Sual (1) : Salamun əleykum.Ananın otağına icazəsiz daxil olmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilində istirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdan sonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilində istədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər.
Təsəvvür edin ki, ağır ictimai fəaliyyətdən sonra evdə uzanıb istirahət edirsiniz. Əyninizdə isə yüngül zolaqlı penjama vardır. Sizi mürgü aparır və diksinib oyananda qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı görürsünüz. Belə məqamda narahatçılıq təbiidir. Axı, bu şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz!
Həzrət Peyğəmbərdən (s) soruşurlar: «Ananın otağına icazəsiz girmək olarmı?». Həzrət «olmaz», buyurur. Sual verən şəxsin təəccübləndiyini görüb, əlavə edir: «Ananı çılpaq görmək xoş deyil» «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 584. .

Allah sizə yar olsun.
Sual (2) : Salamun əleykum. Kasıblığa görə evlənməmək olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yaranış qanunları ilə yanaşı addımlayan İslam dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-təala buyurur: «Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizlə evləndirin!»[4194].
Həzrət Peyğəmbər (s) buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmişdir»[4195].
Öz cinsi istəklərini təmin etmək üçün insan hətta cinayətə gedirsə, demək bu hiss onun xarakterində mövcuddur və onu qanuni yolla təmin etmək zəruridir. Cinsi istəkləri təmin olunmayan şəxs ruhu sarsıntılar içində qovrularaq, normal zehni və fiziki fəaliyyətdən geri qalır. Cinsi yetkinliyə çatmış gənc evlənə bilmirsə, həm özü, həm də cəmiyyət üçün problemlər yaradır. Bəs müasir dünyamızda gənclərin evlənmək imkanından məhrumluğunun əsas səbəbi nədir? Nə üçün şəhərə nisbətən kənd cavanları daha tez evlənir?
Hal-hazırda vaxtında ailə qurmağa mane olan ilkin səbəb kimi, gənclərin iqtisadi durumu göstərilir. Göərəsən, İslam dinində bu problemə münasibət necədir? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub»[4196].
Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır»[4197]. Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar»[4198].
Gənclərin vaxtında evlənə bilməməsi, cəmiyyətdə əxlaqsızlığa rəvac verir. Eyni zamanda, əxlaqsızlıq yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan səbəbdir. Kənd yerlərində belə yuvaların olmaması, gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.
[4194]  «Nur» surəsi, ayə 32.
[4195]  «Səfinətül-bihar», 1-ci cild, səh. 561.
[4196]  «Vəsailüş-şiə», 14-cü cild, səh.24.
[4197]  «Vəsaliüş-şiə», 15-ci cild, səh.10.
[4198]  «Məcməül-bəyan».


Allah sizə yar olsun.
Sual (3) : Salamun əleykum.Müəllim və tərbiyəçilərimizin qədrini bilmək və onlara ehtiram göstərmək üçün nə etməliyik?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Din rəhbərlərinin dəyərli buyuruqlarında ustad və müəllimin haqları dəqiq şəkildə bəyan olunmuşdur. Söhbətimizin bu yerində müxtəsər şəkildə həmin bu hüquqları yada salaq:
1. Müəllimə ardıcıl suallar verməklə onu yormaq olmaz. Çünki o, bol bəhrəli xurma ağacı kimidir. Tələbə xurmaya xatir bu ağacı silkələməməli, xurmanın nə vaxt düşəcəyini gözləməlidir.
2. Bəli, sual həqiqətlərin açarıdır və soruşmayan bir şey öyrənmir. Amma boş suallarla ustadın vaxtını almaq olmaz. Elm mədəni olan Əli ibn Əbu-Talib (ə) əlini sinəsinə qoyub deyirdi: “Öyrədiləsi birini tapsaydım, bu sinədə çox bilik vardı.”[146]
Həzrət buyururdu: “Ey insanlar, nə qədər ki, məni itirməmisiniz suallarınızı verin.”[147] İndi düşünün ki, bir şəxs həzrət Əlidən (ə) başında və ya üzündəki tüklərin sayını soruşur! Belə bir rəftar dünyanın ən böyük tərbiyəçi və ustadına qarşı nankorluq olmazmı?!
3. Ustad bir mövzuda danışarkən həmin mövzuda başqalarının dediklərini təkrarlayıb ustadı kiçiltmək olmaz. Məsələn, demək olmaz ki, ustad, filankəs filan cür dediyi üçün sizin söylədikləriniz yanlışdır.
4. Ustada can-dildən qulaq asmaq lazımdır. Dərs zamanı ətrafdakılarla söhbətləşmək olmaz. Ustadla astadan danışmaq, səsi qaldırmamaq lazımdır.
5. Elm öyrənmək üçün ustad qarşısında diz çökmək lazımdır. Elə yerdə oturmalıyıq ki, o bizə baxmaq üçün əziyyət çəkməsin.
6. Ustadın hüzurunda ədəbsiz hərəkətlərə yol verilməməlidir. Məsələn, göz və ya qaşla işarə etmək pisdir.
127. Dərs uzandığı vaxt narahat olmamalı və ya narahatçılığımızı hansısa hərəkətlərimizlə büruzə verməməliyik. Bu qəbil hərəkətlər ustada qarşı hörmətsizlikdir.
8. Əgər sinifdə kimsə ustada sual verirsə, biz ustaddan önə keçib sualı cavablandırmamalıyıq.
9. Ustadın arxasınca danışmaq olmaz. Əksinə, bir məclisdə ustadın pisliyinə danışılırsa, onu müdafiə etmək, eyblərini örtüb yaxşılıqlarını aşkarlamaq lazımdır.
Böyüklərin adın pisliyə çəkən
Özü kiçiləsi gözlərdə hökmən.[148]
10. Günaha yol verməklə dərsin əzəmətini, ustadın ehtiramını pozmayaq. Məsələn, dərs zamanı kiminsə qeybətini etmək olmaz.
11. Ustadın düşmənləri ilə dostluq, dostları ilə düşmənçilik pisdir.
12. Sinifə daxil olarkən ustada ayrıca salam verək. Sinifə ümumi şəkildə verilən salam yetərli deyil.
13. Ustad ayağa qalxıb getmək istəyərkən müxtəlif bəhanələrlə onu yubatmayaq.
[146]  “Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 147, s. 388
[147]  Həmin mənbə, xütbələr bölməsi, xütbə 189, s. 206
[148]  “Gülüstan”, 1-ci bab, padşahların xarakteri, s. 98, hekayət 41


Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum.İslam dini qadına nə verdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət dövrünün məşhur şerlərindən birində deyilirdi:
Oğullar olsa da, oğlumuz bizim,
Qızlarsa, oğludur düşmənimizin.
Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən qadınlar, adətən, orada ərə gedər və əsirlər geri qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər. Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq, yenicə doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.
Quran nazil oldu və cahil ərəblərin çirkin əməllərini mühakimə etdi: «Onlardan birinə qızı olduğu üçün müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Görün, necə də pis mühakimə yürüdürlər!»[4153].
İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s) buyurdu: «Bu nə halətdir sizdə görürəm?! Allah-təala qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək»[4154].
Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm də pak edən»[4155].
Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər (s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə təəccüblənərdi.
Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan bütün ənənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin ağzından vurub, ona şəxsiyyət azadlığı verdi.
Bu gün dünya istismarçıları qadına «hicabını at, azad ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt ananın ayaqları altdadır» deməklə, qadını heç zaman görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.
[4153]  «Nəhl» surəsi, ayə 58-59.
[4154]  «Vəsailüş-şiə», 15-ci cild, səh.104.
[4155]  «Vəsailüş-şiə», 15-ci cild, səh.100.


Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum. Övladlardan birinə daha çox sevginin nəticəsi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dinində günah hesab edilən çirkin sifətlərdən biri həsəd, paxıllıqdır. Qəlbində həsəd tüğyan edən insanın ən yaxın adamını qətlə yetirməsi belə mümkündür. Paxıl insan bir nemətdən məhrum olduqda, başqalarının da o nemətdən məhrum olması üçün çalışır. Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla qarşı-qarşıyadır.
İnsanda hələ erkən yaşlarından baş qaldıran bu hissin əsas səbəbkarlarından biri, valideynlərdir. Yəqub peyğəmbərin on iki oğlu var idi. Yəqub anaları dünyasını dəyişmiş kiçik övladları Yusif və Bin Yamini daha çox sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini gücləndirmişdi. «Yusif» surəsinin 8-ci ayəsində Yusifin qardaşlarının dili ilə belə buyurulur: «...Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir».
Şübhəsiz ki, kiçik övladlarına daha çox məhəbbət göstərən Yəqub, heç bir xətaya yol verməmişdi. Onun məhəbbəti bu iki övladın fövqəladə ağıl və düşüncəsinə əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu cinayətə sürükləyər. Bəzən valideynlər övladın pərişanlığını aradan qaldırmaq üçün həkimə müraciət edir, övladın məhəbbətə ehtiyacı olduğunu anlamırlar. İmam Baqir (ə) buyurur: «Mən bəzən bir övladımı dizim üstə oturdub, ona şirniyyat verirəm. Hansı ki, o biri övladım buna daha çox layiqdir. Belə etməyimin səbəbi, onun o biri övladlarıma qarşı çıxmasının qarşısını almaqdır» «Biharul-ənvar», 74-cü cild, səh.78.

Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Qonaqdan ac olduğunu soruşmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir»[4218]. Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir. Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır».
Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın»[4219]. Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
Qonağın da öz vəzifələri vardır. Qonaq ona göstərilən yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq hərəkətlərə yol verməməlidir.
[4218]  «Biharul-ənvar», 75-ci cild, səh. 460.
[4219]  «Biharul-ənvar», 75-ci cild, səh. 455.
Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.Körpəyə qulluq etdiyim vaxt həyəcanlı olmağım ona zərərlidirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yeni doğulmuş körpəyə qulluq zamanı ata-ananın keçirdiyi əsəb və həyəcan təbii və adidir. Ailədə ilk uşaq doğulduğu vaxt bu narahatlıqlar özünü daha çox biruzə verir. Amma körpəyə qayğı və qulluq gücləndikcə valideynin özünə inamı da artır. Əgər körpəyə xəstəxanadaca muğayat olmağa başlasanız, evə gəldiyiniz vaxt özünüzə daha çox inanacaq və yersiz nigarançılıqlardan qurtulacaqsınız.
Unutmayın ki, keçirdiyiniz əsəb ana olmuş bütün canlılara xasdır. Bu nigarançılıq körpənin qorunması üçün Yaradanın hər bir anaya bəxş etdiyi səciyyəvi xasiyyətdir. Hər bir körpənin qayğıya möhtac olduğu dövrdə, mövcud nəsilin davamı üçün ana zəruri qüvvələrlə təchiz olunur. Hər halda, bir çox genetik və bioloji amillər körpənin asayişini tənzimləyir.

Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Genetik və bioloji amillərin körpəyə hansı təsirləri var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Övladı qorumaq istəyi irsi xüsusiyyətdir. Körpənin inkişaf dövründəki müxtəlif biokimyəvi amillər ananın vücudunda əvvəlcədən yerləşdirilmiş hissləri oyadır. Müxtəlif heyvanlar üzərində ana-övlad rabitələrinin araşdırılması bir çox həqiqətləri aydınlaşdırmışdır. Əgər təzə doğulmuş quzu dərhal anasından kənarlaşdırılıb, bir saat ayrılıqda saxlanılarsa, anası onu başqa quzulardan fərqləndirə bilmir. Amma ana qoyun doğduğu quzunu yalamağa bircə dəfə imkan tapsa, uzun müddət ayrılıqdan sonra onu böyük sürü içərisində tanıya bilir. Müşahidələr sübut edir ki, doğumdan dərhal sonrakı böhranlı dövrdə ana ilə övlad arasında bağlılıq yaranır. Əgər bu dövrdə övlad anadan ayrılırsa ana-övlad bağlılığı zəifləyər. Əgər heyvan doğduğu balanı dərhal qoruyub, ona bəzi müdafiə dərslərini verə bilmirsə, bu balanın boya-başa çatma ehtimalı azalır.
Doğum evlərində uzun illər boyu apardığım araşdırmalardan anladım ki, yuxarıda deyilən sözlər təkcə heyvanlara aid deyil. Əksər xəstəxanalarda doğumdan dərhal sonra övlad anadan ayırılır. Bu işin səbəbini soruşmaq lazımdır. Ana və körpə yaxınlığa çox ehtiyaclıdırlar və bu yaxınlıq onları şövqə gətirir. Ana doğduğu körpə ilə yaxınlığa can atır. Onu qucaqlamaq, onunla danışmaq istəyir. Körpənin dodağında təbəssüm görünən kimi ana da gülümsəyir. Körpə öz anasını bu reaksiyasından tanıyır. Mənim fikrimcə bu xüsusiyyət Yaradanın anaya əta etdiyi bioloji xüsusiyyətdir və onu yaratmağa ehtiyac yoxdur. Zənnimcə ana-övlad rabitəsinə başqalarının müdaxiləsinin qarşısını almaq kifayətdir.

Allah sizə yar olsun.
Sual (9) : Salam, eşitmişəm ki, ana uşaq dünyaya gətirən zaman bütün günahları bağışlanar. Bu nə dərəcədə düzgündür?
Allahın adı ilə.
Əleykumus-salam.
Bəli, bu barədə müxtəlif hədislər var ki, övladına hamilə qalan, dünyaya gətirən və süd verən analar üçün çoxlu savab və mükafatlar qeyd olunub.  Həzrəti Məhəmməd (s) həyat yoldaşi Ümmü Sələməyə buyurub: 
Hamilə qadın gündüz oruc tutub, gecələri isə səhərə qədər ibadət edən şəxs və canını, malını İslam yolunda bağişlayan əsgər kimidir. O, övladını dünyaya gətirdiyi zaman ona o qədər savab verilər ki,bunu Allahdan başqa hec kəs bilməz. Əgər o körpəsinə öz döşündən süd verərsə, körpənin hər sormağına İsmayıl peyğəmbərin nəslindən bir nəfəri azad etmiş şəxsin savabı verilər. Elə ki, körpənin süd əmmək dövrü başa catdı, mələklərdən biri əlini ananın ciyninə qoyaraq deyər: "Əməlini yenidən başla. Cünki sənin bütün günahların bağışlandı.  "Vəsail-Şiə cild 15 səh 175"
Allah sizə yar olsun. 

Sual (10) : Salam. sualım ailə barədədir. Ailə ixtilafını övladdan gizlətmək olarmı?

Əleykumus-salam. Bu ixtilafı tam gizlətmək mümkün deyil. Hər halda, uşağı narahat etmək istəməyən valideynlər öz münasibətlərini bağlı qapılar arxasında aydınlaşdırırlar. Zənnimcə, uşaq bu ixtilafı hökmən sezəcək və ikili standartlarla yaşamağı öyrənəcək.
Allah sizə yar olsun.
Go to TOP