Sual (211) : Salamun əleykum.Allah insanın ibadətinə möhtacdırmı? Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.

Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.
Allah sizə yar olsun.
Sual (212) : Salamun əleykum.Bir çoxları, xüsusi ilə gənc təbəqə belə bir sualla müraciət edir ki, insanın yaranış sirri nədir, o nə üçün xəlq olunmuşdur? Bu sual əksər gənclərin düşüncəsində özünə yer tapmışdır və onları insanın yaranış sirri ilə maraqlandırmışdır. Onlar soruşurlar ki, qəni, ehtiyacsız, qeyri-məhdud olan Allah heç nəyə, eləcə də, insanı yaratmağa ehtiyaclı olmadığı halda, onu nə üçün xəlq etmişdir? Əgər desək ki, insanın yaradılmasında heç bir məqsəd yoxdur, bu halda onun yaranışını mənasız hesab etməliyik. Hansı ki, Allah lüzumsuz iş görmür. Yox, əgər deyilsə ki, Allah-təala insanı hər hansı məqsədlə yaratmışdır, belə çıxar ki, Allah insanı yaratmağa ehtiyac duymuşdur. Halbuki, O yeganə ehtiyacsız varlıqdır.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu məsələyə aydınlıq gətirmək, uyğun suala cavab vermək üçün iki mühüm nöqtəyə nəzər salmalıyıq: 1. İlk əvvəl nəzərə almalıyıq ki, varlıq aləmini yalnız materiyada məhdudlaşdırdıqda, ölümü son bilib, axirət dünyasını qəbul etmədikdə uyğun sual cavabsız qalır. Məsələyə materialist mövqedən yanaşdıqda insanın yaradılış sirrini açmaq mümkünsüz olur. Axı insan dünyaya nə üçün qədəm qoyur, bir müddət yaşadıqdan, dünya həyatının acılıqlarını daddıqdan sonra ölüm badəsini nuş edir? O haradan və nə üçün gəlmişdir? Müvəqqəti dünya qovğalarının fəlsəfəsi nədir? Bir müddət dünya həyatını yaşadıqdan sonra onun nəfəsi təngiyir, ürəyinin döyüntüləri səyriyir. Sonra torpağa tapşırılaraq, çürüyüb varlığını itirir. Doğrudan da, materializm məktəbi bu suala cavab verməkdə acizdir. Onlar üçün varlıq aləmi təkcə bu dünyadan ibarətdir. Onlar Allaha, ölümdən sonrakı həyata inanmırlar. Bu halda hər şey yalnız maddi dünya çərçivəsində dövr edir və materiya libası geyir. Yaranış sirrini bu çərçivədə axtaran insan heyrət içində yerində sayır. Amma maddi dünyanı müvəqqəti mənzil sayan, axirət həyatına inanan, ölümü son bilməyən insanlar üçün bu suala cavab tapmaq asandır. Əgər insanın yaranış məqsədi bu dünya çərçivəsində əldə edilmirsə, onun əbədi həyatı hökmən nəzərdən keçirilməlidir. Uyğun prizmadan baxdıqda məlum olur ki, insanın bu dünyada yaranış məqsədi onu əbədi həyat üçün hazırlamaqdır. Son məqsəd isə həmin əbədi həyatdır. 2. Uyğun sualın həlli üçün ikinci mühüm nöqtə budur: Hər bir ağıl və düşüncə sahibi ehtiyac duyduğu bir məqsəd uğrunda çalışır. Çünki insan başdan-ayağa möhtac varlıqdır. O öz təkamülü və ehtiyaclarının aradan qaldırılması üçün çalışır. Məsələn, qidalanır, geyinir, təhsil alır və s. Bütün bu işləri görməklə o maddi və mənəvi ehtiyaclarını təmin etmək istəyir. O, hətta xeyirxah işlər görərkən də, məsələn, imkansızlara əl tutarkən, övladlarının təlim-tərbiyəsinə pul xərcləyərkən, xəstəxana tikərkən öz daxili ehtiyaclarının tələbinə cavab verir. Hər bir insan ya dünya, ya da Peyğəmbərlərin xəbər verdiyi axirət mükafatlarını əldə etməyə çalışır. O öz ruhi ehtiyaclarını ödəmək, vicdan rahatlığı tapmaq üçün sərmayəsinin bir hissəsini xərcləyir, ya da üstünlük saydığı ad-san üçün çalışır. Bir sözlə, insan bütün gördüyü işlərdə xeyir güdür. Heç bir məqsədsiz çalışan adam tapmaq çox çətindir. İnsan hər tərəfdən ehtiyaclarla əhatə olunmuşdur və öz varlığı xatirinə müxtəlif işlər görməyə məcburdur. Əlbəttə ki, az da olsa, gördüyü işdə mənafe güdməyən insanlar olmuşdur. Həzrət Əli (ə) buyurur: “Pərvərdigara, sənə cəhənnəm qorxusundan və ya behişt nemətlərinə görə pərəstiş etmirəm.” Bəli, yalnız öz varlığını unudan insanlar belə deyə bilər. Bəzən də ananın qəlbindəki övlad məhəbbəti onu övlad yolunda canından keçməyə vadar edir. Amma belə hallar olduqca cüzidir. Bəşər övladının hər hansı fəaliyyətdə məqsədli olduğunu nəzərdən keçirdik. Aydın oldu ki, insan gördüyü işlərdə ya maddi, ya da mənəvi fayda intizarında olur. İndi isə Allahın gördüyü işlərdə məqsəd mövzusunu araşdıraq: Həqiqətən də, Allah-təala heç zaman mənasız və boş işlər görmür. Onun bütün işləri məqsədlidir və O hər bir mövcudu hansısa məqsədlə xəlq edir. Bəs Onun bu yaradılışlarda məqsədi nədir? Allahın hər bir mövcudu hansısa məqsədlə yaratması insanın hər bir işi hansısa məqsədlə görməsi kimi deyil. Allah-təala qəni və ehtiyacsız, insan isə başdan-başa ehtiyac içində olan varlıqdır. Demək, Allah-təalanın məqsədi insanın məqsədi ilə müqayisə oluna bilməz. İnsan bir an olsun belə öz ehtiyaclarını tam təmin etmək gücündə olmadığından daim çalışmağa məcburdur. O fasiləsiz şəkildə mənəvi və maddi təkamülü yolunda tər tökür. Allah-təala isə qeyri məhdud bir varlıq olduğundan Onun pak zatında möhtaclıq sifəti yoxdur. Çünki bütün kamallar Onun zatında cəmlənmişdir. Demək, Allah-təalanın məqsədi yalnız başqalarına fayda vermək ola bilər. Başqa sözlə, Allah-təala bütün baxımlardan sonsuz kamil və ehtiyacsız bir varlıqdır. Onun zatında ehtiyaca yer yoxdur. Digər bir tərəfdən, bilirik ki, Allah-təalanın işləri hikmət üzərində qurulmuşdur. O heç zaman boş yerə iş görmür. Belə bir nəticə alırıq ki, Onun insanı yaratmaqda məqsədi öz ehtiyacını aradan qaldırmaq yox, insanın özünü layiqli kamala çatdırmaqdır. Və insanın belə bir məqama yüksəldilməsi Onun öz pak zatı üçün fərqsizdir.

Təbiət aləmində təkamül

Yaranış aləminin xülasə şəkildə mütaliəsi bizi aşkar bir həqiqətdən xəbərdar edir: Varlıq aləmi başdan-başa mövcudların təkamül və tərbiyə beşiyidir. Məsələn, günəşin hərarətli şüaları dəniz və okeanların üzünə yayılır. Onun istiliyi suyun bir hissəsini buxar şəklində havaya qaldırır. Küləklər həmin buxarı quraqlıqlara doğru qovur. Bu buxar bəzi təbii proseslərdən sonra yağış damlalarına, qar dənəciklərinə çevrilərək təkrar yer üzünə qayıdır. Beləcə, quru torpaq yenidən cana gəlir. Yer öz aram hərəkəti ilə öz batinindəki sirləri bayıra çıxarır, çöllər və düzlər yaşıllığa bürünür. Bir az əvvəl ölüm qoxusu gələn quru torpaqlarda güllər, sünbüllər, otlar, ağaclar göyərir, şəlalərin zümzüməsi, bülbüllərin könül oxşayan səsi, gül-çiçəklərin ətri həyata yeni bir rövnəq verir. Varlıq aləmi kitabından bu fəslin mütaliəsi insana ali bir allahşünaslıq dərsi verir. Bu mütaliə eyni zamanda bizi Allahın hikmətli sünnələrinə sövq edir və öz gözlərimizlə görürük ki, hər bir mövcud özünəməxsus proqrama uyğun olaraq, kamala doğru tələsir. Hər ötən gün və il mövcudları daha kamil mərtəbəyə qaldırır. Bu günkü əzəmətli bir ağac nə vaxtsa sadə hüceyrə olmuşdur. Amma zaman ötmüş, bu hüceyrə mərhələlərdən keçərək, yer üzünün əzəmətli ağaclarından birinə çevrilmişdir. Öz əzəməti ilə insanı heyrətə gətirən heyvanlar da belədir. Onlar da bir zaman analarının bətnində sadəcə bir toxum olmuş və sonradan Allahın iradəsi ilə kamal mərhələsinə çatmışlar. Deyirlər ki, bu dünya təbiət aləminin gizli istedadlarının açıqlanması üçün ən ali bir səhnədir. Yaranış aləminin bir hissəsi olan insan da məqsəd baxımından təbiət aləmi ilə oxşardır. İnsanın yaranışında da məqsəd onun kamala çatmasıdır. Dünya həyatı insanın gizli istedadlarının çiçəklənməsi üçündür. O öz istək və iradəsi ilə kamillik yolunu seçir. Demək olar ki, dünya və ondakı mövcudların bir çoxu insan üçün xəlq olunmuşdur. İnsan kamillik yolundakı ehtiyaclarını dünyadakı mövcudlar vasitəsi ilə təmin edir. Bəli, Allah insanı öz ehtiyacını aradan qaldırmaq üçün yaratmamışdır. İnsan yaradılmışdır ki, layiq olduğu kamala doğru hərəkət etsin və azad şəkildə öz səadətinə çatsın. Bir qədər də aydın desək, Allah insanı yaratmışdır ki, o, kamilliyin ali dərəcəsinə çatsın. İlk əvvəl hüceyrə şəklində olan dəyərsiz bir varlıq təkamül yolu keçərək güclü, iradəli təfəkkürlü, aqil olur. O öz məhdud kamilliyi ilə Allahın qeyri-məhdud kamallarını nümayişə qoyur. Allah-təala insanı yaratdı və onun daxilində böyük istedadları əmanət qoydu. Onun tərbiyəsi üçün Peyğəmbərlər, səmavi müəllimlər seçildi. İnsan Allaha bəndəlik, Onun əmrlərinə itaət sayəsində öz hərtərəfli təkamülünə nail olmalı və daha geniş bir aləmdə daha kamil bir həyata hazırlaşmalı idi. Qurani-kərimdə və İslami hədislərdə yuxarıda deyilənlərə icmal şəkildə yer verilmişdir. Qurani-kərim insanın yaranışının son məqsədini əbədi bir həyatda yaşayış kimi tanıtdırır və buyurur: “Yoxsa güman edirdiniz ki, sizi boş yerə yaratmışıq və bizə doğru qayıtmayacaqsınız?!” [9] Məqsəd budur ki, insanın yaranış hədəfini yalnız maddi dünyaya aid etmək olmaz. Demək, bu məqsəd başqa bir dünyada axtarılmalıdır. Bilməliyik ki, insan öz ölümü ilə təkamül yolunu davam etdirir və mütləq bir kamala doğru hərəkət edir. Əgər “Mən cin və insanı yalnız ibadətdən ötrü yaratdım” ayəsi insanın yaranış məqsədi olaraq, onun Allaha ibadətini göstərirsə, bu o demək deyil ki, Allah bu ibadətə möhtacdır. Ayənin əsl mahiyyəti bundan ibarətdir ki, insan Allahı tanıyıb, ona itaət etmək vasitəsi ilə kamilliyə çata bilər. İnsan məhz ilahi göstərişlərə əməl etməklə xoşbəxt, əbədi həyata vəsiqə qazanır. İnsanın yaranışında son hədəf onun əbədi və xoşbəxt həyatıdır. Başqa bir hədəf aramağa ehtiyac yoxdur. Belə bir suala yer yoxdur ki, insan əbədi həyatda son kamilliyə çatdıqdan sonra məqsəd nədir?! Soruşula bilər ki, nə üçün Allah-təala bütün bu kamillikləri bir dəfəyə insana verməmişdir? Nə üçün insan hetiyaclı yaradılmışdır və təlaş göstərərək kamala çatmalıdır? Uyğun suala cavab olaraq deyə bilərik ki, hər hansı əxlaqi üsul o zaman bəyənilə bilər ki, insan onu öz istək və iradəsi ilə seçmiş olsun. İnsanın məcburi şəkildə vadar olunduğu kamillik onun üçün fəzilət sayıla bilməz. Məsələn, imkansızlara əl tutmaq, xəstəxana tikmək o zaman ruhun kamillik nişanəsi olur ki, insan bu işləri azad şəkildə yerinə yetirmiş olsun. Əgər bir şəxsdən zorla pul alıb, xeyir işə sərf etsələr, bu xeyir iş pul sahibi üçün fəzilət sayılmaz. Ona görə də insan ruhi təkamülə çatmaq üçün fəzilət yolunu azad şəkildə adlamalıdır.
Allah sizə yar olsun.
Sual (213) : Salamun əleykum. İslamda insanın vəzifələri hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İslam dinində təqdim olunmuş İlahi proqramda üç istiqamətdə vəzifələr müəyyənləşdirilmişdir:
Allah qarşısında vəzifələr.
Şəxsi vəzifələr
Cəmiyyət qarşısında vəzifələr.
Allahı tanıyıb Onun buyuruqlarına itaət etmək insanın ilkin vəzifəsidir. Səadət sorağında olan insan anlamalıdır ki, bu səadət Allah-təalanın ixtiyarındadır.
Predmeti tanımadan onun forma və məzmununu dəyişmək olmaz. Məsələn, tanımadığı iki metalı bir-birinə qaynaqlamaq istəyən insan müfəvvəq ola bilmir. Metala qaynağın hərarəti dəydikcə onu əridib mayeyə çevirir.
Allah öz yaratdığı insanı hamıdan tanıdığı üçün Onun göstərdiyi səadət yolu ən doğru yoldur. Amma ilahi yolda hərəkətə başlamalı olan insan özü də özünü tanımalıdır. Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan insan ən yüksək mərifət mərtəbəsinə çatıb”.
Axı öz istedadlarından xəbərdar insan necə ola bilər ki, heyvani həyat tərzində yaşasın?! Özündə əql qüvvəsini duyan insan tərəqqisiz dura bilərmi?! Özünü tanıyan insanın heyvan kimi uyub çılpaq və iffətsiz, yırtıcı və mərhəmətsiz həyat sürməsi qeyri-mümkündür. Öz insani şəxsiyyətini tanıyan insan özünə və özgələrə biganə qala bilmir, fərdi və ictimai vəzifələrinə məsuliyətlə yanaşır.

Allah sizə yar olsun.
Sual (214) : Salamun əleykum. İslam dinində dəyişən ünsürlər varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İlahi dinlərin prinsipləri iki qisimdən təşkil olunub: Bir qismi sabit ünsür, digəri isə dəyişəndir. İlahi dinlərin dəyişməz, sabit və dünyəvi prinsipləri həmişəlik və hər zaman olmuşdur. Əslində insanın həmişə sabit və dəyişməz olan xüsusiyyət və şəxsiyyətinə aid olur.
İlahi dinlərdə insanın dəyişən və əvəz olunana halətlərinə həmişə diqqət yetirilmişdir. Bu səbəbdən dinin bəzi prinsipləri dəyişən və əvəz olunan kimi zahir olub. Bu dinlərin dəyişən prinsip və hökmləri dedikdə məqsədi, dinin ünsürlərinin o qisminə aid olur ki, cəmiyyətdə ictimai, siyasi və mədəni şəraitə aid olsun, başqa sözlə desək, zaman və məkana bağlı olsun.
Daha geniş cavab
Dahi alim şəhid Mütəhhərinin ifadəsi ilə desək İlahi dinlərin prinsipləri iki bölümdən təşkil olunub: Bir qismi sabit, digəri isə dəyişəndir. İlahi dinlərin prinsiplərinin dəyişməz, sabit və dünyəvi qisimləri həmişəlik və hər zaman olmuşdur, əslində insanın həmişə sabit və dəyişməz olan xüsusiyyət və şəxsiyyətinə aid olur.
Bugünkü insanın keçmiş insanlarla bir çox cəhətdən, o cümlədən, elm, mədəniyyət, məişət, yaşayış və bir çox adət-ənənələrinə görə əsaslı şəkildə fərqlənir. Amma insanın fitri və təbbii meylləri bütün dövrlərdə eynidir. Tarix boyu insanların vəhdət təşkil etdiyi ən çox cəhətləri və mədəniyyəti onların incəsənətə olan meylidir. İnsanda gözəlliyə meyl var - istər təbiətdə olan gözəllik, istərsə də işlərdə olan gözəllik olsun. İnsanın gözəlliyə olan bu meyli, gözəl mənzərəyə baxmaqla aldığı ləzzət, ətirli bir gülü iyləməsi, təsirli bir şerə maraqla qulaq asması və sair meyllər tarix boyu baş verən bütün dəyişikliklərə və halətlərə baxmayaraq bəşərdə sabit və dəyişməz qalmışdır.
Həmçinin, meyl və arzular da ümumi şəkildə sabit və dəyişməz qalmışdır. Bəşər övladı tarix boyu mövcud fərqlərinə baxmayaraq, onun hissiyyatları, istedadları, meylləri və qərizələri eyni şəkildə, sabit qalmışdır. Beləliklə, bəşər bir cəhətdən həmişə sabit və dəyişməz qalır. İlahi dinlər də bəşərin dünyada bu cəhəti üzərində cəmləşib və sabitdir.
30İlahi dinlərdə insanın dəyişən və əvəz olunan halətlərinə həmişə diqqət olunub. Bu səbəbdən dinin bəzi qisimləri dəyişən, əvəz olunan kimi cilvələnib. Bu dinlərin “dəyişən hökmləri” dedikdə məqsəd, dinin cəmiyyətdə ictimai, siyasi və mədəni şəraitə aid olan başqa sözlə desək zaman və məkana bağlı olan ünsürlərinin qisminə aid olur.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.
2. Məhdi Hadəvi Tehrani, Məbani kəlami ictihad. Müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. Birinci çap, 1377 şəmsi ili. Səh-61-73.

Allah sizə yar olsun.
Sual (215) : Salamun əleykum. Nə üçün İslamda əməlin dəyəri insanın niyyəti ilə ölçülür, onun qəbulu isə insanın diqqət və səmimiyyətindən asılı olur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Dünya işləri də belədir. Həm cərrah, həm də qatil bıçaqla qarın yırtır. Cərraha təşəkkür olunur, qatil zindana salınır. Amma cərrah da cərrahdan üstün ola bilər. İnsan həyatını xilas etmək niyyəti pul qazanmaq niyyəti ilə eyni deyil.
Üç nəfərə su təklif edək. Onlardan biri susamadığı üçün, o biri küsdüyü üçün, üçüncüsü isə dördüncüyə su çatmaz deyə sudan imtina edə bilər. Bu üç nəfərin niyyəti fərqli olduğu kimi, əməllərinin dəyəri də fərqlidir. Əsil pul əskinasını saxta pul əskinasından ondakı xüsusi bir sap fərqləndirir. Həqiqi ibadəti saxta ibadətdən fərqləndirən bir sap (ip) da var. Bu, bəndənin yapışdığı Allah ipidir. Bu ip bəndənin Allaha yaxınlaşmaq niyyəti, xalisliyi, diqqət və səmimiyyətidir. Bu sap qırılsa, bəndənin Allahla rabitəsi kəsilər.

Allah sizə yar olsun.
Sual (216) : cereke kitabinda olan cosen kebir duasini yeni sirf hemin sehifeni cirib ayirib ozumle gezdire bileremmi bu duanin faydalari nedir
Allahın adı ilə.
Əleykumus-salam. 
İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, Cövşən-Kəbir duasını Cəbrayil (ə) müharibələrdən birində nazil etmişdir. Həzrətin (s) əynində ağır zireh var idi və onun ağırlığı mübarək bədəninə əziyyət verirdi.
Cəbrayil (ə) nazil olur və buyurur: “Ya Muhəmməd! Pərvərdigarın sənə salam söyləyir və buyurur: “Bu cuşəni (zirehi) əynindən çıxart və bu duanı oxu ki, sənin və ümmətinin təhlükəsizliyinə səbəb olar”.
Cəbaryil (ə) bu duanın fəziləti haqqında çox söz deyir. Hər kim onu kəfəninin üzərinə yazdırarsa, Allah Təala, ona ehtiram olsun deyə, həmin şəxsi atəşə atmaz. Hər kim Ramazan ayının əvvəlində onu xalis niyyət və pak qəlblə oxuyarsa, Allah bəhrələnməyi onun ruzisi qərar verər. Onun üçün 70 min mələk xəlq edər ki, Allahı təsbih etsinlər və savabını isə onun üçün qərar versinlər.
Hər kim bu duanı Ramazan ayında üç dəfə oxuyarsa, Allah onun bədənini cəhənnəm atəşinə haram edər. Behişti ona vacib buyurar. İki mələk ona hakim edər ki, onu günahlardan qorusun. Həyatı boyu Allahın amanında olsun.
İmam Hüseyn (ə) buyurur: “Atam Əli ibni Əbitalib (ə) bu duanı hifz etməyi vəsiyyət etmişdir”. Həmçinin bunu ki, onu kəfəninin üzərinə yazsınlar. Əhlinə təlim versinlər. Onları bu duanı oxumağa həvəsləndirsinlər. Bu duada Allahın minə yaxın adı çəkilir. Orada Allahın böyük adları vardır.
Allah sizə yar olsun. 
Sual (217) : dine aid bir cox weyler oxuyuram amma yadimda qalmir.Yadimda qalmasi ucun her hansi bir dua filan varmi?
Bismillahir-rəhmanir-rəhim.  

Mütaliə zamanı bu duanı oxuyun.  

 اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ 

Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin. 

Allah sizə yar olsun. 

Sual (218) : salam.mene Kumeyl duasini deye bilersiz?o duanin fezileti nedi?ne zaman oxunur?Kumeyl kim olub?
Allahın adı ilə. 
Əleykumus-salam.
Bu dua məşhur dualardan biridir ki, Əllamə Məclisi (rəhmətullah əleyh) onun haqqında buyurmuşdur: O, ən üstün dualardan biri olub, Xızır (ə)-ın duası sayılır. Həzrəti Əli (ə) bu duanı özünün xüsusi səhabələrindən sayılan Kumeylə (rəhmətullah əleyh) öyrətmişdir. Bu duanı şəban ayının yarısında (15- də)və habelə hər cümə axşamları oxunduğunu buyurmuşdur. Bu dua düşmənlərin şərindən qorunmaq, ruzi qapısının açılması və habelə günahların bağışlanması üçün faydalıdır.

Allah sizə yar olsun. 

Sual (219) : Salamun aleykum. Namazda fikrin yayinmamasi ne etmek lazimdir? Xahis edirem suali cavablandirardiniz.
Allahın adı ilə.   
Əleykumus-salam.       
Namazda diqqətin yayılmasına səbəb olan amillər bunlardır:
Deyerler.org:1. Xəyalpərəstlik və onu cilovlaya bilməmək. İnsanın xəyalı quşa bənzər, bir budaqdan başqasına tullanar. Bir yerdə sabit qalmaz. Bu da dünyaya olan sevgidən irəli gəlir.
2. Ətrafda olanlara çox diqqət etmək. İnsan hiss orqanları vasitəsilə ətrafdakı hadisələrə reaksiya verir. İnsan
  ətrafdakıları görür və səslərini eşidir. Bu yolla da Allahdan qafil olur.
3. Namazda tələsmək. Namazın sözlərini tez-tez demək və ona çox diqqət etməmək və gündəlik işləri fikirləşmək - fikrin dağılmasına səbəb olar.
Bəziləri namazı vacib olduğu üçün qılırlar. Namaza xüsusi əlaqələri yoxdur.
4. Günah. Namaz insanı günahdan saxladığı və qoruduğu kimi, fəsad və pis əməllər də namazda qəlb hüzuruna mane olar.
5. Şəhvani fikirləri cilovlamamaq. Bu elə bir xəstəlikdir ki, ona düçar olana çox sayda ziyan gətirər. Namazda iztiraba, özünə inanmamağa, halsızlıq və süstlüyə gətirib çıxarar.
6. Allahın məqamını tanımamaq. O insanlar ki, Allahın əzəmətini və məqamını yaxşı tanımırlar, namazda səhlənkarlıq edirlər. Xüsusilə də qəlb hüzuruna malik deyildirlər.
7. Xarici amillər (Fasid dost və fasid məclislərə getmək kimi).
8. Xarici maneələr (Çox yemək, ac olmaq, yorğun olmaq kimi).
9. Özünü göstərmə və ya riya. O namaz ki, Allah üçün qılınmaz, qəbul olmaz. Riyakar insan heç bir zaman namazda diqqətli olmağa fikir verməz.
10. Şeytani vəsvəsələr. Namazda fikrin dağılmasına gətirib çıxaran ən mühüm amil - şeytani vəsvəsədir. Məsələn, şeytan ona təlqin edir ki, namazda qəlb hüzunun olması vacib deyildir.
Sonda qeyd etmək lazımdır ki, əgər namaz qılan bu deyilənlərə diqqət edərsə, bu manelərin aradan qaldırlması üçün çalışarsa, Allahın bəyəndiyi namazı qıla biləcəkdir. http://deyerler.org
Allah sizə yar olsun. 
Sual (220) : Salam. Nə üçün bəzi dualar qəbul olunmur?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: “Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməlidir.”
Bundan əlavə, dua xeyir istəməkdən ibarət olsa da, bizim bir çox istəklərimiz öz zərərimizədir.
Allah sizə yar olsun.
Go to TOP