Sual (61) : Salam. Təvəssül nədeməkdir bu islam dininə görə şirk deyil? Allah razı olsun.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş−yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qur`ani-kərim buyurur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.” (Yusif, 97-98).
Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qur`ani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.
Allah sizə yar olsun. 
Sual (62) : Salamun əleykum. Qurani-kərimin bəzi ayələri şəfaəti mütləq şəkildə rədd edir. Məsələn; Bəqərə, 252: “Ey iman gətirənlər, alış-veriş, dostluq və şəfaət olmayan gün (Qiyamət günü) gəlib çatmamışkən, sizə ruzi olaraq verdiklərimizdən infaq edin.” cavablandırın xaiş edirəm.
Allahın adı ilə.
Əleykumus-salam.
Şəfaət Quranda sabit olunmuş və inkar olunmaz bir mövzudur. Və heç bir kəs onu inkar edə bilməz (Bəhsimizin əvvəlində bu ayələrə işarə olundu.) Lakin şəfaəti mütləq şəkildə rədd edən ayələrə gəldikdə isə;
1-Allahın icazəsi olmadan müstəqil olaraq hər hansı bir şəxsin etdiyi şəfaəti rədd etmək məqsədi daşıyır.
2-Şəfaətə layiq olmayan dəyərsiz insanları və bağışlanmaz pis əməl sahiblərinin barəsində olan şəfaəti rədd edir.
Şəfaət cəmiyyətin tərbiyə edilməsində, günahkar insanların doğru yola qayıtmasında və paklığa, haqqa doğru meyl edərək, bağışlanmağa ümidvar olmasında çox əhəmiyyətli bir amildir. Diqqət etmək lazımdır ki, şəfaət hesab-kitabsız bir iş olmayaraq, olduqca ölçülü-biçili bir məsələdir və yalnız şəfaət üçün layiqli insanlar şəfaət oluna bilərlər. Günah bataqlıqlarında boğulan, qərq olan şəxslər, şəfaət olunma hüququndan məhrumdurlar. Beləliklə, şəfaət günahkar insanlar üçün həm ümid, həm də, ciddi xəbərdarlıqdır. Günah sahibləri əncam verdikləri günahların bağışlanmasına ümidvar olmalı və eyni halda gələcək həyatlarında onları bir daha təkrar etməməyə çalışmalıdırlar.
Allah sizə yar olsun.
Sual (63) : Salam. Abdullah ibn Səba kimdir?nə vaxt yaşayıb? Və niyə şiəliyin yaradanı kimi tanıtdırılır sələlilər tərəfindən? Əvvəlcədən təşəkkür edirəm ALLAH köməyiniz olsun.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.
Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır.
Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır.
Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir:
“Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.
Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:
“Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”
İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir:
«Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»
Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik.
Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?!
Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.
Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər.
Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.
«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).
Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.
Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.
Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.
Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.
«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».
Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.
Allah sizə yar olsun. 
Go to TOP