Sual (11) : Salamun alaykume.bu hedis sehihdi qiyamet gunu muxdar seqefi ceheneme geder hz peygember hz ali hz zehra hz hesen hecbiri muxdara wefaheci olmaz axrda hz huseyin wevayeci olar .onun ceheneme getmeyi imam huseynin qatilerinen hedi awaraq qisas allb.Allah razl olsun
Əleykumus-salam. Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir və belə hədislər Bəni-Üməyyənin uydurmalarıdır.
Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.

Allah sizə yar olsun.

Sual (12) : Salam. Peyğəmbər (s) Aişə ilə neçə yaşında evlənib? bu barədə dəqiq məlumat varmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə tədqiqatçıları əhli-sünnət kitablarına istinad edərək sübut edirlər ki, Aişə Peyğəmbərlə (s) evlənəndə 22 ya 24 yaşı olub. Onun 6 yaşında əqd etməyi və 9 yaşında evlənməyini Bəni-üməyyənin uydurduğu yalanlardan hesab edirlər. Aişənin Peyğəmbərdən (s) öncə başqası ilə evlənməyi şiə kitablarında yoxdur, amma əhli-sünnət alimi İbni Səd Təbəqatul-kübra kitabında Aişənin Cübeyr adlı şəxslə evli olduğunu yazır.

Allah sizə yar olsun.

Sual (13) : Salam aleykum.Xanim Aise ne sebebe hz.Eli.e.qarwi duwmencilik besleyirdi,Cemel doyuwunden evvel ve sonra da bu bele olub,hetta Onun ovladi Imam Hesen.e.defnine mane olub,bu kinin sebebi ne idi? chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Aişə xanımın İmam Əliyə (ə) qarşı olan düşmənçiliyi Peyğəmbər (s) zamanına qayıdır. Lakin Peyğəmbərin (s) İmam Əliyə (ə) olan məhəbbəti və himayəsi kin-küdurəti aşkar etməyə mane olurdu. Bu kin-küdurətin müxtəlif səbəbləri var. O səbəblərdən biri Aişənin övladının olmaması və Peyğəmbərin (ə) İmam Həsən və Hüseynə olan qayğısı və onları öz övladı bilməsi idi. Digər səbəb atasına xatir idi ki, Peyğəmbər (ə) İmam Əlini (ə) öz vəsisi qərar vermişdi və digər səhabələrdən üstün hesab edirdi. Peyğəmbər (s) İmam Əlinin (ə) qapısından başqa məscidə açılan bütün qapıları, hətta Əbubəkrin qapısını bağlatdırdı....

Allah sizə yar olsun.

Sual (14) : Salam aleykum. Sed ibn Ebu Veqqas Imam Hesenin yanina gelib bagislanmaq dileyib? Umumiyyetle tovbe edib axirda Eli ve Eli ovladlarina qarsi cixdigi ucun? Allah sizden razi olsun

Əleykumus-salam.

Səd ibni Əbi-Vəqqasın tövbə etməsi və bağışlanmaq diləmıyi ilə qarşılaşmadıq.

Allah sizə yar olsun.

Sual (15) : Salam aleykum.Men bir yerde oxudum ki,Zeydle aile quran Zeyneb dindar ve Allahdan qorxan bir qadin idi,amma Zeydi beyenmir ve pis davranirdi,mence burada ziddiyyet var,bir qadin dogurdan da Allahdan qorxsa en azindan bu qorxuya xatir erine hormet etmelidir,dinde var ki,qadin ailesini qorumaga cehd etmelidir.....demek Zeyneb o qeder de dine bagli deyildi,duzdur? sag olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) oğulluğu Zeydi evləndirmək istədi və bu məqsədlə öz bibisi qızı Zeynəbə elçilik etdi. Zeynəb əvvəlcə belə başa düşdü ki, Peyğəmbər (s) özü üçün istəyir və buna razılıq verdi. Lakin Zeydi biləndə razılıq vermədi və dedi ki, mən əsil-nəsəb cəhətindən ondan üstünəm. Ərəblər arasında belə adət var idi ki, əyanlar və hörmətli şəxslər qızlarını qula və azad olunmuşa vermirdilər. Zeynəb də Əbdülmüttəlibin nəvəsi olduğu üçün özü və qardaşı buna razılıq vermədilər. Quranda ayə nazil oldu: Əhzab/36. Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür.
Bu ayədən sonra batil adət aradan götürüldü və Zeynəb, Zeydlə ailə qurmağa razı oldu. Buna görədə bəziləri boşanmağın səbəbini Zeynəbin özünü üstün tutmaq ruhiyyəsində olduğunu bilirlər. Lakin bu nəzərə doğru gəlmir və bəzi arqumentlərə əsasən Zeydin əxlaqı xüsusiyyətləri bu boşanmağın əsas amilidir. Zeydin həyatına baxanda görürük o dəfələrlə evlənirdi və sonra boşayırdı. Zeydin müqəssir olmağına başqa bir sübut budur ki, Peyğəmbər (s) onun Zeynəbi başamaq fikrində olduğunu biləndə Zeydə deyir: Təqvalı ol və həyat yoldaşını saxla. Əgər Zeynəb müqəssir olsaydı Peyğəmbər (s) Zeydə nəsihət verməzdi.

Allah sizə yar olsun.

Sual (16) : Salam Aleykum,Hz.Xedice Peygemberle aile quranda dul olub yoxsa subay olub? tewekkur

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi tarixçilərin fikri budur ki, həzrəti Xədicə Rəsulullahla evlənməzdən öncə, iki dəfə evlənmiş və həyat yoldaşları vəfat etmişdir. Hətta o Həzrətin övladlarının adlarını öz tarix kitablarında qeyd ediblər. Bunu da qeyd edək ki, bu yalnış hadisəyə bəzi şiə kitablarında da rast gəlmək olur. Bu yalnış hadisəni qeyd edən şiə muəllifləri tarixçi deyillər və onların kitabı bu hadisənin düzlüyünə dəlil ola bilməz. Amma islam tarixi səhifələrində özünə xüsusi yer tutmuş mərhum Seyyid Mürtəza kimi şəxsiyyətlər bu hadisənin düzgün olmadığını vurğulayır. Bəzi əhli sünnə kitabları həzrəti Pyeğəmbərin ilk bakirə həyat yoldaşı, Ayişə olduğunu qeyd edirlər və bunula onun Peyğəmbərin digər xanımlardan üstün olduğunu bildirirlər. Peyğəmbərin həyatında ilk bakirə qadının xanım Xədicə olmasına olan dəlillərimiz:

1. Həzrəti Xədicənin ləqəblərindən biri Tahirədir. "Tahirə" qədim ərəb mədəniyyətində öz nəsil-nəcabətinin şərəfini qorumaq üçün heç kəsə ərə getməyən qadına deyərdilər.

2. İbn Şəhr Aşub Seyyid Murtəzadan belə nəql edir: Rəsulullah Xədicə ilə evlənəndə o "Duşizə" idi. (Duşizə ərə getməyən bakirə qadına deyərlər) Mənaqib ali Əbutalib, cild 1, s 138.

3. Min il öncə yaşamış şiə alimi Əbul-Qasim Kufi (vəfatı hicrətin 352-ci ili, İmam Cavadın (ə) nəticəsi olub) Əl-istiğasə kitabında yazır:  Xanıim Xədicəyə bütün qureyşin böyüklərindən və igidlərindən elçi gəlməyinə baxmayaraq, xanım onlara rədd cavabı vermişdi. Bu hadisədə bütün şiə və sünnü tarixçilərin nəzərləri birdir. Amma əliboş və heç bir sərvətə malik olmayan Peyğmbərlə evlənəndə, Qureyş qadınlarının məzzəmətinə məruz qalmışdı və onunla bütün əlaqələrini kəsmişdilər, çünki deyirdilər qureyşin sərvətli böyüklərinin təklifini qəbul etmədin, fəqir və kasıb birisinə ərə getdin. Belə bir sual yarana bilər ki, necə olur bəni-təmim qəbiləsindən heç bir imtiyazı olmayan sadə bir ərəblə evlənir amma  qureyşin böyükləri ilə evlənməsin. Əgər Xədicə öncədən evlənmiş olsaydı Peyğəmbərlə evlənəndən sonra onu məzəmmət etməyin yeri var idi? Əgər ərə getmiş olsaydı nə üçün o zaman məzəmmət etmədilər? Bir qadın kı, iki dəfə ərə getmiş ola (doğru olsa) nə əhəmiyyəti var idi ki, qureyşin bütün sərvətliləri və böyükləri ondan elçilik etsinlər? Buna görədə qureyş qadınları Xədicəni qınasınlar. Bəs nəticə alırıq ki, Xədicə Peyğəmbərdən başqa heç kəslə evlənməyib. (əl istiğasə, cild 1, s 70 və təbəqatul kubra, cild 1, s 133)

Amma niyə atası onu məcburi surətdə varlı Qureyş başçılarına ərə verməmişdi? Cavabı budur ki, xanım Xədicənin atası "Fəcra" döyüşündə həlak olmuş və o əmisi Vərəqət ibn Nofəlin himayəsində olmuşdur.

Həmçinin əhli-Sünnə alimi İsmail ibni Mühəmməd İsfəhani (vəfatı 535 hicri) Hz. Xədicənin bakirə olmağını aşkar yazır. Dəlailun-nübuvvə cild 1, səh 178.

4.Xanım Xədicəyə nisbət verilən ərlər və uşaqların adları qeyd olunan sənədlə də ixtilaflıdır və bir- birləri ilə uyğun deyillər. Məsələn: Hind qadın idi, yoxsa kişi? (xanıma nisbət verilən övlad) ya o Əbuhalənin övladı idi, ya Ətiqin? (xanıma nisbət verilən ərlər) Hind xanım Xədicənin övladı idi ya Əbuhalə və Ətiqin başqa arvaddan olan övladlarından biri idi, və ya Onu övladlığa göturmüşdü? (ətraflı məlumat üçün "əssəhihi min sirəti nəbiyəl əzəm"kitabına müraciət edə bilər. ikinci cild,səhifə 122.)

5.Tarixdə xanım Xədicənin təkcə Peyğəmbərlə (s) evlənməsinə, övladlarının sayına və adlarına kifayət qədər dəlilimiz var. Bundan əlavə xanım Xədicənin evlənməsinə heç bir tarixi şahidimiz yoxdur. Bunu da qeyd edək ki, xanım Xədicənin evində, onun vəfat etmiş bacısının övladları məskunlaşmışdı ki, xanım Xədicə Peyğəmbərələ (s) evləndikdən sonra onlara Məhəmmədin (s) övladları deyirdilər. Buna da ərəblərin içində adi baxılırdı. Hətta ərəblərdə başqasının uşağını özlərinə övladlığa götürmələri adət idi. Məsələn: Zeyd ibn Harisə Məhəmməd ibn Zeyd deyirdilər. (ətraflı məlumat üçün, bənatun nəbi əmm rubaibuhu”, kitabına müraciət edə bilərsiz. Müəllif Əllamə Seyyid Cəfər Murtəza).

Həzrəti Peyğəmbər besətdən 15 il qabaq rəbiyəl-əvvəl ayının 15- də xanım Xədicə ilə ailə qurumaqla o ləyaqətli xanımın Allah-taala yanında daha da məqamını ucaltdı. Dünya yaranan gündən elə bir toy mərasimi tapılmaz ki, Peyğəmbərlə (s) xanım Xədicənin toyu mislində bərəkətli olsun. Bu toyun bəhrəsindən dünya xanımlarının sərvəri olan Fatimeyi Zəhra (s) və onun on bir övladı dünyaya gəldi.

O gündən xanım Xədicənin Qureyş qadınları ilə ilk mübarizəsi başladı. Qureyş qadınları xanım Xədicəyə tənə vurur, onun şəxsiyyətini "əmi himayəsində böyüyən kimsə ilə evləndiyi üçün" pisləyirdilər. Buna baxmayaraq xanım Xədicə zəkalı cavabları ilə həzrəti Peyğəmbərin (s) məqamının nə qədər uca olduğunu onlara sübut edir və cavablarını layiqincə verib, onları susudururdu. Hətta bir dəfə məclis qurub, onları bu məclisə dəvət etdi. Məclisin sonunda ayağa qalxaraq üzünü Qureyş qadınlarına tutub sual etdi: "Ey Qureyş qadınları! Eşitmişəm siz və ərləriniz, mənim Məhəmmədlə (s) evlənməyimi pis mənalandırıb, bu işdə bizə irad tutursuz. Mən sizdən soruşuram, Məkkə və onun ətrafında Məhəmməddən (s) zəkalı, kamil, əxlaqlı və əmin bir şəxs tapılarmı? Məhəmməd barəsində eşitdikləriniz gözəl sifətləri, ondan başqası barəsində də eşitmisinizmi?

Məkkə qadınları öz səhflərini başa düşüb xanım Xədicənin sualları qarşısında susdular. Buna baxmayaraq bir cox Qureyş qadınları o ləyaqətli xanımı məzəmmət edir, onunla bütün əlaqələrini kəsmişdilər. Hətta ona salam belə vermirdilər. 

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Ebu hureyre Peygemberle nece il birlide olub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbu Hureyrə hicrətin 7-ci ilində islamı qəbul etdi, amma Peyğəmbərin (s) yanına 1 il neçə ay get-gəl etdi və nəql etdiyi hədislər də bu 2 ildən az müddətdədir.

Allah sizə yar olsun.

Sual (18) : Salam aleykum. Ibn Tavusdan revayetler varki onlara baxanda Muxtar Hz Huseynin qatillerinnen intiqam alanda onlara isgence verdiyi gorulur. Bu hedisler sehihdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[1]

Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[2]

O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[3]

Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[4]

Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.

a) Muxtarın mədh və tərifində olan hədislər

Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[5]

Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir.[6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.

2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[7]

3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!”[8]

b) Muxtarın məzəmmətinə dəlalət edən hədislər

Burada nümunə üçün üç rəvayəti qeyd edirik:

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.”[9]

2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi.[10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!”[11]

3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır.[12]

Muxtar alimlərin nəzərindən

Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:

a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir.[13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.”[14]

b) Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun.[15]

v) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi.[16]

v) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır.[17]

 

Muxtarın əqidəsi

Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:

عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: "یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ

1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]

2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]

Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]

Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.[21]

Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı

Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.

 Allah sizə yar olsun.

________________________________________

[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il

[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; "Biharul-ənvar", 45-ci cild, səh. 344

[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”

[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352

[5] “Biharul-ənvar", 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127

[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili

[7] “Biharul-ənvar", 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125

[8] “Rical”, Kəşşi, səh. 127

[9] "Biharul-ənvar", 45-ci cild, səh. 343

[10] “Rical”, Kəşşi, səh. 128

[11] Yenə orada, səh. 126

[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il

[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97

[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.

[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100

[16] “Rical”, İbni Davud, səh. 514

[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101

[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili

[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567

[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5

[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100

[22] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.

Sual (19) : Salam aleykum. Ibrahim Esterin axiri nece oldu? Muxtara beyetin pozandan sonra ne etdi? Hara getdi? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İbrahimin Muxtarla beyətin pozmağı doğru nəzərə gəlmir. Tarixdə də buna rast gəlməmişik ki, İbrahim beyətin pozsun. Çünki Muxtar Müsəbin qoşunu ilə müharibə edəndə İbrahim Muxtarın tərəfindən Mosulun hakimi idi. Muxtarın ondan kömək istəməyi tarixdə qeyd olunmur. Lakin Muxtar şəhid olandan sonra İbrahim Muxtarın qatili Müsəblə beyət edir. Əlbətdə bu beyətdən məqsədinin nə olmağını bilmirik, amma tarixdə işarə olunur ki, Həm Müsəb və Həm də Əbdulməlik Mərvan İbrahimə tamah salmışdılar. İbrahim dostları ilə məsləhət edib belə qərara gəlir ki, Müsəblə beyət etsin. Bəlkə də məqsədi bu idi ki, Müsəbin köməyi ilə əvvəlcə Bəni-üməyyənin şərrindən xilas olsun. Əbdulməlikin qoşunu Şamdan İraqa Müsəbin qoşunu ilə müharibəyə gəldi. Bağdadın yaxınlığında Şam qoşunu ilə İbrahim üz-üzə gəldi. Müsəbin qoşun başçıları satılsada İbrahim sona qədər vəfadar qaldı və şəhid oldu.

Allah sizə yar olsun.

Sual (20) : Salam aleykum. Tevvabinleri kimler idi? Allah olari bagislayar? Hedislerde onlar haqqinda ne deyilir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Təvvabin” imam Hüseynə (ə) yardım etmədiklərindən peşman olanlar və imam Hüseynin (ə) qanını (intiqamını) almaq istəyənlərdən idi. Dörd mindən ibarət imam Hüseynin (ə) intiqamını almaq istəyən bu qoşun 65-ci ilin rəbiüs-sani ayının ilk günündə “Nüxeylə”də düşərgə qurmuş və oradan Übeydullahın döyüşünə səfərbər edilmiş, “"Eynü Əbu-Vərdə" adlı bir məntəqədə Şamdan göndərilən böyük bir qoşunla vuruşub nəhayət, şəhidlik məqamına çatmışdılar.

Allah sizə yar olsun.

Go to TOP