Sual (161) : Salamun əleykum. Bir kitabda bildirilir ki, “Nüdbə” duasında şiəliklə uyuşmayan nöqtələr var. Və bu nöqtələr keysaniyyə firqəsinin əqidəsini xatırladır. Kitabda belə yazılır: “Nüdbə” duasında həzrət Mehdiyə (ə) müraciətlə soruşulur: “Bilmirəm haradasan, harada qərar tutmusan? Rəzəvi, yoxsa Zi-tuva dağındasan?” Başa düşmürəm ki, bir çox dini mərasimlərdə əsrin imamına müraciətlə oxunan bu duada nə üçün o Zi-tuva və Rəzəvi dağında axtarılır? Axı bu yerlər keysaniyyə firqəsinin əsrin imamı hesab etdiyi Məhəmməd Hənəfiyyənin yeridir? Onların əqidəsinə görə Məhəmməd Hənəfiyyə məhz bu dağda qeybə çəkilmişdir və oradan da zühur edəcəkdir. Həmin firqədən olanlar bu dağın ətəyində və ya üzü bu dağa dua edərək onun zühur edib qiyam qaldırmasını diləyirlər. Axı həzrət Mehdinin (ə) bu dağla hansı bağlılığı var? Axı o, məxsus bir yerə sığınmamışdır?! Biz inanırıq ki, o hər yerdədir və hər şeyi görür. Sadəcə, biz onu tanımırıq. Ona görə də həzrətin harada gizlənməsi barədə danışmaq on iki imamçı şiələrin əqidəsi ilə uyğun deyil.” Bu duanı dəqiq şəkildə mütaliə etdikdə görürük ki, duanın ortasında rabitəsiz olaraq qeybdə olan imama müraciət edilir. Belə bir müraciət nə dərəcədə düzgündür?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Doğrudan da, “Nüdbə” duası maraqlı və mənalı dualardan biridir. Bu dua olduqca məntiqli, rəvan və nizamlıdır. Mahiyyət baxımından “Nüdbə” duası elmi, inqilabi, etiqadi, siyasi, eləcə də həssas bir duadır. Əgər bu duadakı ifadələrin dərin məfhumuna yol tapa bilsək, onun ictimai mübarizələrdə ilham mənbəyi olduğunu anlayarıq.
Duada həzrət Peyğəmbərin (s) besətinin fəlsəfəsinə, onların qısa tarixçəsinə, həzrət Peyğəmbərin (s) qiyamına Əmirəl-mömininin xilafətinə işarə olunur. Quran və rəvayətlərdən gətirilən canlı sübutlarla həmin xilafətin haqq olduğu sübuta yetirilir, eləcə də, imamların dəvəti növbə ilə yada salınır. Bu yolla duanı oxuyanın diqqəti həzrət Mehdinin (ə) qiyamına yönəldilir. Sonra isə aşiqanə bir tərzlə əsrin imamına xitab olunur. Onun qiyamına şövqün izharından sonra həzrətin islahedici inqilabı şərh edilir və dua bir neçə təsirli istəklə başa çatır. Duanın əsil mahiyyəti yuxarıda deyilənlərdir. Duanın keysaniyyə əqidəsinə oxşarlığı qətiyyətlə rədd olunmalıdır. Amma əvvəlcə həmin məzhəb haqqında bir qədər açıqlama vermək yaxşı olar. Sonra isə duanın özündən gətirilən dəlillərlə həmin yersiz irada cavab verək:
Keysaniyyə əqidə kitablarında bildirildiyi kimi, dörd imama inanan şiə firqəsidir. Onlar həzrət Əlinin (ə), imam Həsənin (ə), imam Hüseynin (ə) imamətini qəbul edir və iddia edirlər ki, Məhəmməd Hənəfiyyə də imamdır. Bu firqə ona görə keysaniyyə adlandırılmışdır ki, onun öndə gedənlərindən birinin adı Keysan olmuşdur. Bu şəxs özünü Əli (ə) aşiqi kimi tanıtdırmışdır. Bəziləri də Muxtar ibn Əbi Ubeydənin ləqəbinin Keysan olduğunu iddia edirlər. Qeyd edirlər ki, Muxtar da bu məzhəbin daşıyıcılarından olmuşdur.
Qeyd edək ki, keysaniyyə firqəsi bir neçə şöbəyə parçalanmışdır, amma onların ən məşhur şöbəsinin əqidəsinə görə Məhəmməd Hənəfiyyə hazırda diridir və Rəzəvi dağında, Mədinənin ətrafında yaşayır. Allah bu şəxsin ixtiyarında su, bal arıları qoymuşdur. Guya bu şəxs intizarında olduğumuz Mehdidir (ə) .
Bu firqənin ardıcıllarından olan məşhur Ərəb şairi Kəsir öz şerində imamların sayının dörd olduğunu bildirir. Sonra isə Məhəmməd Hənəfiyyənin Rəzəvi dağında qeybə çəkilməsinə işarə olunur. Bu gün həmin firqənin ardıcılları çox azdır.
Qayıdaq söhbətin əvvəlinə: Nüdbə duası qəti şəkildə keysaniyyə əqidəsini inkar edir və bu dua on iki imamçı şiə əqidəsinə tam uyğundur. Bəzi dəlillər göstərək:
1. Nüdbə duasının üç cümləsində həzrət Mehdinin (ə) ata-babalarına işarə olunur və bildirilir ki, o, Xədicənin, Fatimənin övladıdır. Hansı ki, Məhəmməd Hənəfiyyəni Xədicə və Fatimənin övladı hesab etmək olmaz. Onun anası Cəfər qızı Xəblə Hənəfiyyədir. Bəs Nüdbə duası hansı əsasla keysaniyyə əqidəsinə oxşadılır? Əgər şübhə yaradan Rəzəvi kəlməsidirsə, duadakı üç cümlə bütün şübhələri aradan qaldırmalıdır.
2. Duada oxuyuruq: “Haradadır imam Hüseynin (ə) övladları? Salehdən sonra saleh, doğruçudan sonra doğruçu? Haradadır Allaha doğru bir başqa yol? Bir başqa seçilmiş? Haradadır parlaq günəşlər, aylar, ulduzlar, haqq ayininin bayraqları elm və bilik sütunları? Sonra isə tək halda belə soruşulur: “Haradadır Allahın ehtiyata saxladığı...” Bu cümlələrdən aşkar şəkildə görünür ki, imam Hüseyndən sonra müxtəlif imamlar olmuşdur. Onların biri digərinin ardınca gələrək ümmətin islahı, onların Allaha doğru dəvəti, elm və bilik üçün qiyam etmişlər. Nəhayətdə isə Allahın son ehtiyatı tək şəkildə bəyan olunur.
Bütün bunları nəzərdə saxlayaraq “Nüdbə” duasına qarşı irad bildirmək yersizdir. Axı keysaniyyə əqidəsində olanlar imam Hüseynin (ə) övladlarını müqəddəs bilmirdilər. Onlar həqiqi imamları rəsmi şəkildə tanımır və Məhəmməd Hənəfiyyəni imam sayırdılar. Həzrət Əlinin (ə) vilayəti zikrindən sonra imamlara işarənin görməməzliyə vurulması təəccüb doğurur. Elə düşünürük ki, keysaniyyə əqidəsinin inkarı üçün yuxarıda zikr olunan cümlələr kifayətdir.
3. Duada həzrət Mehdiyə (ə) xitabən deyirik: “Canım sənə fəda olsun, gizlisən, amma bizsiz deyilsən; uzaqsan, amma ayrı deyilsən...” Bu cümlələrdə həzrət Mehdini (ə) öz yanımızda bilirik. Bu onu göstərir ki, biz həzrəti gözəgörünməz hesab etmirik. Biz inanırıq ki, o tanınmaz şəkildə cəmiyyətdə olur və sabit bir ünvanı yoxdur.
4. Yuxarıda deyilənlərdən məlum oldu ki, bu duada ardıcıl şəkildə keysaniyyə firqəsinin xürafi əqidəsi inkar olunur. Dua on iki imamçı şiə əqidəsi ilə tam uyğundur.
İndi isə Rəzəvi kəlməsini araşdıraq. Məşhur yazıçı Yaqut Həməvi Bəqdadi yazır: “Rəzəvi Mədinə ətrafında bir dağdır. Rəzəvi ona mənsub olana deyilir. Həzrət Peyğəmbər (s) bu dağ haqqında buyurmuşdur: “Rəzəvi Allahın razı olduğu bir dağdır.” Sonra müqəddəs dağların adı çəkilir və deyilir: Əram ibn Əsbəh Sələmi deyir ki, Rəzəvi dağı ilə Yənbə arasında bir günlük məsafə var. Bu da Mədinənin yeddi mənzilliyindədir. Bu dağı seyr edənlərin biri xəbər verir ki, orada bol su və ağac var. Bu həmin dağdır ki, keysaniyyə tayfası Məhəmməd ibn Hənəfiyyənin orada olduğunu güman edir.
“Nüdbə” duasında Rəzəvi kəlməsindən sonra işlənmiş “Zi-tuva” kəlməsi Məkkə ətrafındakı dağlardandır. Onunla Məkkə arasında bir fərsəx məsafə var. Bu dağdan Məkkədəki evlər görünür.
İmam Baqirdən (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, həzrət Mehdi (ə) Zi-tuva yolu ilə Məkkəyə daxil olar, əvvəlcə Bədr mücahidləri sayda mücahidlərlə Kəbə evinin kənarına gələr, qələbə bayrağını orada dalğalandırar.
Yuxarıda deyilənlərdən məlum olur ki, Rəzəvi müqəddəs dağlardandır. Peyğəmbərdən nəql olunmuş rəvayət də bunu təsdiq edir.
Demək, Rəzəvi dağı keysaniyyə əqidəsindən daha çox on iki imamçı şiələrin əqidəsi ilə bağlıdır. Olsun ki, keysaniyyə tayfası öz məqsədlərinə çatmaq üçün bu dağın müqəddəsliyindən istifadə etmişlər. Ona görə də nüdbə duasında Rəzəvi dağının adının çəkilməsini keysaniyyə əqidəsi ilə yox, bu dağın müqəddəsliyi, onun müqəddəsliyi haqqında Peyğəmbər buyruğu ilə əlaqələndirmək lazımdır.
Deyilənlərə başqa bir sübut Zi-tuva dağının adının çəkilməsidir. Çünki bu dağın keysaniyyə əqidəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu da qeyd etmək lazımdır ki, “Nüdbə” duasında həmin iki dağın adı çəkiləndən sonra “və başqaları” ifadəsi işlənmişdir. Demək, keysaniyyə düşüncəsinin əksinə olaraq, on iki imamçı şiələrin əqidəsinə görə həzrət Mehdinin (ə) xüsusi bir məkanı yoxdur. O bütün yer üzündə ola bilər. O öz babası həzrət Peyğəmbər (s) kimi həm Həra dağında, həm Kəbədə, həm Mədinədə, həm də yer üzünün başqa nöqtələrində ola bilər. Biz ümid edirik ki, bu sayaq xırda iradı olan kəslər öz suallarını geniş müzakirəyə çıxarmazdan qabaq, mütəxəssislərlə məsləhətləşəcəklər. Mütəxəssislər onları qane etməyəcəyi təqdirdə həmin sualı azad şəkildə bildirmək olar. Qaneedici cavab olduqda isə bu sayaq suallarla insanların düşüncə rahatlığını pozmamaq daha yaxşıdır.
Qeyd etmək lazımdır ki, “Nüdbə” duası haqqında tərtib olunmuş bir kitabçada təəccüb doğuran bəzi iradlar olunmuşdur. Bu yersiz iradların heç bir elmi əsası yoxdur. Onlardan bəzilərini nəzərdən keçirək:
Duanın mətnində belə bir cümlə var: “Məhəmmədin (s) ailəsi ilə dostluğu onun üçün mükafat qərar verdin və Quranda buyurdun ki, sizdən dostluqdan savay əvəz istəmirəm” ayəsi ilə ziddiyət təşkil edir. Guya Quranda heç bir əvəz istənilmədiyi halda, duada belə bir istək bəyan olunmuşdur. Hansı ki, duada irad tutulan cümlənin davamında izahat verilərək deyilir: “Sizdən əvəz olaraq istədiyim mənim yox, sizin xeyrinizədir...” Bundan əlavə, Əhli-beytlə dostluq məsələsinə Quranda da toxunulmuşdur. Bu dostluq bəşəriyyətə doğru yolu tapmaqda bir köməkçidir. Demək, həqiqətən də, həzrət Peyğəmbər öz Peyğəmbərliyinin müqabilində heç bir əvəz istəməmişdir. İstədikləri isə yalnız və yalnız xalqın xeyiri üçündür.
Bir sözlə “Nüdbə” duasına münasibətdə irəli sürülən iradlar duanın mətninə diqqətsizlikdən qaynaqlanır.

Allah sizə yar olsun.
Sual (162) : Salamun əleykum. Bu gün şiə müsəlmanlar arasında geniş yayılmış “Nüdbə” duasının etibarlı bir mənbəsi varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nüdbə” duası mötəbər sənədə malik, ali, fəsih, dəyərli, könül oxşayan bir duadır. Əgər bu duanı oxuyan şəxs kamil agahlığa malik olarsa, onun oxuduğu dua cəmiyyəti islaha sövq edər, zülmlə mübarizəyə qaldırar.
Amma bəzilərinin bu duaya qarşı mənfi münasibətini anlamaq olmur. Bəzən onun mətninə, bəzən də onun mənbələrinə hücum edilir. Hansı ki, onun nə məzmununda bir nöqsan var, nə də sənədi etibarsızdır. Bu dua daha çox keysaniyyə əqidəsinə oxşarlığına görə tənqid olunmuşdur. Əvvəlcə ən əsas iradlardan birinə cavab veririk:
Bəziləri duanı “Onun ruhunu səmalara apardın” cümləsini şiə əqidəsinə uyğun saymırlar. Bildirirlər ki, merac təkcə ruha aid deyil. Amma duanın mətninə diqqətlə nəzər salsaq, uyğun irad yersiz görünər. Duanın ən ilkin mənbələrindən biri Məhəmməd ibn Cəfər əl Məşhədinin “Məzare-kəbir” kitabıdır. Bu alim altıncı əsr alimlərindəndir. Onun kitabında duanın uyğun cümləsi belə ifadə olunmuşdur: “Onu səmalara meraca apardın.” Həmin mətndə ruh sözü işlədilməmişdir.
Duanın ikinci qədim nüsxəsi “Məzare-qədim” kitabındadır. Bu kitabın da müəllifi altıncı əsrdə yaşamışdır. Həmin kitabda da uyğun cümlə “Onu göylərə meraca apardın” kimi işlənmişdir.
Yalnız Seyyid ibn Tavusun “Misbahuz-zair” kitabında “ruh” sözü işlədilmişdir. Demək, duanın ilk üç mənbəsindən (sənədindən) ikisində ruh kəlməsi işlədilməmişdir.
Üçüncü mətnin də müxtəlif nüsxələri vardır. Bugünkü dua kitabları da həmin mənbədən götürüldüyündən uyğun cümlədə ruh kəlməsi işlədilmişdir. Duanın ilk mənbələrində isə ruh kəlməsi yoxdur.
Yuxarıda qeyd edildiyi kimi, dua üç məşhur kitabda verilmişdir: 1. Altıncı əsrin məşhur mühəddisi Məhəmməd ibn Cəfər əl Məşhədinin “Məzare-kəbir” kitabı; 2. “Ehticac” kitabının müəllifi mərhum Təbərsinin “Məzare-qədim” kitabı; 3. Seyyid Rəziyyəddin ibn Tavusun “Misbahuz-zair” kitabı.
Mərhum Əllamə Məclisi də “Biharul-ənvar” kitabının iyirmi ikinci cildinin 262-ci səhifəsində həmin duanı nəql etmişdir. Hər üç kitabda dua Məhəmməd ibn Əliyy ibn Yəqub ibn İshaq ibn Əbi Qurzədən və Məhəmməd ibn Hüseyn ibn Süfyan əl Bəzəvfərdən nəql olunmuşdur. İkinci şəxs əsrin imamının kiçik qeybəti dövründə yaşamış və adətən, imamın naibləri vasitəsi ilə onunla təmasda olmuşdur. Müəllif bildirir ki, bu duanın oxunmasının həzrət Mehdi (ə) göstəriş vermişdir.
Duanı ilk dəfə nəql edən bu iki şəxs dövrünün mötəbər alimlərindəndir. Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzəvfəri şeyx Müfidin ustadlarındandır. Şeyx Müfid bu ustadı daim xoşluqla yad etmişdir. “Əz-zariə” kitabının müəllifi “Nüdbə” duasının Məhəmməd ibn Hüseyn Bəzəvfərinin kitabında verildiyini bildirir. Bəli, duanın mənbələri etibarlıdır. Uyğun dua hansısa az tanınmış şəxs tərəfindən nəql edilməmişdir. Əgər onun sənədləri mötəbər olmasa belə, vacib olmayan işlərin sənədinin araşdırılması zəruri deyil. Ona görə də uyğun duanın mənbələrinə bu qədər ciddi yanaşmağa dəyməz. Ciddi dəlillərə əsasən İslam alimləri müstəhəb işlərin və duaların mənbələrini son nöqtəyədək araşdırmırlar. Əgər uyğun məsələ məşhur bir kitabda nəql olunmuşdursa, bununla qənaətlənirlər. Bizim əlimizdə olan ən məşhur duaların da çoxunun yalnız bir mənbəsi vardır. Bu sahədə ciddi araşdırma aparanlar İslam fiqhinin uyğun qaydasından xəbərsizdirlər.
Uyğun duaya barışmaz münasibətlə yanaşan müəllif bildirir ki, hər kəs həmin duanın mənbəsini tapsa, onu on min tümən pulla mükafatlandıracaq. Müəllifin nəzərinə çatdırırıq ki, bu yazıları oxuduqdan sonra vəd etdiyi məbləğin heç olmaya onda birini yoxsullara paylasın ki, gələcəkdə uyğun məsələyə qayıtmasın.

Allah sizə yar olsun.
Sual (163) : Salamun əleykum. Nə üçün bu duada bütün imamların adı çəkilməmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu duada 12 imamın hər birinin adının çəkilməməsi onu gücdən salmır. İmamların adı birbəbir çəkilməsə də, onların üzləşdiyi çətinliklərə işarə olunmuşdur. Əslində duada zikr olunmuş müsibətlər hər bir imamın xalqın hidayəti yolunda çəkdiyi əziyyəti göstərir.
Allah sizə yar olsun.
Sual (164) : Salamun əleykum. “Nüdbə” duası haqqında hansı əsərlər yazılıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nüdbə” duası haqqında yazılmış əsərlərdən bəzilərini yada salaq: Sədrəddin Məhəmməd Həsəni Müdərris Yəzdi, “Şərhe-duaye-Nudbə”; Mirza Əbdür-Rəhim Təbrizi, “Əqdul-Cəmani linudbətən Sahibəzzaman”; Şeyx Əli Xoyi, “Vəsilətul-qurbə fi şərh duaun-nudbə”; Molla Həsən Turbəti Səbzvari, “Şərhe-duaye-nudbə”, Seyyid Məhmud Mərəşi, “Əl Nuxbəti fi şərhi-duaun-nudbə”; Sərdar Kabuli, “Şərhe duaye-nudbə” və s.
Allah sizə yar olsun.
Sual (165) : Salamun əleykum. “Nüdbə” duasını kimlər nəql etmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nüdbə” duası bir çox alim və hədisçilər tərəfindən nəql olunmuşdur. Onlardan bəziləri ilə tanış olaq: Şeyx Məşhədi, “Əl-Məzar”; Seyyid ibn Tavus, “Misbahul-Zair”; “İqbalul-Əmal”; Əllamə Məclisi, “Zadul-Məad”; Şeyx Cəmil Əbül-Fərəc Məhəmmədi ibn Əli ibn Yaqub ibn İshaq ibn Əbu-Qürrə Bənani; Şeyx Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan.
Mərhum Ayətullah Bürucirdi buyurur: “Ricalşünaslığın (hədisçiləri tanımağın) yollarından biri onların şagirdlərinin şəxsiyyətini tanımaqdır. Əgər Şeyx Müfid kimi bir şəxsin daim müəyyən bir şəxsə istinad etdiyini və ona irad tutmadığını görürüksə, bu özü həmin şəxsin etibarlılığını göstərir.”

Allah sizə yar olsun.
Sual (166) : Salamun əleykum. “Nüdbə” duasının rəvayətçisi imamın müasiri olmadığı halda bu duanı necə nəql edir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Kimsə iddia etmir ki, Əbu-Cəfər Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzufəri “Nüdbə” duasını vasitəçisiz nəql etmişdir. İmamdan rəvayət nəql etmək üçün onun müasiri olmaq zəruri deyil.
Biz əminik ki, bu duanı Bəzufəriyə istinadən nəql edənlər onun sənədini göstərməyi zəruri saymamışlar. Ya da Bəzufəri özü “Nüdbə” duası çox məşhur olduğundan onun sənədini göstərməyə ehtiyac duymamışdır.
Allah sizə yar olsun.
Sual (167) : Salamun əleykum. İbn Məşədi “Nüdbə” duasını Məhəmməd ibn Əbu-Qürrədən necə nəql etmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məhəmməd ibn Cəfər Məşhədi Məhəmməd ibn Əbu-Qürrənin müasiri olmamışdır. Sadəcə, Əbu-Qürrənin “Məzar” adında kitabı var və İbn-Məşhədi öz nəqlində bu kitaba əsaslana bilərdi.
Allah sizə yar olsun.
Sual (168) : Salamun əleykum. İbn-Məşhədi mötəbər sayılmışdırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
O, Əhməd ibn İdrisin şagirdlərindən sayılır. Və ustadından rəvayət nəql etmişdir. Şeyx Müfid həmin şəxsdən rəvayət nəql etdiyi üçün onu Şeyx Müfid tərəfindən etibarlı saymaq olar.
Bəzufəri haqqında rical kitablarında xüsusi bir qeyd yoxdursa da, o Şeyx Müfidin istinadgahı olduğundan və Şeyx ona dua etdiyindən onu etibarlı saymaq olar.

Allah sizə yar olsun.
Sual (169) : Salamun əleykum. “Nüdbə” duası hansı imamdandır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Zahirən, bu dua imam Sadiq (ə) tərəfindəndir. Bu həqiqəti mərhum Məclisi də təsdiqləyir. Amma bəzi mənbələrdən belə görünür ki, bu dua Sahibəzzamana aiddir. Belə bir qənaətə gələ bilərik ki, “Nüdbə” duası Sahibəzzaman tərəfindən yox, onun üçün yazılmışdır.
Belə bir ehtimal da var ki, Bəzufəri bu duanı əsrin məşhur rəvayətçilərindən olmuş atası Hüseyn ibn Əli ibn Süfyandan nəql etmişdir. Həmin şəxs dörd naib vasitəsi ilə Sahibəzzamanla rabitə saxlaya bilərdi.
Allah sizə yar olsun.
Sual (170) : Salamun əleykum. “Nüdbə” duasını şiə alimləri tərtib etməmişdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəziləri bu duanı şiə alimlərinə aid edirlər. Amma bu iddia bir sıra səbəblərdən batildir:
1. Bəzufəri rəvayətin davamında qeyd edir: “Belə görünür ki, bu dua məsum imam tərəfindən bəyan olunmuşdur. Çünki beş hökm (vaciblik, haramlıq, müstəhəblik, məkruhluq, mübahlıq) yalnız Allahın məsum övliyalarının səlahiyyətində olan işdir.
2. Dua üçün konkret bir vaxtın göstərilməsi onun məsumlar tərəfindən nəql olunduğunu bildirir.
3. Alimlər özlərindən bir dua və ya ziyarət yazdıqda bunu qeyd edirlər:
a) Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” kitabında həzrət Fatimə (s) üçün ziyarət nəql edir və bu barədə deyir: “Mən bu duanı həcc səfərində Mədinədə həzrət Fatimənin (s) qəbri kənarında oxudum. Amma həmin duaya xəbərlərdə rast gəlmədim...”
b) Seyyid ibn Tavus “Əl-İqbal” kitabında deyir: “İnşa etdiyimiz bu duanı süfrə başında oxuyuruq.”
v) Seyyid ibn Tavus başqa bir məqamda yazır: “Şəvvalda ayın görünməsi ilə bağlı deyilənləri “Əməluş-şer” kitabında inşa etdiyimiz duada bildirmişik...”
4. İbn-Məşədi “Əl-Məzar” kitabında deyir: “Mən bu kitabımda etibarlı rəvayətçilərin inşası olan ziyarətləri toplamışam.”
5. “Nüdbə” duasının Sahibəzzaman tərəfindən inşa olunub öz məktublarında Bəzufəriyə çatdırılması mümkündür.

Allah sizə yar olsun.
Go to TOP