Sual (1) : Salamun Aleykum.1)bütün peygəmbərlər pakdir yoxsa onlarinda qünahlari olub

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ

Peyğəmbərlərin günaha mürtəkib olmaqdan hansı həddə uzaq olmaları məsələsi ilə əlaqədar müsəlmanlar arasında ixtilaf mövcuddur. On iki imam şiələrinin etiqadına görə peyğəmbərlər təvəllüdün əvvəlindən ömürlərinin axırına qədər hər növ günahlardan (istər böyük olsun, istərsə də kiçik) amandadırlar. Hətta səhv və unutqanlıq üzündən belə onlardan heç bir günah baş vermir. Amma başqa məzhəblərdən bəziləri peyğəmbərlərin yalnız böyük günahlar qarşısında, bəziləri həddi-büluğa çatdıqdan sonra, bəziləri isə peyğəmbərliyə seçildikdən sonra ismətli olduğuna mötəqiddirlər. Sünnülərin bəziləri (həşəviyyə və əhli-hədisin bəziləri) ümumiyyətlə, peyğəmbərlərin ismətini inkar etmiş, onlardan hər növ günah baş verməsini, hətta, nübüvvət dövründə və qəsdən günah etmələrini mümkün hesab etmişlər.
Peyğəmbərlərin isməti barədə bir neçə məsələni xatırladırıq:
1.Peyğəmbərlərin, yaxud başqa insanlardan bəzilərinin məsum olması dedikdə məqsəd təkcə günaha mürtəkib olmamaları deyildir. Çünki adi bir insanın da günaha mürtəkib olmaması, xüsusilə ömrü qısa olduqda belə mümkündür. Məqsəd budur ki, şəxs güclü nəfsani bir səciyyəyə malik olsun ki, ən ağır şəraitlərdə belə, onu günahdan saxlasın. Bu səciyyə də günahın çirkin olması ilə əlaqədar kamil və daimi agahlığa, nəfsani istəkləri cilovlamaq üçün qüvvəli iradəyə malik olmaqla hasil olur. Belə bir səciyyə Allahın xüsusi inayəti sayəsində mümkün olduğundan onun failiyyəti Mütəal Allaha nisbət verilir. Amma Mütəal Allahın məsum insanı günahdan məcburi olaraq çəkindirməsi və onun ixtiyarını əlindən alması da düşünülməməlidir. Nübüvvət və imamət kimi ilahi mənsəblərə malik olan şəxslərin isməti digər bir mənaya əsasən də Allaha nisbət verilir. Çünki, Allah onların günahdan amanda olmalarına zəmanət vermişdir.
Digəri budur ki, bir şəxs ismətli olduqda ona haram olan işləri tərk etməlidir. Məsələn, hər bir şəriətdə haram olan günahlar, həmçinin tabe olduğu əvvəlki şəriətdə mürtəkib olduğu haram olan işlər. Deməli, bir peyğəmbərin isməti onun öz şəriətində və onun özünə icazə verilən, amma əvvəlki şəriətlərdə haram olan, yaxud sonradan haram edilən işləri görməsi ilə zidd deyildir.
Üçüncüsü budur ki, məsum şəxsin ismətli olduğu günah dedikdə məqsəd fiqhdə haram adlandırılan əməldir. Eləcə də onun fiqh istilahında vacib olan əməlləri tərk etmək qarşısında da məsum olmasıdır. Amma günah və onun kimi kəlmələr daha geniş mənalara da malikdir ki, “tərki-övlaya” da buna şamildir. Belə günahların görülməsi ismət məqamı ilə zidd deyildir.
Allah sizə yar olsun. 
Sual (2) : Əssalamu əleykum. Gördüyünüz kimi, ilahi peyğəmbərlərin Allahın iznilə elmi-qeybdən agah olması və qeybi xəbərlər verməsi İslam dini tərəfindən qəbul olunmuşdur. Lakin Qurani-kərimin bəzi ayələri isə, zahirən bunun əksini söyləyir: “De ki, mən qeyb elmini bilməyirəm. Sizə mələk olduğumu da, söyləmirəm.” (Ənam, 50) Buna nə cəvab var?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Ayədə işarə olunan elmi-qeyb, Allahın icazəsi olmadan, Ona ehtiyac olmadan, müstəqil şəkildə qeyb aləmindən agah olmaqdır. Sözsüz ki, Allahın izni olmadan heç bir kəs müstəqil olaraq qeyb aləmindən agah ola bilməz. Çünki digər ayələrə müraciət etdikdə, yaradanın iznilə qeybdən xəbər verməyin mümkünlüyünə və Allahın icazəsilə qeybdən xəbər verən bir çox peyğəmbərlərə işarə olunduğunu görərik. Allahın iznilə əncam verilən möcüzələr və qeyb elmi, Ona olan bəndəliklə təzadlı deyildir. Və bu iş heç vaxt şirk sayılmayacaqdır. Həzrəti İsa (ə)-ın Allahın iznilə ölüləri diriltməsi, əlacı mümkün olmayan xəstələrə şəfa verməsi bir daha buna sübutdur. Qur`anda buyurulur: “İsa: Allahın iznilə anadangəlmə koru və alaca xəstəliyinə tutulmuşu sağaldaram. Onun iznilə ölünü dirildərəm. (Ali-İmran, 49)
Allah sizə yar olsun.

Sual (3) : Salam. İslam Peyğəmbərinin (s) meracı (göyə qalxıb qeyb aləmini müşahidə etməsi) elmi və əqli baxımdan necə sübut olunur?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Merac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Me`rac məsələsi nəqli yolla sübuta yetir. Yə`ni Qur`an ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) meracını qəti şəkildə bəyan edir.
Amma me`racın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun və cismin xüsusiyyətlərini diqqətlə nəzərdən keçirsək, merac hadisəsini mümkün hesab edərik.
Peyğəmbərin (s) meracı üç hissə olub: Məscidül-həramdan (Kə`bə) Məscidul-əqsayadək (“İsra” mərhələsi), Beytül-müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək (“Merac” mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi. (“Ərac” mərhələsi)
Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: “Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: “Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” Ruhun gücü hesabına cismin hərəkəti “teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər mə`lumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) merac səfərinə şübhə etməməlidirlər.
Me`rac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir.
Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.
Allahın adı ilə. 
Sual (4) : Allah insanın ibadətinə möhtacdırmı? Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Allahın adı ilə.          
Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yə`ni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.
Allah sizə yar olsun. 
Sual (5) : Salam. Həzrət Məhəmməd (s) İslamdan əvvəl hansı dində idi?
Allahın adı ilə. 
Əleykumus-salam.
Həzrət Peyğəmbərin həyat tarixçəsində aparılan araşdırmalar sübut edir ki, İslamdan əvvəl Məkkə əhli bütpərəst olsa da, Həzrət yalnız bir olan Allaha etiqad etmişdir.
Təfsirçilər arasında Həzrətin (s) hansı dində olması barədə müxtəlif rəylər olsa da, ən məntiqi nəzər budur ki, İslam ona nazil olanadək, Rəsuləllah (s) Allahın yalnız onun üçün müəyyənləşdirdiyi bir proqrama əməl etmişdir.
«Nəhcül-bəlağə»də buyurulur: «Allah-təala Məhəmməd (s) süddən ayrılan zamandan başlayaraq, ən əzəmətli mələyi ilə onu doğru yol və doğru əxlaqa sövq etmişdir».
Əllamə Məclisi rəvayətlərə əsaslanaraq bildirir ki, həzrət Məhəmməd (s) peyğəmbərlikdən əvvəl də peyğəmbərlik məqamında olmuşdur. Daim mələklərin səsini eşitmiş, yuxularından ilham almışdır.
Belə ki, qətiyyətlə deyə bilərik ki, həzrət Peyğəmbər (s) İslam qədərki dövrdə nə məsihi, nə də yəhudi dinində olmamışdır. 
Allah sizə yar olsun. 


Go to TOP