Sual (81) : Salamun əleykum.Digər dinlər və millətlər xilaskarın zühuruna inanırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Xilaskarın zühuruna etiqad reallıq, ədalətin davamı, fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcuddur.

Məhəmməd Əmin Zeynəddin deyir: “Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslama aid deyil. Hələ islamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı “Mehdi”, onun islahçı dəvətini “Məhdəviyyət” adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır...”

Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq:

1. Yəhudilər Üzeyrin və ya Minhas ibn Azir ibn Harunun qayıdışına inanırlar;

2. Məsihilər İsanın qayıdışını gözləyirlər;

3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;

4. Hindular Fişnovanın qayıdışını gözləyirlər;

5. Məcusilər Uşidrin qayıdacağına inanırlar;

6. Buddistlər Buddanın zühuru intizarındadırlar...


Allah sizə yar olsun.
Sual (82) : Salamun əleykum.İncil kitablarında xilaskarın yardımçıları necə tanıtdırılır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Məsihilərin incil kitablarında bəşəriyyətin xilaskarın yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:

1. İtaət – Merqis İncilində deyilir: “Hər kəs bir körpə kimi Allahın ərşini qəbul etməsə, oraya daxil olmayacaq.” Uşaq kimi dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.

2. Hökmlərə əməl – Mətta İncilində deyilir: “Hər “ya Rəbb, ya Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə əməl edənlər səmalardadır.”

3. Yoxsulluq – Luqa İncilində deyilir: “Xoş olsun halınıza, ey fəqirlər! Sizin üçündür Allahın ərşi. Xoş olsun halınıza, ey aclar! Gələcəkdə tox olacaqsınız. Xoş olsun halınıza, ey ağlayanlar! Çünki gələcəkdə güləcəksiniz.” Səma mülkü (ərşi) dedikdə zühur dövrünün nəzərdə tutulması lazımdır.”
Allah sizə yar olsun.
Sual (83) : Salamun əleykum.Tövrat və İncil təhrif olduğu halda bu mənbələrə hansı əsasla istinad olunur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

1. Məhdəviyyət mövzusu ilə bağlı elə ayə və rəvayətlər mövcuddur ki, bu mövzunun isbatı üçün digər mənbələrə ehtiyac qalmır.

2. Digər səmavi kitablara müraciət edilməsinin səbəbi mövzunu isbata yetirmək yox, təsdiqləməkdir.

3. Digər müqəddəs kitablardakı müjdələrə müraciət etməkdə məqsəd həmin din ardıcıllarını haqq olan İslam dininə yönəltməkdir.

4. Kimsə iddia etmir ki, digər müqəddəs kitablar bütünlüklə təhrif olunmuşdur. Həmin kitabların yalnız müəyyən hissələrinin təhrifindən danışılır.

5. Digər səmavi kitablarda uyğun mövzu ilə bağlı məlumatların təhrif olunmamasının sübutu həmin məlumatlara İslam mənbələrində də işarə olunmasıdır.

6. Müqəddəs kitabların bəzi müjdələri tarixi gerçəkliklə uyğun gəlir. Məsələn, dünyanın xilaskarı İsmail nəslindən və ən üstün qadın nəslindən olan 12-ci imamdır. Onun dünyaya gəlişi siyasi çaxnaşmalar dövrünə təsadüf edir. Bu səbəbdən də Allah həmin xilaskarı zühur dövrünədək zalımlardan qoruyur.
Allah sizə yar olsun.
Sual (84) : Salamun əleykum.Məhdəviyyət hədislərinin düzgünlüyü kimlər tərəfindən təsdiqlənir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir qrup sünni alimi Məhdəviyyət hədislərini həqiqi sayır, onlardan bir qrupu isə bu hədisləri təvatir həddə bilir. Termizi, Əbu-Cəfər Əqili, Bərbəhari, Məhəmməd ibn Hüseyn Abiri, Hakim Nişapuri, Beyhəqi, Bəğəvi, İbn-Əsir, Qurtubi, İbn Mənzur, İbn-Təymiyyə, Cəmaləddin Məzzi, Zəhəbi, İbn Qəyyim Cəvziyyə, İbn-Kəsir, Təftazani, Nurəddin Heysəmi, Şeyx Məhəmməd Cəzri Şafei, Əhməd ibn Əbu-Bəkr Buysəri, İbn Həcər Əsqəlani, Süyuti, Şeyx Əbdül Vəhhab Şüərani, İbn Həcər Heytəmi, Mətqa Hindi, Şeyx Məri ibn Yusif Müqəddəsi Hənbəli, Məhəmməd ibn Əbdul Rəsul Bərzənçi, Məhəmməd Əbdül-Baqi Rəzəqani, Əbül-Əla İraqi, Şeyx Məhəmməd ibn Əhməd Səfarini Hənbəli, Seyyid Məhəmməd Mürtəza Zübeydi, Şeyx Məhəmməd ibn Əli Səbban, Məhəmməd Əmin Suyidi, Şəvkani, Məhəmməd ibn Həsən ibn Mömin Şəbələnçi, Əhməd ibn Zeyni Dehlan, Şihabəddin Əhməd ibn İsmail Əlvani Şafei, Əbül-Bərakat Alusi Hənəfi, Məhəmməd Bəlbəsi Şafei, Əbül-Təyyib Əzim Abadi, Məbar Kəfuri, Şeyx Mənsur Əli Nasif, Şeyx Xızr Hüseyn Misri, Əbül-Əla Məvdudi, Nasirəddin Əlbani, Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad, Şeyx Həmud ibn Əbdüllah Təvicəri, Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz Məhdəviyyət hədisini qəbul edən alimlərdəndir.
Allah sizə yar olsun.
Sual (85) : Salamun əleykum.Hansı səhabələr Məhdəviyyət hədisini nəql etmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Səhabələr arasında Məhdəviyyət hədisini nəql edənlər çoxdur. Onlardan bəzilərinin adını çəkək: İmam Əmirəl-möminin (ə), Əbu-Əmamə Bahili, Sudəy ibn Əclan, Əbu-Əyyub Ənsari, Əbu-Səid Xidri, Əbu-Səlmi, Əbül-Tüfeyl Amir ibn Vasilə, Əbu-Leyla, Əbu-Vail, Əbu-Hüreyrə, Ənəs ibn Malik, Suban Məvlan Rəsulullah, Cabir ibn Səmərə, Cabir ibn Əbdüllah Ənsari, Cabir ibn Əbdullah Sədəfi, imam Hüseyn ibn Əli, Səlman Farsi, Təlhə ibn Übeydüllah, Abbas ibn Əbdül-Mütəllib, Əbdürrəhman ibn Ouf, Əbdül-Rəhman ibn Hərs, Əbdullah ibn Abbas, Abdullah ibn Ömər ibn Xəttab, Əbdullah ibn Əmr ibn As, Əbdullah ibn Məsud, Osman ibn Əffan, Osman ibn Əbül-As, Əl-Qəmə ibn Əbdullah, Əli Əl-Hilali, Əmmar ibn Yasər, Ömər ibn Xəttab, İmran ibn Həsin, Əmr ibn As, Əmr ibn Mərrə Cəhəni, Ouf ibn Malik, Qətadə ibn Neman, Qərrə ibn Əyas Məzəni, Kəb ibn Əl-Qəmə, Məaz ibn Cəbəl, Fatimeye-Zəhra, Ümmü-Sələmə, Ayişə, Ümmü-Həbibə və başqaları
Allah sizə yar olsun.
Sual (86) : Salamun əleykum.Məhdəviyyət mövzusu hansı üsullarla bəyan olunmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Məhdəviyyət mövzusu müxtəlif firqələrin alimləri tərəfindən çeşidli şəkildə təsnif olunmuşdur:

1. Rəvayət yolu - Məhdəviyyət əhvalatının təfərrüatı qeybə iman nümunələrindən sayılır. Bu yolun bəzi səciyyələri var: Bəziləri yalnız Quran ayələrinin təfsiri sayılan hədislər nəql etmişlər. Bəzilərisə öz kitablarında Məhdəviyyətlə bağlı bütün hədisləri toplamışlar. Şiə və sünnilər ikinci yola hər biri xüsusi bir şəkildə yanaşmışdır.

İmamiyyə alimləri Məhdəviyyətlə bağlı mövzunu üç növdə bəyan etmişlər:

a) Şiələr tərəfindən nəql olunmuş hədislərə istinad edilmişdir. Misal olaraq “Kifayətul-muhtədi fi mərifətul-Məhdi”, “Biharul-ənvar” kitablarını göstərmək olar.

b) Şiə rəvayətlərinin sünnilər tərəfindən nəql olunmuş rəvayətlərlə təsdiqi. Nümunə olaraq “Kəşful-ğəmmə, “Əttəraif”, “İsbatul-hudat” kitablarını göstərmək olar.

v) Sünnilərə Məhdəviyyət mövzusunu qəbul etdirmək üçün yalnız sünni rəvayətlərinə istinad edilmişdir. Nümunə olaraq “Əl-Məhdi”, “Əl-Məhdiyyul-Məvludul-Muntəzər” kitablarını göstərmək olar. Sünnə əhli də uyğun məsələyə münasibətdə müxtəlif üsullardan istifadə etmişdir:

a) “Əxbarul-Məhdi”, “Camiul-əhadisul-varidə fil-Məhdi” kimi kitablarda yalnız sünni mənbələrinə istinad olunmuşdur.

b) Şiə və əhli-beyt rəvayətləri nəql olunmuşdur. “Əl-Məlahim”, “Əqdud-durər fi əxbarul-müntəzər”, “Əl-bürhan fi əlamətu Məhdi axiruz-zəman” kitablarını misal göstərmək olar.

v) İmamiyyə əqidəsinin sübutu üçün Məhdəviyyət məsələsində əhli-beyt (ə) rəvayətlərinə istinad olunmuşdur. “Yənabiul-məvəddət”, “Fəraidul-səmteyn” kitablarını misal göstərmək olar.

2. Dəlil və kəlam yolu – Bu yolla gedən müəlliflər Məhdəviyyət mövzusunu dəlillər əsasında bəyan etmişlər. Uyğun yanaşmanın məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaqdır. Misal olaraq Şeyx Müfidin kitablarını göstərmək olar. Seyyid Mürtəzanın “Əl-Müqniə fil-ğeybə”, Şəhid Seyyid Mühəmməd Baqir Sədrin “Bəhsun hovləl-Məhdi” kitabları da bu qəbildəndir.

3. Əlaqələndirmə yolu – Məhdəviyyət mövzusundakı üsullardan biri şiə əqidəsi ilə digər İslam məzhəbləri arasındakı yaxınlıq mövzusudur. Bu sayaq söhbətlərə Şeyx Müfidin, Seyyid Mürtəzanın, Şeyx Tusinin kitablarında rast gəlmək olar. Sırf bu mövzuda yazılmış kitablar arasında yeddinci əsr alimlərindən olan Əbu Əbdüllah Hümeydan ibn Yəhya Qasimi Həsəni, Şeyx Mehdi Fətlavi, Nəcməddin Əsgərinin kitabları mühüm yer tutur.

4. Tarixi təhlil yolu – Bu yolu seçən müəlliflər Məhdəviyyət mövzusunu müxtəlif tarixi yönümlərdən işıqlandırmışlar. Şəhid Seyyid Məhəmməd Sədrin “Tarixul-ğeybətul-Suğra”, «Tarixul-ğeybətul-kubra», «Tarix ma bədəl-zühur» kitabı uyğun üsulla yazılmış mühüm kitablardandır.

5. Dinlərarası yaxınlıq üsulu – Bəziləri Məhdəviyyət mövzusunu bəyan edərkən daha böyük miqyas götürmüş, müxtəlif dinlərdə uyğun mövzu ilə bağlı məlumatlara əsaslanmışdır. Doktor Sadiqinin “Bəşarətul-əhdeyn”, Seyyid Əyyubun “Əl-məsihul-Dəccal” kitabları uyğun üsulda yazılmış kitablardandır.

6. Tarixi fəlsəfə təhlili yolu – Bəziləri bu mövzuya tarixi təkamül prizmasından yanaşmışlar. Şəhid Mütəhhərinin “Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı” kitabı həmin qəbildəndir.

Allah sizə yar olsun.
Sual (87) : Salamun əleykum.Mehdilik iddiasının ortaya çıxması həmin zühurun labüdlüyünü göstərmirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Məhdəviyyət əqidəsi İslam cəmiyyətinə o qədər nüfuz etmişdir ki, hətta bəziləri bu əqidədən istifadə edərək Mehdilik iddiasına düşmüşlər. Xoşbəxtlikdən zaman ötdükcə belə yalan iddialar aradan qalxmışdır.

Əhməd Əmin Misri “Əl-Məhdiyyə fil-İslam” kitabında bildirir ki, Mehdilik iddiası bu əqidənin puçluğunu göstərir. Əslində isə belə deyil. Tarix boyu kimlərinsə Mehdilik iddiasına düşməsi bu əqidənin düzlük göstəricisidir və cəmiyyətdə uyğun əqidənin nüfuzundan danışır.

Bir sahədə yalançı iddiaçıların olması sübut götürülərsə, peyğəmbərlik məsələsi də şübhə altına düşər. Məgər tarixdə peyğəmbərlik iddiası edən yalançılar az olmuşdur?!
Allah sizə yar olsun.
Sual (88) : Salamun əleykum.Kimlər Mehdilik iddiasına düşmüşlər və kimlər Mehdi (ə) kimi tanıtdırılmışdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu sayaq iddia edənlər çox olmuşdur. Məsələn:

1. Muxtar tərəfindən Mehdi (ə) olması iddia edilən Məhəmməd ibn Hənəfiyyə;

2. Xalqın Mehdi (ə) kimi tanıtdırdığı Musa ibn Təlhə;

3. Bir çoxlarının Mehdi (ə) kimi tanıdığı Əbu-Haşim ibn Məhəmməd ibn Hənəfiyyə;

4. Ömər ibn Əbdül-Əziz;

5. Əbdüllah ibn Müaviyə ibn Əbdüllah ibn Cəfər;

6. İmam Sadiqin (ə) oğlu İsmail (Bəziləri onun ölümünü inkar etmiş və Mehdi (ə) olduğunu bildirmişlər);

7. Mötəzililərin Mehdi (ə) kimi tanıtdırdığı Məhəmməd ibn Əbdüllah ibn Həsən. Əbül-fərəc İsfəhani deyir: “Kimsə onun Mehdi (ə) olmasına şəkk etmədi. Hətta Bəni-haşimdən olanların bir dəstəsi ona beyət etdi.”

8. Mənsur Abbasinin oğlu Mehdi Abbasi. (Atası ona “Mehdi” ləqəbi vermişdi ki, bu bəhanə ilə xalqdan beyət ala bilsin).
Allah sizə yar olsun.
Sual (89) : Salamun əleykum.Şiələrin nəzərində on ikinci imamın qeybdə olmasına etiqad bütün imamət nəzəriyyəsində şübhə yaradırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Sualda ümumi şəkildə və konkret nümunənin təyin edilmədiyi halda “qeybət dövrünün imamət nəzəriyyəsi ilə təzadı” irəli çəkildiyinə görə, imamın vəzifələrində müəyyən ünvanları zikr etməli, sonra onun qeybət dövrü ilə uyğun gəlib-gəlməməsini təhlil edəcəyik.

İmamət – nübüvvətin davamıdır, fərqi də təkcə vəhyin (imama) nazil olmamasıdır. Bu məqam bütün nübüvvət vəzifələrini öhdəsinə alır ki, onların ən mühümü aşağıdakılardan ibarətdir:

1. İlahi hökumətin bərqərar edilməsi, insanların zalımların hakimiyyəti dairəsindən azad edilməsi.

Qiyam və hökumət təşkil edilməsi ictimai bir zərurət olduğundan, camaat tərəfindən qəbul olunan bir şəxsin rəhbərliyi ilə baş verməlidir. Buna əsasən, cəmiyyətin rəhbərindən tələb etmək olmaz ki, hər bir vəziyyətdə və şəraitdə hökumətin ələ keçirilməsi üçün tədbir görsün. Çünki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) hicrətdən əvvəlki dövrlərdə heç vaxt belə bir iş görməmişdi. Bu məsələnin də o həzrətin nübüvvəti ilə heç bir ziddiyyəti yox idi, əksinə, o dövrün ictimai anarxiyasından hekayət edirdi. İmam Zaman (əleyhis-salam)-ın qeybət dövrü də islamın əvvəllərində olduğu kimi, fitnə və qarışıqlıqla dolu olan bir dövrandır. Deməli, ictimai şəraitin mövcud olmadığı bir halda on ikinci imamdan qiyam etməsini tələb etmək yersiz bir tələbdir. Digər tərəfdən, gördüyümüz kimi, onun ən böyük və qabarıq xüsusiyyəti “haqq-ədalətin bərqərar edilməsi üçün qiyam” ünvan olunmuşdur. Deməli, o Həzrətin qeybət dövründə olması onun ilkin vəzifəsi ilə heç bir ziddiyyət təşkil etmir. Bunların hamısı da camaatın dindən uzaqlaşmasının və islamı qəbul etməkdə səhlənkarlıq və süstlüyünün nişanəsidir.

2. İlahi maarifin bəyan edilməsi və insanlara düz yolun göstərilməsi.

Bu, imamın ikinci vəzifəsidir ki, bəzən müəyyən yollarla, bəzən isə bilavasitə baş verir. Necə ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) mövcud çətinliklərə görə, o cümlədən, camaatın o Həzrəti görə bilmədiyi üçün ilahi maarifin bəyan və insanları haqqa doğru hidayət etmək üçün islam məsələlərindən agah olan əməlisaleh, təqvalı insanları müxtəlif məntəqələrə göndərirdi. Bu vəzifə də eynilə imam Zaman (əleyhis-salam)-ın kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblər təyin etməsi ilə baş verir. Bunlar imamın vəzifələrindən bir qismidir. Beləliklə, imam Zaman (əleyhis-salam)-ın qeybətdə olmasının bu kimi işlərlə ziddiyyətdə olmaması sübuta yetir. Amma o imamın faydaları və xeyir-bərəkətləri o həzrətin vəzifələrindən olduqca artıqdır ki, onun hazır və ya qaib olması dövrlərinə həsr edilmir.

İmam (əleyhis-salam) aləmin qütbü və döyünən ürəyi, yerin və göyün mərkəzi orbitidir. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) xanədanı çox buyurmuşlar ki, “əgər yer üzündə imam olmasaydı, yer öz sakinlərini udardı.”

İmam (əleyhis-salam) yerlə asiman arasında əlaqə vasitəsi, ilahi xeyir-bərəkətin nazil olma yeridir; onun duası qəbul olunur, niyyəti başdan-ayağa xeyir-bərəkətdən ibarətdir. Bu məsələyə hidayət imamlarının (əleyhimus-salam) ziyarətlərində çox işarə edilmişdir.

Tarix boyu Allahın layiqli, saleh bəndələrinin inadkar düşmənləri olub ki, onların da hamısının başçısı məlun İblisdir. İmam Zaman (əleyhis-salam) insanların ruhlarında və canlarında qüdsi təsərrüf etməklə onları günah bataqlığına düşməkdən xilas edir və onları düz yola istiqamətləndirir. Bunların hamısı qeybdə olan imamın xeyir-bərəkətlərinin bir qismidir. Bu, ümumi şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məşhur rəvayətində “bulud arxasında olan günəşə” təşbeh edilmişdir. Belə ki, insanlar o Həzrəti imam ünvanı ilə görmədən daim onun xeyir-bərəkətlərindən və feyzlərindən bəhrələnirlər.


Allah sizə yar olsun.
Sual (90) : Salamun əleykum.Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq.

O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam Həsən Əsgəri (əleyhis-salam) və anası Nərcis Xatundur. O, 255-ci hicri-qəməri ilində Samirra şəhərində dünyaya gəlmişdir.

İmam Zaman (əleyhis-salam)-ın həyatı dörd hissədən təşkil olunmuşdur: birinci dövr təvəllüdündən kiçik qeybət dövrünə qədərdir və beş ildən bir qədər artıq çəkmişdir. Sonuncu imamın tanıtdırılması və qeybət dövrünün fəlsəfəsinin bəyanı bu dövrün ən mühüm hadisələrindən olmuşdur.

İkinci dövr: 260-329-cu hicri illəridir və “kiçik qeybət dövrü” adlandırılır. camaatla əlaqəsinin məhdud olduğu bu dövrdə İmam Zaman (əleyhis-salam)-ın şiələrlə əlaqəsi özünün sayı 4 nəfərdən ibarət olan xüsusi səfirləri və naiblərinin vasitəsi ilə bərqərar olurdu. Bu dövrdə camaat səbir, ittihad və təqvaya dəvət olunmuş və İmamın böyük qeybət dövrü üçün hazırlanmışdılar.

Üçüncü dövr: İmam Zaman (əleyhis-salam)-ın axırıncı naibi və səfiri olan Əli ibni Məhəmməd Səmurinin vəfatından sonra başlanır və o həzrətin zühur edəcəyi dövrə qədər davam edir. Bu əsrdə camaatın İmam Zaman (əleyhis-salam)-la birbaşa əlaqəsi kəsilsə də, həmişə onun xüsusi mərhəmətləri sayəsində qərarlaşırlar. Bu dövr İmam Zaman (əleyhis-salam) tərəfindən ümumi naiblərin və ya şiə fəqihlərinin təyin edilmə dövrüdür.

“Yer üzünün qızıl əsri” adlanan dördüncü dövr isə, və cümə sübhündə “Qeybəti Kubra” dövrünün sona çatması ilə eyni zamanda və o həzrətin Məkkədə zühuru ilə başlanır. Bu dövr biçarələr, zülm altında inləyənlər asudə nəfəs alırlar. O əsr zalımların, təkəbbürlülərin, istismarçıların deyil, yer üzünün layiqli və saleh bəndələrinin dövranıdır; elə bir dövrdür ki, üstünlüyün yeganə meyarı mal-dövlət, sərvət, məqam, yaxud başqa bir şey deyil, yalnız təqva və saleh əməldir. Bu dövr İmam Zaman (əleyhis-salam)-ın təqribən iyirmi illik hökumətindən sonra şəhadət məqamına çatması ilə sona çatır ki, bu da paklıqların, mehribanlıqların bir daha qayıdışına şərait yaradacaqdır.

İmam Zaman (əleyhis-salam)-la əlaqədar nazil olan Quran ayələri az deyildir. Misal üçün, Allah-taala bir ayədə möminlərin dünya səviyyəli hökumətini və islamın bütün dinlərə tam və qəti qələbəsini müjdə verir. Bu barədə rəvayətlər də olduqca çoxdur. Belə ki, Şəhid Sədr yazır: “Sünnü və şiə mənbələrində İmam Zaman (əleyhis-salam)-la əlaqədar nəql olunan rəvayətlərin məcmusu altı mindən artıqdır. O cümlədən, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Məhdi mənim övladlarımdandır və onun üçün bir qeybət dövrü vardır... Bundan sonra gələcək və yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”

Rəvayətlərdə onun zühuru üçün konkret və qəti olmayan çoxlu əlamət və nişanələr qeyd olunmuşdur. O cümlədən:

1. Bəni-Haşimdən olan bir kişinin qiyamı;

2. Xorasanda qara bayraqların qaldırılması;

3. Dünya müharibələri və s.

Amma bəzi nişanələr də zühurun qəti əlamətləri kimi qeyd olunur. O cümlədən:

1. Süfyaninin irticaçı hərəkatı;

2. Asimandan ruh oxşayan nida;

3. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi və s
Allah sizə yar olsun.
Go to TOP