Sual (1) : Salam aleykum.bir insanin uzerinde choxlu qul haqqi varsa ve halal etmirlerse,bele insan mutleq cehenneme gedecek?axi,Allah qul haqqin bagiwlamir. Allah dogurdan bizim hesretle qayitmagimizi gozleyir? bu nece olur,axi Onun sevgisi emosianalliqdan uzaqdir,men bildiyim bu ferqli,bashga cur sevgidir.chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Üzərində haqqun-nas olan şəxs günahına görə tövbə etməlidir və boynunda olan haqqı sahibinə qaytarmalı və ya halallıq almalıdır. Əgər qaytarmasa və ya halallıq ala bilməsə, Qiyamət günü haqq sahibinin günahlarından onun əməl dəftərinə yazılacaq və yaxud xeyir əməllərindən boynunda olan haqq qədərində haqq sahiblərinin hesabına yazılacaq. Bundan sonra insanın xeyir əməlləri çox olsa Cənnətə, günahları çox olsa Cəhənnəmə getməli olacaq. Əgər şəxs dünyada iman və təqva əhli olmuş olsa, Peyğəmbər və Əhli-beyt onun Cənnətə getməsi üçün şəfaət edəcəklər. Ola bilər Allah-taala haqq sahibinin günahlarından bağışlamaqla onu razı salsın və o da öz haqqını bağışlasın.
Allahın bəndəsinə olan sevgisi rəhmət və məğfirətinin nişanəsidir. Allahın məhəbbəti Onun fel sifətlərindəndir, amma bəndənin Allaha olan məhəbbəti qəlbində olan bir halətdir. Allah bəndəsini sevir dedikdə, yəni ondan razıdır və öz rəhmət və nemətlərini ona nazil edir, ibadət və itaətə doğru hidayət edir. Əlbəttə bilmək lazımdır ki, Allahın sifətlərini sözlə çatdırmaq mümkün olmadığı üçün insanların düşünə biləcəyi ifadələrlə izah ediblər.

Allahsizə yarolsun.

Sual (2) : Salam,Allahin sifetleri hansilardir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahın «Cəmal» və «Cəlal» sifətləri
Adətən, Allahın sifətlərini iki qismə bölürlər:
1. Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).
2. Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.
Allahın ən tanınmış sifətləri
Allahın məşhur və tanınınmış sübuti sifətləri aşağıdakılardır:
1. Alim: Yəni Allah Alimdir və hər şeyi bilir.
2. Qadir: Yəni Allah Qadirdir və hər şeyə qüdrəti catır.
3. Həyy (Diri): Yəni Allah diridir.
Həm elmi, həm də qüdrəti olan diridir.  Allahın elm və qüdrəti olduğuna görə, o da diridir.
4. Murid (İradə edən), yəni, İradə sahibidir. Öz işlərində məcbur deyil.
Gördüyü bütün işlərin hamısı hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır.
5. Müdrik (Anlayan), yəni, Allah hər şeyi dərk edib anlayır. Hər şeyi görür, bütün səsləri eşidir, hər şeydən xəbərdardır.
6. Qədim, Əbədi (Həmişə olan), yəni, Allah həmişə olub və olacaq. Onun vücudunun başlanğıcı yoxdur. Çünki onun varlığı onun özündəndir. Buna görə də həmişəlik və əbədidir. Çünki vücudu özündən olan bir varlıq üçün ölüm və fəna mövcud deyildir.
7. Mütəkəllim (Danışan), yəni, Allah səs dalğalarını havada icad edib öz peyğəmbərləri ilə söhbət etməyə qadirdir. Allah danışandır dedikdə, onun üçün dil, dodağ və boğaz təsvir olunmur.
8. Sadiq (Düz danışan), yəni, Allahın bütün dedikləri düz və həqiqətdir. Yalan danışmaq ya nadanlıq üzündəndir, ya da zəiflik üzündən. Heç bir nadanlıq və zəifliyi olmayan, əksinə, hər şeyə alim və qadir olan Allahın yalan danışması qeyri-mümkündür.
Allahın məşhur səlbi sifətləti isə aşağıdakılardır:
1. Mürəkkəb, yəni, Allah hissələrdən təşkil olunmayıb. Çünki mürəkkəb olan şeyin öz hissələrinə ehtiyacı var (və hissələr olmasa, həyata qədəm qoya bilməz). Allahın isə heç bir şeyə ehtiyacı yoxdur. Deməli, o, mürəkkəb deyil.
2. Cisim: Allah cisim deyil. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq).
3. Məri (Görünən), yəni, Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz.
4. Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur.
5. Allahın şəriki yoxdur. Əgər şəriki olsaydı, gərək, məhdud olaydı. Çünki heç bir cəhətdən məhdud olmayan iki varlığın bir yerdə mövcudluğu mümkün deyil. Bundan əlavə, dünyadakı qanunların (nizamın) vəhdəti (birliyi) dünya Xaliqinin birliyinə sübutdur.
6. Allahın sifətləri onun vücudunun bir neçə olduğuna dəlalət etmir. (Yəni, Allah alimdir, deməli alim bir Allah Qadirdir, deməli Qadir birAllah və s. ...). onun bütün sifətləri elə onun zatının özüdür.
7. Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur: « Ona bənzər heç bir şey yoxdur» (Şura, 11).

Allah sizə yar olsun.

Sual (3) : Salamun eleykum . Bir məclisdə eşitdim (biz insani ozmuze oxsar yaratdiq ) bele bir aye varmi ? ve ya buna oxsar ?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Belə bir ayə Quranda yox, Tövratın yaradılış bölməsində var. Əlbəttə, bu söz batildir, insanın Allaha oxşarlığı yoxdur. Ümumiyyətlə islam mənbələrində xüsusilə Quranda qeyd olunur ki Allahın nə oxşarı var və nə bənzəri. Şura surəsinin 11-ci ayəsində deyilir: Heç nə Onun kimi deyil və eşidən və görən Odur! Həmçinin ixlas surəsində: 4. Və heç bir zaman bir kəs Ona tay olmamışdır».

Allah sizə yar olsun.

Sual (4) : Salam,bir sualim da var,men Allah haqda dushunurem.Bele bir benzetme etdim:"Men xeyal qururam,xeyalimdaki insanlara varliq veren menem,onlara oz varligimdan vucud verirem,amma ozume uygun yox,onlarin oz mahiyyetine uygun,ferqli shekilde vucud verilir,men nezerimi cheken kimi onlar yox olacaqlar."Allahin bize munasibetini buna benzetmek olar?sag olum

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şura surəsi 11-ci ayədə deyilir: Heç nə Onun kimi deyil və eşidən və görən Odur! və ya İxlas surəsində oxuyuruq: 4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır». İmam Əli (ə) Nəhcül-bəlağənin birinci xütbəsində Allahı gözəl şəkildə tanıtdırır. Saytın kitabxanasından qeyd olunan kitaba müraciət edin. Amma hər halda hər bir mümkün varlığın vücudu vacibul-vücud olan Allaha bağlıdır.
Diqqət etmək lazımdır ki, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür. Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”

Allahsizə yarolsun.

Sual (5) : Salam aleykum.,Allahin her yerde olmasi goresen,Onun elminin her yerde olmasidir yoxsa O Zati,Ozu ile her yerdedir,eger Onun elmi Ozunden ayri deyilse,bele cixir ki,Allah hem de pis,necis yerlerdedir,elbette bu menim naqis dushuncemle geldiyim neticedir.Siz ne duwunursuz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahın elmi Onun pak zatının eynidir. Onun elmi bütün varlıq aləmini əhatə edir. Allah nə cismdir, nə də gözə görsənən, nə yeri var və nə də məkanı. Buna görədə sual olunmaz ki, Allah hardadır? Çünki, məkanda olmaq maddi və cisimi olan mövcuda aiddir. Allah cisimdən münəzzəh, sonsuz və qeyri-məhdud varlıqdır. Sonsuz varlıq bir yerdə ola bilməz, çünki, belə olduqda məhdud olacaq. Amma "Allah hər yerdədir" dedikdə bu mətləbi əks etdirir ki, Allahın hər şeyə əhatəsi var və hər şeydən xəbərdardır. Ümumiyyətlə Allah məkan təsəvvüründən üstündür və bütün mövcudalar eyni dərəcədə Onun hüzurundadır.

Allah sizə yar olsun.

Sual (6) : Salam,Allah insana ne qeder yaxindir? Allah bizden ayridir yoxsa biz,butun alemler ele Allahla bir yerdeyik? mes,insanin damarindaki qan insanin terkibidir,ayri deyil,Allah da bele bizden ayri deyilmi? bezen mene ele gelir ki,hech ne yoxdur yalniz Allah var,bashga her shey de Odur,bizde ona daxilik,ayri deyilik,nece ki,shua guneshe daxildir,ondan ayri deyil,bizde Allahin eks olundugu shuayiq..Eledirmi? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sulınızın cavabını Həzrət Əlinin (əleyhis-salam) Nəhcül-Bəlağəsində birinci xütbədə tapa bilərsiz:
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.  İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.  Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar  Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.  
Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.   Yoxdan var olmayan bir varlıq və mövcuddur.  Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.  İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət  və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,  heç bir təcrübə və sınaqdan faydalanmadan,  Özündə heç bir hərəkət yaratmadan  və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.  Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi  halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).

Allahsizə yarolsun.

Sual (7) : Salamun əleykum. Sizə bir neçe sualım var: 1-"Allah Böyükdür" Nə Deməydir. Yəni Nə mənada Allah böyükdür cismani baxımdanmı? 2-Biz Həmişə, Allah Hər Yerdədir Deyirik Bəs Bu Söz Nə Deməkdir Allah Cism Baxımdanmı Hər Yerdədir, Yoxsa Başqa mənada?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1.Bir nəfər İmam Sadiqin (əleyhis-salam) yanında dedi: Əllahu-əkbər (Allah böyükdür).

İmam buyurdu: Allah nədən böyükdür?

Dedi: hər şeydən!

İmam: bu sözlə Allahı məhdud etdin.

O kişi soruşdu: bəs nə deyim?

Buyurdu: denə Əllahu-əkbər min ən yusəf (Allah vəsf edilməkdən uzaq və böyükdür).

Başqa bir hədisdə İmam Sadiqdən (ə) səhabəsi soruşur: Allahın hər şeydən böyük olmasının anlamı nədir? İmam buyurur: Allahın zatının qarşısında bir mövcud varmı  Allah ondan böyük olsun?!

O səhabə soruşur: Bəs nə deyim? Buyurdu: denə:  Allah vəsf və təsvir olmaqdan uca və böyükdür.

2. Yəni Allahın hər şeyə elmi və əhatəsi var, aləm Allahın hüzurundadır.

Allah sizə yar olsun.

Sual (8) : Salam aleykum. Rububiyyetde tovhid nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.
Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan “rübubiyyət” məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.
Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:
1.Təkvini rübubiyyət.  Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının təminatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.
2.Təşrii (hüquqi) rübubiyyət.  Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri təyin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.
Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bəzilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb təmin edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.
Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)
Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yəni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mənası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.

Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum. Allah, Rebb, Ilah bunlar arasinda ne ferq var? Rebbi qebul eden rububiyyetde tovhidi qebul etmis olur? Vehabiler bulari yozub adamda sekk subhe yaradirlar

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəbb – «Rəbəbə» kəlməsindən götürülmüşdür. Malik, islahatçı və başçı mənalarını daşıyır.

«Rəbibə» kəlməsi də həmən kökdən götürülmüşdür.

«Rəbb» başqa kəlmələrlə işlənmədikdə ayrı-ayrılıqda Allahdan qeyrisi üçün istifadə olunmayır.

Məsələn, «rəbbissəfinə» – gəminin kapitanına, «Rəbbuddar» – ev sahibinə deyilir.

Vəhhabilər rübubiyyəti düzgün təfsir etmirlər. Onlar rübubiyyəti, xaliqiyyətdə və feldə tovhid kimi məna edirlər.  Müşriklər bütün məsələlərdə rübubiyyətdə tövhid qəbul etmirdilər. Ənam surəsi 164 ayəyə nəzər salın, De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?!

“İlah” və “üluhiyyət”in mənası pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mənasınadır. Baxmayaraq ki, yolunu azanlar batil və puç məbudları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu etiqadın meyarıdır. Yəni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan “La ilahə illəllah”da əxz edilmişdir.

Bəzi lüğət alimləri deyir ki Allah sözünün əsli, kökü əl-ilah ya vələh və s. olub. Əksəriyyəti isə deyir ki  Allah sözü heçnədən törəməyib, elə əvvəldən Allah olub. Allah xüsusi addır ki, yalnız aləmlərin xaliqinə deyilir.

Allah sizə yar olsun.

Sual (10) : Salam. Ateistlerin bele bir sualı var , "Allah her şeyi yarada bilirse , özü kimi bir Allah da yarada bilermi?" Buna nece cavab vermek olar? Allah razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahın qadir olması o demək deyil ki, O, ikinci bir Allahı yaratmalıdır. Bəzi işlərin qarşısını alan acizlik yox, məntiqsizlikdir. Allah faydasız iş görməz. Əgər desək ki, Allah “2”-ni “3”-dən böyük edə bilməz, doğru olmaz. Çünki bu iş Allahın hikmətinə ziddir.
Allahın özü kimisini yaratmasının məfhumu budur ki, Onun yaratdığı həm mümkün və məhdud, həm də vacib və qeyri-məhdud olsun. Yəni öz-özünə yaranmamış bir şey həm də kimsə tərəfindən yaradılmasın. Bu isə paradoks, yəni ziddiyyətli bir fikirdir. Belə bir fikir ağıla uyğun gəlmir. Çünki Allahın özünə oxşar yaratdığı vücud həm də Onun məxluqu olur. Bu isə mümkünsüzdür.

“Allahın özü kimisi” dedikdə həmin varlıq bütün baxımlardan Onun kimi olmalıdır. Varlığı başqasından asılı olmayan vücud “vacibül-vücud” adlandırılmışdır. Necə ola bilər ki, bir varlıq həm “yaradılmış” olsun, həm də “vacibül-vücud”?!

Eləcə də, Allah-təalanın varlıq aləmini bir yumurtaya sığışdırması qeyri-mümkün bir işdir. Ağıl tələb edir ki, hər hansı bir şey öz qabından kiçik olmalıdır. Qabdan böyük şeyin həmin qaba sığışması mahal bir işdir. Ona görə də dünyanın yumurtada yerləşdirilməsi ağılsız bir istəkdir. Əvvəlcə deyilənlərdən aydın oldu ki, mahal işlərə münasibətdə qüdrətdən danışmaq olmaz. Qüdrət mümkün işlərə münasibətdə nəzərdən keçirilən sifətdir. Üçüncü sual isə belə idi ki, Allah sonradan məhv edə bilməyəcəyi bir varlıq yarada bilərmi? Bu sual da əvvəlki sualar kimi mahal bir işin təmənnasından doğur. Çünki Allah tərəfindən yaradılmış bir mövcud mümkün olmalıdır. Hər bir mümkün iş isə zatən fənaya məhkumdur. Fəna olmayan şeyləri isə vacibül-vücud hesab etməyə məcburuq. Belə çıxır ki, bir şey həm mümkün, həm də vacibül-vücud olmalıdır. Bu isə ziddiyyətli bir məsələdir. İki zidd şeyin bir araya gəlməsi isə ağlasığmaz bir təmənnadır.

Allahın hərəkətə gətirə bilməyəcəyi bir mövcudu yaratması da ziddiyyətli bir istəkdir. Çünki Allahın yaratdığı hər bir mövcud məhduddur. Hərəkətə gətirilə bilməyən bir şey isə qeyri-məhdud olmalıdır. Məgər yaradılmış bir şey qeyri-məhdud ola bilərmi?! Demək, bu təmənna da əvvəlkilər kimi ziddiyyətli bir işin təmənnasıdır.

Bir sözlə, yuxarıdakı istəklər zatən mahal işlərin istənilməsidir. Ona görə də bu işlərə münasibətdə qüdrətdən danışmağa dəyməz. Bu işlər ağıl və düşüncə baxımından mümkün olası işlər deyil. Onların mümkünsüzlüyü Allahın qüdrətinə nöqsan gətirmir.

Allah sizə yar olsun.

Go to TOP