Sual (21) : Salamun əleykum.Əgər İslam dinindən sonra ondan əvvəlki dinlər gücdən düşürsə, nə üçün bəzi Quran ayələrində Allaha iman gətirib saleh iş görən yəhudilər və məsihilər də nicat tapmış hesab olunur? Bildirilir ki, belələri üçün qiyamət günü heç bir qəm-qüssə yoxdur. Deyilənlərdən belə bir nəticə çıxarmaq olarmı ki, İslamdan qabaqkı dindən olanlar Allaha iman gətirib saleh iş gördükdə nicat tapırlar? Məgər onların iman gətirdiyi dinlər gücdən düşməmişdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yaxşı olar ki, əvvəlcə uyğun ayələrə nəzər salaq, sonra isə onları araşdıraq: 1. “İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə iman gətirib, yaxşı iş görənlərin mükafatı Rəbbinin yanındadır. Onlar üçün heç bir qəm-qüssə yoxdur.”[127] 2. Şübhəsiz ki, iman gətirən yəhudilərdən, sabiilərdən və məsihilərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur, onlar qəm-qüssə görməzlər.”[128] 3. Həqiqətən, Allaha iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir...”[129] İlk baxışdan elə görünə bilər ki, Allaha iman gətirib, saleh iş görən, eləcə də, başqa dində olan insanlar qiyamət günü nicat tapacaqlar. Belə bir təsəvvür yarana bilər ki, Allaha doğru hansı yolla getməyin fərqi yoxdur. Hər bir kəs öz mənsub olduğu dinin yolu ilə nicat tapa bilər. Bütün bu fikirlər Quranı dərindən mütaliə etməyən insanlara məxsusudur. Amma bilməliyik ki, Quran həqiqətlərini anlamaq üçün bir ayəni götürüb, digər ayələrə nəzər salmadan nəticə çıxarmaq düzgün deyil. Ayənin həqiqi mənasını dərk etmək üçün onun nazil olduğu şəraiti, özündən əvvəlki və sonrakı ayələri mütaliə etmək lazımdır. Əgər İslam zühur etdikdən sonra ondan əvvəlki dinlər qüvvədə qalsaydı, İslam Peyğəmbəri (s) müxtəlif ölkə başçılarına dəvət məktubları ilə müraciət etməzdi. Axı həzrət (s) İslam dinini ümumbəşəri bir din kimi təbliğ edir, başqa dindən olanları İslamı qəbul etməyə çağırır. Həzrət Peyğəmbərin (s) məktubları və dəvətləri, müsəlmanların kitab əhli ilə uzun sürən savaşları bir daha təsdiq edir ki, İslam zühur etdikdən sonra əvvəlki Peyğəmbərlərin risaləsi tamam oldu və qiyamət günü İslamdan başqa bir din qəbul olunmayacaq. Bəs uyğun ayədə nəzərdə tutulan nədir? Ayədə icmali və təfsili olmaqla iki məsələyə toxunulur: 1. Əgər yəhudilər və məsihilər Allaha və qiyamət gününə doğrudan da iman gətirmişlərsə, öz kitablarına − tövrat və incildəki məlumatlara əsasən İslam Peyğəmbərinə (s) üz tutmalıdırlar. Çünki həm Tövratda, həm də İncildə İslam Peyğəmbərinin gəlişi ilə müjdə verilmiş, onun əlamətləri sadalanmışdır. Maraqlıdır ki, Qurani-məcid uyğun məsələyə yuxarıda zikr olunmuş ayədən qabaq toxunur: “De ki, ey kitab əhli! Tövrata, İncilə və Rəbbinin tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikdə siz heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən ( Quran) onlardan bir çoxunu yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma.”[130] Aydın görünür ki, uyğun səmavi kitaba diqqətə çağırılmasında məqsəd İslam Peyğəmbərinin risalətini önə çəkməkdir. Quranda bu məsələyə dəfələrlə işarə olunmuşdur. Bildirilir ki, əgər onlar, doğrudan da, Allaha və qiyamət gününə inanırlarsa, İslam Peyğəmbərinin ümumbəşəri risalətini qəbul etməlidirlər. Bir sözlə, Allaha və qiyamət gününə iman gətirib, öz səmavi kitabına inanan şəxs bilməlidir ki, İslam Peyğəmbərinin zühuru onun öz kitabının tərkib hissələrindən biridir. İslam Peyğəmbəri zühur etdikdən sonra yəhudilər və məsihilər öz kitablarının hökmünə əsasən növbəti dinə üz tutmalı idilər. 2. “Bəqərə” surəsinin uyğun ayəsindən məlum olur ki, ayədə öz Peyğəmbərlərinə həqiqətən iman gətirmiş kitab əhlinə müraciət olunur. Onlardan bəziləri yeni din zühur etdikdən sonra əvvəlki dində qalmaq qərarına gəldilər. Amma elələri də tapılmışdı ki, vaxtı ilə Musaya belə demişdi: “Allahı öz gözümüzlə görməsək, heç vaxt ona ibadət etmərik.” Bəni-İsrail bu sayaq rəftarlarına görə Allahın qəzəbinə düçar oldu.
 Başqa bir ayədə oxuyuruq: “Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular...”[131] Uyğun ayədən məlum olur ki, yalnız kitab əhlindən olub saleh iş görən o şəxslər nicat tapacaqlar ki, İslam Peyğəmbərindən qabaq yaşamışlar. Kitab əhlinə qurtuluş vəd edən ayənin İslam Peyğəmbəri (s) dövründə yaşayan insanlara aidiyyatı yoxdur. Ayənin nazil olma şəraiti də uyğun baxışı təsdiqləyir. Ayə nazil olan dövrdə bir çox müsəlmanlar öz ata-babalarının aqibətindən narahat olaraq, iztirab keçirirdilər. Onlar düşünürdülər ki, əgər yalnız İslam dini məqbuldursa, bəs onların ata-babalarının aqibəti necə olacaq? Həmin məqamda uyğun ayə nazil oldu və rəsmi elan edildi ki, öz əsrində Allaha və qiyamət gününə inanmış, saleh əməl etmiş insanlar qiyamət günü nicat tapacaqlar. Salman Farsi ilk dəfə həzrət Peyğəmbərin xidmətində olarkən Mosuldakı dostları və rəhbərləri haqqında danışaraq dedi: “Mosulun bütün rəhbərləri sizin besətiniz intizarında idilər. Təəssüf ki, sizi görməmişdən qabaq dünyaya gözlərini qapadılar.” Salmanın bu sözlərindən sonra oradakılardan biri dedi: “Onlar cəhənnəm əhlidir.” Bu sözlər Salmana ağır gəldi. Elə həmin məqamda yuxarıda haqqında danışdığımız ayə nazil oldu və elan edildi ki, həzrət Peyğəmbərin fəzilətli dövrünü görməmiş, keçmiş haqq dində olanlar nicat tapacaqlar. Bir sözlə, İslam Peyğəmbərindən qabaq öz dövrünün həqiqi ayinlərinə iman gətirib saleh işlər görənlər qiyamət günü nicat tapanlardandırlar. Aydın olur ki, ayədə bütün dinlərdən olanların bağışlanması nəzərdə tutulmur. Quranın həqiqi məfhumundan xəbərsiz olanlar elə düşünə bilərlər ki, bütün məzhəblərdən olan iman əhli nicat tapasıdır. “Həcc” surəsinin 17-ci ayəsinin deyilənlərlə heç bir əlaqəsi yoxdur. Ayədə yalnız bu bildirilir ki, Allah qiyamət günü dünyanın bütün millətləri arasında hakimlik edəcək. Uyğun ayə qiyamətdə bütün məzhəbdən olanların nicat tapacağına dəlil göstərilə bilməz.

Allah sizə yar olsun.
Sual (22) : Salamun əleykum.İslamdan qeyri dinlərin vasitəsi ilə mənəvi kamala çatmaq olarmı? Tövhidə çatmaq necə, mümkündürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hazırda dünyada mövcud olan dinlərin bəzilərində həqiqətlərin müəyyən bir qismi müşahidə olunsa da, lakin əsl tövhiddən ibarət olan kamil həqiqət yalnız islamın sayəsində müşahidə oluna bilər. Müddəamızın isbatına dair ən ümdə dəlil bu dinlərin mətnində əql ilə ziddiyyətli olan mətləblərin, təhrifin varlığı, mötəbər sənədin olmamağı; bunun müqabilində isə Quranın təhrif olunmaması, mötəbər tarix və sənədə malik olması İslamın hərtərəfli bir din olmasını, onun təlimlərinin sağlam əql və məntiq ilə tam uyğun gəldiyini göstərir.
Cavabın aydın olması üçün müəyyən məqamları qeyd etmək lazımdır. Hazırkı dünyada mövcud olan dinlərin çatışmaz, nöqsanlı və natamam olmasının, bunun müqabilində də İslamın haqq və üstün bir din olmasının dəlillərini araşdırmaq lazımdır:
a) İslamdan qeyri dinlərin nöqsanlı, natamam və çatışmaz olmasının dəlilləri
Dünyada mövcud olan digər dinlərin çatışmazlıq dəlillərini bəyan etməzdən öncə iki məsələni xatırladırıq:
Birincisi: Bizim məqsədimiz hazırda mövcud olan (ilahi) dinlərin hamısının bütünlükdə batil olması və onlarda heç bir haqq söz olmaması deyildir; əksinə məqsədimiz budur ki, bugünkü dinlərdə elə mətləblər vardır ki, sağlam əql və məntiq tərəfindən qəbul oluna bilməz və bu dinlər həqiqətin simasını tam şəkildə bəyan etməkdə yetərli deyildir.
İkincisi: Biz bu qısa məqalədə dünyanın iki mühüm dini olan məsihilik və yəhudilik dinində mövcud olan çatışmaz və nöqsanlı cəhətlərin cüzi bir qismini araşdırırıq. (Nəticədə qəbul və etibar baxımından bu iki dindən daha aşağı səviyyədə olan sair dinlərin etibar və dəyəri məlum olacaqdır.)
Hazırkı məsihi dininin həqiqətin kamil göstəricisi olmamasının dəlili aşağıdakılardır:
1. İncilin özü mütəvatir və onun sənədi qəti deyildir.
Həzrət İsa (əleyhis-salam) Bəni-israildən və dili ibri idi. O Həzrət nübüvvət iddiasını Beytul-müqəddəsdən başlamışdı. Oranın ibri dilli əhalisinin əksəriyyəti ona iman gətirmədi. Yalnız az bir qrup iman gətirmişdi ki, onların da barəsində bizim məlumatımız yoxdur. Amma Beytul-müqəddəs əhalisinin Yunan dilində danışan bir qrupu Kiçik Asiyadakı şəhərlərə dağılışaraq camaatı həzrət İsa (əleyhis-salam)-ın dininə dəvət etməyə başladılar və Yunan dilində çoxlu kitablar yazdılar. Həmin kitablarda müəyyən mətləbləri yerləşdirərək Yunan və Roma əhalisinə dedilər: “İsa filan-filan şeyləri demişdir.” İsa peyğəmbərin özünü görən, onun əməl və sözlərini müşahidə edən və onun dilini bilənlər də Fələstində idilər. Onlar həzrət İsanın peyğəmbərliyini qəbul etmədilər və Yunan dilində yazılan hekayələri saxta hesab etdilər. Bu kitabı və onu hekayələrini qəbul edənlər ucqar yerlərdə yaşayanlar idi. onlar nə Beytul-müqəddəs şəhərini görmüş, nə İsanı müşahidə etmiş, nə də onun dilini bilirdilər. Əgər İncildə yazılan əhvalatlar yalan da olsaydı, nə yazıçılar belə şeyləri yazmağa bir maneə görürdülər, nə də dinləyicilərin onu təkzib etməyə bir yolları var idi.
Misal üçün, Matta incilində deyilir ki, “Həzrət Məsih doğulan zaman şərqdən bir neçə məcus gəlib “Təzə dünyaya gələn yəhudi padşahı haradadır? Biz onun ulduzunu şərq tərəfdə görmüşük!” – deyə soruşdular. Uşağı onlara göstərmədilər. Gözlənilmədən həmin ulduzu asimanda hərəkət edən halda gördülər. O, həzrət İsanın dayandığı evin üzərinə gəldi. Bundan sonra bildilər ki, İsanın evi həmin evdir.”
Qəti şəkildə saxta olan belə hekayələri incildə yazır və rüsvayçılıqdan da qorxmurdular. Çünki onları Beytul-müqəddəs əhalisi üçün və ibri dilində yazmamışdılar; onu qəribələr üçün yazmışdılar və qəribələr üçün saxta sözləri çox demək olar. Hər kəsin təvəllüdü ilə bir ulduzun əmələ gəlib onun başı üzərində hərəkət etməsinə biz qəti şəkildə inanmırıq və heç bir münəccim də buna inanmır. Nə məcuslar, nə də onlardan qeyriləri belə bir əqidəyə malik deyildirlər.
Həmçinin qədim məsihilər həzrət İsanın öldürülməsi barəsində ixtilaf etmişdilər. Bəzi incillərdə qeyd olunur ki, ümumiyyətlə o həzrət öldürülməmişdir. Əgər hər hansı bir şəhərdə yaşayan məşhur bir şəxs qətlə yetirilsə, camaatın tərəfindən diqqət mərkəzində olduğundan, heç vaxt gizli qalmaz. Xüsusilə, onun dara çəkilməsi məsələsi. Amma incilin yazıçıları qəribələr üçün və məhz onların dilində yazmışdılar. Qəribələr də Beytul-müqəddəsdə deyildilər ki, onun öldürülüb-öldürülməməsi barədə həqiqətdən agah olsunlar. İncilin yazıçıları tam azad şəkildə məsləhət bildiyi və istədikləri şeyləri yazır və heç nədən qorxu hissi keçirmirdilər. Məsihi alimləri bu kimi ixtilafları aradan qaldırmaq üçün həzrət İsadan 300 il sonra məşvərət məclisi təşkil edərək belə rəy verdilər ki, mövcud incillərin arasından mətləbi (nisbətən) səhih olan dördü seçilsin. Yerdə qalanlar isə batil hesab edildi. O həzrətin öldürülməsi rədd olunan incillər də yazıldı və qeyri-rəsmi formaya düşdü.
2. Məsihi dininin nöqsanlı və çatışmaz olmasının ikinci dəlili hazırkı incil kitablarında çoxlu təzadlı halların olması və təhrifin varlığıdır. Əlavə məlumat almaq üçün mərhum Əllamə Şəraninin “Səadət yolu” kitabına, mərhum Fazil Hindinin “Əzhərul-Həqq” kitabına, Şəhid Haşimi Nejadın “Quran və digər səmavi kitablar” kitabına müraciət edə bilərsiniz.
3. Üçüncü dəlil məsihi etiqadlarından bəzilərinin əql və məntiq əsasları ilə uyğun gəlməməsidir.
Məsələn, onlar inanırlar ki, Oğul Ata insan şəklində təcəssüm etmiş, bəşəriyyətin günahını öz öhdəsinə almışdır. Onun xaçın əzab-əziyyətinə dözməsi bəndələrin günahlarının kəffarəsidir. Yuhənna incilində də deyilir: “Allah dünyaya çox məhəbbət etdiyinə görə onu Özünün yeganə oğluna verdi ki, hər kəs ona iman gətirsə, həlak olmasın (ölməsin); əksinə əbədi həyata malik olsun. Çünki Allah Öz oğlunu dünyada mühakimə yürütmək üçün yox, buna görə göndərdi ki, onun vasitəsi ilə dünyadakılar nicat tapsınlar.”
Yəhudi dini barəsində də çoxlu iradlı məsələlər vardır. Çünki əvvəla, Tövratın üç nüsxəsi vardır:
1. Birincisi ibrani nüsxəsidir ki, yəhudilərin və protestant alimlərinin nəzərində mötəbərdir.
2. Samiri nüsxəsi. O, samirilərin nəzərində mötəbər sayılır (Bəni-İsraildən digər bir qrup və tayfanın adıdır);
3. Yunan nüsxəsi. Bu nüsxə protestantdan qeyri məsihi alimləri üçün mötəbər sayılır.
Samirilərin nüsxəsi yalnız Musanın beş kitabına, eləcə də Yuşənin və davərlərin (hakimlərin) kitabına şamildir Əhd-ətiqin digər kitablarını mötəbər hesab etmirlər. Həzrəti Adəmlə Həzrəti Nuhun tufanına qədər olan zaman fasiləsi birinci nüsxədə 1656 il, ikinci nüsxədə 1307 il və üçüncü nüsxədə 1362 qeyd olunmuşdur. Deməli, bu üç nüsxəsinin hamısını səhih hesab etmək olmaz; əksinə onun yalnız biri mötəbər və səhih ola bilər. halbuki hansının səhih olması məlum deyildir.
61İkincisi, Tövratda elə məsələlər vardır ki, sağlam insan əqli onu qəbul edə bilməz. Misal üçün, tövratda Allah yol gedən, avaz (mahnı) oxuyan, yalan danışan, camaatı aladan bir insan kimi təqdim olunur. Çünki (guya) Adəmə demişdi ki, əgər yaxşılıq-pislik ağacından yesən, öləcəksən, lakin Adəm və Həvva onun meyvəsindən yedilər, amma ölmədilər, sadəcə yaxşı ilə pislərə agah oldular. Yaxud Allahın həzrət Yəqubla “güləşməsini” qeyd etmək olar ki, tövratda gəlmişdir.
b) İslamın üstün və haqq olmasının dəlilləri
1. İslam dininin möcüzəsinin canlı və əbədi olması. Bu dinin əsl möcüzəsi Qurandır. O, kitab, məntiq və elm növündəndir. Amma keçmiş peyğəmbərlərin (əleyhimus-salam) möcüzəsinə gəldikdə isə, hiss olunan işlər qəbilindən idi. Ona görə də Quran həmişə canlıdır və özünə arxalanır, həzrəti Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in hazır olub olmamasına bağlı deyildir. Buna görə də İslam dininin möcüzəsi əbədidir.
Quran bütün bəşəriyyəti mübarizəyə çağırmaq, mübariz tələb etməklə (buna təhəddi deyilir) eyni zamanda özünün həyat və əbədiliyini anbaan elan etmişdir: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizdə şəkk-şübhəniz olsa, onun kimi bir surə gətirin!” 
2. Quranın təhrif olunmaması. Yəni onda heç bir dəyişiklik icad edilməmişdir.
Allah-taala “Biz Özümüz də onu (Quranı) qoruyub hifz edəcəyik – deyə buyurmaqdan əlavə, Peyğəmbərin özü də onun dəqiq şəkildə qorunub saxlanmasına xüsusi maraq göstərirdi. Belə ki, əvvəla, vəhy katiblərindən bir dəstəsinə göstəriş vermişdi ki, ayə və surələri kağız üzərində yazsınlar. İkincisi, öz səhabə və köməkçilərini Quranın hifz olunmasına ciddi təşviq edirdi. Buna görə də o Həzrətin dövründə çoxları Quranı əzbərləmişdi. Üçüncüsü, o Həzrət camaatı Quran qiraətinə təşviq edir, rəğbətləndirir və buyururdu ki, Quranın kəlmələri hərəkə və təcvid baxımından dəqiq oxunmalıdır, nəinki mütaliə edərək məfhumunu əldə etmiş olsunlar. Bu kimi amillər Quranın hər növ təhrifdən amanda qalmasına səbəb olmuşdur.
3. İslamın haqq olmasını isbat etməyin üçüncü yolu Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xatəmiyyət məsələsinə diqqət yetirməklə aydın olur. Çünki İslam dininin mətinləri təkid edir ki, İslam Peyğəmbəri ilahi peyğəmbərlərin sonuncusudur və ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir.
Bütün bəşər cəmiyyətlərində bir sahibkarın və ya müdirin son göstərişi əməlin əsas meyarı qərar tutulur və icrası vacib sayılır. Yeni göstəriş gələn zaman əvvəlki göstərişlər öz-özünə ləğv olub qüvvədən düşür.
Digər dinlərin mənbə və mətnlərində onların peyğəmbərlərinin son ilahi peyğəmbər olması qeyd olunmur; əksinə onların hamısı İslam Peyğəmbərinin zühurunu müəyyən şəkildə öz ardıcıllarına müjdə vermiş bununla da öz dinlərinin müvəqqəti olmasını bəyan etmişlər.
4. İslam dininin hərtərəfli olması
İslam dini müxtəlif fərdi, ictimai, ruhi, maddi və mənəvi yönlərdə insanın həyatı üçün bir çox təlimlər və göstərişlər vermişdir. İslam dininin hərtərəfli və təlimlərinin ən üstün olmasını daha yaxşı dərk etmək üçün bu müqəddəs din ilə sair dinlərin mətn və mənbələrini müqayisə etmək kifayətdir. Belə olan halda İslam təlimlərinin hərtərəfli olması, etiqad, tövhid, Allahın sifətləri, fərdi və ictimai əxlaq, hüquq, iqtisadiyyat, siyasət, hakimiyyət və s. sahələrdə üstün və hərtərəfli olmasını aşkar görmək olar.
5. Hazırda dünyada mövcud olan dinlər arasında mötəbər və canlı tarixə malik olan yeganə din İslam dinidir. Belə ki, tarixçilər hətta Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in uşaqlıq dövrünün incəliklərini belə qələmə almışlar. Halbuki, sair dinlər tarixi cəhətdən mötəbər sənədə malik deyildir. Həmin cəhətə görə də bəzi qərb mütəfəkkirləri hətta həzrət İsa (əleyhis-salam)-ın varlığında belə, şəkk etmişlər. Əgər həzrət İsanın və sair peyğəmbərlərinin adı müsəlmanların ilahi kitabı olan Quranda gəlməsəydi, bəlkə də məsihi və yəhudi dini, eləcə də onların peyğəmbərləri bəşər cəmiyyətində bu qədər rəsmi şəkildə tanınıb irəli çəkilmədi.

Allah sizə yar olsun.
Sual (23) : Salamun əleykum.Nə üçün əvvəlki səmavi dinlərin qanunları tam şəkildə icra olunmayıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Cəmiyyətdə ədalətin və ilahi qanunların bərpası üçün iki mərhələdən keçmək zəruridir:

1. İctimai qanunların alim və adil kəs tərəfindən tənzimlənməsi mərhələsi: bu mərhələ peyğəmbərlərin və kitabların göndərilməsi ilə gerçəkləşmişdir.

2. İlahi qanunların tətbiq mərhələsi: bu mərhələnin gerçəkləşməsi üçün bəşər cəmiyyətində iki şərt ödənməlidir:

a) Bəşər cəmiyyətinin düşüncə baxımından kamala çatması və həmin qanunları dərk edib iman gətirməsi;

b) Bu qanunları icra edən şəxs alim, iqtidarlı və məsum olmalıdır ki, həmin qanunları bütün yer üzündə işə sala bilsin.
Allah sizə yar olsun.
Sual (24) : Digər dinlərin ardıcılları Qiyamət günü hansı meyara əsasən mühakimə olunacaqlar?
Allahın adı ilə.         
Digər din ardıcılları müxtəlif mərhələlərə bölünürlər. Məsələn, yəhudilik indiyə qədər bir neçə mərhələyə bölünür: Hz. Musadan (ə) hz. İsaya , hz. İsadan hz. Məhəmmədə (s), Hz. Məhəmməddən (s) indiyə qədər. Hər Ulul-əzm peyğəmbərin zamanından növbəti Ulul-əzm peyğəmbərə qədər həmin peyğəmbərin dini rəsmi din hesab olunur. Hz. Musanın zamanından hz. İsanın zamanına qədər yaşayan yəhudilər Bərzəx və Qiyamətdə Yəhudi dininə əsasən, hz. İsanın zamanından həzrət Məhəmmədin zamanına qədər yaşayanlar xristian dininə əsasən, hz. Məhəmmədin zamanından indiyə qədər yaşayanlarisə İslam dininə əsasaən mühakimə olunacaqlar. Digər dinləri də bu misala uyğun müqayisə edin.
Allah sizə yar olsun.
Go to TOP