Sual (81) : Salamun əleykum. Sualım fəlsəfə barəsindədir bilmək istiyirdim Fəlsəfə nədir?
Allahın adı ilə.   

Əleykumus-salam.

Fəlsəfə yunan sözüdür. Yunanca “Filosofiya” dedikdə “biliyə sevgi” nəzərdə tutulur. Əflatun Sokratı “filosof” adlandırardı. Amma Sokratdan əvvəl özünü “sofist,” yəni alim adlandıran insanlar vardır. Sofistlər iddia edirdilər ki, həqiqətin ölçüsü insan idrakıdır. Zaman keçdikcə sofist sözü mənasını dəyişərək mənfi anlamda işlənməyə başladı. Ona görə də Sokrat bu addan imtina edərək özünü, sadəcə, filosof, yəni elmin dostu, elmi sevən kimi tanıtdırdı.

Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kemi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfə hikmət də adlandırılıb.

İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədir: hesab, həndəsə, astranomiya, musiqi.

Bəs “qərb fəlsəfəsi” dedikdə nə başa düşülür? Fəlsəfədə yeni dövrə  başçılıq edən Dekart və Bekon bütün əqli elmlərdən imtina edərək təcrübə və hissi əsas götürdülər. Amma başqa bir cərəyanın nümayəndələri təcrübə yolu ilə təhqiq oluna bilən bilikləri elm, əqli bilikləri isə fəlsəfə adlandırmaqda davam edirlər.

Allah sizə yar olsun. 

Sual (82) : Salam. İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir.
Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: e`tiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış.
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.
Allah sizə yar olsun. 



Go to TOP