Sual (1) : Salam. Islam tarixine Azerbaycan ilk defe hansi adla dusub? Muslum Azerbaycani real insan olub?(Guya Azerbaycani feth eden serkerde).
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Azərbaycan bir sıra hədislərdə elə Azərbaycan deyilərək yad edilmişdir. O cümlədən Abdullah ibni Zümrə, Kəbul Əhbardan nəql edir ki, o dedi: «Abbasi övladlarıyla Erməni və Azərbaycan cavanları arasında müharibə olar elə bir müharibə ki, minlərlə insan öldürülər, hər bir döyüşçü bəzənmiş bir qılınc ələ götürüb qara bayraqlar ucaldarlar; o bir müharibədir ki, qırmızı ölüm və tauna bələnmiş çox qorxulu bir müharibədir. Əl- qeybət, səh 145- 147.»Â 
Həmçinin Allahın rəsulu buyurur: Hər kəs «فَسُبْحانَ اللَّهِ‏ حِینَ تُمْسُونَ...» Rum 17-ci - ayəsindən «...وَ کَذلِکَ تُخْرَجُونَ»- ə (Rum 19-a) kimi oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi ey Allahın rəsulu! Savalan nədir? Buyurdu: «Azərbaycan və Erməni torpaqlarından bir məntəqədir ki, behiştdən bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ondadır. (Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 57, səh 122, Daru ehyaut- turas əl- ərəbi, Beyrut, ikinci çap, 1403 q. Əlbətdə Biharul- ənvarda (Səbəlan) əvəzinə (seylan) yazmışdır ki, səh olduğu bildirilir. Çünkü bu rəvayətin şərhində Əllamə özü Səbəlan yazır, bunlardan əlavə rəvayətin özündə Azərbaycanın adı qeyd olmuşdur ki, Savalan dağı ondadır.)
Əllamə Məclisi nəql edir: «Əbu Hamid Əndolosi deyir: Bu dağın üstündə böyük bir çeşmə var baxmayaraq hündürdu lakin bu dağ suyu soyuq qardan və baldan şirin və dadlı, o dağdan isti su qaynayar bir həddə ki, yumurtanı bişirər və insanlar öz sağlamlığı üçün ona üz tutarlar. Bu dağın ətəyində çoxlu ağaclar və çəmənliklər vardır... (Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 57, səh 122, Daru ehyaut- turas əl- ərəbi, Beyrut, ikinci çap, 1403 q.)
İndiki dövürdə coğrafi və tarixi mənbələrə nəzər saldıqda, bu Savalan dağı və çeşmə (Səreyn isti suyu) Ərdəbildədir.(Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, səh 78- 79; İbni Huqəl Nəsəbi, Əbul Qasim Məhəmməd ibni Huqəl, Surətul- ərz, cild 2, səh 333, Dare- sədr, Efest Leyden, Beyrut, 1938; Bəkri Andolosi, Abdullah ibni Əbdul Əziz, Möcəmu ma istəzəmə min smail- bilad vəl- məvaze, cild 1, səh 137, Aləmul kitab, Beyrut, üçüncü çap, 1403 q, Qubadyani Mərvəzi, Nasir Xosrov, Səfərnameye Nasir Xosrov, səh 193, intişarate Zəvvar, Tehran, birinci çap, 1381 şəmsi).
Bu hədislərin sənədlərinin düzgün olub-olmadığını nəzərə almadan (Çünkü bu hədislərin ravilərinin bəziləri ya zəifdirlər, Kəbul Əhbar kimi; və ya məchuldurlar (şəxsiyyətləri naməlumdurlar).
Onların mətni barədə qeyd etmək lazımdır ki: O dövürdə «Azərbaycan» adı, İran Azərbaycanına da şamil olurdu. (Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, Təhqiq: Zənavi Məhəmməd Əmin, səh 78- 81, Darul- kutub əl-elmiyyə, Beyrut, birinci çap,1422 q. İbni Fəqih, Əhməd ibni Məhəmməd, Əl- buldan, Təhqiq: Əl- hadi, Yusif, səh 581- 582, Aləmul- kutub, Beyrut, birinci çap, 1416 q).
Deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdur. (Yaqut Həməvi, Şahabuddin Əbu Əbdullah, Möcəmul –buldan, cild 1, səh145, Dar Sadir, Beyrut, ikinci çap, 1995.)
Azərbaycanın müsəlmanlar tərəfindən fəth olunması və İslam dininin Azərbaycana gəlişi barədə isə deməliyik ki, müxtəlif fikirlər və fərziyələr irəli sürülüb. Bəziləri İslamın bura qılınc vasitəsilə, bəziləri əhalinin könüllü olaraq ərəblərin ağalığına keçməsi barədə yazsalar da, məsələ bir az fərqli olub.
Əziz Peyğəmbərimiz (s) zühur edəndə Azərbaycan Sasani imperiyasının tərkibində idi. O zaman Aəzrbaycan Araz çayından cənubda yerləşən ərazilərə deyilirdi, şimal hissə, yəni hazırkı Azərbaycan Respublikasının ərazisi Arran adlanırdı. Arran yarımmüstəqil, əsasən xristianların yaşadığı bir ərazi, Azərbaycan isə imperiyanın digər bölgələri kimi zərdüştiliyin geniş yayıldığı ərazi olub. Hətta Azərbaycan Zərdüşt dinin mərkəzi sayılırdı. Bütün İran imperiyası Sasani şahənşahlarının zülmündən, Xəzər və Bizans dövlətləri ilə müharibələrdən iqtisadi və mədəni tənəzzülə uğramışdı. Belə bir durumda, ilk olaraq Allahın elçisi Sasani şahənşahına məktub yazaraq onu İslam dininə dəvət edir. Bu cür davranışdan qəzəblənən şah məktubu cırır və dəvəti rədd edir.
Həmin zamanın qüdrətli hakimlərinə məktub yazıb dinə dəvət etməklə yanaşı, Həzrət Peyğəmbər (s) müxtəlif bölgərə təbliğatçılar göndərirdi. Beləliklə də, Sasani imperiyasının müstəmləkələrindən biri olan Yəmənə Həzrət Peyğəmbər (s) İslam dinin təbliği üçün Həzrət Əlini (ə) göndərir və yəmənlilər İslamı qəbul edirlər. İlk dəfə iranlı və azərbaycanlılar İslam dini ilə yaxından məhz yəmənlilər vasitəsi ilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta İran və Azərbaycan əhalisinin bir hissəsi ərəb işğalından öncə İslamı qəbul etmişdilər.
Eyni imperiyanın tərkibində olan İranla Azərbaycanın tarixi və mədəni bağlılığını nəzərə alsaq, iki ölkədən birində baş verənlər birbaşa digərinə də təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu Bəkrin dövründə qarşılaşırlar. Bu qarşıdurma da hətta nisbətən müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə müsəlman qoşunlarına belə əmr etmişdi:” İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.” Xəlifə Ömərin dövründə Sasani İmperiyası məğlub oldu və Azərbaycan digər bölgələr kimi də müsəlmanların tabeçiliyinə keçdi.
Demək olmaz ki, bu fəthdən əhali əziyyət çəkdi. Çünki ərəblər əhalinin əmlakını əllərindən almır, onları İslamı qəbul etməyə məcbur etmirdilər, yerli adət-ənənələrə hörmətlə yanaşırdı. Elə bu səbədəndir ki, Azərbaycan xalqı İslamdan öncəki adət-ənənələrini bu günə kimi qoruyub saxlayıb.Əhalinin digər hüquqları da pozulmurdu. Əlbəttə, müasir meyarlarla yanaşsaq islamlaşma prosesində nöqsan tapmaq olar, ancaq unutmayaq ki, bu hadisələr dünyanın cəhalətə mürtəkib olduğu orta əsrlərin əvvəllərində baş verirdi. Həmin dövrün meyarları ilə, müsəlmanlar fəth olunmuş xalqıların hüquqlarını qoruyurdu. Bu isə imperiya siyasətindən və sonsuz müharibələrdən bezmiş əhali üçün olduqca mühüm idi və onlar könüllü olaraq xilafətin tabeçiliyinə keçirdilər. Bu işdə artıq öncədən Azərbaycan və İran ərazilərində müsəlmanların olması və yerli camaatın İslam dinin gözəlliyi ilə tanış olduğu təsir göstərmişdi. Azərbaycan qısa bir zamanda tamamilə müsəlmanlaşdı. Arran ərazisi xristian olaraq qalırdı və xilafətin tərkibinə yalnız xəlifə Osmanın dövründə daxil oldu. Artıq Həzrət Əlinin (ə) dövründə Azərbaycanın əksəriyyəti müsəlman olmuşdu. Buna baxmayaraq Girdman əmirliyi xrisitian olaraq qalırdı. Sonralar İslam hakimiyyəti altında Arran və Azərbaycan vahid vilayətə birləşdi. 
Onu da qeyd etməliyik ki, Azərbaycanın fəthində Müslim Azərbaycani kimi bir şəxsin adı çəkilməmişdir.
nur-az.com
Allah sizə yar olsun.
Sual (2) : Salamun əleykum.Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm, ilk dərs ilimdə məni öz göstərişlərinizlə peyğəmbər peşəsi olan müəllimliyə həvəsləndirəsiniz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Bismillahir-rəhmanir-rəhim.
İşinizə başlayarkən onun müqəddəsliyinə yetirdiyiniz diqqət və gözəl niyyətinizi dəyərləndirməklə, müvəffəqiyyət qapılarının üzünüzə açılmasını Allahdan diləyirəm. İmam Mehdinin (ə.c) sayəsi altında uğur qazanıb, onun dostlarından və köməkçilərindən olasınız.
Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qurani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür.
Əzəmətli peyğəmbərlərin ən böyük vəzifələrindən biri də təlim və tərbiyədir. Həzrət Rəsulullah (s) özü haqqında buyurur: «Yalnız müəllimlik üçün seçildim.»
Həzrət Əli (ə) və digər imamlar ilahi cəmiyyətdə təlim və tərbiyə sifətinin məzhəridirlər. Mədrəsə, elmin bəyanı, maarif, o əzəmətli şəxslərin hökmləri ilkin islam dövründən bu günədək genişlənmişdir. İslam mədrəsəsi yeganə təhsil ocağıdır ki, onda minlərlə müəllimlər təhsil alıb, dünyanın müxtəlif nöqtələrində, şəhər və kəndlərində, məscid və hüseyniyyələrdə elmə qatılmışlar.
İki ay, məhərrəm və səfər ayları boyunca islam aləmi həzrət Seyyidüş-şühəda imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirir. Bütün təlim-tərbiyə ocaqları bu mərasimlərin kəramətindən çiçəklənir. Bir zaman Mədinə məscidində imam Hüseynə (ə) məxsus dərslər qurular, səhabə və ardıcıllar belə bir müəllimdən dərs alardılar.
Aydındır ki, söhbətin faydalı elmlərdən getdiyini qeyd etməyə ehtiyac qalmır. Quran, əhkam, əxlaq, üsul, ədəbiyyat, tarix, biologiya, fizika, kimya, riyaziyyat və s. müəllimlərinin hər biri fəzilətlidir. Bütün bu təlimlər cəmiyyətə xidmət, islamın izzəti, biganələrdən ehtiyacsızlığı, ilahi razılıq əldə edilməsi üçün yerinə yetirilə bilər.
Müəllim müqəddəs hədəf, yüksək şüur və düşüncə ilə tədris edərsə, bu iş heç bir dünya malı ilə müqayisə edilə bilməz. Bu yolda niyyət xalis olduqca işin mənəvi dəyəri də artır.
Həzrət imam Cəfər Sadiq (ə) məktəbində minlərlə alim, hədisçi, təfsirçi və mütəxəssislər yetişmişdir. «Kimya elminin atası» ləqəbini almış Cabir ibni Həyyan da bu şəxslər arasındadır.
İslami cəmiyyətdə tədris, müəllim, müəllimin məqamı və şənindən danışılanda adı çəkilən bütün elmlər nəzərdə tutulur. İslam, Quran, şəriət elmlərinin xüsusi məqamı olsa da, dini kamilliyi, dünya həyatının nizamlanması, cəhalətin aradan qaldırılmasında bütün digər elmlərin rolu vardır. Eləcə də, müəllim ixtisasından asılı olmayaraq, şagirdləri islam, mərifət, Əhli-beytlə tanış edə bilir. Müəllimlik sənəti şagirdlərin doğru yola yönəldilməsi üçün gözəl bir imkan yaradır. Əksinə, müəllim sağlam əqidəyə malik olmazsa, şagirdlərin əqidə və əxlaqına mənfi təsir göstərə bilər.
Eləcə də, fəsad törədən, pozucu sahələr vardır ki, onların tədrisi günahdır. Peyğəmbər və imamlarla həmfikirlik, onlardan ilhamlanmaq müəllimin axirətinə təminat verir.
Ümid var ki, təlim-tərbiyə ocaqlarımız ilahi hökmlər və Quran təlimləri sayəsində cəmiyyəti tərəqqi və inkişafa çatdırsınlar. Eləcə də, əziz müəllimlər öhdəyə götürdükləri böyük vəzifəni layiqincə yerinə yetirib, ilahi dəyərlərin keşiyində duranlardan olsunlar.
Möhtərəm və əziz müəllimlərə, xüsusi ilə də bu fəaliyyətə yenicə başlayanlara nəsihətim budur ki, öz işləri ilə Allah razılığını qazanmaq istiqamətində iradəli olsunlar. Şagirdlərlə təvazökar və mehriban rəftar, tapşırılmış əmanətin yaxşıca qorunması müəllim ömrünü bütün cəmiyyət üçün faydalı edər.
Onu da qeyd edək ki, müəllimin ədəb və əxlaqı, rəftarı və danışıq üslubu, hətta geyimi və çöhrəsi də şagirdə təsir edir. Ailədən sonra insan üçün ən təsirli mühit məktəb mühitidir. «Yaxşı yerin torpağı yaxşı, pis yerin torpağı pis bitkilər bitirər» (Əraf-58).
Bütün bu məsuliyyətlər nəzərə alınarsa, dərs otağını ibadət otağı, müəllimlik fəaliyyəti ibadət hesab oluna bilər.
Kaş, sizinlə olub, böyük iftixara çataydıq!

Allah sizə yar olsun.

Go to TOP