Sual (1) :
Salam. Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?
Allahın adı ilə.
Əleykumus-salam.
Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə mə`sumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər mə`sumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) bu baxımdan sevmişdir. O, Allahı sevənləri, eləcə də, Allahın sevdiklərini əziz tutmuşdur. Həzrət Fatimə (s) və həzrət Əlini (ə) bu məhəbbətin zirvəsində görən Peyğəmbər (s) onları sevməyə bilərdimi?!
Əhli-beyt sevgisi insanlara ona görə tövsiyə olunur ki, insanlar bu sevgi vasitəsi ilə Allaha yaxınlaşsınlar. Əgər Əhli-beyt Allah aşiqidirsə, onu sevənlər də bu eşqdən faydalanasıdır.
Fatimə (s) ucadır! Ona görə ucadır ki, Allah aşiqidir. Ona görə ucadır ki, Allah aşiqini sevən Allahı sevəsidir!
Allah sizə yar olsun.
Sual (2) :
Salamun əleykum. Kərbəlada qara qulam olmuşdurmu?
Allahın adı ilə.
Əleykumus-salam.
Bəli, Kərbəlada “Cun” adlı qara qulam olmuşdur. Cunu həzrət Əli (ə) alıb, Əbuzərə bağışlamışdı. Əbuzər Rəbəzə sürgünündə vəfat etdikdən sonra Cun həzrət Əlinin yanına qayıdıb Həsən və Hüseynə xidmət etmişdir.
Kərbəlada Aşura günü imamın məzlumiyyətin görən Cun onun yanına gəlib, döyüşə getmək üçün icazə istəmişdir. İmam (ə) ona belə cavab vermişdir: “Mən sənə icazə verirəm ki, geri qayıdasan. Çünki sən vuruşmaq üçün yox, bizim rahatlığımızı tə`min etmək üçün bizə qoşulmusan...”
Cun həzrətin ayaqlarına düşüb dedi: “Ey Peyğəmbər oğlu, necə ola bilər ki, rahatlıq vaxtı sizinlə olub, çətinlik vaxtı sizi tərk edəm?! And olsun Allaha, qara qanım sizin qanınıza qarışanacan sizdən ayrılmaram.” Nəhayət o, imamdan icazə alıb döyüş meydanına getdi və şücaətlə döyüşüb şəhid oldu.
İmamın (ə) köməkçiləri üçün ən ləzzətli hal imamın simasında seyr edərək ölmək idi. Həzrət can üstündə olan qulamın yanında oturub belə dua etdi: “Pərvərdigara, onun çöhrəsini ağ, qoxusunu xoş et, onu yaxşılarla məşhur buyur, onunla Peyğəmbər və ailəsi arasında yaxınlıq qərar ver.”
Kərbəlada digər bir qulamın olduğu da bildirilir. Bu qulam “türk” qulam kimi xatırlanır. Türk qulam döyüşərək şəhadətə yetmiş və İmam ona oğlu Əli Əkbər qədər vaysınmışdır. Üzünü qulamın üzünə qoyub, ona dua etmişdir.
Allah sizə yar olsun.