Sual (21) : Salamun əleykum.Allah-təalanın yeganəliyinin dəlillərindən biri budur ki, varlıq aləmində iki yaradıcı olsaydı, nəzm-nizam pozulardı. Əvvəla, nə üçün Allahın çoxluğu fəsad yaratmalıdır? İkincisi, iki yaradıcının əl-ələ verərək varlıq aləmini yaratmasının nə eybi var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu mövzu iki şəkildə aydınlaşdırıla bilər. Həmin iki bəyandan biri elmi, digəri isə fəlsəfidir. Hər iki məsələ haqqında danışmağa çalışacağıq.

1. Oxuduğunuz kitabı çox diqqətlə nəzərdən keçirsəniz, onun bir və ya iki nəfər tərəfindən yazıldığını hiss edə bilərsiniz. Bir müəllif tərəfindən yazılmış kitabda xüsusi bir həmahənglik mövcud olur. İfadə və cümlələrdəki ardıcıllıq, uyğunluq, ifadə tərzi. İşarələr, mövzuya yanaşma üsulu kitabın neçə nəfər tərəfindən yazıldığını aydın göstərir. Bəs bunun səbəbi nədir?

Kitabda həmahənglik varsa, demək, o bir düşüncənin və bir qələmin məhsuludur. İki nəfər tərəfindən yazılmış kitabda isə həmin uyğunluqla rastlaşmaq mümkünsüzdür. İki müəllif nə qədər həmfikir olsa da, onlar arasında ziddiyyətlər mövcuddur. Kitabın həcmi böyüdükcə müəlliflər arasındakı fərqlər də özünü daha çox büruzə verəsidir. Varlıq aləmi özü də böyük bir kitabdır. Hətta heç bir insan bu kitabı vərəqləyib qurtarmaq gücündə deyil. Əgər bu kitabı vərəqləməyə qüdrətimiz yoxdursa, onu oxumaq barədə danışmağa da dəyməz. Bununla belə, onun hər bir səhifəsində, hər bir sətrində vahid bir nizam hökm sürür. Varlıq aləmində mövcud olan obyektiv nizamı heç bir elm əhli inkar etmir.

Varlıq aləminin bütün elementləri arasındakı mütləq nizamı istisnasız olaraq dünyanın bütün astronomları, fizikləri, kimiyaçıları, zooloqları, bioloqları, təbiətşünasları yekdil şəkildə təsdiq edərək deyirlər: “Dünyada vahid bir nizam hakimdir və bizim günəş sisteminə hakim olan qanunlar eynilə atomun daxilində də fəaliyyət göstərir.”

Varlıq aləmində fəaliyyət göstərən qanunlar o qədər ümumi və küllidir ki, dünyanın kiçik bir məntəqəsində kiçik bir sınaqla bütün varlıq aləminə hakim olan qanunu kəşf etmək olar. Məsələn, bütün varlıq aləminə hakim olan qanunlardan biri cazibə qüvvəsidir. Heç bir varlıq bu qanunun təsir dairəsindən kənarda deyil. Digər külli bir qanun genetikaya aiddir. Bütün canlı aləm yalnız öz oxşarını törədir. Bu oxşarlığa əsaslanaraq, bitkilər və heyvanlar müxtəlif növlərə bölünmüşlər.

Bir sözlə, ağıl və düşüncə sahibi olan istənilən bir şəxsə müraciət etsək, bu həqiqətləri təvazökarlıqla etiraf edər və bütün varlıq aləminə vahid bir nizamın hakim olduğunu bildirər.

Əgər varlıq aləminə bir yox, iki rəy və iki fikir hakim olsaydı, vəziyyət bu günkü kimi olmazdı. İki rəy nəticəsində, şübhəsiz ki, varlıq aləmində fəsadlar yaranardı. Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: “Allahın birliyinin dəlili nədir?” İmam (ə) onun cavabında buyurdu: “Varlıq aləminin bağlılığı və davamı, yaranışdakı tamlıq Allahın birliyinin dəlilidir. Axı Allah-təala özü də buyurmuşdur ki, əgər yer üzündə və səmada Allahdan başqa bir yaradan olsaydı, onların nizamı pozulardı.”

2. İndi isə uyğun suala fəsəfi bəyanla cavab verməyə çalışaq. Bu yanaşma ilə Qurani-kərimin də bəzi ayələrində rastlaşırıq. Qurani-kərimdə bildirilir ki, əgər yerdə və göydə iki yaradıcı olsaydı, onlar ya oxşar, ya da fərqli olmalı idilər. Hətta onlar oxşar olmuş olsaydılar da, hökmən aralarında fərqlər də tapılmalı iid. İki varlığın bir-birinə eynən oxşar olması real deyil. Hətta zahirən bir-birindən fərqlənməyən əkizlər arasında da fərqli cəhətlər vardır.

Belə bir ehtimalın nəticəsi “tərkibdir”. Tərkib çoxluq səbəbidir. Fəlsəfi dəlillərlə sübut olunmuşdur ki, Allah bəsit olmalıdır. Tərkib çoxluq səbəbidirsə, bəsitlik yaradıcının ikilik ehtimalını aradan qaldırır.

Demək, yaradıcının iki olduğunu güman edərkən onların tamamilə fərqli olduğunu qəbul etməliyik. Şübhəsiz ki, iki fərqli mövcudun işləri də fərqli olmalıdır. Çünki heç bir cəhətdən müştərəkliyi olmayan iki varlığın əməl və işdə müştərək olduğunu düşünmək məntiqi deyil. Varlıq aləminə bir-birinə oxşar olmayan iki yaradıcı hakimlik etmiş olsaydı, onlar arasındakı fərq yerdə və göylərdə nizamın itməsi ilə müşayiət olunardı. Hansı ki, biz varlıq aləmində bunun əksini müşahidə edirik. İstənilən bir canlıya nəzər salsaq, bütün varlıq aləmindəki qanunların bu canlının həyatının davamı üçün uyğun olduğuna şübhəmiz qalmaz. Belə bir uyğunluq varlıq aləminə iki hakimin nəzarət etməsi ehtimalını sıfıra endirir. Bu sayaq dəlillərə “Mominun” surəsinin 91-ci ayəsində də işarə olunmuşdur.

Bəli, həm elmi, həm də fəlsəfi dəlillər sübut edir ki, varlıq aləminə başdan-başa bir iradə, bir pak zat hakimlik edir.
Allah sizə yar olsun.
Sual (22) : Salamun əleykum.Freyd Allahı real varlıq yox, insanın daxili ehtiyacı kimi qəbul edir. Ona necə cavab verilməlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məşhur Avstriya psixoloqu Ziqmund Freyd (1856-1939) Allaha etiqadın insandakı qorxudan yarandığını bildirir. Belə bir baxışın kökləri çox qədimdir. Məsələn, Lukretsinin şerlərində oxşar fikirlərlə rastlaşırıq.

Əvvəla, Allaha inamın qorxu səbəbindən yaranması sübuta yetirilməmiş bir ehtimaldır. Ümumiyyətlə, qorxu iki səbəbdən yaradır: məlumatsızlıq və zəiflik. Freydin deməyindən belə çıxır ki, insan kifayət qədər məlumatlanıb güclənməklə qorxudan uzaqlaşsa, Allaha inam da puça çıxacaq. Belə ki, qorxaqlar Allaha inanmalı, qorxmayanlar isə inanmamalıdırlar. Səthi müşahidələr belə bir müddəanı rədd edir.

Zəif bir nöqtə də var. Tutaq ki, kimlərsə Allaha qorxu səbəbindən inanır. Məgər bu münasibət Allahın varlığını inkar edirmi?! Əgər bir alim şöhrət qazanmaq üçün elmi ixtira edirsə, onun ixtirası faydalı ola bilməzmi?!

Tarix şahiddir ki, peyğəmbərlər ən şücaətli insanlar olmuşlar. Əksinə, elə bu gün də saysız-hesabsız qorxaq insanlar Allahın varlığına inanmırlar.
Allah sizə yar olsun.
Sual (23) : Salamun əleykum.Allahın varlığı ehtimal deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: “Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
Allah sizə yar olsun.
Sual (24) : Salam əleykum. Allahın varlığını fərziyyə hesab edən şəxslərin cavabında nə deyə bilərsiniz?
Allahın adı ilə.   
Əleykumus-salam. 
Əvvəla: “Fərz edin ki, Allah mövcuddur!” – ibarəsi düzgün deyil, bizim və sizin müşahidələrimizlə, sözsüz ki, uyğun gəlmir. Mümkündür ki, sizin bə`zi dostlarınız üçün belə olsun, lakin bu, hamıya aid deyildir.
İkincisi: Görəsən, bu, ehtimallar aləmində e`tina edilməyən fərziyyədir? Kimsə onun isbatı və inkarı üçün cəhd edibmi? Dinlərdə geniş allahşünaslıq bəhslərinə müraciət etdikdə, belə bir işi qəbul etmək qeyri-mümkün olur.
Üçüncüsü: Tarix boyu zühur edən, ilahi kəlamı çatdıran, bizim doğru yola yönəlməyimiz, islahımız, eləcə də mə`rifətimizin çoxalması üçün bir sıra göstərişlər və tə`limlər gətirən bu qədər ilahi peyğəmbərlər və elçilər də Allahın varlığını fərziyyə hesab etmişlərmi? Görəsən, insaflı bir şəxsin vicdanı bunu qəbul edərmi?
Dördüncüsü: İndiyə qədər müxtəlif dinlər və məktəblərdə allahşünaslıq yolları barəsində danışılarkən Allahı isbat etmək üçün Onun varlığı fərz olunmayıb. Əksinə, belə deyirlər: “Əgər Allah olmasaydı”, səbəb və nəticə (determinizm) zəncirini necə isbat etmək olardı? “Əgər Allah olmasaydı”, dünyaya hakim nizamı necə izah etmək olardı? “Əgər Allah olmasaydı”, bəşərə ruhi və psixi sakitliyi necə hədiyyə etmək olardı? Həqiqətdə, Onun mövcud olmamasını fərz etməklə varlığını isbat edirlər. Başqa sözlə, Allahın varlığını fərz etməklə yox, dünyaya hakim nizam və səbəb-nəticə zənciri kimi bir sıra məsələlərin varlığını fərz etməklə Onun varlığını isbat edirlər.
Lakin öz dostlarınızın şübhəsinə cavab vermək üçün onların diqqətini öncə deyilən məsələlərə, eləcədə bu mövzuda çap olunan müxtəlif kitablara yönəldə bilərsiniz. Əgər Allahın nişanə və əlaməti sayılan bütün varlıqlara diqqət yetirsək, Onun varlığını inkar edə bilmədiyimiz kimi, fərz də etməyəcəyik.
Allah sizə yar olsun. 


Sual (25) : Salamun əleykum. Hər şeyin xəlq edəni varsa, Allahın xaliqi kimdir?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Hər mövcudun xaliqə, hər hadisənin səbəbə ehtiyaclı olması doğrudur. Amma belə bir qanunun bütün varlıqlara aid olmasına heç bir dəlil yoxdur. Allahın varlığını sübut edən dəlillər Onun ehtiyacsız olduğunu göstərir. Mütləq ehtiyacsız varlıq isə səbəbə də möhtac deyil.
İslam fəlsəfəsində “vacibəl-vücud” və “mümkünəl-vücud” terminləri var. İnsan mümkünəl-vücuddur, yə`ni o olmaya da bilər. Allah isə vacibəl-vücuddur, yə`ni Onun olmaması mümkünsüzdür. Səbəbə ehtiyac, olmaması mümkün olan mövcudların xüsusiyyətidir.
Demək, Allahın nəyə isə ehtiyaclı olduğu mə`lum olduqdan sonra Onun səbəbə ehtiyacı barədə danışmaq olar. Allahın ehtiyacsızlığı isə hələ ki, kimsədə şübhə doğurmur.
Allah sizə yar olsun.
Sual (26) : Salam. Allah özü kimisini vücuda gətirə bilərmi?
Allahın adı ilə.   
Əleykumus-salam.         
Allahın qadir olması o demək deyil ki, O, ikinci bir Allahı yaratmalıdır. Bə`zi işlərin qarşısını alan acizlik yox, məntiqsizlikdir. Allah faydasız iş görməz. Əgər desək ki, Allah “2”-ni “3”-dən böyük edə bilməz, doğru olmaz. Çünki bu iş Allahın hikmətinə ziddir.
Allah sizə yar olsun.
Sual (27) : salam. Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
Allahın adı ilə.   
Əleykumus-salam.        

Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını tanımışdır”
Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Qur`anda oxuyuruq: “Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
Allah sizə yar olsun.

Sual (28) : Salam. Allahı tanımaq üçün bir yol varmı?
Allahın adı ilə.   
Əleykumus-salam.        

Allahı tanımaq üçün üç yol var:
1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı.
2. Hiss və elm yolu. Bu yol öz növbəsində üç qola ayrılır:
−Kainatın quruluşundakı nizam;
−Mövcudları həyat yolunda tə`limatlandırma;
−Dünyanın yaranışı.
3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq üçün ən yaxşı yoldur.
Allah sizə yar olsun.

Sual (29) : Salam. Allahın varlığı ehtimal deyilmi?
Allahın adı ilə.   
Əleykumus-salam.        

Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: “Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
Allah sizə yar olsun. 

Sual (30) : Salam.Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
Allahın adı ilə.   
Əleykumus-salam.        
İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi.
Qurani-kərimdə buyurulur: «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı». Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklər bu dəlil qarşısında «tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz», dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyəti doğuran çoxluqdur. Fərdlərin oxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?». İmam (ə) buyurdu: «Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglik yaradanın birliyinə dəlildir». 
Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə «dəlilinizi gətirin» deyir. 
Əhli-beyt (ə) hədislərində məntiqə əsaslanan belə bir cavabla da rastlaşırıq: «Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər».
Allah sizə yar olsun. 
Go to TOP