1-Şiə fəqihlərinin hamısı öz fiqhi kitablarında – istər istidlali, istərsə də sair kitablarda – aşkar şəkildə qeyd etmişlər ki, Əli (ə)-ın vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyildir və heç kəsin, onu əzan və iqamənin tərkib hissəsi ünvanı ilə dilə gətirməyə haqqı yoxdur.
2-Qur`an nəzərindən Əli (ə) Allahın dostlarından biridir və elə aşağıdakı ayədə də onun mö`minlər üzərində vilayət haqqına işarə olaraq buyurulur:
اِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَ الَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ راكِعُونَ
“Sizin rəhbəriniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılaraq ruku halında zəkat verən şəxslərdir.”[1]
Sünnülərin “Sihah” və “Müsnəd” kitablarında nəql etdikləri rəvayətlərdə aşkar şəkildə qeyd edilir ki, yuxarıdakı ayə Əli (ə)-ın öz üzüyünü rüku halında sailə (fəqirə) verdiyi zaman nazil olmuşdur.[2] Bu ayə Əli (ə)-ın şə`nində nazil olan zaman Həssan ibni Sabit o hadisəni nəzmə çəkdi:
وَ اَنْتَ الَّذِي اَعْطَيْتَ اِذْ اَنْتَ رَاكِعٌ فَدَتْكَ نُفُوسُ الْقَوْمِ يَا خَيْرَ رَاكِعٍ
فَاَنْزَلَ فِيكَ اللّهُ خَيْرَ وِلَايَةٍ وَ بَيْنَهُمَا فِي مُحْكَمَاتِ الشَّرَائِعِ
“Sən o kəssən ki, rüku halında bəxşiş etdin,
Canlar sənə fəda olsun, ey rüku edənlərin ən yaxşısı!
Allah ən yaxşı vilayəti sənin barəndə nazil etdi,
Və onu, şəriətin xələl yetməyən hökmlərində bəyan etdi.”
3-Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
اِنَّمَا الاَعْمَالُ بِالنِّيَّةِ
“Hər əməlin həqiqətinin me`yarı insanın niyyətinə bağlıdır.”
Deməli hərgah Əli (ə)-ın vilayəti Qur`anın aşkar şəkildə buyurduğu prinsiplərdən biri olsa, digər tərəfdən də cüz` olmasına e`tiqad olmadan deyilsə və azan-iqamənin bir hissəsi hesab olunmazsa onda bu həqiqətin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in risalətinə verilən şəhadət kəlməsi ilə yanaşı deyilməsinin nə eybi var?
Qeyd olunmalıdır ki, əgər azana bir cümlə artırılması bəyənilməyən bir işdirsə və elə buna görə də şiələrə irad tutulursa aşağıdakı halları necə izah edə bilərsiniz:
1-Düzgün tarixlərin verdiyi şəhadətə görə “həyyə əla xəyril-əməl” cümləsi əvvəllər azanın bir hissəsi olmuşdur.[3]Amma ikinci xəlifənin xilafəti dövründə camaat bunu eşitməklə namazın ən yaxşı əməl olduğunu bilib artıq cihada getmədiklərindən bə`ziləri onu azandan çıxartdılar.[4]
2-”Əssəlatu xəyrun minən-novm” cümləsi Peyğəmbər (s.ə.v.v)-in dövründə azanın bir hissəsi olmamış, sonralar ona əlavə edilmişdir.[5] Buna görə də Şafei “Əl-Üməm” kitabında deyir:
اَكْرَهُ فِي الآَذَانِ الصَّلَوةُ خَيْرٌ مِنَ النَّوْمِ لِاَنَّ اَبَا مَحْذُورَةَ لَمْ يَذْكُرْه
“Mən azanda “əssəlatu xəyrun minən-novm” cümləsini deməyi xoşlamıram, çünki Əbu Məhzurə (ravi və hədis söyləyənlərdən biridir) onu öz hədisində gətirməyibdir.”[6]
Allah sizə yar olsun.
[1] “Maidə” surəsi, ayə:55
[2] Bu ayənin şə`ni-nüzulu ilə əlaqədar sənədlər, qeyd olunacağından qat-qat artıqdır, lakin çoxlu mənbələrdən aşağıdakıları qeyd etmək olar: 1-”Təfsiri Təbəri”, 6-cı cild, səh.186æ 2-”Əhkamul-Qur`an” (Cəssasın təfsiri), 2-ci cild, səh.542æ 3-”Təfsiri Beyzavi”, 1-ci cild, səh.345æ 4-”Əddurrul-mənsur”, 2-ci cild, səh.293.
[3] “Kənzul-ummal”, kitabus-səlat, 4-cü cild, səh.266æ “Sünəni Beyhəqi”, 1-ci cild, səh.424 və 425, “Əl-müvəttəə” (Malik), 1-ci cild, səh.93.
[4] “Kənzul-irfan”, 2-ci cild, səh.158, “Əssiratil-mustəqim və cəvahirul-əxbar vəl-asar”, 2-ci cild, səh.192, “Şərhu təcrid” (Quşçi), imamət bəhsi, səh.484.
[5] “Kənzul-ummal”, kitabus-səlat 4-cü cild, səh.270.
[6] “Dəlailus-sidq”, 3-cü cild, səh.97
«İbrahim» surəsinin 18-ci ayəsində buyurulur: «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər». «Furqan» surəsinin 23-cü ayəsində isə belə oxuyuruq: «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərdik».
İmam Baqir (ə) buyurur: «Qiyamət günü Allah-təala ağ libas geymiş tək nura bürünmüş bir tayfa gətirər. Sonra «dağınıq toz zərrələrinə dönün» buyurar. Həmin nurda əsər-əlamət qalmaz». Hədisdə işarə olunan nur, kafirlərin dünya həyatında göründüyü xeyir işlərdir.
Rəvayətlərə əsasən günah savabın üstünü örtür. Məsələn, şərab içənlər haqqında buyurulur: «Şərab içən şəxsin əməlləri Allah dərgahında 40 gün qəbul olunmaz».
Kafirlərin xeyir işlərinin puça çıxması, tam məntiqə uyğundur. Təsəvvür edin ki, sizə atəş açan düşmənin gülləsi arxadan sizə hücum edən ayıya dəyir. Bu işinə görə ona təşəkkür düşürmü? Əlbəttə ki, yox! Kafirin xeyir əməli də belədir. Əgər o Allahı razı salmaq niyyəti ilə bir iş görsəydi, Allah da ona savab verərdi. Vəzifə, ad-san naminə xeyir iş görən insanın niyyəti saf deyil. Məsələn, deputat seçilmək istəyən biri kasıb-kusuba pul paylayır ki, əvəzində səs alsın. Onun niyyəti savab yox, səs qazanmaqdır. Bir səs ki, qiyamət səhnəsində eşidilməz!
Allah sizə yar olsun.