Sual (101) : Salamun əleykum.Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən»   «Ənbiya» surəsi, ayə 83. .
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis bu böyük insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların «axı nə günah etmisən ki, belə bəlaya düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ çevrildi.

Allah sizə yar olsun.
Sual (102) : Salamun əleykum. Həddi aşmış ümməti tərk etmək olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Ey iman gətirmiş bəndələrim, (sizi incidib, əziyyət verilərsə, hicrət edə bilərsiniz) şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də, yalnız mənə ibadət edin». Ayədən məlum olur ki, həddi aşmış ümmətin təzyiqləri dini vəzifələrin icrasına mane olursa, başqa bir yerə hicrət etmək lazımdır.
Amma unutmaq olmaz ki, adi insanlarla peyğəmbərlərin vəzifələri arasında fərqlər mövcuddur. Peyğəmbərlər yalnız vəhy əsasında hicrət edir və bir yerdən başqa yerə köçməklə, ilahi buyuruğa əməl edirlər. İbrahim (ə), Musa (ə) və həzrət Məhəmmədin (s) hicrəti bu qəbildəndir.
Lakin həddi aşmış ümmətini tərk edən Yunis peyğəmbər haqqında belə buyurulur: «Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi» «Ənbiya» surəsi, ayə 87.
Ayədə zikr olunmuş macəra nə ilə nəticələnir?
İraqın Neynəva məntəqəsində uzun illər qövmünü tək Allaha itaətə çağıran Yunis peyğəmbər, onların etinasızlığı ilə qarşılaşır. Bu qövmün inadkarlığından bezərək, məntəqəni tərk edir. Yunisin süvar olduğu gəmi yolda tufana düşür. Gəminin kapitanı bu hadisəni gəmidə fərari olması ilə əlaqələndirib, bir neçə dəfə püşk atır. Hər dəfə püşk Yunisə düşdüyündən, onun fərari olması kimsədə şübhə doğurmur. Nəhayət, bəladan qurtulmaq üçün Yunis dənizə atılır. Böyük dəniz nəhənginin udduğu Yunis, Allahın möcüzəsi ilə sağ qalır. Allahın qəzəbinə səbəb olduğunu anlayan Yunisin duası qəbul olur.
Bu hadisə bir daha sübut edir ki, adi insanlar üçün xəta hesab olunmayan bir iş, peyğəmbərləri çətinliyə sala bilər. Nə Adəm, nə də Yunis peyğəmbər heç bir günaha yol verməmişdilər. Sadəcə, daha xeyirli əməli tərk etmişdilər.

Allah sizə yar olsun.
Sual (103) : Salamun əleykum.«Ərzəlil-umur» nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Ərzəlil-umur» deməklə, Qurani-kərimdə ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. Onun biliyi, qarşıya çıxan işlərdə tədbiri eynən uşağı xatırladır. Uşaq kimi xırda bir məsələyə görə narahat olur, bir anda həm sevinir, həm hövsələdən çıxır. Hətta hərəkətləri də uşaq hərəkətlərinə bənzəyir. Hansı ki, uşaqdan heç nə gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar yoxdur. Uşaqla qoca arasındakı fərqlərdən biri budur ki, uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün sərmayəsini əldən vermişdir. Bütün bu xüsusiyyətləri nəzərə alanda uşağa nisbətən qocanın halı daha acınacaqlı görünür.
Bəzi rəvayətlərdə «ərzəlil-umur» yüz yaşdan yuxarıya aid edilir  «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 472. .
Bu deyilənlər bütün qocalaramı aiddir? Ətrafımıza diqqətlə nəzər salsaq görərik ki, bu hala ömrünü elmi mübahisələrdə keçirmiş alimlər arasında çox az təsadüf olunur. Amma belə bir halın Quranda xatırladılması düşünən insanlar üçün ciddi bir xəbərdarlıqdır. Ömrümüzün belə bir dövrünün çətinliklərindən Allaha pənah aparaq.

Allah sizə yar olsun.
Sual (104) : Salamun əleykum.Allahın qurbanlığa ehtiyacı varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəşər tarixində qurbanlıq haqqında ilkin məlumatla Adəm peyğəmbərin iki oğlunun əhvalatında rastlaşırıq. «Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdır»[4182]. Bütün səmavi kitablarda, eləcə də, Qurani-kərimdə ilahi hədlər gözlənilməklə, Allah yolunda qurban kəsilməsi alqışlanılır. Lakin cəhalət üzündən bütün işlərdə ifrata varan insanlar, bu işdə də günaha yol vermişlər. Onlar ibadət üçün xəlq olunmuş insan övladını qurbanlıq etməkdən belə çəkinmişlər. Belələri, təbii ki, Allahın qəzəbinə düçar olmuşlar. Allah-təala İbrahim peyğəmbərə (ə) oğlu İsmayıli qurbanlıq etməsi üçün göstəriş verdiyi halda, İbrahimin əlində bıçağın kütləşməsi, Allahın qurbanlıq üçün qoyun göndərməsi, bir daha vəhşi adətlərin süqutudur.
Allahın qurbanlığa ehtiyacı varmı? Cism olmayan ehtiyacsız Allah belə buyurur: «Onların nə əti, nə də qanı, əlbətdə, Allaha çatmaz. Allaha çatacaq olan, yalnız sizin təqvanızdır»[4183].
Qurban kəsmək ibadətdir. Bütün ibadətlərin əsas hədəfi, kamil insan tərbiyəsidir. Qurban kəsən insan fədakarlıq məktəbi keçərək, şəhadət üçün hazırlıq görür.
Qurbanlığın digər bir əhəmiyyəti də, fəqir və miskinlərin yada salınmasıdır.
[4182]  «Maidə» surəsi, ayə 27.
[4183]  «Həcc» surəsi, ayə 37.

Allah sizə yar olsun.
Sual (105) : Salamun əleykum. Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır»[4184]. Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər»[4185].
Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur.
İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu).
[4184]  «Nas» surəsi, ayə 5.
[4185]  «Həcc» surəsi, ayə 52.

Allah sizə yar olsun.
Sual (106) : Salamun əleykum.Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Quranda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər» «Maun» surəsi, ayə 4, 5. .
Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu otaqda telefon, televizor, divarda şəkil, yerdə rəngarəng xalı-xalça gözə dəymir. Burada insanın diqqətini əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər Allah-təala ibadət üçün xəlq etmiş və fikir dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum olur ki, kübar həyat tərzi iman yolunda ciddi maneələrdəndir: «Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir insandır...».
Bər-bəzəkli gün-güzəran qurmaq, başqalarının haqqını qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz? Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa min bir fəsadı törədən həmin təbəqə deyilmi?!

Allah sizə yar olsun.
Sual (107) : Salamun əleykum.Nə üçün insanların əksəriyyəti həqiqəti xoşlamır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
Əvvəla, həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq əməldə sübut olunmalıdır. Həqiqəti sevən insan, bu həqiqət onun zərərinə olsa belə, etiraz etməz. Amma sözdə həqiqətdən dəm vuranlar, həqiqət onlara qarşı olduqda bəhanəyə əl atarlar.
İkincisi, bəziləri elə güman edirlər ki, həqiqət nisbi anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki, bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu barədə Quranda belə buyurulur:
«...Peyğəmbər onlara haqq olan Quranla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır»[4187].
«İnsanların əksəriyyəti şükr edən deyil»[4188].
«İnsanların əksəri iman gətirməz»[4189].
«İnsanların əksəri bilməz»[4190].
Bu ayələr uyğun məsələyə Quranın münasibətini açıq-aşkar bəyan edir. Bəs nə üçün əksəriyyət haqqı xoşlamır? Cavab olduqca sadədir: Allahdan çəkinməyib, dünya istəklərinə uyan insan, həqiqətə təslim olmaq iqtidarında deyildir!
[4187]  «Möminun» surəsi, ayə 70.
[4188]  «Bəqərə» surəsi, ayə 243.
[4189]  «Hud» surəsi, ayə 17.
[4190]  «Əraf» surəsi, ayə 187.
Allah sizə yar olsun.
Sual (108) : Salamun əleykum.Güc çatmayan məsələni necə həll etmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Fürqan» surəsinin son ayəsində buyurulur: «De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».
Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır. İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.
Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü şərtidir.
İslam Peyğəmbəri (s) buyurur: «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur» «Üsuli-kafi», 2-ci cild. .

Allah sizə yar olsun.
Sual (109) : Salamun əleykum.İslamda şerə və şairə münasibət necədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamın «insan azadlıqlarını məhdudlaşdıran» bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar, Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə buyurulur: «Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar». İlk baxışdan belə görünə bilər ki, İslam dini şer və şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində qeyd olunur: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!».
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək, mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq. Götürək rəssamlığı. Əgər rəssam öz istedadını zülm və əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ edən şer nəinki pis deyil, olduqca təqdirəlayiqdir. Həzrət Məhəmməd (s) buyurur: «Şerin bəzisi hikmət, bəzisi isə sehrdir» «Əl-ğədir», 2-ci cild, səh.9. .
Müasir dünyamızda eyş-işrətin təbliği o qədər güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən şerlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək!

Allah sizə yar olsun.
Sual (110) : Salamun əleykum.«Muztərr» kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Muztərr» ərəbcədən tərcümədə, «əli hər yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci ayəsində oxuyuruq: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən Kəs?!».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Məhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» Odur. O, İbrahim məqamında durub, əllərini Allah dərgahına qaldırar və dua edər. Allah-təala onun duasını qəbul edib, bütün narahatçılıqları aradan qaldırar və onu yer üzünə xəlifə təyin edər» «Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 94.
Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.
_
Allah sizə yar olsun.
Go to TOP