Sual (201) : Salamun əleykum. Dini vəzifələr hansı yaşda vacib olur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dini vəzifələr dörd şərt daxilində insana vacib olur:
Büluğ – oğlanlarda on beş yaş tamam olub, on altıya keçməli, qızlarda doqquz yaş tamam olub, ona keçməlidir. (Amma insanda növbəti üç şərt daha tez ödənərsə, dini vəzifə vacib olar)
Qüdrət – vəzifəyə əməl etmək üçün güc və qüvvəyə ehtiyac vardır. Allah ədalətlidir və kimsədən gücündən artıq iş tələb etməz. “Bəqərə” surəsinin 286-cı ayəsində buyurulur: “Allah kimsəni gücündən artıq yükləməz.”
İxtiyar – vəzifəli olmaq üçün digər bir şərt insanın azad olmasıdır. Əgər insan zülm və zor altındadırsa, o, yalnız gücü çatan dini göstərişlərə vəzifəlidir.
Əql- əql insanı digər canlılardan fərqləndirən başlıca xüsusiyyətdir. Əqli olmayan varlıqdan nə tələb etmək olar?! Dini vəzifə yalnız əqlə malik insanlara aiddir. Psixi cəhətdən xəstə, daha doğrusu, dəlilər üçün heç bir dini vəzifə yoxdur.
Etiqadlı insan üçün büluğ, yetkinlik yaşına çatma günü onun həyatının ən mühüm günlərindəndir. Bir çox alimlər anadan olduğu günün yox, məhz yetkinlik yaşına çatdığı günün il dönümünü qeyd edirlər. Doğrudan da, insanın dini vəzifələri yerinə yetirməyə layiq olduğu gün, bir növ Allah qarşısında bəndəliyə layiq olduğu gün çox əlamətdardır. Belə bir mübarək günü hər il qeyd etməyə dəyər!

Allah sizə yar olsun.
Sual (202) : Salamun əleykum.Kafirlərin xeyir əməllərinin savabı varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«İbrahim» surəsinin 18-ci ayəsində buyurulur: «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər». «Furqan» surəsinin 23-cü ayəsində isə belə oxuyuruq: «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərdik».
İmam Baqir (ə) buyurur: «Qiyamət günü Allah-təala ağ libas geymiş tək nura bürünmüş bir tayfa gətirər. Sonra «dağınıq toz zərrələrinə dönün» buyurar. Həmin nurda əsər-əlamət qalmaz». Hədisdə işarə olunan nur, kafirlərin dünya həyatında göründüyü xeyir işlərdir.
Rəvayətlərə əsasən günah savabın üstünü örtür. Məsələn, şərab içənlər haqqında buyurulur: «Şərab içən şəxsin əməlləri Allah dərgahında 40 gün qəbul olunmaz» «Səfinətül-bihar», 1-ci cild, səh.427. .
Kafirlərin xeyir işlərinin puça çıxması, tam məntiqə uyğundur. Təsəvvür edin ki, sizə atəş açan düşmənin gülləsi arxadan sizə hücum edən ayıya dəyir. Bu işinə görə ona təşəkkür düşürmü? Əlbəttə ki, yox! Kafirin xeyir əməli də belədir. Əgər o Allahı razı salmaq niyyəti ilə bir iş görsəydi, Allah da ona savab verərdi. Vəzifə, ad-san naminə xeyir iş görən insanın niyyəti saf deyil. Məsələn, deputat seçilmək istəyən biri kasıb-kusuba pul paylayır ki, əvəzində səs alsın. Onun niyyəti savab yox, səs qazanmaqdır. Bir səs ki, qiyamət səhnəsində eşidilməz!


Allah sizə yar olsun.
Sual (203) : Salamun əleykum.İnsanın qəlbi bərkdir, ya yumşaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
 İnsan fitrətən mehriban, qayğıkeş və səmimidir. O, nəinki insanların, hətta heyvanların əziyyət çəkməsindən narahat olur, başqalarının sevincinə qoşulur.
Fitrətini dinləyib, onun göstərişlərinə əməl edən insanın qəlbi günbəgün işıqlanır, mərhəmmətlə dolur. Amma əqlin, vicdanın fitrətin göstərişlərinə məhəl qoymayıb, nəfs istəklərinin ardınca gəzən insanın qəlbi daşlaşır. İlk əvvəl günahdan qorxan insan günah bataqlığında qərq olduqca xoşhal olur. Belə daş qəlbi mələklər tərk edir, şeytan ona hakim kəsilir.
Həzrət Əli (ə) buyurur: “Gözün yaşı qəlbin daşlaşmasından quruyur. Qəlb isə günahın çoxluğundan daşlaşır.”
İmam Sadiq (ə) belə dua edir: “Pərvərdigara, sənə daş ürəkdən şikayət edirəm... Sənə sənin qorxundan ağlamayan gözdən şikayət edirəm...”
Qəlbini qorumaq istəyən insan böyük günahlardan, kiçik günahları davam etdirməkdən çəkinməlidir. Qəlbin ruhani hal tapmasında ibadət, dua, ehsan, mərhəmət, ədalət olduqca faydalıdır.
Peyğəmbərlər ilahi təbiblərdir. İnsan öz insanlığını yalnız ayə və hədislərə əməl etməklə qoruya bilər. Həzrət Əli (ə) buyurur: “Məhəmməd (s) nəfslərin müalicəsi üçün daim səy göstərin səyyar həkim idi”. “Yunis” surəsində buyurulur: “Rəbbiniz tərəfindən nazil olan öyüd-nəsihət sinələrdəki dərdlərə şəfa, möminlərə mərhəmətdir.” (a. 57)

Allah sizə yar olsun.
Sual (204) : Salamun əleykum.Ruhi sakitlik necə əldə edilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanın psixoloji durumu onun səadətini təmin edən ilkin amillərdəndir. Həyəcan, qorxu, qəzəb kimi ruhi təlatümlər xoşbəxtlik yolunda ciddi manielərdir.
Əsrimizin insanları uyğun ruhi sarsıntılardan əziyyət çəkir, çox vaxt çıxış yolu tapmaqda aciz qalırlar. Hansı ki, öz bəndələrini əbədi səadət üçün yaratmış Allah-təala Qurani-kərimdə səadət yolunu belə göstərir: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar»[4109].
Başqa bir ayədə belə buyurulur: «Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər»[4110].
Allahın dostları kimdir? Ayədə övliya adlandırılan bu şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs çırağa etinasızdır.
Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır. Dünya nemətlərinin əsarətindən azad olmuş övliyalar nə üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət Əli (ə) övliyalar haqqında buyurur: «Əgər Allah onlar üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə ruhları bədənlərində qalmazdı»[4111].
Ruhi sarsıntılardan qurtarmaq üçün əyləncəyə, eyş-işrətə, musiqiyə, spirtli içkilərə, narkotikaya üz tutan və daha da dərin uçuruma yuvarlanan insanlar! «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
[4109]  «Rəd» surəsi, ayə 28.
[4110]  «Yunis» surəsi, ayə 62.
[4111]  «Nəhcül-bəlağə».


Allah sizə yar olsun.
Sual (205) : Salamun əleykum.Allahın kölgəsində olmaq nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər.
Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «Yeddi dəstə insanı Allah-təala öz ərşinin kölgəsində yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan və onlardan ayrıldıqda belə, ruhən onlarla olan şəxs; Allahın adı çəkiləndə, gözündən yaş gələn şəxs; gözəl qadının dəvəti qarşısında «mən Allahdan qorxuram» deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs»Â «Səfinətül-bihar», 1-ci cild, səh. 595.

Allah sizə yar olsun.
Sual (206) : Salamun əleykum.Nə üçün duamız qəbul olmur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz» «Səfinətül-bəhar», 1-ci cild, səh. 448.

Allah sizə yar olsun.
Sual (207) : Salamun əleykum.Allahı zikr etmək nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

«Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım»[4083].

Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.

Həzrət Peyğəmbər (s) buyurur: «Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram iş çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»[4084].

Amma unutmaq olmaz ki, öz misilsiz əzəmətinə baxmayaraq, Allah-təala «Məni yada salın ki, mən də sizi yada salım» buyurur. İnsanın bu məhdud və kiçik dünyada Allahı xatırlaması, onun hüdudsuz və əbədi axirət aləmində Allah tərəfindən xatırlanması ilə nəticələnir.

[4083] «Bəqərə» surəsi, ayə 152.

[4084] «Nurus-səqəleyn», 1-ci cild, səh. 140.


Allah sizə yar olsun.
Sual (208) : Salamun əleykum.İmanın hansı mərhələləri vardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İstər elm, istərsə də həqiqətə təzim ruhu mənasında imanın dərəcələri vardır. «Fəth» surəsinin 4-cü ayəsində buyurulur: «Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə öz dərgahından xətircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur». İmam Sadiq (ə) buyurur: «İmanın on dərəcəsi vardır. Nərdivan kimi pillə-pillə ucalır»  «Biharul-ənvar», 69-cu cild, səh.165.
Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı onun qüvvəsi həddində sorğuya çəkir. Demək, iman dərəcəsi aşağı olan insanların sorğusu daha yüngül keçəcəkdir. Həzrət Peyğəmbər (s) və onun Əhli-beytindən nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları qınamamaq tövsiyə olunur. Amma deyilənlərdən belə nəticə çıxarmaq yanlış olar ki, tamam imansız ‒ kafir insanlara sorğu yoxdur. İman bütün bəşəriyyətin fitrətinə məxsus olan bir sifətdir. Sorğudan gəzəştlər isə, birbaş insanların istedadı ilə bağlıdır. Atəşin İbrahimə gülzara döndüyünü görən Nəmrud, Allahın qüdrəti qarşısında qurban kəsir. Amma yenə də dünyəvi məqamını itirmək qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur.
Allah sizə yar olsun.
Sual (209) : Salamun əleykum.Bəndəlik nədir? Bəndə kimdir? Bəndəlik yolu ilə necə getmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Lüğət alimləri abadəti xüzu və zəlilliyin sonu mənasında məna edirlər. Onlar deyirlər: İbadət xuzu və təvazönün ən üstün mərhələsi olduğuna görə, yalnız o şəxsə layiqdir ki, ehsan və nemətin və vücud və təkamülün ən uca mərhələsi onda olsun. Bu cəhətdən Allahdan qeyrisinə olan ibadət şirkdir, çünki, ibadətdə ixlas baş verməmişdir.
Bəndəlik üç şeydə xülasələnir:
Birinci: budur ki, bəndə Allahın ona minnət qoyub və bağışladığı şeyi öz malı və özünü onun sahibi bilməsin. Ona görə ki, bəndələrin mülkü yoxdur. Malı Allah malı bilib və onu Allahın buyurduğu yerdə qoyarlar.
İkinci: Allah bəndəsi, özü üçün tədbir və plan tökməz.
Üçüncü: Bəndənin məşğuliyyətinin hamısı, Allahın ona əmr edib ya ondan nəhy etdiyi şeyə aid olsun. Bu sözlə, həm bəndəlik vilayət açarıdır və olur və həm də onu əldə etməyin yolu. Bəndəlik vilayət açarıdır və bəndə adı, adların ən yaxşısıdır. Kamil insan, Allahda fani və ilahi isimlərdə məğlub olan, Allah bəndəsidir.
Deməli Alahın bəndəsi o şəxsdir ki, Allaha itaət etmək onun şirinliyi və Allahın məhəbbəti onun ləzzəti olar. Öz Allahına ehtiyacını və öz əhvalatını ona deyə və öz təvəkkül və etimadın Allaha bağlaya.

Allah sizə yar olsun.
Sual (210) : Salamun əleykum.İnsan necə Allahın sevimlisi ola bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allaha dostluq, iki formada təsəvvür olunur:
1. Bəndələrin Allahla dostluğu və allahın sevimli olmaları.
2. Allahın bəndələrlə dostluğu və onun sevimlisi olmaları. Bizim sualımız ikinci formaya aiddir. Əlbəttə varlıq aləminin bütün mövcudları allahın əsəri və məxlüqları olduqlarına görə, onun sevimlisidirlər. Amma ayə və rəvayətlərdə açıqlanan məhəbbətdən məqsəd, xüsusi bir mənadır ki, bəndənin hicablarının aradan getməsi və o müqəddəs zatın lütf və inayətində qərarlaşması mənasındadır.
Ayə və rəvayətlərdə bəzən Allahın sevimlisi olmağın yollarının ümumi meyarları ilə qarşılaşırıq. Məsələn, İslamın əziz Peyğəmbəri (s)- ə itaət etmək, ya uca Allahı sevmək, ya vacib və müstəhəblərə əməl edib, haram və məkruhları tərk etmək bəzən cüzi şeyləri və misdaqları, islamı rəvayətlərdən çıxara bilərik.
Digər sözlə, Allahın və qiyamət gününə iman, peyğəmbərləri (ə) və islam peyğəmbərlərini (s) təsdiq etmək məsum on iki imamın (ə) vilayətini qəbul etmək, küfr, şirk və nifaqdan çəkinmək və əqidə cəhətdən savadlı və elimli olmaq.
Islam dininə tam əməl etmək, dinin hökümlərinə əməl edərkən ayrı- seçkilik salmamaq, Allah, Peyğəmbər (s) və imamlara heç bir sorğu- sual olmadan və tam tabe olmaq, Allahın dininə və məxluqatına təcavüz və fəsad etməmək və əməl cəhətdən Allahı və Peyğəmbərləri(s)- i evmək. Əxlaq cəhətdən, nəfsi və batini bəyənilmiş rəftar və xüsusiyyətlərlə bəzəmək və zahirdə bəyənilməyən rəftar və xüsusiyyətləri aradan götürmək. Bunların hamısı Allahın, Peyğəmbərlərin və imamların yanında dərəcə əldə etmək, onların dərgahına yaxzınlaşmaq və sevimli olmağa səbəb olur. Bu insanın kamillik və hədəfə yetişməsi mənasındadır ki, ona görə yaranmışdır ki, "Qorbi indəllah"- dır.

Allah sizə yar olsun.
Go to TOP