Sual (11) : Salamun əleykum.“Təfviz” nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Təfviz” insanın həyatda etdiyi bütün işlərdə sözün əsl mənasında tamamilə azad və müstəqil olması deməkdir. Belə əqidə sahibi düşünür ki, onun qarşısını alan, bu və ya digər işi ona zorla gördürən və çətin anlarda onun dadına çatan heç kəs yoxdur. Belə insan həqiqətdə Allahı tanımamış olur. “Mən bu işi mütləq görəcəyəm” - deyən insan sanki tam azadlıq sahibidir və sanki sabah nə baş verəcəyini dəqiq bilir. İnsan başa düşüb bilməlidir ki, dəqiqəbədəqiqə, saniyəbəsaniyə bu dünyanın sahibinə tabedir. Əgər ölüm hökmü bizim üçün imzalansa, bir dəqiqə belə yer üzündə diri qala bilmərik. “Mənim işimin, Mənim qüdrətimin qarşısını heç kəs ala bilməz” kimi sözlər əslində əbəs və mənasız sözdən başqa bir şey deyildir.
Allah sizə yar olsun.
Sual (12) : Salamun əleykum.“Əmrun beynə əmreyn” nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

“Cəbr” və “Təfviz” haqqında olan hər iki fikrin səhv və yanlış olduğunu gördük. Buradan bəşərin öz işlərində qismən iradə və ixtiyar sahibi olmasını başa düşürük. Qurani-kərimin 18-ci surəsinin 23-24-cü ayələrində buyurulur: “Heç bir şey barəsində “Mən onu sabah edəcəyəm” - demə ancaq “İnşaallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!” de. (İnşaallah deməyi) unutduğun zaman Allahı yada salıb, “ola bilsin ki, Allah məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” - de.”

Deməli, bəşər təsir edəndir, amma tam müstəqil deyil. Nə tam ixtiyar sahibi, nə də öz hərəkət və işlərində tam müstəqil deyildir. İxtiyar və iradəsi var, o, təsir edəndir. Buna baxmayaraq, öz ixtiyarında olan və yerinə yetirdiyi işlərdə tam müstəqil deyil. “Əmrun beynə əmreyn”-in əsl mənası da budur.
Allah sizə yar olsun.
Sual (13) : Salamun əleykum.Qəza-qədər dedikdə nə başa düşülür? Əgər qəza-qədər dedikdə bəndələrin taleyinin müəyyən edilməsi, onların tale yolunu getməyə məcbur olması, tale müqəddəratını poza bilməməsi nəzərdə tutulursa, onda “insanın çalışqanlıqdan başqa bəhrəsi yoxdur” ayəsi necə izah olunmalıdır? Bu ayəyə əsasən, hər bir insanın ixtiyarı öz əlindədir və qəza-qədərin onun taleyinə təsiri yoxdur.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qəza-qədər məsələsi bəşər tarixi boyu insanları düşündürmüş bir məsələdir. Belə bir etiqad hansısa millətə aid deyil. Bizim səmavi kitabımız və islami hədislərimiz bu məsələyə daha diqqətlə yanaşsa da, o, bütün bəşəriyyəti narahat edən bir məsələdir.

Təəssüf ki, qəza-qədər məsələsi ilə lazımınca tanış olmayan insanların izahları insanlarda bu məsələyə tərəddüdlü münasibət yaratmışdır. Onlar qəza-qədər anlayışını insan iradəsini məhdudlaşdıran bir qayda kimi qəbul edirlər. Bəzən onu müsbət qiymətləndirərək insanın pis işlərə məcbur olduğunu bildirir, öz günahlarını qəza-qədərin ünvanına yazır, bəzən isə mənfi qiymətləndirərək, insanın bir sıra vəzifələr qarşısında aciz olduğunu iddia edir, insani vəzifələrindən boyun qaçırırlar. Bu mənada qəza-qədər əfsanədən başqa bir şey deyil. Qəza-qədərin mahiyyətini real həyatda axtarmaq lazımdır. Onun formalaşmasında insanın iradəsindən başqa digər təsirli amil oyxdur. Qəza-qədər haqqında yanlış təsəvvürə malik insanları inandırmaq çətindir ki, qəza-qədər insan iradəsinə müsbət və ya mənfi təsir göstərə bilməz. Bu insanlar adət etmişlər ki, öz səhvlərini, nöqsanlarını hansısa qeybi bir səbəblə əlaqələndirsinlər. Bu baxımdan qəza-qədər onların əlində bəhanəyə çevrilmişdir. Onlar qəza-qədər bəhanəsi ilə bir çox məsuliyyətlərdən boyun qaçırırlar.

Bu gün qərb cəmiyyətinin də bir hissəsi yanlış qəza-qədər inancına oxşar olan “tarixi zərurət” məsələsini ortaya atmışdır. Onlar bir çox hadisələri tarixi zərurət hesab edərək, müqavimət göstərmir, ictimai vəzifələrindən boyun qaçırırlar. Amma bəsirətli insanlar üçün aydındır ki, Allahın təqdiri insan iradəsini nəyəsə vadar etmir.
Allah sizə yar olsun.
Sual (14) : Salamun əleykum.Qəza və qədərə inamın məcburiyyətlə əlaqəsi varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur: 1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri “naqis (natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti “vücudun zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir. Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır. Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır. Allah-taala buyurur: “...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...” Başqa bir yerdə buyurur: “(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da dərhal vücuda gələr.” “Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.” 2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir. Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur: “Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.” Başqa bir ayədə buyurulur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.” İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır. Alın yazısı ilə Qəza və Qədər eynidir.
Allah sizə yar olsun.
Sual (15) : Salamun əleykum.Əgər həqiqətən də Allah insanın yaranmasıdan onun axirətdə cəhənnəmə və ya cənnətə düşməsini bilirsə, onda insan nə etsə də xeyri yoxdur; əgər cənnətlikdirsə cənnətə, cəhənnəmlikdirsə, cəhənnəmə gedəcəkdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sualda Allahın elmi haqqında qeyd olunanlar məntiqi və gerçəkdir. Yəni, doğrudan da, Allah hər şeyi əvvəlcədən bilir. Amma Onun hər şeyi öncədən bilməsi o demək deyil ki, bəşəriyyət həmin işləri görməyə məcburdur. Belə bir düşüncə tərzi kökündən yanlışdır. Bu məsələni aydınlaşdırmaq üçün iki incə məsələyə diqqət yetirmək lazım gəlir: 1. Bəşəriyyətin seçim qabiliyyəti bütün müdrik insanlar tərəfindən qəbul olunmuş bir həqiqətdir; insanın məcbur, iradəsiz olduğunu iddia edən məzhəb başçıları da onu “azad görünən məcbur” hesab edirlər. Onlar da insanın iradə məsələsinə ehtiramla yanaşır. İnsanın bir qisim işlərdə azad olduğuna inanırlar. Ona görə də bir şəxsdən küframiz sözlər eşitdikdə, övlad itaətsizlik göstərdikdə “Allah bunu bilir” deyib oturmur, cızığından çıxmış şəxsi cəzalandırırlar. Qəbul etməliyik ki, əli qana batmış insan və ya badəni badə dalınca başına çəkən şərabxor gördüyü işlərdə azaddır, onun iradəsi fəaliyyətdədir. Vicdanı oyaq olan heç bir insan deməz ki, qatil və şərabxor günahsızdır, onlar bu işləri görməyə məcbur olmuşlar. Məgər cinayəti ürəyin döyünməsi ilə eyni tutmaq olarmı?! İnsan nəfəs alıb-verməyə məcburdur. Qətl və digər cinayətlər isə onun iradəsindən asılı olan bir işdir. İnsanın iradə cəhətdən azad olmasını inkar edənlər də özlərinə qarşı yersiz hərəkətlər gördükdə dərhal narahat olur, etiraz edirlər. Hansı ki, onların əqidəsinə görə, pis iş görən insan günahkar deyil. Zülm edən insan bu işə məcbur olmuşsa, bəs nə üçün məhkəməyə müraciət edilir?! 2. Deyildiyi kimi, Allah-təalanın elmi həqiqəti bildirir və həqiqətdən zərrəcə fərqlənmir. Amma nəzərə almalıyıq ki, bu elm xaricdən müəyyən xüsusiyyətlərlə gerçəkləşən şeyə aiddir. Yəni insan öz həyatı boyu iki növ fəaliyyəti yerinə yetirir. Bir sıra işlər insanın istək və iradəsindən asılıdır. Bu işlər “ixtiyarı iş” adlandırılmışdır. Bir qisim işlər isə “qeyri-ixtiyari iş” hesab olunur. Məsələn, damarlarda qanın dövr etməsi, ürəyin döyünməsi insanın qeyi-ixtiyari fəaliyyətlərindəndir. Qeyd olunduğu kimi, Allah-təalanın elmi həqiqətdən zərrəcə fərqlənmir. Bizim hərəkətlərimiz zahiri xüsusiyyətləri ilə lap əzəldən Allaha məlum olmuşdur. Allah-təala əvvəlcədən bilmişdir ki, biz hansı işi hansı anda azad şəkildə görəsiyik. İkinci qisim fəaliyyətlər də Allaha məlum olmuşdur. Allah əzəldən, əvvəlcədən bilmişdir ki, hansı işləri görməyə məcbur olasıyıq. Yuxarıda xatırladılan iki nöqtəni nəzərdə saxlamaqla veriləcək cavabın izahına diqqət yetirin. Sübut olundu ki, bizim hərəkətlərimizin bir hissəsi iradəmizdən asılıdır və onları edib-etməmək öz əlimizdədir. Bu da sübuta yetirildi ki, Allah-təala bizim işimizin mahiyyətindən xəbərdar olduğu üçün onların ixtiyari və ya qeyri-ixtiyari olmasını da bilir. Başqa sözlə, bizim hərəkətlərimiz xarici xüsusiyyətləri ilə birlikdə Allaha məlumdur. Bu iki məsələyə əsaslanaraq, belə bir nəticə əldə edirik ki, Allah əvvəlcədən filan caninin, filan saatda filankəsi bıçaqla qətlə yetirəcəyini bilir. Ən əsası isə belə bir elm, yəni Allahın əzəli elmi insanın iradəsini əlindən almır. Qatil Allahın əzəli elmini bəhanə gətirə bilməz. O etdiyi cinayətdə özünü müqəssir saymaya bilməz. Bəli, Allah onun cinayət edəcəyini bilirdi. Allah təkcə bu əməldən yox, bu əməlin azad şəkildə icra ediləcəyindən xəbərdar olur. Allahın əzəli elmi insanın iradəsinə zidd deyil. Əksinə, bu elm insanın azadlığını daha da aşkarlayır. Allahın elmində ziddiyyət olmadığından və bu elm həqiqətlə tam üst-üstə düşdüyündən insan heç bir maneəsiz azad şəkildə hərəkət edir. Əgər insan hər hansı işi görməyə məcbur olsaydı, Allahın elmi həqiqətə uyğun gəlməzdi. Başqa sözlə, əgər biz öz işlərimizi azad şəkildə yerinə yetiririksə, demək, Allahın elmi həqiqətlə üst-üstə düşür. Məcburiyyət isə ilahi elmlə həqiqət arasında təzad deməkdir. Daha sadə bir bəyan: yuxarıda deyilənlərin dərkinin bəziləri üçün çətin olacağını nəzərə alaraq, sadə bir misal çəkək. Sual olunur: Allahın əzəli elmini bəhanə gətirərək, cinayətkarları müqəssir saymayanlar aşağıdakı hallarda da eyni mövqeyi tutarlarmı? Məsələn, bir çox müəllimlər öz şagirdlərinin gələcəyi haqqında fikir yürüdə bilirlər. Şagirdin hazırlıq səviyyəsindən xəbərdar olan müəllim onun alacağı qiyməti müəyyənləşdirməyi bacarır. Şagirdin tənbəlliyindən xəbərdar olan, tövsiyələri eşidilməyən müəllim vaxtını boş-boş işlərə sərf edən bu şagirdin imtahan verə bilməyəcəyini deyirsə, onu uğursuzluğa məcbur edirmi? Şagird öz müvəffəqiyyətsizliyində müəllimin rəyini bəhanə gətirə bilərmi? Əgər müəllim zəif şagird haqqında yüksək fikirdə olarsa, onun fikri imtahanda şagirdə kömək edə bilərmi? İl boyu kitab üzü açmamış şagirdin müvəffəqiyyətsizliyində müəllimin proqnozlarının günahı nədir? Ədalətli və ağıllı mühakimə yürüdən heç bir insan şagirdin müvəffəqiyyətsizliyində müəllimin rəyini əsas götürməz. Tənbəl şagirdin gələcəyi haqqında fikir yürüdən müəllimin nə günahı var?! Şagird azad şəkildə hərəkət etmiş və kimsə onun qarşısını kəsməmişdir. Müəllimin onun haqqında dedikləri isə məcburiyyət kimi yozulmamalıdır. Əlbəttə ki, bəndələrin taleyi haqqında Allahın elmi ilə şagirdlərin uğuru haqqında müəllimin məlumatları arasında fərqlər mövcuddur. Allahın intəhasız elmini müəllimin məhdud elmi ilə müqayisə etmək olmaz. Sadəcə, məsələni aydınlaşdırmaq xatirinə belə bir müqayisə aparmalı olduq. Bir sözlə, öncədən verilən məlumat insanın azadlığını əlindən almır. Nəticə olaraq, deyə bilərik ki, Allah-təala bəşəriyyətə bir çox təbii xüsusiyyətlər vermişdir. Ona ağıl, düşüncə, iradə, ixtiyar, azadlıq əta etmişdir. İnsana həm səadət, həm də bədbəxtlik yolları aydın şəkildə göstərilmişdir. Hər bir insan öz taleyini müəyyənləşdirməkdə azaddır. İnsan özü öz taleyini yazır və başqa biri onun üçün ömür yolu cızmaq əzmində deyil. Allah-təalanın bizim gələcəyimizdən xəbərdar olması azadlığımıza zərrəcə mane olmur. Biz Xəyyamın şerindən misal göstərdik. Bu şerdə insan öz günahı üçün Allahın əzəli elmini bəhanə gətirir. Əlbəttə ki, bu yalnız bəhanə ola bilər. Bu gün qərbdə rəvac tapmış mütləq azadlıq ideyası da həmin qəbildəndir və əslində vicdanı aldatmaqdır. Dünya şöhrətli filosof Xacə Nəsirəddin Tusi Xəyyamın uyğun şerinə belə bir şerlə cavab verir: Günahı yüngül iş sayarsa biri, Bilsin, günahkarlar içində yeri. Günaha haqq elmin səbəbkar sayan Alimlər gözündə axmaqdır, insan.
Allah sizə yar olsun.
Sual (16) : Salamun əleykum.Bəzən sel kimi təbbi fəlakətlərin baş verməsini ilahi əzab saymaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Müxtəlif təbii hadisələrin tədqiqi, eləcə də onların Allah tərəfindən olub-olmamasını araşdırmaq üçün aşağıdakı incəliklərə diqqət yetirmək lazımdır:

a) İnsanın yaradılışının son hədəfi dünyada tənpərvərliklə məşğul olması o deyildir; əksinə onun yaradılışında əsl və yekun hədəf onun həqiqi səadətə çatmasından ibarətdir ki, bu da Allaha ibadət və ilahi qürbdən başqa bir şeylə mümkün deyildir.

b) Təbii hadisələrdə müəyyən cəhətlərdən faydalı təsirləri vardır və özünün son hədəfinə çatmaqda insana kömək edir. Çünki, şəkk yoxdur ki, bu ağır hadisələrin pisliyi nisbidir, yəni bu hadisələri xəsarətə düçar olan insanlarla əlaqədar şər adlandırırıq. Necə ki, ilanın zəhəri insan və sair canlılar üçün pis sayılır, amma ilanın özü üçün pis deyildir.

Mövləvi (r) deyir:

Zəhri-mar an mar ra başəd həyat,

Leyk, an mərd ra şod məmat.

Pəs bəd mütləq nəbaşəd dər cəhani bəd,

Bəd be nisbət başəd in ra həm bedan!

Zəhər ilan üçün həyat vasitəsidir, lakin o zəhər insan üçün ölüm vasitəsidir.

Belə isə, dünyada pisliyi mütləq hesab etmə; bu məsələ nisbi bir məsələdir![i]

Amma həmin ağır hadisələrin insan cəmiyyətlərinin həyatı və külli sistemlər üçün çox dəyərli təsirləri vardır. İndi həmin dəyərli və faydalı təsirlərdən bəzilərini qeyd edirik:

1. İstedadların çiçəklənməsi

İnsanın təbiəti və maddi aləmin ümumi vəziyyəti elə şəkildədir ki, insanın maddi və mənəvi istedadlarından bir çoxu çətinliklərlə qarşılaşmaq sayəsində, müxtəlif problemlərlə mübarizədə çiçəklənir və bundan başqa şeylərdə çiçəklənməsi mümkün deyildir. Necə ki, idmançı insanın əzələləri yalnız ağır, üzücü məşqlər sayəsində möhkəmlənir və güclü olur. İnsanın mənəvi və ruhi qabiliyyətlərindən bir qismi də müsibətlərlə qarşılaşmaqda, mövcud həyat çətinliklərinə qələbə çalmaqda çiçəklənir və zahir olur. Misal üçün, elmi ixtira və kəşflərdən bir çoxu insanın fərdi və ictimai problemlərinin həlli üçün və əsaslı ehtiyacların təsirindən baş vermişdir. Quran bu gerçəkliyə təkid edərək buyurur: “Hər bir çətinlik və müsibətin arxasında asanlıq və asayiş gizlənmişdir.[ii]

Bundan əlavə, Quran nəzərindən ilahi sünnətlərdən biri də insanın sınağa çəkilib imtahana düçar olmasıdır[iii] və insanda yatmış olan gizli istedadların müxtəlif həyat səhnələrində çiçəklənməsi, pərvəriş tapması məqsədi güdür. İmam Əli (əleyhis-salam) insanın daxilində gizlənmiş istedadların çiçəklənməsində çətinliklərin mühüm təsirini çox gözəl bir təşbehlə belə bəyan edir: “Bilin ki, səhrada bitən ağacların odunları daha möhkəmdir, amma suyun kənarında bitən yaşıl ağacların qabıqları daha nazikdir (davamsızdır).”[iv]

2. Qəflətdən ayıltmaq

Təbii bəlaların ən mühüm təsirlərindən biri insanı qəflət yuxusundan ayıltmaqdır. Bu qəflət insanın dünyəvi nemətlərdə çulğalaşması nəticəsində baş verir. Bu bəlalar onun Allah qarşısındakı mühüm məsuliyyətlərini xatırladır, təkəbbür hissini təvazökarlığa və xüzuya çevirir. Quran bu mətləbə işarə etməklə buyurur ki, peyğəmbərlərin qövmləri daim növbənöv çətinliklərlə qarşılaşırdılar ki, inadkarlıqdan əl çəkərək haqqın qarşısında təslim olsunlar: “Heç bir abadlığa peyğəmbər göndərmədik ki, oranın əhalisini çətinliyə, əzab-əziyyətə düçar etməyək. Yalnız bundan sonra Bizim dərgahımızda xaze olurdular (bəndəçilik və zəlillik izhar edirdilər).”[v]

3. İlahi nemətlərin qədir-qiymətini bilmək

Ağır təbii hadisələrin faydalarından biri də budur ki, insan ilahi nemətlərin qədrini bilsin. Çünki “sağlamlığın qədrini o kəs bilər ki, müsibətə düçar olmuş olsun.”

İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Bu bəla hərçənd həm yaxşı, həm də pis insanların hər ikisinə çatır, amma Allah onları hər iki qrupun islah səbəbi qərar verir. Amma yaxşı insanlara baş verən müsibət və bəlalara gəldikdə isə, onlar üçün Pərvərdigarın keçmişdə onların ixtiyarına qoyduğu nemətləri xatırlamaq və onun qədrini bilmək məqsədi güdür. Bu da onları şükürə və səbrə doğru hidayət edir.” [vi]

v) Şübhəsiz, insanın məlumatları onun üçün məchul və naməlum qalanlarla müqayisədə damlanın sonsuz okeanla müqayisəsi kimidir. Nəinki xarici aləm hüdudlarında, hətta insanın öz varlığında belə, kəşf olunmamış çoxlu sirlər yatmışdır ki, bəşərin dərki onlara hələ də yol tapmamışdır. Bəşər elminin məhdudiyyətinə diqqət yetirməklə iddia etmək olmaz ki, biz şər adlandırdığımız hadisələrin bütün sirlərinə agahıq. Çox hallarda bu işlərdə çoxlu məsləhətlər vardır ki, bizim onlardan xəbərimiz yoxdur. Aydındır ki, bir şeyi tapmamaq onun mövcud olmadığına dair qəti bir əlamət deyildir. Beləliklə ağıl tələb edir ki, öz mühakimələrimizi daha artıq ehtiyatla zinətləndirək. Çünki güclü ehtimala görə biz həqiqətdə xeyir olan bir şeyi şər hesab edə bilərik. Quran bu həqiqəti necə də gözəl şəkildə bəyan edir: “Çox hallarda bir şey sizin üçün yaxşı olduğu halda onu sevmirsiniz.”[vii]

v) Diqqət yetirilməli digər bir mühüm məsələ budur ki, insanların pis əməlləri bir çox şər hadisələrin baş verməsində təsirlidir. İnsan ixtiyar sahibi olan bir varlıqdır və ümumi səbəb-nəticə qanunu əsasında və onun düzgün seçməməsi nəticəsində baş verən ixtiyari əməllərindən bir çoxu müxtəlif müsibət və bəlaların baş verməsinə səbəb olur.[viii] Quran buyurur: “Əgər abadlıqların əhalisi iman gətirib təqvalı olsaydılar, şübhəsiz, xeyir-bərəkəti yerdən və göydən onlara göndərərdik, lakin təkzib etdilər və (Biz də) öz əməllərinin (cəzasını) onlara dadızdırdıq.”[ix]

İmam Əli (əleyhis-salam) bu barədə buyurur: “Allah Öz bəndələrini yaranmaz, xoşagəlməz əməl və rəftarlarının cəzası olaraq onları ağaclarının meyvələrinin azalması, yağışın kəsilməsi (quraqlıq), yaxşılıq qapılarının bağlanması kimi işlərə düçar edir ki, tövbə edəcək şəxs tövbə etsin, günahkar günahdan əl çəksin və ibrət alanlar ibrət alsın.”[x]

İnsanın yaranmaz əməl, rəftar və əxlaqi rəzalətlərinin təbii bəlaların baş verməsində necə təsirli olmasını araşdırmaq, bunların arasında necə bir əlaqənin mövcud olduğuna gəldikdə isə, bunun özü müfəssəl bir məqaləni tələb edir. Ümidvarıq ki, gələcəkdə bunu yazacaqlar.

Amma texnoloji cəhətdən inkişaf etmiş ölkələrin ağır təbii hadisələrin bəzi dağıdıcı təsirlərinin qarşısını almağına gəldikdə isə, xatırlatmaq lazımdır ki, nalayıq əməllər xatirinə nazil olan ilahi əzabdan qaçmaq əsla mümkün deyildir. Mühakimə edərkən gərək qısa bir zaman müddətini nəzərə almayaq. Misal üçün, həmin ölkələr ikinci dünya müharibəsi dövründə təbii bəlaların təsirindən qat-qat artıq olan ağır xəsarətlərə düçar oldular. Bu müharibə və təbii bəlaların mənşəyi hegemon dövlət başçılarının çirkin ruhi və əxlaqi fəsadları idi. Bundan əlavə, hal-hazırda da digər bəlalara düçar olmuşlar, o cümlədən, cəmiyyətdə asayişin, əmin-amanlığın, ictimai təhlükəsizliyin aradan getməsi, mənəvi boşluq, ruhi nasazlıqlar, psixi xəstəliklər, ictimai fəsadlar və s. mənəvi əzablarda yaşayırlar ki, bunların izahı gələcəkdir.

Bəndi penhan, leyk əz ahən bətər

Bəndi ahən ra kənd pareyi təbər

Bəndi ahən ra təvan kərdən cuda

Bəndi ğeybi ra nədanəd kəs dəva

Gizlin, amma poladdan pis bir zəncir!

Polad zənciri balta parçası qırar,

Polad zənciri bir-birindən ayırmaq mümkündür,

Qeyb zəncirinin dərmanını kimsə bilməz.

Mühüm məsələ budur ki, mütəal Allah bu ağır təbii hadisələrdə ayrı-ayrı insanlar və qövmlər üçün müxtəlif hədəfləri izləyir. Bu hadisələr mömin insanlar üçün rəhmətdir, çünki onların günahlarının kəffarəsi sayılır və axirət əzablarının yüngülləşməsinə səbəb olur. Hətta bəzi rəvayətlərdə bu hadisələrdə səbir etmək əvəzində onlar üçün Allah yolunda şəhadətin savabının yazıldığı qeyd olunur.[xi]

Yaxud bu hadisələr insanların qəflət yuxusundan ayılaraq ilahi nemətləri xatırlatmağına səbəb olur. Halbuki, möminlərdən qeyriləri belə mərhəmətə layiq deyildirlər. Möminlərdən qeyriləri dünyada naz-nemətdə və ləzzətdə yaşaya bilərlər, lakin axirətdə, dünya əzabları ilə müqayisə oluna bilməyən çox dərdli və ağır əzablara düçar olacaqdır.

Əli (əleyhis-salam) buyurur: “Bəla zalım insan üçün ədəbləndirmə, mömin üçün imtahan vasitəsidir; peyğəmbərlərin dərəcələrinin yüksəlməsinə, övliyaların kəramətinə səbəb olur.”[xii]

q) Diqqət yetirmək lazımdır ki, müsibətlər o vaxt nemət sayılır ki, insan onlardan lazımınca bəhrələnsin, onların qarşısında müqavimət göstərib səbir etsin, müsibət yaradan çətinliklərdə öz ruhuna kamal bağışlasın. Amma əgər insan çətinliklərin müqabilindən qaçsa, səbir etmək əvəzinə ah-nalə etsə, belə hallarda bəla onun barəsində nemət deyil, həqiqi mənada bəla olacaqdır. Dünya nemətləri də – müsibətlər kimi – həm insanın rifah və səadətinə səbəb ola bilər, həm də onun bədbəxtliyə düçar və biçarə olmasına şərait yarada bilər.

Deməli, bəlalın nemət olması insanın onun müqabilində necə reaksiya göstərməsinə bağlıdır; yəni görəsən şükür və səbir edəcək, yoxsa nankorluq?! Həmçinin bir hadisənin bəla və əzab olması da insanın onun müqabilində necə reaksiya göstərməsinə bağlıdır; səbir edib özünü saxlayacaqmı, yoxsa iradəsi zəifləyib süstləşəcəkdir?!

ğ) O şeyi bəla adlandırmaq olar ki, ilahi-mənəvi cəza, yəni insanın pis əməlinin təsirləri olsun. Bu işlər ona görə həqiqi bəla və müsibət sayılır ki, əvvəla, insanın öz iradə və ixtiyarının nəticəsidir. İkincisi, heç bir xeyir və kamalın müqəddiməsi deyildir. Məsələn, insan üçün daşürəklilik və qəlbin qəsavəti bəladır. Necə ki, rəvayətlərdə qeyd olunur: “Allah heç bir bəndəni, ürəyinin daşlaşmasından ağır bir əzabla cəzalandırmaz.”[xiii] Çünki daşürəkliliyin nəticələri və cəzası – ürəyin ölməsi hiss olunmur ki, onun qəflət yuxusundan ayıldıb tənbeh olunmasına səbəb olsun, nəticədə ilahi rəhmət və mərhəmətin müqəddiməsi sayılsın. Belə isə, bu, əməlin tələbi olduğuna görə, yüz faiz cəza hesab olunur.[xiv]

d) Son məsələ budur ki, təbii hadisələr səbəb-nəticə qanununun nəticəsidir ki, bəziləri eyni səviyyədə qərar tutur (eyni zamanda baş verir), bəziləri isə bir-birinin ardınca gəlir. Yəni bu səbəbləri bir-biri ilə müqayisə etdikdə biri digərinin nəticəsi sayılır. Hər bir halda bu maddi və qeyri-maddi amillərin məcmuəsi təbii hadisələrin tam səbəbini təşkil edir (bəzi hallarda insanın əməlləri də bu hadisələrin baş verməsində təsirlidir), hamılıqla varlıq aləminin külli sisteminə tabedir və Allahın iradə və istəyi ilə həyata keçir. Deməli, təbii hadisələrin baş verməsi və ya onların qarşısının alınması – hər ikisi Allahın tədbiri əsasındadır və ondan xaricdə deyildir. Bu məsələnin onların əzab vasitəsi qərar verilməsi ilə ziddiyyəti yoxdur. Mütəal Allah hər vaxt bir qövmə əzab verməyi iradəsi etsə, çox hallarda həmin təbii amillər və səbəblər ilə əzab verir, halbuki bunlar da Onun məxluqudur.

Əlaqədar görünüşlər

“İmtahan və ilahi əzab, onların arasında fərq”


[i] Şəhid Mütəhhəri, “İlahi ədalət”, səh 130, 134, xülasə şəkildə

[ii] فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا (5) إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا “İnşirah” surəsi, ayə: 5 və 6

[iii] “Ənbiya” surəsi, ayə: 25, “Bəqərə” surəsi, ayə: 155

[iv] "Nəhcul-bəlağə", 45-ci məktub

[v] Əraf” surəsi, ayə: 94

[vi] “Biharul-ənvar”, 3-cü cild, səh. 139

[vii] َعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ “Bəqərə” surəsi, ayə: 216

[viii] Əraf” surəsi, ayə: 96, Əlavə izah üçün bax: "Təfsiri-nümunə", 6-cı cild, səh. 265-274, 1-ci cild, səh. 53 “Bəqərə” surəsinin 7-ci ayəsinin təfsirində

[ix] Məarifi islami”, 1-ci cild, səh. 81, 85, xülasə şəkildə

[x] Nəhcul-bəlağə", xütbə 143

[xi] “Kafi”, 1-ci cild, səh. 353

[xii] Müstədrəkul-vəsail”, 2-ci cild, səh. 438

[xiii] “Müstədrəkul-vəsail”, 13-cü cild, səh. 93

[xiv] İlahi ədalət”, səh. 164 və 165


Allah sizə yar olsun.
Sual (17) : Salamun əleykum. Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?
Allahın adı ilə.
Əleykumus-salam. 
Quran buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə nifrət nümayiş olunur. Axı bıçaq baş kəsmək üçün yox, faydalı işlər üçün nəzərdə tutulub.

Allah sizə yar olsun. 


[1] “Сәҹдә”, 7.

Sual (18) : Salam əleykum. Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır.
Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: “Mö`minin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”
Allah sizə yar olsun. 
Go to TOP