşarıq. Birinci qrup amillər insanın hər hansı bir həqiqəti dərk etməsini təmin edir. Lakin hər hansı bir həqiqəti elmi şəkildə bilmək insanın həmin həqiqətə münasibətini müəyyənləşdirmir.
Şəhid Mütəhhəri buyurur: “Amil insanın daxilində olmalıdır ki, onu hərəkətə gətirsin. İnsanda hər bir işə daxili meyl olmalıdır ki, həmin iş yerinə yetirilsin. Elmi tanışlıq insanın hərəkətə gəlməsi üçün kafi deyil. Yalnız psixoloji amil insanı işə sövq edə bilir.”
Bəli, insan çox şey bilir, amma bildiklərinə əməl etmir. Düşmənin mənfurluğunu hamı bilir. Amma yalnız düşmənin vəhşiliklərini gözü ilə görənlər ona nifrət edir. İnsan sevdiyi adamı xatirələr vasitəsi ilə yad edərək şövqə gəlir.
İmam Hüseyn (ə) haqqında söhbətlər həqiqət və ədalət haqqında təsəvvür yarada bilər. Amma meydana girib bu dəyərləri müdafiə etmək üçün həyəcanlanmış hisslərə ehtiyac var. Universitet səviyyəsində Kərbəla faciəsindən xəbərdar olan bir gənc məmləkətinə təcavüzü sakit qarşılasa, təəccüblənməyin. Çünki, o, bu həqiqətləri daxilən yaşamamışdır. Amma imam Hüseyn (ə) əzadarlıq məktəbindən keçmiş gənc həqiqət və ədalət uğrunda qanlı savaşa atılmaqdan çəkinmir.

Allah sizə yar olsun.
Sual (44) : Salamun əleykum.Nə üçün əzadarlığa aşuradan bir neçə gün əvvəl başlanılır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi müqəddəs şəriətin tapşırılmış göstərişlərindəndir.Amma bu əzadarlığın forması xalqın istəyindən asılıdır. Bəzi yerlərdə Aşura gününədək, bəzi yerlərdə imamın üçünədək, bəzi yerlərdə isə imamın yeddisinədək əzadarlıq keçirilir. İstənilən formada əzadarlıq keçirmək xalqın ənənələrindən asılıdır və bu müxtəlifliyin heç bir eybi yoxdur. Əsas məsələ Aşura hadisəsinin mahiyyətinin açıqlanması və xalqın həqiqətsevərlik və ədalətsevərlik hisslərinin oyadılmasıdır.
Allah sizə yar olsun.
Sual (45) : Salamun əleykum.Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.
Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, “haqqı tanımaq hissi”nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda təsirli olubsa, digər təsirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.
Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.
Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bəzi hadisələrin yenidən dirçəldilməsi tam mənada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük təsir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və təsirli ola bilər.

Allah sizə yar olsun.
Sual (46) : Salamun əleykum.Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar.
Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və məlumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?
Aşura hadisəsi və imam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət təsir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir?
Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?
Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına təsir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq.
Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ təsiredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük təsiri vardır. Amma etiraf etmək lazımdır ki, bu üsul yeganə təsirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox təsirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı təsir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, təsirinə daha çox məruz qaldığımız amillər əsas etibarı ilə təhrikedici amillərdir.
Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. “Bu işin faydası nədir?”, “Necə görülməlidir?” və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və təsiredici amillərin bəlli olması kifayət etmir.
İmamın da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya məlumat əldə etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri təmin edə bilər; yəni lazım olan bilik və məlumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Məlum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz məlumatın sizdə yaratdığı təsir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı təsir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.
Buna misal olaraq, Qurani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim:
“Bildiyiniz kimi, həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına dəvət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah-taala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi. Müddət başa çatan kimi Bəni-İsrail qövmü həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: “Gözləyirik, tezliklə gələr”. Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: “Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə məlum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir”. Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə dəvət edir: “ Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür”. Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah-taala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur”.
Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda məlumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah-taala həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz etirazını bildirir.
Allah-taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu təsir və təəssürat, deyilənlər, eşidilənlər və məlumatlarla yaranan təsirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu təsir digər üsullardan qat-qat üstündür. Aşura günü imam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük təsiri vardır. Bu səhnələrin nümayişi imam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.
İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi təsir oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik.
Tarixdə bu hadisənin təsiri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İmam Xomeyni (r) dəfələrlə buyurmuşdur: “Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir.”
Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?
Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun təsiri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?
Beləliklə, məlum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən məlumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol ifa edir. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.

Allah sizə yar olsun.
Sual (47) : Salamun əleykum.İmam Hüseyn Əleyhissəlamın düşmənlərini niyə lənətləməliyik?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın ardınca digər bir sualla da qarşılaşa bilərik. Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam. Onlar deyirlər: “Çox gözəl, bura qədər biz sizinlə razılaşır, imam Hüseyn tarixinin təsir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, imamın düşmənlərinə də lənət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə imam Hüseyn əleyhissəlamın düşmənlərini lənətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və «modern insan» xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha imamın düşmənlərini niyə lənətləyirisiniz? Niyə deyirsiniz: “Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha pənah aparıram. Aşura ziyarətində imamın düşmənlərinə yüz dəfə lənət deməyi niyə təkid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lənətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lənət demək, küsüb-küsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar imam Hüseyn əleyhissəlamın şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?”.
Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik.
Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: “İmamın düşmənlərinə niyə lənət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lənət demək nəyə lazımdır?
Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi nemətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Məlum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın ilahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir.
Allah-taala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar edirik. Bir yerdə mərifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mömin şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi?
Qurani-Kərim buyurur: “Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz”. 
Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər.
Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Qurana müraciət etsin. İlahi kəlamda şəkk-şübhə yoxdur.
Qurani-Kərim buyurur: “Elə ki, gördün biri din haqqında pis danışır, istehza, məsxərə edir, onlara yaxınlaşma.. Söhbətlərini dəyişməyənə qədər dediklərinə qulaq asma!” 
Başqa bir ayədə belə buyurur: “Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar.”
Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların təsiri altına düşməsi ilə nəticələnəcək. Elə ki, təsir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır.
Quran buyurur: “Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar”.
Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları dəf edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına təminat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu ilahi bir qanun, ilahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin dəf edilməsi də zəruridir. İnsanın bəzi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək, mədə, qan dövranı sistemi və s. Bəzən də xarici mühitdən bədənə hücum çəkən mikroblara qarşı bu sistem mübarizəyə başlayır. İnsanın ruhunda da belə bir xüsusiyyət olmalıdır. Psixoloji cəzbetmə amilinin vasitəsi ilə insanlara qarşı ehtiramla yanaşıb, məhəbbət izhar etməliyik. Biz onlardan elm, əxlaq, mərifət öyrənirik.
Görəsən, nə üçün insanlar tərbiyəli, əxlaqlı və savadlı şəxsləri sevirlər? Çünki, onlarla ünsiyyətdə olmaq insanlara xeyir gətirir. Cəmiyyətin tərəqqisində rolu olmuş, hikmət, kamal mənbəyi olan belə şəxslərə qayğı və ehtiram göstərmək bizim borcumuzdur. Bunun müqabilində cəmiyyəti bədbəxtliyə, rəzalətə sürükləyən şəxslərlə də düşmənçilik edilməlidir.
Qurani-Kərim buyurur: “Siz gərək İbrahim peyğəmbər və onun dostlarının yolunu tutasınız.” 
Bildiyiniz kimi, İbrahim əleyhissəlamın İslam mədəniyyətində tutduğu mövqe həddən artıq yüksək və mühümdür. Peyğəmbərimiz Məhəmməd (s) da belə buyurmuşdur: “Mən İbrahim əleyhissəlama tabeyəm. İslam adını da bu dinə verən İbrahim (ə) olmuşdur”.
Allah-taala buyurur: “Siz gərək İbrahim əleyhissəlamın yolu ilə gedəsiniz”. 
Görəsən, İbrahim (ə) nə iş görmüş və hansı yolla getmişdir? İbrahim (ə) və tərəfdarları, onlara düşmən kəsilmiş bütpərəstlərə, yurdundan, şəhərlərindən didərgin salanlara deyirdilər: “Biz sizdən bizarıq, sizin işlərinizdən uzağıq”. Sonra buna da qane olmayıb buyurmuşdu: “Bizimlə sizin aranızda olan düşmənçilik qiyamət gününə kimi davam edəcəkdir. Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız”.
Bizim də İslam düşmənləri və İmam Hüseyn əleyhissəlamın qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Gərək sizlər İbrahim əleyhissəlamın yolunu tutub, din düşmənlərinə olan ədavətinizi elan edəsiniz”.
Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bəzi şəraitdə gərək cəsarətli olub, bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur, deyə biləsən.
Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim)
Əvvəllər dinin şaxələri on idi. Sonra bunlara yeni bir qol da əlavə edildi. Əmr be məruf, nəhy-əz münkərdən sonra iki şaxə də artırılıb; təvəlla və təbərra məsələsi də dinin əsas məsələlərindən hesab edildi. Yəni, müsəlmanlara əməli olaraq, vacib olan işlərdən biri də Allah dostları ilə dost olub, düşmənləri ilə düşmənçilik etməkdir.
Əsas məsələ bizim cəzb və dəfetməni yerində tətbiq edə bilməyimizdir. Bəzən biz bunların yerini dəyişik salırıq. Cəzb edəcəyimiz yerdə dəf edirik. Bir kimsə səhvən bir söz söyləyərək, sonradan öz peşmançılığını bildirərsə, onu o dəqiqə düşmən elan etmək olmaz. Biz səbrlə onu başa salsaq, yəqin ki, öz səhvini başa düşüb günahını etiraf edəcəkdir. Bir günah işə görə həmin şəxsi cəmiyyətdən təcrid etmək olmaz. Biz onun islahına çalışmalıyıq. O, diqqətə ehtiyacı olan xəstə kimidir. Belə yerdə düşmənçilik yaramaz. Amma bir kimsə bilərəkdən hər hansı günahı cəmiyyətdə yaymaq istəsə, o xəbis və xəyanətkar bir insandır. Belə adamla düşmənçilik edilməlidir. Amma bilmədən günah iş tutmuşsa, onunla mehribanlıqla rəftar edilməli, səhvini başa salıb doğru yola qaytarmaq lazımdır. Belə şəxslərə kömək etməliyik, yardım əli uzatmalıyıq. Onun hansısa bir problem ucbatından belə bir iş tutmasını nəzərə almalı və islah edilməsinə çalışmalıyıq.
Düşmənçiliyinə and içmiş qəddar, kinli adam haqqında Allah-taala belə buyurur: “Siz öz haqq yolunuzdan əl götürmədiyiniz kimi, onlar da öz düşmənçiliklərindən əl çəkən deyillər”. 
Bəli, biz öz haqq mübarizəmizdən əl çəkməyincə, ermənilər də bizdən əl çəkməyəcəklər. Hər gün dözməli və mübarizə aparmalıyıq. Bu cür xəbislərlə şiddətli qəzəblə, sərt şəkildə davranmalıyıq. Belələrinin başına ölüm şüarı yağdırılmalıdır. Çünki onlar bizim üçün ölümdən başqa heç nəyə razı deyillər. (Mütərcim)
Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseyn əleyhissəlamın məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, İmamın və eləcə də Allahın düşmənlərinə lənət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik!
Quran belə buyurur: “Əşiddau ələl kuffar.“ (Yəni, kafirlərə qarşı kəskin.) “Ruhəmau beynəhum.” (Bir-birlərinə qarşı isə mehriban olarlar.)
Deməli, salamın yanında lənət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq.

Allah sizə yar olsun.
Sual (48) : Salamun əleykum.Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi, bütün insanlar Kərbəla hadisəsini insaniyyət aləminin yeganə faciəsi olmasa da, çox nadir hadisələrdən hesab edirlər. Əlbəttə, imamlarımızdan bizə gəlib çatmış xəbərlərə əsasən, biz inanırıq ki, buna oxşar hadisə baş verməyəcəkdir. Amma bu barədə adəti üzrə sənəd və dəlil tələb edənlər üçün söz uzanmasın deyə, ehtiyat edib deyirik ki, bəşər tarixi ilə müəyyən qədər tanışlığı olan bütün tarixçilər bu hadisəni dünyada baş vermiş hadisələr içərisində çox nadir və qeyri-adi bir faciə kimi qiymətləndirirlər. Həqiqətən də, bu hadisə həm necə baş verməsi, həm müsibətinin əzəməti, həm xalq arasında xatirəsinin qorunub-yaşadılması və həm də cəmiyyətdə qoyduğu izlər baxımından digər hadisələrlə müqayisəolunmaz dərəcədə fərqlənir. Buna misal olaraq, hər il öz ölkəmizdə bu əzadarlığın təkrar olaraq keçirilməsi göstərir ki, heç bir hadisəni Kərbəla faciəsi ilə müqayisə etmək olmaz. Bu hadisə zamanı çəkilən zəhmətlər, təşkil edilən mərasimlər və tökülən göz yaşlarını sözsüz ki, digər hadisələrə müqayisədə daha çox müşahidə edirik.
Allah sizə yar olsun.
Sual (49) : Salamun əleykum.İmam Hüseyn (ə) buyurmuşdur ki, mənim səhabələrimdən üstün səhabə yoxdur. İmamın belə deməsinin səbəbi nə idi? Onlar Peyğəmbərin (s) səhabələrindən də üstün olmuşlarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlk olaraq qeyd etmək lazımdır ki, səhabələr barədə söz açarkən heç də məqsəd həzrət Peyğəmbərlə (s) İmam Hüseyni (ə) müqayisə etmək deyil. Bildiyimiz kimi, Həzrət Peyğəmbərin (s) məqamı heç bir şəxsin məqamı ilə müqayisə edilə bilinməz. Lakin səhabələr isə məsum deyillər, onlar digər şəxslər kimi (dünya baxışı, anlayış, elm və s.) adi insanlar olmuşlar. Baxmayaraq ki, hər iki qrup səhabə haqq uğrunda vuruşmuşlar. Amma İmam Hüseynin (ə) səhabələrinin daha açıq fikirli , daha şücaətli, daha fədakar olması da qeyri-mümkün deyil.
Həm də bu məsələ də nəzərə alınmalıdır ki, İmam Hüseynin səhabələri arasında həzrət Peyğəmbərin (s) səhabələri, İmam Əlinin (ə) sadiq silahdaşları olan tabeinlər də mövcud olmuşdur.

Allah sizə yar olsun.
Sual (50) : Salamun əleykum.Əhli sunnə qardaşların mötebər kitablarında İmam Hüseynin başına gələn müsibətlər, Peyğəmbərin ona göz yaşi axıtmasıi, Kərbəla torpağının əzəməti haqqında rəvayat var ya yox?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əhli-sünnə qaynaqlarında İmam Hüseyn (ə) haqqında məlumat şiə qaynaqlarından heç də az deyil. Misal üçün, sözügedən qaynaqlarda İmam Hüseyn (ə) haqqında aşağıdakılara toxunulmuşdur: İmama (ə) ad qoyma mərasimi (Təbəri, “Zəxair əl-uqba“), Peyğəmbərin (s) onun qulağına azan oxuması (Hakim Nişapuri), Peyğəmbərin (s) dilinin iki nəvəsinin ağzına qoyaraq onların susuzluğunu yatırması (İbn Həcər Əsqəlani, “Təhzib ət-təhzib“), Həsən (ə) və Hüseynin (ə) Peyğəmbərin (s) gülləri olması (Buxari), İmam Hüseynin (ə) ağlaması Peyğəmbəri (s) çox narahat edirdi (“Zəxair əl-uqba), Həsən (ə) və Hüseynin (ə) Peyğəmbərin (s) ən sevimlisi olmaları (Tirmizi), Peyğəmbərin (s)İmam Hüseynin (ə) dodağndan, dişindən öpməsi (İbn əsakir, İbn Həcər Heysəmi), İmam Hüseynə (ə) məhəbbətin müsbət nəticələri (Tirmizi, Təbərani, Zəhəbi, Təbəri və s.), Həsən (ə) və Hüseynin (ə)dost münasibət (Tirmizi, İbn Əsakir), Behişt cavanlarının ağası (Tirmizi, Təbərani və s.), Hüseyn (ə) məndəndir, mən də Hüseyndən (ə) (Tirmizi, Buxari), Peyğəmbərin (s) İmam Hüseynin (ə) şəhadətindən xəbər verməsi (Təbərani, Hakim Nişapuri, İbn Həcər Heysəmi), İmam Hüseynə (ə) kömək etmək (İbn Əsir) və s.
Allah sizə yar olsun.
Go to TOP