Sual (91) : Salamun əleykum.Günah savabla əvəz oluna bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər».
Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah-təala bəzi insanların böyük günahlarının üstünün açılmaması barədə göstəriş verər. Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar həmin günahları etiraf edərkən, öz böyük günahları haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab verilməsini buyurar. İnsan heyrət içində böyük günahlarını axtara-axtara qalar» «Nurus-səqəleyn», 4-cü cild, səh. 33. .
Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata keçirilməlidir.

Allah sizə yar olsun.
Sual (92) : Salamun əleykum.Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.
Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir» «Ənkəbut» surəsi, ayə 45. .
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».

Allah sizə yar olsun.
Sual (93) : Salamun əleykum.Hansı musiqi haramdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz»  İmam Sadiqin (ə) kəlamları, «Vəsailüş-şiə», 12-ci cild, səh.225. .


Allah sizə yar olsun.
Sual (94) : Salamun əleykum.Haram pulla məscid tikmək olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».
Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah-təala behiştdə onun üçün bina ucaldar».
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər» «Tövbə» surəsi, ayə 108.
Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir» «Mühasin», səh. 57.
Allah sizə yar olsun.
Sual (95) : Salamun əleykum.Fəsad nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
«Yer üzündə fəsad törədər və islah olmazlar»[4130].
«Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir»[4131].
«İslah ol və fəsad törədənlərin ardınca getmə»[4132].
«İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq»[4133].
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun»[4134].
Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik»[4135].
[4130]  «Şüəra» surəsi, ayə 152.
[4131]  «Bəqərə» surəsi, ayə 220.
[4132]  «Əraf» surəsi, ayə 142.
[4133]  «Sad» surəsi, ayə 27.
[4134]  «Yunis» surəsi, ayə 91.
[4135]  «Yusif» surəsi, ayə 73.
Allah sizə yar olsun.
Sual (96) : Salamun əleykum.Qurani-kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Özümüzü tanımaq məqsədilə insanları bu əsas üzərində necə tanıya bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam. Bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin ayələrinə diqqət yetirməklə insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:
1-Bəziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar möminlər və təqvalılardır. Baxmayaraq ki, bəzən çarəsizlik üzündən təqiyyə edir, öz batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya çarəsizlik üzündən batini imanının əksinə olaraq kafir olduğunu elan edir.[3727]
2-Bəziləri həm batində, həm də zahirdə Allahın dinini inkar edirlər. Onlar kafirlərdir.
3-Bəziləri yalnız batində kafirdirlər və zahirdə özlərini imanlı göstərirlər.
Bu qruplardan olan insanlar ya zahirdə və batində dini qəbul edib mömin olur, ya batində və zahirdə onu qəbul etməyib kafir olur, ya da onu batində inkar, zahirdə qəbul etməklə münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan bu halda zahirdə dini inkar etsə də, onu batində qəbul etmişdir. Bu qrup da möminlər sırasındadır.[3728]
Biz burada Quran ayələrində bəyan olunan bu üç qrup barəsində qısa məlumat verməklə sizi kafirlərin, münafiqlərin və möminlərin əqidələri ilə tanış etməyə çalışacağıq:
1-Quranda küfr
Quran baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.
İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: “İnkara səbəb olan hər şey küfrdür.”[3729]Quran ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,[3730]əql, sübut və məntiqə tabe olmurlar.[3731]Bir sıra ayələrdə kafirlərin nadanlığı[3732], bəzi ayələrdə isə şəkk-şübhəyə düçar olmaqları[3733] onların küfrlərinin əsas səbəbi kimi qeyd olunmuşdur. Bəzi ayələrdə də kafirlər “zənn və gümana” tabe olan qruplardan hesab edilmişdir.[3734] Lakin Qurani-kərim kafirlərin Allahı inkar etməsində təkəbbür və qüruru ən əsas psixoloji səbəb kimi açıqlamışdır.[3735]
Quran baxımından, kafirlər dəlil və məntiqə tabe olmamaqla yanaşı əlavə, öz müddəalarının isbatı üçün heç bir dəlil də göstərmirlər.[3736]
Qeyd etmək lazımdır ki, Qurani-kərimdə “küfr” sözü “fisq” (günah) mənasında da işlədilmişdir.[3737] Belə ki inkar bəzən əməl məqamında da küfr adlanır.[3738]Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quran baxımından kafirlərin Allahı inkar etməsinin əsas amili onların məadı inkar etməsidir. Bu da nübüvvəti, vəhyi və dini inkar etməklə nəticələnir.[3739] Quran ayələrinə əsasən, küfr həm güclənən, həm də zəifləyən sifətlərdəndir. Onun hər bir mərtəbəsinin xüsusi təsiri vardır.[3740]
İmam Sadiq (ə) maraqlı bir rəvayətdə, Quran baxımından küfrün beş qismdən ibarət olduğunu bildirmişdir:
1. Allahın rübubiyyətini inkar etmək: İmam Sadiq (ə)-ın buyurduğuna əsasən, Allahı, behişti və cəhənnəmi qəbul etməyən bu qrup insan gümana tabedir. Allah-taala onları qorxutmağı faydasız hesab etmişdir.[3741]
2. Həqiqəti bilə-bilə inkar etmək: Bu qism küfrün mənası insanın haqqı və həqiqəti tanıdığı halda onu inkar etməsidir. Aşağıdakı ayələrdə bu mənada küfrə işarə edilmişdir:
“Qəlbləri (möcüzələrimizin) həqiqiliyinə yəqin etdikləri halda haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.”[3742]
“Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran ) göndərildiyi zaman (onu qəbul etmədilər.) Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün (“Tövratda adı çəkilən sonuncu peyğəmbər gəlib bizə yardım edəydi” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin!”[3743]
3. İlahi nemətləri inkar etmək: Qurani-kərimdə buyurulur:
“(Süleyman) Taxtın onun yanında hazır olduğunu gördükdə dedi: “Bu, Rəbbimin lütf və mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız öz xeyrinə şükür edər; kim nankor olsa (ilahi nemətə şükür etməsə), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil və kərəm sahibidir!”[3744]
4. Allahın əmrlərini tərk etmək: Bu barədə buyurulur:
“Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayan!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz. (Ey yəhudilər!) Siz elə insanlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından çıxarırsınız. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?”[3745]Onların küfr və inkarlarının səbəbi Allah-taalanın əmrlərini tərk etmələri idi.
5.Üz çevirmək: Bu məsələ ilə əlaqədar Qurani-kərimdə buyurulur:
“Biz sizi inkar edirik (Üz çeviririk). Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişəlik ədavət və nifrət olacaq.”[3746]
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Quranda «küfr» bir mənada işlədilməmişdir. Bu mövzuda əlavə məlumat vermək məqsədilə aşağadakı incəliklərə diqqət yetiririk:
1-Qurani-kərimdə kafirlərin doğru yola yönəlməmələri ilə əlaqədar “xətəmə”[3747](möhür vurmuşdur), “təbəə”[3748](möhür vurmuşdur), “sərəfə”[3749](döndərmişdir), “ğulfun”[3750](örtülü və pərdəlidir), “ranə”[3751](qələbə çalmışdır), “əqfalun” (kilidlər vurulmuşdur),[3752]“nuqəllibu”[3753](tərsinə çevirərik), “qəsavət”[3754]və “mərəz” (xəstəlik)[3755]kimi ifadələr işlədilmişdir.
2-Mərhum Əllamə Təbatəbainin nəzərincə, Quranda qeyd olunan “Əlləzinə kəfəru” (kafir olan şəxslər) ifadəsində besətin əvvəllərində yaşayan Qüreyş kafirlərinin böyükləri ola bilər. Çünki bəzi hallarda – kafirləri qorxutmağın faydasız olması barəsində söhbətdə doğru yola yönəlməmək bütün kafirlərə aid edilərsə, onda hidayət qapısı qeyri-müsəlmanların üzünə bağlanar. Bu da Qurani-kərimin nazilolma hikməti və ayələrin zahiri ilə uyğun gəlmir.[3756]
3-Quran baxımından, kafirlər fitrət sərmayəsini məhv etməklə iman adlı müvəffəqiyyətə nail ola bilmədilər.[3757]
4-Kafirlər mürəkkəb (qatı) nadanlığa düçar olduqları üçün özlərini haqq bilirdilər. Lakin Qurani-kərim onların xata bataqlığında qərq olduqlarını açıqlayır.[3758] Onların işi susuz adamın düzənlikdə, sakit və aydın havada uzaqdan su kimi gördüyü ilğıma bənzəyir. Belə ki o həmin yerə çatdıqda, orada bulaq olmadığını görür.[3759]
5-Məsumlardan nəql olunmuş rəvayətlərdə qəflət, şəkk-şübhə və günah küfrün əsaslarından sayılmışdır.[3760]Həmçinin, bu həqiqətə də işarə olunmuşdur ki, kafirlər nadan ikən sakit qalıb düşünsəydilər, inkar etməz, kafir olub doğru yoldan azmazdılar.[3761]
Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlədilmişdir. Onun bir mənası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)
2-Quranda şirk (allaha şərik qoşmaq)
İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”[3762]
Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:
1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.[3763]
2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir.[3764]Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.[3765]
3-Şirkdə elmə yol yoxdur. Yəni şirk məlum ola bilməz, çünki zatən “yoxluqdur” (mövcud deyildir). Zatən “yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala “Loğman” surəsinin 15-ci ayəsində buyurur: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.”[3766]
4-Quranın bəzi ayələrində “şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir.[3767]
5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yəni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər.[3768]
6-Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:
a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.
b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.
c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.[3769]
7-Qurani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:
a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir.[3770]
b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur.[3771]
8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər.[3772]
9-Quran nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tovhidi ədalət) aradan qalxır.
10-Qurani-kərimin bəzi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.
11-Müşriklərin Allaha şərik qoşmasında mərifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd,[3773]günah,[3774] eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik[3775]... buna misal ola bilər.
12-Quran ayələrinə əsasən, “tovhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, “şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tovhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: “Mömin şəxs (heç vaxt) zina və oğurluq etməz.”[3776]
13-Quran ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır.[3777]Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.[3778]
14-Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”[3779]– ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yəni bəzi möminlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər.[3780]
Şirkin dərəcələri
Allaha şərik qoşmağın dərəcələri var. Çoxallahlılıq nəzəriyyəsi zahiri şirk nümunəsidir. Ondan aşağı və gizli şirk Qurana və xüsusi nübüvvətə iman gətirməyən kitab əhlinin şirki, ondan da aşağı və gizli şirk Allaha, tovhidə, onun vasitə və səbəblərinə iman gətirən şəxslərin müstəqil baxışlarıdır. Bu qəbil şəxslər Allahdan başqalarına qeyri-müstəqil şəkildə diqqət yetirmək əvəzinə, onlara müstəqil şəkildə etiqad bəsləyib, öz işlərində onlara istinad edir.[3781] Diqqət yetirmək lazımdır ki, gizli şəkildə Allaha şərik qoşmaq imanla yanaşı ola bilər.[3782]
3-Quranda nifaq və ikiüzlülük
Bu məsələ ilə əlaqədar Qurani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:
1-Quranda “ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər.[3783]
2-Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.[3784]
3-Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir.[3785]
4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir.[3786]
5-Quran nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.[3787] Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tovhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.[3788]
6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir.[3789]
7-Bəzi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: “İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.”[3790]
8-Qurani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi,[3791]münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır.[3792] Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar.[3793]
9-Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.[3794]
10-Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qurani-kərim müşriklər haqda belə buyurur: “Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.”[3795] Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: “Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.”[3796]
Qurani-kərimin bəzi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır.[3797] Ayətullah Cəvadi Amuli bu barədə deyir: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.”[3798]
4-Quranda iman
Qurani-kərimdə qeyd olunan imanın bütün yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:
1-Quran baxımından iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu kimi, Allah tərəfindən hansısa bir əmr insanın qüdrətinə, nəticədə onun ixtiyari olmasına bağlıdır. Əgər iman insanın ixtiyar dairəsindən xaric bir məsələ olsaydı, onun yerinə yetirilməsini xahiş etmək Allahın hikmətinə zidd olardı.[3799]
2-Quran baxımından “iman” Allah-taalaya baş əymək və təslim olmaqla yanaşı, yəqinlə birgə elm və mərifət deməkdir.[3800]
3-Əməl imanın hissəsi deyil,[3801] lakin onu gərəkli edən bir şeydir; yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma o həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.[3802]
4-Qurani-kərimdə qeyb,[3803]Allah-taala,[3804]məad,[3805]risalət,[3806]peyğəmbərlər,[3807]səmavi kitablar,[3808]imamət[3809]və mələklər[3810]iman mövzusu sayılmışdır.
5-Quran baxımından, düz danışmaq,[3811] əxlaqi prinsiplər[3812] ruhi aramlıq[3813], maddi nemətlər[3814] və saleh əməllər imanın faydalarındandır.[3815]
7-Quran baxımından, iman azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Mərifət azdan başlayıb tədricən çoxaldığı kimi, dini məsələlər və prinsiplər barədə düşüncəmiz də artır. Onlara qəlbən təslim olmaq da azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Beləliklə, insanın imanı həm çoxala, həm də azala bilər.[3816]
Möminlərin məqamlari
Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. “Möminlərin dərəcələri” bu məqamlardandır. Bu məqamların geniş şəkildə izahı və onlara malik olmaq yolları barəsində söhbət etmək bizim bu kitabın həcminə uyğun gəlmədiyindən Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə etməklə kifayətlənirik:
1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.[3817] Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır.[3818]
2-Əbrar məqamı:[3819]Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır.[3820]Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır.[3821]Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.[3822]
3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir.[3823]Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:
a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.
b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir.
v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.[3824]
4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır.[3825] Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.[3826] Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır.[3827]
[3727]  “Nəhl” surəsi, ayə: 106; “Qafir” surəsi, ayə: 28.
[3728]  “Təsnim”, 2-ci cild, səh. 249-250.
[3729]  “Mizanul-hikmə”, 8-ci cild, səh. 399, hədis: 17391.
[3730]  “Tur” surəsi, ayə: 36.
[3731]  “Əl-mizan”, 15-ci cild, səh. 222.
[3732]  “Tövbə” surəsi, ayə: 97; “Əraf” surəsi, ayə: 138; “İhqaq” surəsi, ayə: 23.
[3733]  “İbrahim” surəsi, ayə: 10.
[3734]  “Bəqərə” surəsi, ayə: 78.
[3735]  “Əraf” surəsi, ayə: 77; “Əl-mizan”, 17-ci cild, səh. 402.
[3736]  “Muminun” surəsi, ayə: 117.
[3737]  “Ali-İmran” surəsi, ayə: 97; “Əl-mizan”, 2-ci cild, səh. 202.
[3738]  “Nəhl” surəsi, ayə: 13; “Əl-mizan”, 12-ci cild, səh. 315-316.
[3739]  “Əl-mizan”, 15-ci cild, səh. 187.
[3740]  “Nisa” surəsi, ayə: 138; “Maidə” surəsi, ayə: 64 və 68; “Təsnim”, 2-ci cild, səh.222.
[3741]  “Bəqərə” surəsi, ayə: 78.
[3742]  “Nəml” surəsi, ayə: 14.
[3743]  “Bəqərə”, surəsi, ayə: 89.
[3744]  “Nəml” surəsi, ayə: 40; eləcə də bax: “İbrahim” surəsi, ayə: 7; “Bəqərə” surəsi, ayə: 152.
[3745]  “Bəqərə” surəsi, ayə: 84-85.
[3746]  “Mümtəhinə” surəsi, ayə: 4; bax: “İbrahim” surəsi, ayə: 22; “Ənkəbut” surəsi, ayə: 25.
[3747]  “Bəqərə” surəsi, ayə: 7.
[3748]  “Nəhl” surəsi, ayə: 108.
[3749]  “Tövbə” surəsi, ayə: 127.
[3750]  “Bəqərə” surəsi, ayə: 88.
[3751]  “Mütəffifin” surəsi, ayə: 14.
[3752]  “Mühəmməd” surəsi, ayə: 24.
[3753]  “Ənam” surəsi, ayə: 110.
[3754]  “Bəqərə” surəsi, ayə: 74.
[3755]  “Bəqərə” surəsi, ayə: 10.
[3756]  “Əl-mizan”, 1-ci cild, səh.52.
[3757]  “Ənam” surəsi, ayə: 12.
[3758]  “Bəqərə” surəsi, ayə: 81.
[3759]  “Nur” surəsi, ayə: 39.
[3760]  “Mizanul-hikmə”, 8-ci cild, səh.400, hədis: 17399-17400 və səh. 404.
[3761]  Yenə orada, 2-ci cild, səh. 153, hədis: 2813-2814.
[3762]  Yenə orada, 8-ci cild, səh. 399, hədis: 17394.
[3763]  “Bəqərə” surəsi, ayə: 170.
[3764]  “Bəqərə” surəsi, ayə: 22.
[3765]  “Rum” surəsi, 30-32-ci; “Yusif” surəsi, 39-40-cı; “Bəqərə” surəsi, 113 və 118-ci ayələr.
[3766]  Bax: “Təfsiri mövzuiyi Quran”, Cəvadi Amuli, 4-cü cild, səh.138-139.
[3767]  “Nəml” surəsi, ayə: 66; “Hud” surəsi, ayə: 62 və 110.
[3768]  “Yasin” surəsi, ayə: 6, 9 və 10; “Rum” surəsi, ayə: 59.
[3769]  “Peyami-Quran”, Ayətullah Məkarim Şirazi, 1-ci cild, səh.76-78.
[3770]  “Qaf” surəsi, ayə: 16; “Zümər” surəsi, ayə: 36; “Qafir” surəsi, ayə: 60; “Ali-İmran” surəsi, ayə: 29.
[3771]  “Əraf” surəsi, ayə: 54; “Yunis” surəsi, ayə: 31-32.
[3772]  “Muminun” surəsi, ayə: 117.
[3773]  “Nisa” surəsi, ayə: 54.
[3774]  “Ali-İmran” surəsi, ayə: 112.
[3775]  “Müddəssir” surəsi, ayə: 11 və 25.
[3776]  “Biharul-ənvar”, 66-cı cild, səh. 63, hədis: 7-8 və səh.67, hədis: 17; “Kafi”, 2-ci cild, səh. 32, hədis: 1; bax: “Təfsiri mövzuiyi Quran”, 7-ci cild, səh. 384.
[3777]  “Maidə” surəsi, ayə: 91.
[3778]  “Bəqərə” surəsi, ayə: 113.
[3779]  “Yusif” surəsi, ayə: 106.
[3780]  “Əl-mizan”, 11-ci cild, səh. 280.
[3781]  Yenə orada, 2-ci cild, səh. 202 və 4-cü cild, səh. 371.
[3782]  Yenə orada, 11-ci cild, səh. 276.
[3783]  “Münafiqun” surəsi, ayə: 1-3; “Ali-İmran” surəsi, ayə: 167; “Əl-mizan”, 9-cu cild, səh. 325 və 19-cu cild, səh. 278.
[3784]  “Tövbə” surəsi, ayə: 97.
[3785]  “Nisa” surəsi, ayə: 143; “Əl-mizan”, 5-ci cild, səh. 116-117.
[3786]  “Sad” surəsi, ayə: 8; “İbrahim” surəsi, ayə: 9.
[3787]  “Nəhl” surəsi, ayə: 22.
[3788]  “Təfsiri-təsnim”, 2-ci cild, səh. 278.
[3789]  “Tövbə” surəsi, ayə: 45; “Təfsiri-təsnim”, 2-ci cild, səh. 137; “Əl-mizan”, 5-ci cild, səh.118.
[3790]  “Təfsiri-təsnim”, 2-ci cild, səh. 262.
[3791]  “Bəqərə” surəsi, ayə: 81.
[3792]  “Bəqərə” surəsi, ayə: 15.
[3793]  Bax: “Təfsiri-təsnim”, 2-ci cild, səh. 291.
[3794]  “Nisa” surəsi, ayə: 140.
[3795]  “Tövbə” surəsi, ayə: 113; “Nisa” surəsi, ayə: 116.
[3796]  “Münafiqun” surəsi, ayə: 6.
[3797]  “Nisa” surəsi, ayə: 145.
[3798]  “Təfsiri-təsnim”, 2-ci cild, səh. 226-250.
[3799]  Bax: “Bəqərə” surəsi, ayə: 41, 91 və 186; “Nisa” surəsi, ayə: 136; “Ali-İmran” surəsi, ayə: 179 və s. (Bu məsələ ilə əlaqədar Möhsin Cəvadinin “İman nəzəriyyəsi” adlı kitabının 185-192-ci səhifələrinə müraciə edə bilərsiniz.)
[3800]  “Hücurat” surəsi, ayə: 15; “Duxan” surəsi, ayə: 8-9; “Nəml” surəsi, ayə: 3; “Loqman” surəsi, ayə: 4; “Səba” surəsi, ayə: 6; “Həcc“ surəsi, ayə: 54; “Rum” surəsi, ayə: 56.
[3801]  “Əsr” surəsi, ayə: 3; “Həcc“ surəsi, ayə: 54; “Rum” surəsi, ayə: 56.
[3802]  “Ənfal” surəsi, ayə: 3-4; “Bəqərə” surəsi, ayə: 177; “Əl-mizan”, 18-ci cild, səh.158.
[3803]  “Bəqərə” surəsi, ayə: 2-3.
[3804]  “Nisa” surəsi, ayə: 162; “Əraf” surəsi, ayə: 158; “Mücadilə” surəsi, ayə: 22.
[3805]  “Mücadilə” surəsi, ayə: 22; “Nisa” surəsi, ayə: 162.
[3806]  “Əraf” surəsi, ayə: 158; “Hücurat” surəsi, ayə: 15.
[3807]  “Nisa” surəsi, ayə: 171; “Ali-İmran” surəsi, ayə: 179.
[3808]  “Bəqərə” surəsi, ayə: 4, 121 və 136; “Ali-İmran” surəsi, ayə: 119.
[3809]  “Maidə” surəsi, ayə: 3, 55 və 67.
[3810]  “Bəqərə” surəsi, ayə: 117. Əlavə məlumat əldə etmək üçün bax: “İman nəzəriyyəsi”, səh. 201-246.
[3811]  “Səff” surəsi, ayə: 10-11.
[3812]  “Tövbə” surəsi, ayə: 109; “Ənkəbut” surəsi, ayə: 41. Bax: “Bist qoftar” Şəhid Mürtəza Mütəhhəri, səh. 151-155.
[3813]  “Maidə” surəsi, ayə: 69; “Fəth” surəsi, ayə: 4; “Yunis” surəsi, ayə: 62-63.
[3814]  “Əraf” surəsi, ayə: 96.
[3815]  “Bəqərə” surəsi, ayə: 277; “Maidə” surəsi, ayə: 9. Bax: “Fərazhayi əz İslam”, Əllamə Təbatəbayi, səh. 238.
[3816]  “Ali-İmran” surəsi, ayə: 173; “Ənfal” surəsi, ayə: 2; “Nisa” surəsi, ayə: 136; “Tövbə” surəsi, ayə: 124; eləcə də bax: “Əl-mizan”, 18-ci cild, səh. 259-262.
[3817]  “Bəqərə” surəsi, ayə: 128.
[3818]  “Təfsiri mövzuiyi Qurani-kərim”, 1-ci cild, səh. 383-384.
[3819]  “Mutəffifin” surəsi, ayə: 18-22.
[3820]  “Əl-mizan”, 1-ci cild, səh. 430.
[3821]  “Ali-İmran” surəsi, ayə: 92.
[3822]  “Dəhr” surəsi, ayə: 5-6.
[3823]  “Casiyə” surəsi, ayə: 19; “Ənfal” surəsi, ayə: 34; “Bəqərə” surəsi, ayə: 21; “Həcc“ surəsi, ayə: 37 və s.
[3824]  Bax: “Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219.
[3825]  “Loqman” surəsi, ayə: 32.
[3826]  “Bəyyinə” surəsi, ayə: 7-8.
[3827]  “Kəhf” surəsi, ayə: 110. “İxlas” bəhsi ilə əlaqədar bax: “Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258.
Allah sizə yar olsun.
Sual (97) : Salamun əleykum.. Günah olan məclisdə oturmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» «Nisa» surəsi, ayə 140.

Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:

1. Günah məclisində iştirak, günahda iştirak kimidir;

2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;

3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;

4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;

5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


Allah sizə yar olsun.
Sual (98) : Salamun əleykum.İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

«Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».

İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.

Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın. Amma elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, paxıllıq və nəfs onlara hakim olsa, hər kəs yalnız öz fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə məşğul olun»

«Nurus-səqəleyn», 1-ci cild, səh. 684.

Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki, ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma sürükləyir.


Allah sizə yar olsun.
Sual (99) : Salamun əleykum.Günahı necə tərk etmək lazımdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günahdan qoruna bilməyib, paklığını itirmiş qarşısında iki yol var: O ya bir dəfəyə günahdan uzaqlaşmalı, bu mümkün olmadıqda tədricən, pillə-pillə nəfsini təmizləməlidir.
Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan bir dəfəyə uzaqlaşmaqdır. Qəti qərar gələrək şeytanları qəlbdən qovub, qəlbinin qapılarını onların üzünə bir dəfəlik bağlayan şəxs rahatlığa çıxır. Cəmiyyətdə olmazın günahlarına batmış bəzi insanların həqiqi tövbə ilə şər yoldan bir dəfəlik uzaqlaşdığına az da olsa təsadüf edirik. Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir yuxu təkan ola bilər.
Allahın saleh bəndələrindən olan məşhur övliya Bişr Hafi haqqında belə yazırlar: Bişr Hafi evini günah yuvasına döndərmiş eyş-işrət əhli idi. Bir gün yoldan ötən İmam Musa ibn Cəfər (ə) onun evindən gələn səs-küyü eşidib qapıdakı kənizdən soruşur: “Bu evin sahibi azaddır, yoxsa qul? Əgər qul olsaydı, ağasından qorxardı.” Kəniz imamın bu sözünü dərhal Bişrə çatdırır. Məsum imamın sözləri Bişrin qəlbində qiyam qaldırır, o tövbə edib övliyalıq dərəcəsinədək yüksəlir. Günahdan bir dəfəlik uzaqlaşa bilməyən insan bu işi tədricən görməlidir. Hər tərk olunmuş günah qəlbin bir qara nöqtəsini təmizləyir, bir şeytan qovulur və onun yerinə bir mələk gəlir.

Allah sizə yar olsun.
Sual (100) : Salamun əleykum.Günah etmiş şəxsin bir daha bağışlanmasına ümidi olmalıdırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günaha yol vermiş insan ümidini itirməməlidir. Təsəvvür edin ki, çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün suya hər addımdan bir daşlar düzülmüşdür. Çayı keçmək istəyən insan birinci daşın üstünə atılır. İkinci daşın üstünə atılarkən sürüşüb suya düşərsə, bütün qüvvəsini toplayır ki, yenidən daşın üzərinə çıxsın. Özünüz düşünün, heç ola bilərmi ki, sürüşüb suya düşən adam “qoy məni çay aparsın” deyə çobalamaya?! Əlbəttə ki, ola bilməz! Günah da həmin çaya sürüşüb islanmaq kimidir. Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır. Necə ki, bir dəfə sürüşüb suya düşmüş insan ikinci dəfə sürüşməmək üçün çox diqqətli olur!
“Zumər” surəsinin 53-cü ayəsində buyurulur: “Ey mənim özlərinə zülm etməkdən həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayandır. “Nur” surəsində oxuyuruq: “Ey iman gətirənlər hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.”(a. 31)
Həzrət peyğəmbər (s) buyurur: “hər dərdin bir dərmanı var, günahın dərmanı tövbədir.” İmam Baqir (ə) buyurur: “Tövbə edən şəxs sanki heç günah etməmişdir.”
Tövbəyə qısa tərif verək: Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.
61-ci dərs: Nədən tövbə edilməlidir?
İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.
Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.
Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbür, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.
Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.
Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsədə əməli günah böyük sayıla bilər.
Allah təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Amma böyük günahlardan tövbə etmək vacibdir.
Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır. Onlar bir fəqirin, miskinin yanından düz keçib, ona əl tutmağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər. peyğəmbərlərin və məsum imamların da tövbəsi bu qəbildəndir.

Allah sizə yar olsun.
Go to TOP