Sual (51) : Salamun əleykum. “Səfinə” hədisi imamın mövcudluğunu necə təsdiq edir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə (“Səfinə”) bənzətmişdir.

İbn Hucr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”[1]

Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum imam olmalıdır. Yalnız imamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.

Allah sizə yar olsun.

[1] “Səvaiqul-Muhriqə”, s. 234.

Sual (52) : Salamun əleykum. Məsih Dəccal kimdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət İsa kimi Dəccal da məsih adlandırılmışdır. Amma məsih sözü təklikdə işlədildikdə həzrət İsa nəzərdə tutulur. Məsih Dəccal elə tanınmış Dəccalın özüdür. Onun haqqında bəzi ehtimallar var:

Bu şəxs məsihiyyət bayrağı ilə zühur edəcək; оnun qiyamı bütün yer üzünü bürüyəcək; bu şəxs Məsihə qarşı çıxdığı üçün Məsih ləqəbi almışdır.

Allah sizə yar olsun.

Sual (53) : Salamun əleykum. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi “Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) məlumatlar var.

Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...[1]

Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.

Allah sizə yar olsun.

[1] “Bihar”, c. 53, s. 230.

Sual (54) : Salamun əleykum. Zühur əlamətləri ilə zühur şərtləri arasında hansı fərqlər var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zühur əlamətləri ilə zühur şərtləri arasındakı bəzi fərqləri nəzərdən keçirək:

1. Zühurun şərtlərdən asılılığı gerçəkdir. Yəni əgər şərtlər ödənməsə, zühur baş verməz. Amma zühurun əlamətlərdən asılılığı gerçək deyil. Əlamətlər zühur üçün bir növ kəşf yönümünə malikdir.

2. Əlamətlər bütün qeyb dövrü boyu gerçəkləşən pərakəndə hadisələrdir. Şəraitlər isə zühur vaxtınadək əlaqəli və davamlı qalacaq.

3. İnsan zühur şərtlərinə münasibətdə vəzifəlidir.

Allah sizə yar olsun.

Sual (55) : Salamun əleykum. Zühurun hansı əlamətləri nəql olunur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəvayətlərdə zühur mövzusunu araşdırdıqda onun bəzi əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək:

1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı;

2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə;

3. Bu mövzuda qeybi xəbərlər və onların həyata keçməsi ilə insanlarda əminlik yaranması;

4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər. Zühurla bağlı xəbərlər isə gerçəkləşdikdə onlar üçün qəti dəlil olur;

5. Zühur əlamətlərinin hər biri gerçəkləşdikdən sonra xalqın bu əqidəyə bağlılığı güclənir;

6. Zühur əlamətləri birbəbir gerçəkləşdikcə Allah-tәalanın kafirlərə qarşı ciddi əzmi də üzə çıxır;

7. Müsəlmanların zühura hazırlığı və bu qiyama zəmin yaratmaları üçün əlamətlərin müstəsna əhəmiyyəti var. Əlamətlər gerçəkləşdikcə müsəlmanların ruhi, siyasi və iqtisadi hazırlığı artır.

8. İnsanda qeybi xəbərlərə meyl olduğundan zühurla bağlı xəbərlər kahinlik kimi xurafatın qarşısını alır.

9. Zühur əlamətlərinin mühüm bir hissəsi İslamın siyasi gerçəkliklərindən sayılır. Məsullar öz strateji məsələlərinin araşdırılmasında bu əlamətlərə ciddi yanaşmış, proqramlarının tərtibində uyğun xəbərləri nəzərə almışlar.

10. Zühur əlamətləri mövzusu təkcə şiələrə və ya müsəlmanlara aid olan bir mövzu deyil. Bütün dinlərdə az və ya çox bu həqiqətə inam mövcuddur.

Alman yazıçısı Helsil “Xəbər və siyasət” kitabında yazır: “Biz məsihilər inanırıq ki, bəşər tarixi bir o qədər də uzaq olmayan gələcəkdə bir mərəkə ilə başa çatacaq. Həmin vaxt Məsih geri qayıdıb bütün diri və ölülərə hakim olacaq.”

Allah sizə yar olsun.

Sual (56) : Salamun əleykum. Əgər imamın varlığı lütfdürsə, nə üçün hər məntəqədə imam yoxdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əvvəla, kəlam elmində sübuta yetirilib ki, hər dövrdə birdən artıq imam ola bilməz. Çoxluq fəsad yaratdığından imam da çox ola bilməz. Əgər imam hakimiyyətə malikdirsə, bir neçə hakimiyyət, şübhəsiz ki, fəsadla nəticələnər.

İkincisi, həzrət Mehdinin (ə) varlığı ilə bağlı sadaladığımız lütflər bir nəfər vasitəsi ilə həyata keçə bilər. Bu səbəbdən də hər məntəqədə imama ehtiyac qalmır. Bəli, hər bir məntəqədə həqiqi din aliminin olması zəruridir.

Allah sizə yar olsun. 

Sual (57) : Salamun əleykum. İmam Mehdinin (ə) varlığı ilahi lütf əsasında necə sübut olunur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:

1. Bir baxımdan lütf iki qismə bölünür:

a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət yolunu seçir.

b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.

2. İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir.

Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır.

Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-tәala yer üzünü imamsız qoymaqdan daha ucadır.”[1]

Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?

1. Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının qarşısının alınmasıdır.”[2]

2. Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.

3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı şayiə yaydı.

4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr, ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün nümunə kamil və sağ imamdır.

Allah sizə yar olsun.

[1] “Bəsairul-dərəcat”, s. 285»

[2] “Kəşfül-qina”, s. 148»

Sual (58) : Salamun əleykum. Həzrət Mehdinin (ə) ömrünün uzunluğuna sünnə əhli etiraz edirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmamiyyə şiələri qəti dəlillər əsasında inanırlar ki, həzrət Mehdinin (ə) imaməti 255-ci ildən hazıradək davam edir. Bu etiqada əsasən insan 1000 ildən artıq yaşaya bilməlidir. Sünnə əhli isə buna şübhə ilə yanaşır və etiraz edir ki, insan bir bu qədər yaşaya bilməz. Onlar əslində şiələrin imamət və Məhdəviyyət etiqadını qəbul etmədiklərindən həzrət Mehdinin (ə) ömrünün uzunluğunu bəhanə gətirirlər. Onlar bu münasibətləri ilə əslində şiələrin Məhdəviyyət inancını sual altına alırlar. Saih Əli Hüseyn Məğribi deyir: “Sünnə əhli həzrət Mehdinin (ə) 1000 ildən çox yaşamasını tənqid edir və deyirlər: “Bəşəriyyətin bir bu qədər yaşaması görünməyib və buna heç bir dəlil yoxdur.”[1] Bu məsələni doktor Əhməd Mahmud Sülhi də etirazla qarşılamış və demişdir: “Mehdinin (ə) 1000 ildən artıq diri qalması Məhdəviyyət (ə) inancını zəiflədən səbəblərdəndir.”

Allah sizə yar olsun.

[1] “Tərasəna və məvazinul-nəqd”, s. 203.

Sual (59) : Salam Aleykum,Hz.Mehdi muasir silahla zuhur edecek yoxsa at ve qilincla?Allah razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi rəvayətlərdə bildirilir ki, həzrət qılıncla qiyam qaldıracaq. Bu baxış məqbul deyil. Çünki tək bir nəfər kütləvi qırğın silahlarına qarşı qılıncla dayana bilməz.

İmam Baqir (ə) buyurur: “Həzrət Mehdi (ə) babası peyğəmbərə qılıncla qiyamı, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi ilə oxşayır...”[1] Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa qılınc təbiri başqa bir şeyə işarədir?

Əvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında nə nöqsan var?!

İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.

Bu halda iki ehtimal yaranır. Həzrət ilahi möcüzə və mövcud silahlarla mübarizə aparacaq; həzrət nüvə mərkəzlərini möcüzə yolu ilə gücdən salacaq.

Üçüncüsü, bəzi rəvayətlərə əsasən, həzrətin səhabələrinin qılıncı bizim düşündüyümüz qılınc deyil. Nəzərdə tutulan qılınc dağı ikiyə bölməyə qadirdir. Bu elə bir qılıncdır ki, düşmən silahları onun qarşısında acizdir.

Dördüncüsü, həzrətin qələbəsi xalqın istiqbalı və düşmənlərin qorxusu ilə gerçəkləşə bilər. Qorxuya düşmüş düşmən silahını yerə qoyub qaçmağa üz tutar. Xüsusi ilə həzrətin möcüzələrini gördükdə anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.

Beşincisi, kim bilir ki, həzrət Mehdinin (ə) dövründə bugünkü silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud olan silah anbarı məhv ola bilər.

Altıncısı, kütləvi qırğın cəhalət nəticəsidir. Əgər həzrətin zühuru dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq.

Allah sizə yar olsun.

[1] “Bihar”, c. 51, s. 218.

Sual (60) : Salam ələykum. Fərəc intizarı nədir? təşəkkür edirik.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına, Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur.

Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin təkamülünə nikbinliklə, gələcəyə ümid və dünyanın sonuna bədbin baxışın rədd edilməsi ilə müşayiət olunur. (İslamdan fərqli olaraq bir çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).

Hər şeyin belə bir xoş sonluqla başa çatacağına ümid İslam rəvayətlərində “fərəc intizarı” adlandırılmışdır.
Allah sizə yar olsun.
Go to TOP