Sual (31) :
Səlamun Əleykum.
Saytınızın kitabxanası nə vaxt aktiv olacaq?
Allahın adı ilə.
Əleykumus-salam.
Saytın kitabxanası neçə müddətdirki aktivdir. İnşəllah tezliklə danlodda mümkün olacaq.
Allah sizə yar olsun.
Sual (32) :
Salam,, men bu gece seher subh namazina yaxin yuxuda is yerimde otaqima daxil oluram cox pis qorxulu halda heyacanli halda dini kelamlar soyleyirem ve birden azan vermeye baslayiram yuksek sesle bir anda sag elime kitab verilir balaca ki sozleri unutsam burdan oxuyum kitab o halda verilir ki sozlerde cetinlik cekirem ve kitabi acib davam eleyirem amma cox oxuya bilmirem ani halda yuxudan ayiliram bunun menasini bolmek isderdim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı
doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız
yorğunluq yuxuları. Təəssüf
ki, yuxu yozmaqı bacarmırıq. İnşəllah yuxunuz xeyirlidir.
Allah sizə yar olsun.
Sual (33) :
Salam. Haram pulla məscid tikmək olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».
Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah-təala behiştdə onun üçün bina ucaldar».
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər»
Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir»
Allah sizə yar olsun.
Sual (34) :
Nə üçün dünyada həm çirkinlik, həm də gözəlliklər mövcuddur? Nə olardı ki, Allah-taala yalnız gözəllikləri yaradaydı?!
Bismillahir-rəhmanir-rəhim.
YARADILIŞDAKI FƏRQLƏR
Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu yaxşıdır, o isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çirkinliklərinə borcludur.
Allah sizə yar olsun.
Sual (35) :
Salam.Xahis ediremyuxu,yuxu yozumu ve yuxu gormek haqqinda melumat veresiniz
Allahın adı ilə.
Əleykumus-salam.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
Adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.
Yuxunu elə yuxu kimi qəbu edin. Hər bir halda, gördüyünüz yuxuları həmişə yaxşıya yozun, pis yuxu gördükdə sədəqə verin.
Allah sizə yar olsun.
Sual (36) :
Salamun əleykum. Mənim sualım "ələm"lə bağlıdır.(Məhərrəmlikdə üzərinə qara bayraqlar asilan,əl şəkilli taxtadan hazırlanmıs ələm) Bəzən bu ələmlər vasitəsilə olunan caduların yeri tapilir. Mən bilmək istərdim ki, buna inanmaq dogrudurmu? Dinimizdə ələm anlayisi varmı? Xahis edirəm mənə ətraflı cavab yazin.
Allahın adı ilə.
Əleykumus-salam.
İslamda müstəqil olaraq ələm (bayraq)
adlı müqəddəs sayılacaq bir dəyər yoxdur. Ələm anlayışı İslam ordusunun önündə gedən
sərkərdələrin əlində bayraq tutmasından irəli gəlmişdir. Ümumiyyətlə, keçmişdə hər
bir ordunun ələmdarı olmuşdur. Ələmdar (bayraqdar) ordunun sayılıb-seçilən döyüşçülərindən
biri olurmuş. İmam Hüseynin (ə) Kərbəladakı ələmdarı isə onun qardaşı hz. Əbəlfəzl
olub. O, Kərəbəlada böyük fədakarlıq göstərmiş, axırda isə hər iki qolu kəsilərək
İslam uğrunda şəhid olub. Daha sonralar isə Əhli-beyt (ə) sevərlər Kərbəla ələmdarını
və onun qollarının kəsilməsini yad edərək əza mərasimlərində əllərində bayraq (ələm)
tutmuşlar. Kimlərin isə bu ələmdən pis niyyətləri üçün istifadə etməsi xurafatdır.
Belə saxtakar insanlar İslam maarifindən xəbərsiz şəxsləri aldadaraq pul qazanmağa
başlamışlar. Belələrinə inanmaq əsla düzgün deyil.
Allah sizə yar olsun.
Sual (37) :
Salam. Cadu, tilsim, falaçma, Quaranla fala baxma nə qədər doğrudur və bunların məntiqi nədir? Onuda qeyd edim ki, bəzən onlarin dedikləri düz olur.
Allahın adı ilə.
Əleykumus-salam.
Cadu var, lakin günümüzdə onu bilən
adam ya yoxdur və ya da həddindən artiq azdir. Ona gorə də bu kimi şeylərə fikir
verməyin. Hər bir halda əgər cadunun edilməsinə əmin olsaniz, evdə üç dəfə Təkfir
surəsini oxuyun. Bu, cadunun üzə çixmasina səbəb olacaq.
Quranla yaliniz istixarə edilir. Yəni bir iş görmək istədikdə, məsləhət və şəvərətdən sonra ortaq nəticəyə gəlmədikdən sonra bir işi görüb görməmək üçün Quranla, təsbihlə istixarə edilir. Istixarədə konkret olaraq "yaxşidir" və ya '"pisdir" cavabi verilir. Kiminsə Quran vasitəsilə uzun-uzadi fal açması, gələcəkdən xəbər vərməsi həqiqqətə uygun deyil.
Allah sizə yar olsun.
Sual (38) :
Əssalamu əleykum. Əməl olunmayan imanın dəyəri varmı?
çox sağolun cavabınıza görə.
Allahın adı ilə.
Əleykumus-salam.
Quranda iman daim saleh əməllə yanışı xatırladılır. İmanla əməl iynə ilə sapın oxşarıdır. Sapsız iynə bir iş görə bilmədiyi kimi, əməlsiz iman da tə`sirsizdir. Qur`an buyurur: “Allahı sevirsinizsə, peyğəmbərə itaət edin.”
Çoxları özlərini imanlı hesab etsələr də saleh əməldən uzaqdırlar. “Allahı sevirik” deyirlər, amma onunla söhbətdən qaçır, namaz qılmırlar. “Əlini sevirik” deyirlər, amma özlərin ona oxşatmırlar. “Əsrin imamını gözləyirik” deyirlər, amma heç bir hazırlıq görmürlər. Aşiqlik iddiasında olanın mə`şuqu razı salması bu insanların sədaqətini şübhə altına alır. Nəql edirlər ki, qədim qul bazarlarından birində bir qula çox böyük qiymət qoyulmuşdu. Səbəbi bu idi ki, bu qul susamış adamı tanıyırdı. Bir tacir qulun bu xüsusiyyəti ilə maraqlanıb, onu alır. Bir qonaqlıq düzəldib, süfrəyə sudan başqa hər şey qoyur. Qonaqlar növbənöv xörəklərdən yeyib su istəyirlər. Kim ağzını açıb su istəyirsə, qul onun susuz olmadığını iddia edir. Nəhayət, qonaqlardan biri ayağa qalxıb su ardınca gedir. Qul gülümsəyib, “bəli, bu adam susuzdur” deyir.
Doğrudan da iddiasına sadiq olan insan yerində oturmur. İmana uyğun əməl etməyən şəxsi mö`min saymaq səhvdir.
Allah sizə yar olsun.
Sual (39) :
Salamun eleykum. Sehr xürafatdır, yoxsa həqiqət?
Allahın adı ilə.
Əleykumus-salam.
«Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür.
Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur.
Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq.
Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar.
Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.
Allah sizə yar olsun.