Sual (51) : Salamun əleykum. Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan daha çox zəlalətdədir?
Allahın adı ilə.   
Əleykumus-salam.         

«Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət edənlər haqqında buyurulur: «Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər».

Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə tanrı edən insandan üstündürlər:

1. Düşünmə istedadından məhrum olan heyvanların nöqsanlı hərəkətləri bağışlana bilər;

2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından onlar üçün cəza da yoxdur;

3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;

4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə törətmək qüdrətində deyillər;

5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;

6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə varsa, elə də görünürlər.

Allah sizə yar olsun. 
Sual (52) : Salam. Kamil imana çatmağın yolu nədir? Indidən minnətdarlığımı bildirirəm.
Allahın adı ilə.   
Əleykumus-salam.        
İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur…
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra mə`lum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşayan Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.
Allah sizə yar olsun.
Sual (53) : Salam. Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.”
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
2. Dünyaya vurğunluq. “Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir.
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” Ayədən mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
4. Şeytanla dostluq. “Nisa” surəsində oxuyuruq: “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”
Allah sizə yar olsun. 
Go to TOP