Sual (91) : Dinlər tarixi dərsləri silsiləsində belə oxuyuruq: Qadağan olunmuş meyvə nədir? Bu meyvə Tövratın təsdiq və Quranın işarə etdiyi kimi elm və bəsirətdir. Quran ayələrinə əsasən, Allah Adəm və Həvvanı çağırdığı vaxt onlar öz utandıqlarından utanmadan cavab verirdilər. Amma elə ki qadağan olunmuş meyvədən yedilər öz çılpaqlıqlarından utanaraq gizləndilər. Əvvəlki günlərdə Allahdan qətiyyən utanmadıqları halda, həmin meyvəni yedikdən sonra çılpaqlıqlarından xəcalət çəkdilər. Demək, qadağan olunmuş meyvəni yedikdən sonra elm və bəsirət əldə etdilər. Belə çıxır ki, qadağan olunmuş ağac elm və bəsirət ağacı imiş. Görən Allah insanın qadağan olunmuş meyvədən yeməsini istəyirdimi? Başqa əhvalatlarda olduğu kimi, bu əhvalatla bağlı da “Allah istəmirdi” deyə bilmərik. Əgər Allah istəməsəydi, Adəmə həmin meyvədən yeməyə imkan verməzdi. Demək, Allah Adəmin həmin meyvədən yeməsini istəyirdi. Yalnız bu meyvədən yedikdən sonra həqiqi insan vücuda gəldi. Allah özü işi belə qurdu ki, bugünki və tarix boyu olmuş insan ərsəyə gəlsin. Yuxarıda deyilənlər həqiqətdirmi?
Allahın adı ilə.   
Uyğun dərslər haqqında bizə bir çox suallar ünvanlanmışdır. Suala aydınlıq gətirmək üçün bəzi məsələləri nəzərdən keçirməliyik:
1. Tövratın təhrif olunmasının əsas dəlillərindən biri budur ki, Tövrat Adəmin yaranışından danışarkən qadağan olunmuş ağacın elm və bəsirət ağacı olduğunu bildirir. Belə çıxır ki, bəşəriyyətin ilk və ən böyük günahı həmin elm və bəsirətə marağı olmuşdur. Bəlkə elə bu baxımdan da orta əsr kilsəsi elm və biliklə mübarizə aparmış, böyük alimlər üçün məhkəmələr qurmuşdur. Bunların fikrincə, Adəm ilk gün o qədər məlumatsız idi ki, hətta öz çılpaqlığından da utanmırdı. Guya qadağan olunmuş meyvədən yeyən kimi insan oldu və behiştdən, Allahın mərhəmət civarından qovuldu.
Bütün bunlar, heç şübhəsiz, xürafat, qaranlıq bir dövrün uydurmalarından başqa bir şey deyil. Əksinə, Quran buyurur: “(Allah) Adəmə bütün şeylərin adlarını öyrətdi” Quranın tanıtdırdığı Adəm Tövratın tanıtdırdığı Adəmdən köklü şəkildə fərqlənir. Quranın tanıtdırdığı Adəmin ən güclü tərəfi onun elm və bəsirəti idi. Quranın tanıtdırdığı Adəm həqiqi Adəm, Tövratın tanıtdırdığı Adəm isə böyük günahı elm olan Adəmdir. Bəli, Quran məntiqi Tövrat məntiqi ilə daban-dabana ziddir.
2. Tövratda deyilir ki, Adəm və Həvva ilk öncə çılpaq idilər və öz çılpaqlıqlarından utanmırdılar. Məgər Quranda belə bir məlumat görmüsünüzmü?! Əksinə, Quranda nəql olunur ki, Adəm və Həvva qadağan olunmuş ağacdan yeməmiş onların əynində libas vardı. Bu libas Allaha itaətsizlikdən sonra bədənlərindən töküldü və çılpaq qaldılar: “Ey Adəm oğulları, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxarmasın...” Başqa bir ayədə isə belə buyurulur: “Şeytan Adəm və Həvvanın örtülü yerlərini özlərinə göstərmək məqsədi ilə, dedi: “Rəbbiniz bu ağacı yalnız mələk olmadığınız və ya cənnətdə əbədi qalmamağınız üçün qadağan etmişdir.” Demək, Quranda qadağan olunmuş meyvədən yeyənədək Adəmin üryan və nadan olduğu bildirilmir. Quranın tanıtdırdığı Adəm ilk öncə geyimli, hörmətli insan idi.
Tövratın tanıtdırdığı Adəm isə ilk öncə çılpaq heyvanlardan fərqlənməyən bir varlıq idi. O, heyvan kimi öz çılpaqlığından çəkinmirdi. Bütün bunları nəzərə aldıqda heç vəchlə Quranla Tövratı eyniləşdirmək olmaz.
Ən təəccüblüsü isə “yemə” əmrinin “yeməlisən” əmri kimi verilməsidir. Əgər Adəmə həmin ağacdan yemək əmr olunmuşdusa, nə üçün bu ağac qadağan olunmuş ağac adlanır?!
Axı belə bir təfsir, mənalandırılma nəyə əsaslanır?! Onda başqa qadağalar haqqında da demək lazımdır ki, Allah qadağan olunmuş bir işin görülməsini istəmişdir. Məgər insan öz əməl və rəftarında azad deyilmi?! Bəli, Allah-təala insanı azad yaratmış, eyni zamanda onun tərbiyəsi üçün bir çox göstərişlər vermişdir. “İnsan bir işi görmüşsə, demək, Allah belə istəmişdir” fikri kökündən yanlışdır. Onda günahkarlara da bəraət qazandırmalıyıq.
Əziz oxucu, bu sayaq mövzuları geniş auditoriyaya çıxarmazdan qabaq, mütəxəssislərlə məsləhətləşmək yaxşı olmazdımı?! Əgər bir gənc uyğun mənbəni oxuyub inansa ki, Adəmə qadağan olunmuş ağac elm və bəsirət ağacı olmuşdur, onun elm və agahlığa münasibəti necə formalaşar? Əgər insan yalnız elm və bəsirəti səbəbindən behiştdən qovulursa, onda elm əldə etməyin faydası nədir?!
Həqiqət isə budur ki, qadağan olunmuş ağac həsəd, bir növ rəqabət ağacı olmuşdur. Bəzi rəvayətlərdə isə bu ağacın buğda butası olduğu bildirilir və onun imtahan məqsədi ilə qadağan edildiyi bəyan olunur.

Allah sizə yar olsun.
Sual (92) : Həzrəti Adəmlə (ə) Həvva əgər ibadət ediblərsə hansı dildə ediblər ?
Allahın adı ilə.   
Adəmin hansı dildə danışması dəqiq məlum deyil. Lakin ibri dilində Adəm sözünün mənası yer, tormaq deməkdir. Allah-taala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!“ (Zariyat, 56) Adəm həm bir insan və həm də peyğəmbər idi. O, bir peyğəmbər olaraq Allaha itaətsizlik edə bilməzdi. Habelə, Peyğəmbərin insanlara tərəf göndərilməsində əsas məqsəd onları hidayət etmək, Allaha ibadət və pərəstişə dəvət etməkdir. Necə ola bilər ki, Adəm özü ibadət etməsin, Amma insanları ibadətə dəvət etsin? Qurani-kərimdə Adəmin tövbə etməsinə işarə edilib: “(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.“ (Bəqərə, 37) Adəmin xüsusi kəlmələri dilə gətirməsi və daha sonra tövbə etməsi ibadətin bariz nümunələrindəndir. Allah-taala Adəmlə Həvvanın yerə enməsini və onlara hidayət göndərdiyini xatırlayaraq buyurur: “Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”. (Bəqərə, 38) Bu hidayət Allahın dini idi. Adəm də həmin hidayətə tabe olanlardan və Axirətdə əmin-amanlıqda olan şəxlərdəndir.
Allah sizə yar olsun.
Sual (93) : Salamun əleykum. Sualım Üzeyir peyğəmbər barəsindədir bilmək istiyirdim kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qurani-kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər». 
Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.
Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı hörmət mənasında verdiklərini iddia etsələr də, əslində, Allaha şərik qoşmuşdular.
İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular. 
İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə yəhudilər arasında belə bir əqidə nəzərə çarpmasa da, Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, tarixi gerçəklikdir.
Allah sizə yar olsun.   
Sual (94) : Salam. Məryəm nə üçün Allahdan ölüm istədi?
Allahın adı ilə. 
Əleykumus-salam.           
Bəşəriyyət tarixində bir insan əli toxunmadan, bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) anası Məryəmdir.
Cahil insanların dedi-qodusundan qorxan Məryəm haqqında Qurani-kərimdə belə buyurulur: «Doğum sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Məryəm dedi: «Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım».
Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini qorumaq onun üçün heç də asan deyildi. Məryəm elə düşünürdü ki, bu uşaq doğulan kimi cəmiyyət qarşısında rüsvay olacaq. Hansı ki, Məryəm üçün paklıq həyatından üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, Məryəmin öz iffətini qorumağa xatir atdığı bu addım bağışlana bilərdi. 
Öz sevimli bəndəsini çətinliklərlə sınağa çəkən Allahın bu bəndə üçün qarşıda hansı açılışlar hazırladığını ağlına gətirməyən insan, bəzən dözümsüzlük göstərir.
Bəziləri Məryəmin başına gələnlərə şübhə edib, «Möcüzə yalnız peyğəmbərlərə və imamlara aiddir», deyirlər. Onlar unudur ki, Məryəmin başına gələnlər, bilavasitə İsa peyğəmbərlə (s) bağlı idi. Bundan əlavə, möcüzədən başqa «kəramət» deyilən bir qeyri-adilik də var. Allah-təala istədiyi mömin bəndəni bu sifətlə mükafatlandırır.
Allah sizə yar olsun. 
Sual (95) : Salam. Yəhya peyğəmbərin başı kimə hədiyyə verildi?
Allahın adı ilə. 
Əleykumus-salam.         
Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı. Belə bir izdivacın ilahi qanunlara zidd olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün xalq bizdən danışır. Mən onun başından başqa hədiyyə istəmirəm».
Qızın eşqindən dəli-divanə olmuş padşahın gözləri tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.
Hədislərə əsasən imam Hüseyn (ə) buyurmuşdur: «Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın başını Bəni-İsraildən olan günahkar bir qadına hədiyyə etdilər».
Allah sizə yar olsun. 
Go to TOP