Sual (1) : Salam Əleykum. Maraqlıdır ki, müasir dövrdə olan və adi insanların etdiyi elmi şəkfləri nə üçün Peyğəmbərlər və məsum İmamlar öz dövrlərində şəkf etməyiblər? (məsələn elektrik enerji, avtomobillər, mobil telefonlar televizor və s...)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. Bəşərin ehtiyacları təkcə maddi yöndə deyil, həm də mənəvi yöndədir. Hər bir insan və ya qrup öz istedad və bacarıqlarına uyğun olaraq bu iki yöndən birini seçir, həmin sahədə fəaliyyət edib tədqiqat aparmaqla bəşər cəmiyyətlərinə xidmət etməyə çalışır. Peyğəmbərlərin və imamların əsas vəzifəsi insanları hidayət edib insani kamilliyə, dünya və axirət xoşbəxtliyinə çatdırmaqdır. Əlbəttə bu yolda adətən çox çətinliklərlə üzləşiblər və zamanənin zülmkar hakimləri peyğəmbərlərin fəaliyyətinə maneə törədiblər. Diqqət etmək lazımdır ki, elmi ixtira və kəşflər üçün təkcə elm kifayət etmir, əksinə onu həyata keçirmək üçün bir çox vəsaitlərə ehtiyac var. Misal üçün avtomobil icad etmə elminə yiyələnmək avtomil düzəltmək demək deyil. Çünki bir avtomobilin düzəlməsi və tədricən inkişaf etməsi üçün çoxlu vəsait lazımdır. Başqa bir tərəfdən Peyğəmbərlər adətən elmlərini icra etməyə və həyata keçirməyə imkanları olmayıb. Əlbəttə şərat yarandıqda insanların maddi rifahının yüksəlməsi üçün çalışıblar. Məsələn Süleyman Peyğəmbərə yer üzündə hökmranlıq etməyə imkan yarandığı üçün o zamanda mümkündür çoxlu ixtiralar və kəşflər olsun. Necə ki, Quranda, bəzi hədislərdə və tarixi qaynaqlarda buna işarə olunub. Amma sonradan aradan getməsi və inkişaf etməməsinin müxtəlif səbəbləri ola bilər. Həmçinin nəzərdən qaçırmayaq ki, bir çox ixtiraçılar həqiqətdə özlərindən qabqkıların elmi nəzəriyyələrini təkmilləşdiriblər. Misal üçün Edison ki, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir, bunu əldə etmək üçün ixtiyarında böyük labaratoriya olub və bir çox mütəxəssislər onula həmkarlıq etmişlər. Bəs Peyğəmbərlərin və imamların əsas vəzifəsi insanların hidayəti olmuşdur və bunun kənarında imkan yarandığı təqdirdə ixtiralar və kəşflərin bünövrəsi və mənşəyi olan elmi nəzəriyyələri insanlara çatdırıblar. Misal üçün İmam Sadiq (ə) zamanəsində yaranan şəraitdən bəhrələnərək elmin müxtəlif sahələrində şagirlər tərbiyət edib. Kimya elminin atası ləqəbini almış Cabir ibni Həyyan bu şəxslərdən biridir.

Allah sizə yar olsun.

Sual (2) : Salam... 1...."Dinde mecburiyyet yoxdu" ayesiyle islam tarixinde islami qebul etmeyenlerle muharibe etmek arasinda ziddiyet yoxdurmu? 2....Eyniyle islam qanunlarinin hokmran oldugu olkelerde hicabin mecburi olmasi hemin ayeye zidd deyilmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam alimlərinin fikrincə, cihad ayələri ilə əqidə və bəyan azadlığı arasında heç bir ziddiyyət yoxdur. Cihad İslamı zor gücü ilə başqalarına aşılamaq deyil. Cihad İslamla insanlar arasında yaradılan maneləri aradan qaldırmaqdır. Cihad vasitəsi ilə İslamın yayılmasının qarşısını alan hər bir maneə aradan götürülür və bu zaman insanlara İslamı seçmək və ya seçməmək azadlığı verilir. Qurani-kərimdə “kim Allahı qəbul eləməsə onu öldürün” deyə bir ayə yoxdur. Ümumilikdə cihad ayələrində deyilir: Sizinlə vuruşan və sizi öldürmək istəyən şəxslərə qarşı cihad edin. Qurani-kərimdə hətta düşmənlərin hüquqlarını qorumaq əmri verilir. Bəqərə surəsi ayə 190. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir. Və ya Tövbə surəsində oxuyuruq: و إن أحدٌ من المشرکین استجارک فُاُجِرْهُ حتی یسمع کلام الله ثم ابلغه مأمنه ذلک بأنّهم قوم لا یعلمون Bu ayədən belə məlum olur ki, əgər bir nəfər sualını bildirmək və təhqiq etmək məqsədi ilə müsəlmanların yanına gəlsə, lakin yenə də İslamı qəbul etməyib, müsəlman olmasa belə, tüəhlükəsizliyi qorunmalı və sağ-salamat halda qaytarlmalı və heç kəs də ona etiraz etməməlidir. Ümumilikdə İslam üç halda müharibə edir: 1- Şirk və bütpərəstliyi məhv etmək məqsədi ilə. Çünki İslam baxımından bütpərəstlik bir din və ayin deyil. Pütpərəstlik yalnız xurafat, təhrif və mühumatdan ibarətdir. 2- İslamın məğlubiyyət və məhvi üçün çalışanlarla. Demək olar ki, Peyğəmbər (s) zamanında əksər döyü‏şlər bu prinsip əsasında olub. 3-İslamı yaymaq üçün təbliğ azadlığı hüququ kəsb etmək məqsədi ilə. Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra neçə illər müsəlmanlarla müharibə edən müş‏rikləri ba‎‏ğışlad‎ı və müqabilində onlar‎ı islamı qəbul etməyədə məcbur etmədi.Peyğəmbərin (s) zamanında eləcədə hazırda müsəlman ölkələrində kafirlər və dinsizlər müsəlmanlarla birgə yaşayırlar ki onlar dini qəbul etməyə və dinə əməl etməyə məcbur olunmurlar.

Tamam qanunlar istər dini istər qeyri dini, istər müsəlman istər qeyri müsəlman  ölkələrində iki cürdür: İctimai və fərdi (şəxsi) fərdi qanunlar hər yerdə ixtiyarlıdır elə ona görədə namaz, oruc, həcc və s. ki islamın vacibatı olmağına baxmayaraq məcbur olunmur.

Amma ictimai qanunlar fərq edir. Dünyanın hər yerində ictimai qanunlara əməl olunmaqı məcburidir. Buna çoxlu misal çəkmək olar: İçkili halda sürücülük qadağandır hətta məst olmasa belə. Bəzi idarələrin ya məktəblərin xüsusi geyimi var ki riayət etmək məcburidir. Hаl-hаzırdа dünyаnın inkişаf еtmiş ölkәlәrindә kişilәr üçün bеlә mәhdudiyyәtlәr mövcuddur. Әgәr hәr hаnsı bir kişi çılpаq hаldа küçәyә çıхаrsа, pоlis оnа mаnе оlаr vә ictimаi аsаyişi pоzduğunа görә оnu mәsuliyyәtә cәlb еdәr. İslamda ictimai bir dindir ki inasanların dünya və axirət xoşbəxtliyin təmin edir. Hicаbda аlçаq tәbiәtli, әхlаqsız şәхslәrin оnа qаrşı yönәlmiş mәnfur bахışlаrının vә tәcаvüz еtmәsinin qаrşısını аlır.

Allah sizə yar olsun.

Sual (3) : Salam aleykum. Vəhm quvvəsi nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vəhm qüvvəsi cüzi mənanı dərk edən qüvvədir. Misal üçün qoyun canavarla olan düşmənçiliyi və balasına olan əlaqə və məhəbbəti dərk edir. Düşmənçilik və dostluq zahiri və müştərək hislərlə dərk olunmur. Bu baxımdan (canavara nisbət düşmənçilik və balasına nisbət dostluq) külli yox cüzi mənadır. Ağıl külli mənanı dərk etdiyi üçün bu mənanı dərk etmir. Bəs cüzi mənanı dərk edən qüvvəyə vəhm deyilir.

Allah sizə yar olsun.

Sual (4) : salam aleykum Allahın rehmet ve bereketi üzerinize olsun Zehmet olmasa AĞIL,HİYLEve QAVRAMA Qüvveleri barədə bir az məlumat vererdiz evvelceden teshekkür edirem.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ağıl: Həqiqətdə, Allah-taala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi varlıqlar barəsində fikirləşək, şüurumuzu işə salıb, Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.

İmam Sadiq (ə)-dan “ağıl nədir?” – deyə soruşulduqda, o həzrət buyurdu: “ağıl odur ki, Allah-taala onun vasitəsilə (insandan) sual soruşur və behişt onun vasitəsilə qazanılır.”

Ağıllı insan həyatın çətinliklərinə, ağrı-acılarına dözür, ağılı ilə dünyanın puç və müvəqqəti, axirətin isə əbədi və həmişəlik olmasına yəqin edir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah əqldən də əziz olacaq bir varlıq yaratmamışdır.” Həmçinin buyurmuşdur: “Allahın yaratdığı ilk şey ağıl idi.” Başqa bir hədisdə buyurmuşdur: “İnsanın dayaq nöqtəsi ağılıdir və ağlı olmayan şəxsin dini də yoxdur.”

İmam Rza (ə) buyurmuşdur: “Ağıl Allahın (insanlara) hədiyyəsidir.”

İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala insandan (nankorluq etdiyinə görə) bir neməti almaq istədikdə, birinci onun ağılın əlindən alır.”

Hiylə: “hiylə” kimisə məqsədindən yayındırmaq ya məqsədə çatmaq üçün gizli yollardan istifadə etməkdir (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən hiylə hər yerdə pis deyil. Müharibədə düşmənə qarşı hiylə işlətmək halaldır. 

Allah sizə yar olsun.

Sual (5) : Salam aleykum. Bu gun elm tekamul nezeriyyesin destekleyir? Yoxsa bu yayilan melumatlar yanlisdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.
İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bu günkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.
Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.
Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.
Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.
Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?
Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun nə əqli, nə də təcrübi dəlilə malikdir. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yəni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil!

Allah sizə yar olsun.

Sual (6) : İslam nöqteyi-nəzərindən qanunvericilik ilahi şəriətdən ayrı ola bilermi? ve bunun delili nedir? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

İslam baxımından qanunvericilik şəriətə və ilahi qanunlara zidd olmamalıdır. Ümumiyyətlə bütün qanunların şəriət əsasında olmağı mümkün deyil. Çünki şəriətdə ictimai qanunlar ümumi şəkildə bəyan olunur, onun təfərrüatı isə hakim tərəfindən və ya ictimayi rəy əsasında tənzimlənməlidir. Misal üçün yol qanun-qaydalarını nəzər alsaq, islamda ümumi şəkildə nizam-intizam və hüquqların qorunması sifariş olunur, bunun icrası isə mütəxəssislər tərəfindən qanun olaraq tənzimlənməlidir. Amma hər halda insan qanuna tabe olmalıdır, istər bu qanunlar dini olsun və istər də dünyəvi, çünki əks hal özbaşınalıq olar. İmam Əli (ə) buyurur: İnsanlar üçün hakim və dövlət başçısı olmalıdır istər yaxşı olsun və istərsə də fasiq. Əgər belə olmasa ölkədə dərəbəylik olar. Qanunların islama zidd olmaması üçün islam dövləti qurulmalıdır və onun başında ədalətli fəqih durmalıdır. Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra ilk işi islam dövləti qurmaq oldu. Şəriətə əsasən müsəlman kafir ölkəsində yaşayarsa o ölkənin qanunlarını pozmamalıdır, əgər qanun şəritə zidd olarsa hicrət etməlidir. Əlbətdə bu o demək deyil ki, insan etiraz etməməli və öz haqlarını tələb etməməlidir, lakin bu qanunu pozmaqla olmamalıdır.

Allah sizə yar olsun.

Sual (7) : Salam aleykum*üzәrliy bitkisi bednezerden qoruyurmu insani?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.

Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.

Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şey deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.

Məşhurdur ki, Qələm surəsinin 51-52 ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.

Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"

Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.

Həmçinin "Ayətəl kürsi","Nas", "Fələq" "Həmd" və "Tövhid" surələrini oxumaq gözdəymənin qarşısını alar.

İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

Üzərliyin xasiyyətini həm din həmdə elm təsdiqləyir.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır. ”Üzərlik barəsində məsumlardan hədislər nəql olub.

Allah sizə yar olsun.

Sual (8) : Salam aleykum. Ruh ve nefs nedir? Bunlarin bir biri ile elaqeleri nedir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nəfs lüğətdə ruhla eyni mənada işlənib, lakin hər birinə ayrı-ayrı mənalar deyilib.

Nəfs: Ruh, nəzər, qan, cisim (bədən), insanın şəxsiyyəti, əzəmət və s.

Ruh: Həyata və diri qalmağa vasitə, nəfs, lətif, vəhy, meyar, Allahın hökmü, müqəddəs ruh mənalarında gəlmişdir.

Bəziləri nəfsin ali mərtəbəsini ruh adlandırır.

Əbu Əli Sina deyir: Allah-taala insanları üç şeyin ortaya gəlməsindən yaratdı: Biri bədən ya cisimdir, digəri can və ruhdur və üçüncüsü rəvan və nəfsdir.

Qəzali deyir: Ruh sənin özün və həqiqətindir. O sənə gizli və sən də ondan xəbərsizsən. Sənin ruhun insanlıq xüsusiyyətidir ki, Allaha nisbət verilir. Necə ki, Quran buyurur: De: Ruh mənim Rəbbimin əmrindəndir. Öz ruhumdan ona üfürdüm. Əlbətdə bu ruh, incə və lətif cisim olan ruh ki, onun mənşəyi qəlbdir və bədənin bütün üzvlərində və damarlarında yayılıb, hiss və hərəkətə güc verir, fərqlidir. Bu ruh insana məxsus deyil və bu cəhətdə başqa heyvanlarla müştərəkdir. Bu ruh ölümlə aradan getmir. Bu ruh əmanət və mərifət yükünü götürə bilməz. Əmanət və mərifət yükünü götürən, insana məxsus olan ruhdur. Bədənin aradan getməyi ilə ruh aradan getmir, bəlkə başqa hala çevrilir.

İmam Əli (ə) buyurub: Ruh lətif nüktə və şərafətli nəzərdir ki, Xaliqin əzəmətini və xilqətini xatırladır. Onu mülk xəzinəsindən bu aləmə gətirib. Bəs, o ilahi əmanətdir.

Ruhun həqiqəti gizlidir və böyük tədqiqatçılarda bunu dərk etməkdə öz acizliklərinə etiraf ediblər.

İmam Sadiq (ə) buyurur: Ruhu ağırlıq və yüngüllüklə tövsif etmək olmaz. Ruh incə cisimdir ki, qaranlıq qəliblə örtülüb. Ruh ölümlə aradan getmir.

Nəfsin müxtəlif mənaları var. İnsan ya heyvana nəfs ifadəsi işlənilir. Çünki həssaslıq və dərk etmək qabiliyyəti var. Ehtimal verilir insan və heyvan nəfəs aldıqları üçün və ya qiymətli və nəfis olduğu üçün onlarda nəfs ifadəsi işlənir.

Nəfsdə olan müxtəlif sifətlərə görə, Quranda beş mərhələyə bölünmüşdür.

1.Əmmarə nəfs, 2. Ləvvamə nəfs, 3. Mütməinnə nəfs, 4. Raziyyə nəfs, 5. Mərziyyə nəfs.

Kumeyl həzrət Əlidən (ə) istəyir ki, nəfsini ona başa salsın. Həzrət Əli (ə) buyurur: Hansı nəfsi? Sorurşur: Neçə nəfsimiz var ki? Buyurur: Ey Kumeyl! Dörd nəfs var: İnkişaf edən nəbati nəfs, hiss edən heyvani nəfs, insana məxsus olan natiqi qüdsiyyə nəfs ki, ilahi təkliflərin mərkəzidir, ilahi kulliyyə nəfs ki, peyğəmbərlərə və ilahi övliyalara məxsusdur.

Allah sizə yar olsun.

Sual (9) : Salam;aleykum;Bir Qadina hicaba Riayet etmesi ucun ,ne deyek ki?o hicab baglasun?Basga muctehidlerin de fetvasin yaZin?
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Vəhid

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hicabın məfhumu aydınlaşdırılmalıdır. Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, “-Hicab ört” demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicabadəvət etməlidir. Axı modernizmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!
Bütü necə sındırmaq? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.
Bu barədə maariflənməyi üçün saytın kitabxanasında olan Fatimə Fatimədir kitabını oxumağı məsləhət görürük. Bu kitabı əldə edib o qadına hədiyyə edin inşallah təsirsiz olmaz.
Allah sizə yar olsun.
Sual (10) : Salam aleykum. Astral seyahet nedir? Ve heqiqetdirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Astral insanın bədəndən kənar ruhi səyahətdir. Əlbətdə ruh tamam bədəndən ayrılmır. Çünki ruh tamam bədəndən ayrıldıqda insan ölür. Yuxu astral səyahətin bir nümunəsidir. Ariflərin həyatında da bu səyahətə rast gəlirik.

Allah sizə yar olsun.

Go to TOP