Sual (51) : Salam. Həqiqi dost varmı? Varsa hansı xüsusiyyəti olmalıdır.
Allahın adı ilə.   
Əleykumus-salam.        

Dini dəyərlərin ayaq altına alındığı cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.

Qurani-kərimin müxtəlif ayələrində «dost» kəlməsi işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin süfrəsində icazə almadan otura bilər» sualına verilən cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.

İmam Sadiq (ə) buyurur: «Müəyyən həddlər və şərtlərə əməl olunmadan dostluq mümkün deyildir. Dostda beş xüsusiyyət olmalıdır:

1. Üzdə və arxada bir olsun;

2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin;

3. Vəzifəsi, var-dövləti dəyişəndə sənə münasibəti dəyişməsin;

4. Gücü çatanı sənə müzayiqə etməsin;

5. Çətin günündə səni tək qoymasın».

Allah sizə yar olsun. 

Sual (52) : Salam. Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Allahın adı ilə.   
Əleykumus-salam.        . 
Əvvəla, insan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olasıdır. Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir.
Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış edir və bütün ümidsizliklərin üstündən xətt çəkir.
Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və fəsadları törədənlər də axirət həyatına inanmayanlardır.
Allah sizə yar olsun. 
Sual (53) : Salam. Müxaliflərlə necə rəftar etməli?
Allahın adı ilə. 
Əleykumus-salam.           
İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır; 
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir». Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır; 
Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə; 
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma; 
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış. 
Allah sizə yar olsun. 
Sual (54) : Salamun əleykum. Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?
Allahın adı ilə. 
Əleykumus-salam
İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.
Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər: 
1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;
2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;
3. Əxlaq qaydalarına əməl olunmalıdır;
4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə mübarizə aparılmalıdır.
«Nurus-səqəleyn»də oxuyuruq: «Allah-təala öz peyğəmbərinə buyurur ki, yaxşılıqla pislik eyni deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə pislik edənlərə yaxşılıqla cavab ver. Bu halda düşmən səmimi dosta çevrilər».
Allah sizə yar olsun.
Sual (55) : Salamun əleykum. Yuxuya əməl etmək olarmı?
 Allahın adı ilə. 
Əleykumus-salam.
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
İbrahim Peyğəmbər (ə) oğlu İsmayıli gördüyü yuxuya əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi yuxular görür, bəzən isə vəhyi yuxu vasitəsi ilə qəbul edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə ardıcıl gördüyü nəql olunur.
Başqa bir rəvayətdə nəql olunur ki, şeytan İbrahimə, «gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi. Amma İbrahim əmin idi ki, peyğəmbərlər şeytani yuxu görmürlər.
Demək, adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.

Allah sizə yar olsun.    



Go to TOP