Sual (31) :
Salamun əleykum. Bədr müharibəsində müşriklərin başçılarından kimlər qətlə yetirildi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bədr müharibəsində öldürülənlər Əbu Cəhl, Ütbə ibni Rəbiə, onun qardaşı Şeybə və oğlu Vəlid, As ibni Səid, Əsvəd ibni Əbdül Əsəd Məxzumi, Üməyyə ibni Xələf, Zümə ibni Əsəd, Əqil ibni Əsvəd, Nəbiyyəh, Münəbbih, Əbul Bəxtəri, Hənzələ ibni Əbu Süfyan, Tüeymə ibni Ədi ibni Nofəl, Nofəl ibni Xüveylid, Haris ibni Zəmə, Nəzr ibni Haris ibni Əbdüddar, Ümeyr ibni Osman Təmimi, Osman və Malik (Təlhənin qardaşları-dır), Məsud ibni Üməyyə ibni Müğeyrə, Qeys ibni Fakəhə ibni Müğeyrə, Hüzeyfə ibni Əbu Hüzeyfə ibni Müğeyrə, Əbu Qeys ibni Vəlid ibni Muğeyrə, Əmr ibni Məxzum, Əbul Munzər ibni Əbi Rəfaə, Hacib ibni Saib ibni Üveymir, Ovs ibni Müğeyrə ibni Lovzan, Zeyd ibni Müleys, Asim ibni Əbi Ovf, Səid ibni Vəhəb (Bəni-Amir qəbiləsinin həmpeymanı idi), Müaviyə ibni Əbdül Qeys, Əbdüllah ibni Cəmil ibni Züheyr ibni Haris ibni Əsəd, Saib ibni Malik, Əbul Həkəm ibni Əxnəs, Hişam ibni Əbu Üməyyə ibni Müğeyrə və s.
Allah sizə yar olsun.
Sual (32) :
Salamun əleykum. Ühüd müharibəsi nə vaxt baş verib və bu müharibədə hansı mühüm amil müsəlmanların məğlubiyyətinə səbəb olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ühüd müharibəsi hicrətin 3-cü ilində baş verib. Aşağıdakı mühüm səbəblər müsəlmanların məğlubiyyətinə səbəb oldu: 1) İkiüzlü və münafiq bir şəxs olan Əbdüllah ibni Übey döyüşün həssas vaxtında islam ordusunun bir hissəsini Mədinəyə qaytardı.
2) İşlərdə hərc-mərciliyin olması və nizam-intizamın olmaması.
3) Müsəlmanların ruhiyyəsinə çox ağır təsir edən Peyğəmbər (s.ə.v.v)-in öldürülmə şayiəsi.
Allah sizə yar olsun.
Sual (33) :
Salamun əleykum. Müsəlmanların “Bədr” müharibəsində qələbəsinin və “Ühüd” də məğlub olmalarının səbəbi nə idi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Bədr” müharibəsində müsəlmanların qələbəsi, onların tam sədaqət və ixlasla Allah yolunda vuruşmaları və Onun razılığını qazanmaq üçün səy etmələri idi. Amma Ühüd müharibəsində müsəlmanlar əvvəlki qələbədən qürurlandılar, qureyş kafirlərinin qoyduqları qənaəti toplamaq fikrinə düşdülər və pak niyyətlərini dəyişdilər. Məhz bu, onların məğlub olmasına gətirib çıxartdı.
Allah sizə yar olsun.
Sual (34) :
Salamun əleykum. Mələklər tərəfindən qüsl verilən cavanın adı nədir və bu hadisə hansı müharibədə olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həmin cavanın adı Hənzələdir, bu hadisə isə Ühüd müharibəsində baş vermişdir. Peyğəmbər bu cavana, toy gecəsi üçün şəhərdə qalmağa icazə vermişdi. O, toy mərasimini şəhərdə keçirib sübh qüsl vermədən Peyğəmbərin ardınca müharibə meydanına gəlmiş və Qüreyş kafirlərinin əli ilə şəhid olmuşdu. Rəsuli-Əkrəm (s.ə.v.v) bu hadisə ilə əlaqədar buyurmuşdu: “Mən mələklərin Hənzələyə qüsl verdiyini gördüm.” Buna görə də ona “Ğəsilül-məlaikə” (mələklərin qüsl verdiyi şəxs) adlandırırlar.
Allah sizə yar olsun.
Sual (35) :
Salamun əleykum. Ühüd müharibəsində Peyğəmbər (s.ə.v.v)-i canla-başla müdafiə edən qadının adı nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Onun adı Nəsibə, künyəsi isə Ümmü Amir idi. O, əsgərlərə su vermək üçün döyüş meydanında iştirak edirdi. Lakin, Peyğəmbər (s.ə.v.v)-in canının təhlükədə olduğunu görəndə su kuzəsini kənara ataraq dərhal qılıncı götürdü və onu müdafiə etməyə başladı.
Allah sizə yar olsun.
Sual (36) :
Salamun əleykum. “Beyəti rizvan” nə deməkdir və nə zaman baş verib?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Fəth” surəsinin 18-ci ayəsində buyurulur:
“Allah (Hüdeybiyyədə) ağacın altında səninlə beyət edərkən möminlərdən razı oldu və onların qəlbən vəfalılıqları və ixlasları aydın oldu. Allah onlara vüqar və təmkinlik nazil etdi və onlara yaxın olan fəthi müqdə verdi.”
Bu hadisədən sonra oradan qayıdan müsəlmanlardan bəziləri təbərrük üçün o ağacın altında namaz qılıb, Alalha şükür edirdilər ki, o ağacın səbəbi ilə onları arzularına çatdırdı. (Məkkə fəth olundu və müsəlmanlar həcc mərasimini yerinə yetirə bildilər.)
Ömərin xilafəti dövründə ona xəbər verdilər ki, müsəlmanlar həmin ağacın altında namaz qılırlar. Dərhal göstəriş verdi, o ağacı dibindən kəsdilər. Sonra dedi: Bundan sonra hər kəsi o ağacın altında namaz qıldığı üçün mənim yanıma gətirsələr mürtəd olan kəslər kimi qılıncla boynunu vuracağam.
Peyğəmbər (s) Nəcd diyarı barəsində buyurmuşdur: “Şeytanın buynuzları oradan çıxacaqdır.”
Bu, mənfur vəhhabi məsləkinə işarədir. Bu firqə hal-hazırda Hicaz (Ərəbistan) hökumətinin rəsmi dövlət məzhəbidir. Bu əqidə əsasında məsum imamların, səhabələrin, tabeinin, sünnü və şiə alimlərinin qəbirlərini dağıtmış, yerlə yeksan etmişlər. Onlar belə təsəvvür edirlər ki, qəbrə hörmət bəsləmək şirkdir. Elə bu təsəvvürü də Ömər həmin ağacın altında namaz qılmaqla əlaqələndirirdi.“Ənnəssu vəl-ictihad” kitabından
Allah sizə yar olsun.
Sual (37) :
Salamun əleykum. Qırx il Quran dili ilə danışan qadın kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu müsəlman qadın Həzrət Zəhranın (s) kənizi Fizzə idi. Mötəbər rəvayətlərə görə o, illər boyu Quran dili ilə danışmışdır.
Cavab: Mötəbər rəvayətlərə əsasən Həzrət Zəhranın (s) kənizi və Vəhəb ibn Abdullahın qızı Fizzə iyirmi ildən çox idi ki, ona verilən suallara Quran ayələrindən istifadə edərək cavab verərdi. Nümunə üçün "Bihar əl-ənvar" kitabında yazılan bir rəvayəti nəzərinizə çatdırırıq:
Əbu əl-Qasim Qəşiri öz kitabında nəql edir ki, tanışlardan biri dedi: "Səhrada getdiyim zaman bir qadınla rastlaşdım və ondan kim olduğunu soruşdum?
Qadın dedi: "Salam!" de. Yaxında biləcəksiniz!"
Ona salam verdim və soruşdum: "Bu səhrada nə edirsən?"
Qadın cavab verdi: "Allahın doğru yola saldığı kimsə azmaz."
Soruşdum: "Sən cinsən ya insan?"
Qadın cavab verdi: "Ey Adəm övladı zinətlərinizi özünüzlə götürün…"
Soruşdum: "Haradan gəlirsən?"
Cavab verdi: "Uzaq yerdən"
Soruşdum: "Bəs hara gedirsən?"
Cavab verdi: "Onun yoluna gücü çatan hər bir kəsin həccə getməsi Allah qarşısında borcudur."
Soruşdum: "Neçə gündür yola çıxdığınız?"
Cavab verdi: "Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq."
Soruşdum: "Yemək yemək istəyirsiniz?"
Cavab verdi: " Biz onları yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq."
Dedim: "İti gəl amma tələsmə"
Cavab verdi: " Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər."
Soruşdum: "İstəyirsən səni tərkimə alım?"
Cavab verdi: " Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də fəsada uğrayardı."
Minikdən düşüb onu süvar etdim. O dedi: " Bunları (dörd ayaqlını) bizim üçün ram edən Allah pakdır, müqəddəsdir!"
Bir müddət gedəndən sonra karvana yetişdik. Ondan soruşdum: "Karvanda yaxınlarından kimsə varmı?"
Cavab verdi: "Ya Davud! Biz səni yer üzündə xəlifə etdik."
"Muhəmməd ancaq bir peyğəmbərdir.", "Ey Yəhya! Kitabdan bərk yapış", "Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!"
Sonra mən bu dörd adı səslədim, bu an karvandan dörd gənc ayrılıb bizə tərəf gəldilər. Soruşdum: "Bunlar sənin nəyindirlər?"
Cavab verdi: "Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir."
Cavanlar qadının yanına çatanda onlara dedi: "Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!"
Gənclər mənə hədiyyələr verdilər. Qadın dedi: "Allah istədiyi kimsə üçün bunu qat-qat artırır."
Bundan sonra gənclər mənə daha artıq hədiyyə verdilər. Onlardan soruşdum: "Bu qadın kimdir?" Dedilər: "Bu qadın bizim anamız, Həzrət Fatimənin (s) kənizi Fizzə xanımdır. İyirmi ildir ki, yalnız Quran ayələri ilə danışır.
Əlbəttə bu rəvayətdə qadının oğulları analarının iyirmi il Quranla danışdığını dedilər. Bu yuxarıda qeyd etdiyimizlə ziddiyyət təşkil etmir. Ola bilsin ki, bu əhvalatdan sonra sözügedən əzəmətli xanım 20 il də yaşamış və Quran ayələri ilə danışmışdır. Sözsüz ki, bu məqamın araşdırmaya ehtiyacı vardır, amma buna fürsət yoxdur.
Allah sizə yar olsun.
Sual (38) :
Salamun aleykum.Nejran xristianlari Medineye hardan gelmiwdiler? ve Nejranla Medinen arasindaki mesafe ne qederdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nəcran əvvəllər Yəmənin şəhərlərindən olub, Hicazıla sərhəddə yerləşib, hazırda Səudi Ərəbistanın ərazisində yerləşir. Həmdan qəbiləsi bu məntəqədə məskun olmuşlar. Nəcran böyük şəhər idi ki, 73 kəndi olub. Quranda gələn Əl-Uxdud Nəcranın kəndlərindəndir və ya Nəcranın ilk adı uxdud olub.
Allah sizə yar olsun.
Sual (39) :
Salamun əleykum.Vaxtında iman gətirmiş qövm hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Əzab gəlməkdə ikən, Yunisin qövmündən başqa iman gətirib imandan faydalanacaq əhali kimdir?! Yunisin ümməti iman gətirən zaman, onları rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət gün-güzəran verdik» «Yunis» surəsi, ayə 98.
Doğrudanmı, Yunisdən başqa bütün qalan peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır?
İslam Peyğəmbərinin (s) həyatından məlumdur ki, bu belə deyildir. Yunisin qövmünü başqa qövmülərdən fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda iman gətirmişdir.
Tarixi mənbələrdə nəql olunur ki, bu qövm, indiki İraq ərazisinin qədim Neynəva məntəqəsində yaşayırmış. İlk əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis bir abidin təklifi ilə onlara nifrin edir. Həmin qövmdən olan bir alim Yunisi məyus olmayıb, dua etməyə çağırsa da, O, qulaq asmayıb, bu qövmü tərk edir.
Yunis gedəndən sonra alim öz qövmünü bir yerə toplayıb, qarşıdakı əzabın nişanələrini onlara anladır. Nəhayət, həqiqəti anlayan qövm, alimin rəhbərliyi altında şəhərdən çıxıb, tövbə edərək dua edirlər. Onların səmimi qəlbdən etirafları əzabın qarşısını alır.
Allah sizə yar olsun.
Sual (40) :
Salamun əleykum.Zəncir və sinə vurmağın dini əsası varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur.
Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə vurmaq səfəvilər dövründən kütləviləşmişdir.
“Təziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura faciəsinin səhnələşdirilməsi bəzən əzadarlığın mahiyyətini arxa plana keçirir.
Allah sizə yar olsun.