Sual (31) : Salamun əleykum.Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Siz bu nəzəriyyə barədə nə deyə bilərsiniz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur:

1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri “naqis (natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti “vücudun zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir.

Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır.

Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır.

Allah-taala buyurur:

“...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...”[i]

Başqa bir yerdə buyurur:

“(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da dərhal vücuda gələr.”[ii]

“Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.”[iii]

2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir.

Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur:

“Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.”[iv]

Başqa bir ayədə buyurulur:

“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.”[v]

İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır.


[i] “Əraf” surəsi, ayə-54

[ii] “Bəqərə” surəsi, ayə-117

[iii] “Rəd” surəsi, ayə-41

[iv] “Qəmər” surəsi, ayə-49.

[v] “Hicr” surəsi, ayə-21 İmam Sadiq (ə) buyurur: “Allah-taala bir şeyi iradə etdikdə onu müqəddər edir, müqəddər etdikdə qəza edir, qəza etdikdə imza (icra) edir.” “Biharul-ənvar”, (Kompani çapı) 3-cü cild, səh-34


Allah sizə yar olsun.
Sual (32) : Salamun əleykum.Zəlzələ, sel və tufan ilahi əzabdırmı, yoxsa onların maddi səbəbləri vardır? Yaponiya kimi tikinti qanunlarına, texniki-təhlükəsizlik qaydalarına riayət etməklə ilahi əzabın qarşısını almaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar edilməsi və s. ağır təbii hadisələrin hədəfi hesab oluna bilər. Bundan əlavə, müxtəlif maddi səbəblərinin olması ilə eyni zamanda bir hadisənin ilahi əzab olması da mümkündür. Çünki ilahi əzablar həm Allahın sünnəti əsasında, həm də səbəb-nəticə qanunu əsasında nazil olur.

Başqa sözlə desək, varlıq aləmində hər bir hadisə Allahın iradə və istəyi əsasında baş verir və Allah-taalada Öz iradəsini səbəb-nəticə qanunu əsasında tətbiq edir. Maddi səbəblər ilahi iradənin bir hissəsi və Allahın istəyinin məcmuəsi daxilində qərar tutur. Deməli, ağır təbii hadisələrin baş verməsi təbii səbəblər əsasında və Allahın iradəsi ilə olduğu kimi, onların qarşısının alınması və ya dağıdıcılıq qüvvəsinin nisbətən azaldılması da maddi qanunlar əsasında və ilahi istək çərçivəsindədir. Onların qarşısının alınmasının mümkünlüyü ilə o əzabdan hədəfin müəyyən şəxslərə və ya tayfalara əzab verilməsi olması arasında heç bir ziddiyyət yoxdur.

İnsanların başına gələn bəlalar iki qisimdir: təbii bəlalar və əxlaqi bəlalar (daxili və xarici bəlalar). Öz yerində sübut olunmuşdur ki, insanların əxlaqi rəzalətləri öldürücü bəlalardır və təbii bəlaların mənşəyi ola bilər. Ümumi bir təsnifatla bunun hər ikisi ilahi əzab ünvanına malik ola bilər. Amma diqqət yetirmək lazımdır ki, ilahi əzab rifah, firavanlıq və dünya imkanlarından lazımi dərəcədə bəhrələnməklə eyni zamanda baş verə bilər; ilahi əzab növlərini sel, zəlzələ və s.də xülasə etmək olmaz.
Allah sizə yar olsun.
Sual (33) : Salamun əleykum.Hər illət öz sinxindən məlul yaradırsa bəs necə olub ki, Allah mücərrəd olduğu halda maddə yaradıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah mücərrəd olsa da sonsuz qüdrəti sayəsində maddi varlıq yaratmağa qadirdir. Digər tərəfdən, “maddiyyət” vücudun mahiyyətidir. Mahiyyət isə xaricdə mövcud deyil. Əşyanı təmsil eədn vücuddur. Demək Allahla maddi varlıq arasında “vücud” adlı müştərək cəhət var. Allahın vücudu ali və müstəqil, maddi vücud isə məhdud, naqis və tamamilə Allahdan aslı olan vücuddur. Buna əsasən, Allahın maddi varlıq yaratması üçün heç bir heç bir müşkül qarşıya çıxmır.
Allah sizə yar olsun.
Sual (34) : Salamun əleykum.Allahın kölgəsində olmaq nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər. Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «Yeddi dəstə insanı Allah-təala öz ərşinin kölgəsində yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan və onlardan ayrıldıqda belə, ruhən onlarla olan şəxs; Allahın adı çəkiləndə, gözündən yaş gələn şəxs; gözəl qadının dəvəti qarşısında «mən Allahdan qorxuram» deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs»
Allah sizə yar olsun.
Sual (35) : Salamun əleykum.Deyirlər ki , Allahın iki əli var və hər ikisi sağdadır. Burada sağ və iki dedikdə nə nəzərdə tutuur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Ləysə kə mislihi şəy" (Ona bənzər heç bir şey yoxdur.)("Şura", ayə: 11)"Vələm yəkun ləhu kufuvən əhəd" (Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”)("İxlas", ayə: 4)kimi ayələrə və həmçinin əqli dəlillərə əsasən, Allah cism deyil və Onun heç bir varlığa oxşarlığı yoxdur. Qurani-kərimdə "Yədullahi fəvqə əydihim" "Allahın əli onların əllərinin üstündədir". (Fəth, ayə: 10) ayəsində məqsəd Allahın qüdrətinin bütün qüdrətlərdən üstün olmasını bildirməkdir.
Allah sizə yar olsun.
Sual (36) : Salamun əleykum.Allahşünaslıq bəhsində bəyan olunmuşdur ki, Allah cisim deyil və gözlə görünmür. Cisim və materiya qoxulu kəlmələri Ona aid etmək düzgün sayılmır. Bununla belə, rəvayətlərdə nəql olunur ki, Allah-təala gözəldir və gözəlliyi sevir. Deyilənlərdən belə bir nəticə çıxarıla bilər ki, Allah göz vasitəsi ilə görünür. Çünki gözəllik gözlə müşahidə olunan bir gerçəklikdir. Digər bir rəvayətdə bildirilir ki, bu dünyada insanlardan ehtiyacsızlıq və başqalarına kömək üçün ruzi dalınca gedən insan qiyamət günü çöhrəsi ay tək parlaq halda öz Allahı ilə görüşəsidir. Bu hədisdəki “görüş” kəlməsi də Allahın cisim olması fikrini yarada bilər.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qurani-kərimdə və dini rəhbərlərin buyuruqlarında bəzən Allah haqqında elə təbirlə rastlaşırıq ki, bu təbirlər insanın zehnində Allahın cisim olması təsəvvürünü yaradır. Məsələn, “Allah sizin işlərinizi görür” və s. hansı ki, Allah-təalanın cismə aid xüsusiyyətlərdən uzaq olduğuna əminik. Demək, uyğun təbirlərə münasibətdə diqqətli olmalı, onların məcazi mənalarını dəqiqləşdirmək lazımdır. İslam tarixində “mücəssəmə adlandırılmış firqələr haqqında məlumatlar vardır. Bu firqələrin adından göründüyü kimi, onlar Allahın cisim olduğunu iddia etmişlər. Belə bir əqidənin yaranmasının əsas səbəbi yuxarıda misal çəkdiyimiz ayə və rəvayətlərin düzgün dərk olunmamasıdır.

Hansı ki, Allah-təalanın cisim olmadığını açıq-aşkar bildirən ayə və rəvayətlər kifayət qədərdir. Bu ayə və rəvayətlərdə Allahın cisim olmadığı, onun müqəddəs zatının oxşarsızlığı bildirilir. Aydın olur ki, Allahın görüb-eşitməsini bəyan edən ayələrdə gözlə görmək, qulaqla eşitmək nəzərdə tutulmur. Müqəddəs buyuruqlarda “görmək, eşitmək” ifadələri məcazi məna daşıyır.

Qeyd edilməlidir ki, nitqimizdə işlətdiyimiz kəlmələr gündəlik ehtiyaclarımızın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Biz Allah, Onun sifətləri, axirət haqqında danışarkən gündəlik işlətdiyimiz sözlərdən istifadə etməyə məcburuq. Nitqimizdəki sözlər maddi mahiyyət daşısa da, biz həmin bu sözlərlə qeyri-maddi həqiqətlər haqqındakı düşüncələrimizi bəyan edirik. Məsələn, Allah-təalanın bütün danışılan sözlərdən xəbərdar olduğunu bildirmək üçün “Allah hər şeyi eşidir” deyirik. Hansı ki, bu “eşitmə “qulaqla eşitmə deyil. Allaha aid edilən “görmə də “eşitmə kimi məcazi məna daşıyır.

Beləcə, əgər deyilirsə ki, Allah gözəldir, söhbət maddi gözəllikdən getmir. “Allah gözəldir” deyərkən Onun həqiqi kamilliyi nəzərdə tutulur. Çünki Allah-təala ağlımıza gələn və gəlməyən bütün kamilliklərin sahibi olan bir varlıqdır. Belə bir vücudun insanlar tərəfindən gözəl adlandırılması təbiidir. “Allahla görüş” dedikdə isə bizim dünya həyatımızdakı görüş yox, Allahın qüdrətinin, ədalətinin müşahidəsi nəzərdə tutulur. Allahın vücudunun nişanələri və sifətlərinin təzahürləri ilə görüş Onun özü ilə görüş sayılır. Əmirəl-möminin (ə) buyurur: “Nə gördümsə, gördüyümdən qabaq, gördüyümdən sonra, gördüyümlə eyni vaxtda Allahı da gördüm.” Həzrət (ə) nəzərdə tutur ki, bütün mövcudları müşahidə edərkən Allahın elm və qüdrətini görmək olar.
Allah sizə yar olsun.
Sual (37) : Salamun əleykum.Əgər Allahın xüsusi bir məkanı yoxdursa, nə üçün dua zamanı əllərimizi göyə açırıq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əllərin yuxarıya qaldırılmasının müxtəlif səbəbləri var. Məsələn, biz əlimizi səmaya açmaqla öz acizliyimizi göstərir, möhtac bir varlıq təəssüratı yaradırıq. Bu işimizdə uca bir mənəvi məqamdan kömək diləyirik. Səma əzəmət və ucalıq göstəricisi olduğundan əllərimizi yuxarı qaldırırıq. Digər bir tərəfdən, insanın mühüm ehtiyaclarından olan yağış, günəş işığı və digər yağıntılar səmadan nazil olur. İnsan onun bu qəbil ehtiyaclarının səmadan nazil olduğunu görür və əllərini səmaya doğru açır.
Allah sizə yar olsun.
Sual (38) : Salamun əleykum.Əqidə kitablarında bildirilir ki, Allah-təalanın sifətlərindən biri Onun görən (bəsir) və eşidən (səmi) olmasıdır. Belə bir sual yaranır ki, görmək gözə, eşitmək qulağa aid olan xüsusiyyətdirsə, bu xüsusiyyətləri Allaha necə aid etmək olar? Məgər Allah bu sayaq sifətlərdən pak deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Deyildiyi kimi, görmək göz önündə olan səhnələrin beyinə ötürülməsi, eşitmək isə səs dalğalarının qulağa çatmasından ibarətdir. Amma “Allah görən və eşidəndir” deyərkən bütün səhnələrin və səslərin Ondan gizli olmadığı bildirilir. Başqa sözlə, insanların gözlə gördüyü və qulaqla eşitdiklərindən Allah Öz sonsuz elmi vasitəsi ilə xəbərdar olur. Bu baxımdan əqidə və din alimləri həmin iki sifəti Allahın sonsuz elmi kimi bəyan edirlər. Onlar deyirlər: “Görən və eşidən insanın xüsusi görmə və eşitmə aparatları vasitəsi ilə uzun fəaliyyətlərdən sonra əldə etdiyi nəticə onun görməli və eşitməlilərdən xəbərdar olmasından ibarətdir. Əgər Allah-təala kimi bir varlıq hansısa fiziki vasitələrsiz görməlilərdən və eşitməlilərdən tam şəkildə agah olursa, onun haqqında “görür və eşidir” demək mümkündür.” İnsanın da görüb-eşitməsinin mahiyyəti onun görməli və eşitməlilərdən xəbərdar olmasıdır. Fiziki fəaliyyətlər isə görmə və eşitmə üçün müqəddimədən ibarətdir. Əgər bir şəxs bütün müqəddimələrsiz görməli və eşitməlilərdən xəbər tuta bilərdisə, onun da haqqında “görür və eşidir” deyə bilərdik. İnsan maddi varlıq olduğundan, fiziki orqanlarsız fəaliyyət göstərə bilmədiyindən məlumatı vasitəsiz əldə edə bilmir. Allah-təala isə maddədən üstün varlıqdır. O, bir şeyi dərk etmək üçün vasitəyə ehtiyac duymur. Varlıq aləmi bütün incəlikləri ilə Onun hüzurundadır. Allahın bir həqiqətdən agah olması üçün heç bir müqəddiməyə ehtiyac yoxdur. Çünki bütün görməlilər və eşitməlilər onun hüzurundadır, O, hər şeydən xəbərdardır.
Allah sizə yar olsun.
Sual (39) : Salamun əleykum.Allahı görmək olarmı? Qəlbin gozü ilə Allahı gormək nə deməkdir? Allah hər şeyin fovqündədir.Bunu görən olubmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Biz yalınız varlıq aləmində Allahın izini görə bilərik. Məsələn, biz ətrafimızda olan varlıqların mükəmməlliyini gördükdə onun alim, qadir bir şəxs tərəfindən yayardılmaısnı duyuruq. Bu duyum bir növ Allahı "görmək"dir, lakin bəziləri nəfsin saflaşması nəticəsində daha dərin duyuma malikdir.

Allah hər şeyin fövqündədir dedikdə Allahın qüdrətinin və digər atributlarının (sifətlərinin) yaranmışlarda olan sifətlərdən nəhayətsiz dərəcədə üstün olması nəzərdə tutulur.
Allah sizə yar olsun.
Sual (40) : Salamun əleykum.Görünməyən Allaha necə iman gətirək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yer üzünü nə qədər nəzərdən keçirsək, daş-torpağı labaratoriyada analiz etsək, cazibə adlı qüvvəni görə bilmərik. Amma ağacdan almanın düşməsi sübut edir ki, belə bir qüvvə var. Demək, bir şeyin varlığına inanmaq üçün onu görmək şərt deyil. Cazibə qüvvəsi heç bir hiss üzvü ilə qeydə alınmasa da onun təsirləri göz qabağındadır.
Allah sizə yar olsun.
Go to TOP