Sual (101) : Salamun əleykum.Kafir və eyni zamanda təcavüzkar olmaqla yanaşı qatil olan bir şəxs müsəlman olarsa onun İslam dini baxımından keçmiş günahları bağışlanırmı? Əks halda onun əzabını görürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
Amma insanların haqqına təcavüz olunarsa bu günahlar bağışlanmır. Əgər yeni müsəlman olmuş şəxs zülm etdiyi və hüququnu tapdaladığı insandan halallıq alaraq onu razı salarsa bu halda onun günahları da bağışlanar. Çünki bədənə xəsarət yetirmək və ya kiminsə malını, sərvətini və sair mənimsəmək dünyaya aiddir. Buna görə də gərək onların əvəzi dünyada verilsin. Məsələn: Bütün şikayətçilərdən halallıq alınsın, ölü yiyəsinə diyə verilsin və sair. Belə olan halda Allah Taala onun günahlarını bağışlayar. Bundan əlavə kiminsə canına qəsd etmək və ya malını mənimsəmək yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda qadağandır. Çünki bu və ya bu kimi məsələlərin heç bir dinə qarışacağı yoxdur. Əksinə bu fərdi və ictimai hüquq olaraq hamı tərəfindən qorunmalı və ona təcavüz edilməməlidir.
Müqəddəs Qurani kərim kafirlərin iman gətirməzdən öncəki əməlləri (günahları) barəsində buyurur: "Ey Peyğəmbər kafirlərə de: Əgər pis əməllərinizdən əl çəksəniz biz də sizin pis əməllərinizi gizlədər və günahlarınızı bağışlayarıq.
Həmçinin Peyğəmbərimiz də buyurmuşdur: İslam dini ondan qabaqkı əməlləri örtür. Necə ki, tövbə küfrün və günahların eybini örtür.
Bu hədis sonralar fiqh elmində elmi bir qaydaya çevrildi. Həmçinin bu qaydanın adına "cəlb" qaydası deyirlər.
Ayədən və hədisdən belə nəticə alırıq ki, hər kəs yeni iman gətirsə keçmiş əməllərindən narahat olmasın. Çünki Allah- Taala öz hüququnu onlara bağışlayır və öz haqqından keçərək buna görə onlara cəza vermir.
Bu səbəbdən də yeni iman gətirmiş şəxsə keçmiş ibadətlərin qəzasını yerinə yetirmək lazım deyil. Keçmiş ibadət deyəndə isə, qılmadığı namaz, tutmadığı oruc və sair ibadət növləri və boynunda Allah tərəfindən əmr olunmuş vaciblər nəzərdə tutulur. Çünki Allah- Taala mehriban, bağışlayan və öz haqqını bəndələrinə bağışlayandır.
Əgər yeni müsəlman olmuş şəxs kafir olan vaxt elə bir əməli yerinə yetirmiş olsun ki İslam dini qanunlarında onun xüsusi cəzası olmuş olsun, o cümlədən, "şərab içmək" kimi və sair bunların cəzası ona bağışlanar. Bundan əlavə mehribançılıqla ona başa salınır ki, keçmiş əməlləri barəsində nigaran olmasın. Əlbəttə yuxarıda qeyd etdiyimiz qaydaya uyğun olaraq bu bağışlanmaq yalnız Allaha aid olan əməllərdəndir. Amma insanların haqqı və hüququ onun öhdəsində qalarsa, onlara zülm etmiş olarsa və ya mal- dövlətlərinə təcavüz etmiş olarsa gərək onları razı salsın. Yəni onların hüquqlarını qaytarsın. Və hər nə kimi ziyan vurubsa ödəsin. Məsələn: Əgər kimdənsə borc alıbsa və bankdan kömək məqsədi ilə kredit və sair götürübsə gərək hamısını ödəsin. Həmçinin hər nə cinayət törədibsə gərək zərər vurduğu şəxsləri razı salsın. Ümumiyyətlə hər bir əməlində məsuliyyət daşıyır və gərək əvəzini ödəsin. Çünki Allah- Taala başqalarının deyil öz haqqını onlara bağışlayır. Deməli bütün insanların haqqı bağışlanmamış qalır və gərək insan özü (iman gətirən) bu məsələni həll etsin. Buna da diqqət yetirmək lazımdır ki, bu məsələ yalnız İslam dinində deyil, əksinə bütün dinlərdə və qanunlarda vardır.
Bəzi alimlər bu qanunu da yuxarıda qeyd etdiyimiz mövzuya əlavə etmişlər:
"Əgər yeni iman gətirmiş şəxsin borcu olarsa və onu ödəməyə qüdrəti olmazsa şəri hakim beytul- maldan onun borcunu ödəyərək bu yolla onu çətinlikdən qurtara bilərlər. Borc deyəndə pul, diyə, qətlin qan bahası və sair nəzərdə tutulur. Belə məsələlərdə şəri hakim bu məsuliyyəti öhdəsinə götürə bilər.
Hər halda yeni müsəlman tərəfindən törədilmiş bütün cinayətlərə o özü cavandehdir. İslam ölkələrində və digər ölkələrdə gərək törətdiyi cinayətin cəzasını çəksin.

Allah sizə yar olsun.
Sual (102) : Salamun əleykum.İnsan necə günahdan təmizlənir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik:
1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə)
2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq.
3). Kiçik günahların bağışlanmasına səbəb olan böyük günahları tərk etmək.
4). Dünyanın bütün imthanlarına və müsibətlərinə səbr etməklə yanaşı bərzəx əzablarına da səbr etmək. Çünki o qiyamət səhnəsinin başlanğıcı hesab olunur.
5). Şəfaət. Əlbəttə bunu da qeyd edək ki, şəfaət vasitəsi ilə günahların bağışlanmasının özünə aid müxtəlif şərtləri vardır. Ən azından şəfaət olunanda şəfaəti qəbul etmək şəraiti və qabiliyyəti olmalıdır.
6). İlahi tərəfindən bağışlanmaq. Bu da həmçinin insanlara aid edilir ki, onların bağışlanmaq üçün şəraitləri vardır. (Yəni günahı az olan möminlər nəzərdə tutulur).

Allah sizə yar olsun.
Sual (103) : SALAM.qeybet hansi halda qeybet sayilir.meselen biri haqqinda duz dansirsansa ve ya biri haqqinda ofkeli danisib sonra onun ozunede bunu demek qeybetdirmi.zehmet olmasa genis aydinliq getiresiniz.ALLAH razi olsun.

Bismillahir-rəhmanir-rəhim. 

Əleykumus-salam. 

QEYBӘTİN İSTİSNA HALLARI 
Qeybət böyük günahlardan hesab olunsa da, istisna olaraq bəzi hallarda bu işə icazə verilir:
1. Şikayət;
Haqqı tapdanılan şəxs şikayət üçün qazinin yanına getdikdə ona qarşı olunan zülm və ədalətsizlikləri olduğu kimi deməli və təcavüzkarı ona tanıtdırmalıdır. Әks təqdirdə, heç bir lazımı tədbir görmək mümkün olmayacaq. Belə bir halda şikayətçinin yeganə çıxış yolu təbii ki, həmin şəxsin qeybətini etməkdir. Nisa surəsinin 148-ci ayəsində bu haqda deyilir:
 «Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!» 
Bu halda haqq-ədalətin bərqərar olunması və təcavüzkarların öz layiqli cəzalarına çatmaları üçün Allah-taala qeybətə icazə verir. Çünki, bu kimi hallarda qeybət yasaq olunarsa zülm və ədalətsizliyə məruz qalan şəxslər nə öz haqqını tələb edə bilər, nə də təcavüzkarlar öz layiqli cəzalarına çatardılar.
2. Məsləhət və məşvərət;
İnsan bir çox hallarda başqalarından məsləhət almağa və ya ictimai, ailə, məişət və s. bu kimi mühüm məsələlərdə ona yol göstərmələrinə ehtiyac duyur. Məsələn, ailə qurmaq istədikdə nəzərdə tutduğu şəxsi tanıyanlardan onun haqda məlumat əldə etmək istəyir və ya bir şəxsə hər hansı bir vəzifə təyin etdikdə dost-tanışlarından onun kimliyini öyrənmək istəyirlər. Bu kimi hallarda qeybətin olunmaması ağır və xoşagəlməz nəticələr verə bilər. Yəni, bu kimi hallarda nəzərdə tutulan şəxsin kimliyi və çatışmamazlığı barədə lazımı məlumatlar vermək heç də qeybət hesab olunmur. Çünki ümumi kütlənin mənafeyi fərdi mənafedən daha önəmlidir və bu iki şey bir-biri ilə çarpazlaşdıqda ümumi mənafe ön plana çəkilir.
3. Xəbərdarlıq;
Hər hansı bir şəxs və ya dəstənin cəmiyyətdə törətdiyi fitnə-fəsadları müşahidə etdikdə, cəmiyyətin sağlam təbəqəsinin onlara meyl etmələrinin qarşısını almaq üçün onların aşkara çıxarılması məqsədilə deyilən sözlər qeybət xarakteri daşısa da, zəruri hallardan hesab olunur. Bu iş islam cəmiyyətinin rifahı naminə olduğu üçün qeybət (günah) hesab olunmur.
Peyğəmbər (s) bu haqda buyurur:
Fasiq insanların nalayiq işlərini aşkara çıxarmırsınız ki, camaat onları tanımasın? Onların gördüyü nalayiq işləri ifşa edin ki, camaat onlardan uzaq olsunlar.
4. Fitnə-fəsadın qarşısını almaq;
Cəmiyyətin əxlaq və sağlam əhval-ruhiyyəsinin qorunub saxlanılması üçün mövcud olan və öz fəaliyyəti ilə cəmiyyətdə fitnə-fəsada, sabitsizliyə səbəb olan bütün xoşagəlməz tərzi-təfəkkürə, qruplaşmalara qarşı son dərəcə ayıq olmalı və onların qərəzli fəaliyyətləri haqda camaata və ya məsul şəxslərə məlumat vermək lazımdır. Bu qeybət xarakteri daşısa da, cəmiyyətin rifahı naminə olduğu üçün günah hesab olunmur.
5. Aşkar etmək və mötədillik;
Qeybətin istisna olunduğu hallardan biri də hədis rəvayət edən şəxslər və məhkəmədə şəhadət verən şahidlərə aiddir. Belə ki, hədislərin mötəbərliyinin qorunub saxlanılması və şahidlər (qəzavət-mühakimə) məsələlərində verdikləri ifadələrin doğruluğunun qəbul olunması üçün onların kimliyi bəlli olmalıdır. Bunun üçün isə yeganə yol onların əxlaqi xüsusiyyətlərinin araşdırılması, eyb və nöqsanlarının üzə çıxarılmasıdır. Bu kimi hallarda da onların mənfi xüsusiyyətləri haqda danışmaq qeybət hesab olunmur.
6. Məşhur ləqəb;
Cəmiyyətdə bəzi şəxslərlə rastlaşırıq ki, öz həqiqi adları ilə deyil, malik olduqları xüsusiyyətlərə görə müxtəlif ləqəblərlə çağırılır və zaman keçdikcə bir çoxları onları qondarma ləqəbləri ilə tanımağa başlayır. İlk dəfə belə xoşagəlməz ləqəbləri başqalarına verən şəxslər günah etsələr də, sonralar adi hal aldığı üçün bu iş başqalarına qeybət hesab olunmur.
7. Bidətçilər;
Bidətçilərin tanınıb ifşa olunması.
Camaatı dindən uzaq salmaq istəyənləri hamıya tanıtdırmaq nəinki qeybət deyil, hətta hər bir müsəlmanın üzərinə düşən dini vəzifədir. Hər bir müsəlman hər şeydən əvvəl onların fəaliyyətlərinin qarşısını almalı və öz müsəlman bacı və qardaşlarının haqq yoldan uzaq düşmələrinə yol verməməlidir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:
Bidətçilərdən uzaq olmağa çalışın, qarşılaşdığınız zaman onları xoşagəlməz sözlərlə təhqir edin.
8. Pozğun şəxslər.
Nəql olunmuş rəvayətlərdə qeybət olunmasına icazə verilən şəxslər açıq aşkar günah edən və heç nədən çəkinmədən pozğunçuluğa yol verən kəslərdir.
Peyğəmbər (s) onlar haqda buyurur:
Bu üç şəxsin qeybəti haram deyildir: Özbaşınalar, açıq-aşkar günah edən şəxslər və zalım rəhbərlər.
Etdiyi günahı heç nədən çəkinmədən aşkar edən şəxslərin qeybəti haram deyildir.
Allah sizə yar olsun. 
Sual (104) : Salam. Necə olur ki, bəzi günahlar bütün savabları puça çıxarır?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Əgər bir şəxs müəyyən müəssisədə iyirmi il xeyir işlə məşğul olduqdan sonra müəssisə müdirinin övladını qətlə yetirərsə, gördüyü işlər puça çıxar. Bir top mərmisi dəydiyi binanı uçurub, yüzlərlə insanın zəhmətini bir anda bada verir. Bir söyüş illərin dostluğuna son qoyur. Bir qaşıq zəhər bütün sağlamlığı məhv edir. Sükan arxasında bir an yuxu avtomobili uçuruma yuvarladır. Bir dəfə bıçağın gözə toxunması onu illər uzunu kor edir.
Bəli, bir qığılcım böyük meşəni külə döndərdiyi tək, bə`zi günahlar da bütün savabları məhv edir. Amma elə yaxşı əməllər də var ki, insanın bütün keçmiş pis əməllərini yuyub aparır.
Bir fəhlə müəssisədə illər uzunu səmərəsiz işlədiyi halda, müəssisə rəhbərinin övladını ölümdən qurtarmaqla hörmət qazana bilər. Qur`an buyurur: “Namaz bütün pislikləri və çirkinlikləri aradan qaldıran yaxşı əməldir.”
Allah sizə yar olsun.
Sual (105) : Salam. Bütü sındırmaq günahdırmı?
Allahın adı ilə.   
Əleykumus-salam.      
Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin (ə) ilahi məqamı kimsədə şübhə doğurmur. Allah-təala İbrahim haqqında buyurur: «Yadına sal ki, Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona buyurdu: «Səni insanlara imam təyin edəcəyəm». 
Burada İbrahimi yada salmağımız təsadüfi deyil. O, məhz büt sındırmaqla şöhrət tapmış peyğəmbərdir. Bir müddət məntiq və dəlillə ətrafındakıları bütpərəstlikdən çəkindirib, bir Allaha üz tutmağa çağıran peyğəmbər istehza ilə qarşılandı. Artıq əməli fəaliyyətə keçməyin vaxtı idi. Bütxananı xəlvət görən İbrahim (ə) vəzifəsini yerinə yetirmək qərarına gəldi.
Bayram münasibəti ilə şəhər kənarına çıxmış bütpərəstlər geri qayıdıb, bütxanaya daxil olanda, gördükləri səhnədən dəhşətə gəldilər. Sağ-salamat qoyub getdikləri bütlər, qol-qıçı sınmış halda ətrafa səpələnmişdi. Onlar «allahlarımızın başına bu oyunu kim gətirib», deyə fəryad qopardılar.
Nəhayət, təxminən 16 yaşlı İbrahim (ə) tutulub, mühakimə üçün zalım Nəmrudun hüzuruna gətirildi. İbrahimin «bəlkə, bu işi böyük büt görüb» sözləri bütpərəstləri tamam çaşdırdı. Onun məqsədi, bütlərin acizliyini ətrafdakılara anlatmaq idi. Bütpərəstlər İbrahimin sözlərindən bir anlıq oyansalar da, cəhalət üstün gəldi. Nəmrudun əmri ilə İbrahim oda atıldı.
Yuxarıda deyilənlərdən aydın oldu ki, bütləri sındırmaq nəinki, günah deyil, hətta vacib bir dini vəzifədir. Bunu da unutmaq olmaz ki, büt təkcə taxtadan və ya daşdan yonulmuş heykəl deyil. İnsanı Allahdan uzaqlaşdıran hər bir əşya, hər bir əyləncə, hər bir bağlılıq bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını unutmaq bütpərəstlikdir. 
Allah sizə yar olsun. 
Sual (106) : Salam. Bağışlanmayan günah varmı? sulımızı cavablandırdıqınız üçün təşəkkür edirik.
Allahın adı ilə.   
Əleykumus-salam

 «Zumər» surəsinin 53-cü ayəsində buyurulur: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!».
Bu ayənin nazil olma səbəbi kimi, bəzi təfsirçilər Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s) əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s) sipər etmiş Həmzə, Vəhşi tərəfindən namərdliklə qətlə yetirilmişdi.
Zaman keçdi. İslam qüdrətləndi. Vəhşi də İslam dinini qəbul etmək qərarına gəldi. Həzrət Peyğəmbər (s) «Əmim Həmzəni necə öldürdün» soruşdu. Vəhşi həmin səhnəni təsvir etdiyi zaman, Həzrət (s) bərk ağlayırdı. Amma Vəhşinin tövbəsi qəbul oldu. Həzrət (s) ona buyurdu: «Mənim gözümə görünmə, sənə baxa bilmirəm». Vəhşi Şam istiqamətində gedib, bir daha gözə görünmədi.
Həzrətdən (s) soruşdular ki, bu ayə təkzə Vəhşiyə aiddir, yoxsa hamıya? Peyğəmbər, «hamıya!» -deyə cavab verdi. 
Allah sizə yar olsun. 
Go to TOP