Sual (1) : Salam aleykum! Mene yeqine catmagin yollarini yazin Allah rizasi. Cunki demek olar ki, gunahsiz bir gunum yoxdu. Bu da yeqinin olmamasindan gelir. Allah razi olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Böyük filosof, “əl-Mizan” təfsirinin müəllifi mərhum Əllamə Təbatəbai yəqinə belə tərif verir: “Yəqin heç bir səhv və şübhənin yol tapmadığı bilikdir.”
Yəqin üçün üç dərəcə müəyyənləşdirilmişdir: elmül-yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə bir misalla aydınlaşdıraq. Divar başından tüstünü görən adamda odun varlığına olan əminlik elmül-yəqindir. Odu gözlə görən adamın əminliyi eynəl-yəqin, odda yanan adamın əminliyi isə həqqül-yəqindir.
Həzrəti Peyğəmbər (s) buyurur: “Yəqin əhlinin altı xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir və onun nəticələrindən həzər qılırlar; ölümdən sonra diriləcəklərinə yəqinlikləri var, ona görə də Qiyamət rüsvayçılığından qorxurlar; Behiştin haqq olduğuna inanır və ona can atırlar; Cəhənnəmin varlığına əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba əmin olduqlarından həmin hesabdan qabaq özlərini hesaba çəkirlər.”
Yəqinin bu üç dərəcəsinə Quran ayələri və Əhli-beyt rəvayətləri vasitəsi ilə çatmaq olar. Bu iki mənbə vasitəsi ilə yəqinə çatmayan kəs heç nəyin vasitəsi ilə yəqinə çata bilməz.
“Bir gün Allahın rəsulu məsciddə camaatla namaz qıldı. Sonra başını aşağı salıb, fikrə dalmış bir cavana nəzər saldı. Onun rəngi saralmış, bədəni zəifləmiş, gözləri çökəyə düşmüşdü. Allahın peyğəmbəri ona buyurdu: 
“Halın necədir?” O dedi: “Mən yəqinə çatmışam”. Allahın rəsulu onun sözlərinə təəccüb etdi (xoşu gəldi) və dedi: “Hər bir yəqinin həqiqəti var. Sənin yəqininin həqiqəti nədir?” O dedi: “Ey Allahın peyğəmbəri! Mənim yəqinimin əlaməti budur ki, gündüzlərim qəmgin, gecələrim oyaq və isti günlərim susuz keçir. Mən dünya və dünyada olanlara meylsiz olmuşam. Elə bil ki, Rəbbimin ərşini görürəm. Xalq hesab üçün düzülüb, mən də onların arasındayam. Behişt əhlinin nemətlər içində qərq olmuş, oturacaqlara söykənmiş və bir-birini tanıtdırdıqları halda görürəm. Cəhənnəm əhlini isə əzab içində və kömək axtaran vəziyyətdə müşahidə edirəm”. Allahın rəsulu buyurdu: «Bu bəndənin qəlbini Allah iman nuru ilə işıqlandır-mışdır...» 
Xalqın razılığını Allahın qəzəbi bahasına qazanmamaq, Allahın onlara verdiklərinə görə onları qınamamaq müsəlmanın gerçək əminlik nişanələrindəndir.”
İlahi ayələrdən məlum olur ki, yalnız qeyb aləminə iman gətirib, axirətə yəqinlə inanan şəxslər Qurandan faydalana bilər:
 “O kəslər ki, qeyb aləminə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edir axirətə də şəksiz inanırlar.” Bəqərə surəsi ayə 3-4. Elmül-yəqin əldə etmək üçün Allahı tanımaq və qeyb aləmi barəsində güclü dəlillər əldə etmək lazımdır. Saleh əməllə yanaşı yəqin insanın qarşısından bir çox maneələri götürərək, onun nəfsini eynül-yəqin və həqqül-yəqin əldə etmək üçün hazırlayır.
Şübhəsiz, yəqin, adi mərifət və inamdan üstün  olub çox az insanın çatdığı ən şərəfli, ən dəyərli insani fəzilətdir. Həmçinin elə böyük bir sərmayədir ki, ona çatan hər kəs böyük bir səadətə nail olmuşdur. Yəqin məqamına çatmış şəxs Allahdan qeyrisinə diqqət yetirmir, ancaq Allaha təvəkkül edir, Ondan başqasını təsir mənşəyi hesab etmir. Həqiqətdə, yəqin islam, iman və təqvadan sonra hasil olur; necə ki, İmam Rza (ə) buyurur: “İman islamdan bir pillə yuxarıdır, təqva imandan bir dərəcə yüksəkdir, yəqin də bir pillə təqvadan yuxarıdır. Allah bəndələri arasında yəqindən daha az bir şey bölünməmişdir. (bölünüb paylanmamışdır.)
Qüdsi hədisdə deyilir: “Bəndələrimdən heç kim ona vacib etdiyim şeydən başqa daha sevimli olacaq bir şeylə mənə yaxınlaşa bilməz. Onun nafilə ilə Mənə yaxınlaşmağının nəticəsi, sonra onu sevməyim olar. Elə ki, onu sevdim, onun eşidən qulağı, görən gözü, danışan ağzı, tutan əli olaram.”

Allah sizə yar olsun.

Sual (2) : Salam alekum. Evladin haqqi var valideyine desinki namaz qil , oruc tut .Evvelceden tesekkur edirem
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Valideynə hörmət vacib, əziyyət etmək haramdır. Valideynin hörmətin saxlamaqla onları Allahın hökmlərinə dəvət etmək lazımdır. Əgər övladın deməyi ilə narahat və əziyyət olurlarsa bu işi başqalarının öhdəsinə buraxmalıyıq.

Allah sizə yar olsun.

Sual (3) : Salam alekum :Imanli insanlar kimlerdi ve onlarda hansi xsusiyyetler olmalidir?
Allahın adı ilə.   
Əleykumus-salam. 
Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər».
Həqiqi möminlərdə üç mənəvi və iki əməli keyfiyyət olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hissi, imanın təkamülü və təvəkkülüdür. Demək, mömin insan Allah qarşısında məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu zaman imanları artar. 
Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Əgər insanın qəlbində iman ölməmişsə, o inkişaf etməlidir. Diri iman isə, yalnız həqiqi möminlərin qəlbində olur.
Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha təvəkkül etməsidir. Onların düşüncələri o qədər uca və genişdir ki, zəif təbiətli insan nəslinə güvənməzlər.
Möminlərin əməli xüsusiyyətləri haqqında belə buyurulur: «Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və xalqa yardım!
Allah sizə yar olsun. 


Sual (4) : OZUM ALLAHIN IZNI ile ibadetle mesgul oluram /Quran ayelerini oxuduqca her defe aglayiram / men deye bilmerem ki men cennetliyem /Amma her defe Ata ANAM UCUN cox narahatam / axi onlar ibadetle mesgul olmurlar / isteyirem onlara QIYAMETIN agir gununden ve O BOYUK ALLAHIN GORUSUNE eli bos getmemesini onlara basa salim /Amma her vaxt utanib cekinirem / cunki her zaman valideyinlerimle bizim aramizda sanki bir perde var /amma mene ele gelirki men her gun gecikirem /axi ne edim mene yardimci olun/
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Ənfal/2. Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

Yaxşı olar islamın gözəlliyindən, Allahın rəhmətindən, etdiyi işin aqibətin düşünməkdən, Quran və Əhli-beytin maraqlı ürəyə yatan kəlamlarından danışasınız. Bu şeyləri öz əxlaq və rəftarlarınızda cilvələndirməklə sözünüzün daha çöx təsiri olar. Bu şərtləki əməlinizdə riyakarlıq olmasın. Allaha xatir olsun.

Həmişə namazdan sonra onların hidayət olması üçün dua edin və əhlibeytə təvəssül edin. Əgər müstəqim deməyə çəkinirsizsə Quranın nəsihət xarakterli ayələrindən və Əhli-beytin nurlu kəlamlarından yazıb divara yapışdırın amma bunu sanki özünüz üçün yazmısınız və tez-tez dəyişdirin. Həmçinin dini söhbətlərə qulaq asın və valideynlərinizədə eşitdirin amma bu birbaşa olmasın. Çalışın onları narahat edən işlərdən çəkinəsiniz. İnşəllah Allah istədiyin doğru yola yönəldir.

Allah sizə yar olsun. 


Sual (5) : Salamun əleykum. Mənim bir dostum var. O, dindən tamamilə uzaq və azğınlıqdadır. O əvvəllər ürəyi pak və vicdanlı bir insan idi, hal-hazırda da belədir, lakin xüsusi köməyə ehtiyaclıdır. Bəzən mən özümdə təqsir hissi keçirirəm. Onun anası bu işlərdən ruhən əzab çəkir. Onun üçün xüsusi bir göstəriş və əməl təklif edə bilərsinizmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Belə insanlara ən yaxşı yol göstərmə aşağıdakılardan ibarətdir:
1. Ona başa salmaq və soruşmaq lazımdır ki, Allah-taalanın bizə bəxş etdiyi bu qədər nemətlər – başda insanın xilqəti olmaqla digər sonsuz nemətlər Onun bizə məhəbbətinə əsaslı bir dəlil deyildirmi?! Onda nə üçün Allah-taaladan qaçmalıyıq?! Əgər Allah-taala bir gün bu nemətləri bizdən alsa, özümüz, yaxud başqaları onları geri qaytara, belə nemətləri bir daha xəlq edə bilərmi?! Bundan əlavə, dini və peyğəmbərləri göndərməkdə Allah-taalanın məqsədi insanın əbədi səadətə və xoşbəxtliyə çatmasından başqa bir şeydirmi?!
Psixoloqların nəzərindən aydın bir məsələdir ki, əgər ruhi xəstəliklər, ruhda icad olunan zərbə və sarsıntılar, o cümlədən iradə zəifliyi dindar olmayan, mənəvi işlərə maraq göstərməyən adamlar arasında daha çox yayılmışdır. Aleksis Karl “İnsan – naməlum bir məxluq” adlı kitabında yazır: “İnsan dua və namazla özündə son dərəcə güclü bir qüdrət icad edə bilər. Özümün həkimlik peşəmdə çox ümidsiz insanları görmüşəm ki, duanın mənəvi qüdrəti ilə bu xəstəlikdən nicat tapmışlar. İnsan dua yolu ilə özünün məhdud qüvvələrini qeyri-məhdud mənbəyə qovuşdurmaqla iradə qüdrətini qat-qat artıra bilər.” Belə isə, görəsən insanın özünün əbədi səadət və xoşbəxtliyindən qaçması ağıllı bir işdir?! Səadətdən qaçmaq zəlalətə və bədbəxtçiliyə düçar olmaq deyildirmi?!
2. Əgər dostunuzun dindən qaçması ruhunun müxtəlif günahlara aludə olması nəticəsindədirsə, gərək əxlaq alimlərinin bəyan etdiyi yollarla, o cümlədən müşaritə, müraqibə və mühasibə ilə öz ruhunu paklasın. Yəni əvvəldə özü ilə şərt etsin ki, heç vaxt günah etməyəcək, sonra daim öz işlərinə nəzarət etsin, günün axırında isə öz işlərini mühasibə etsin. Bu mühasibə ilə xətalarının azaldılmasına səy göstərsin və nəhayət onları bütünlükdə tərk etsin. Çünki Allah qarşısında günah etməklə müəyyən bir işi izləyən şəxsin itirib əldən verdiyi şeylər qazandıqlarından qat-qat artıq olur, qaçdığı şeylərə daha tez düçar olur.
3. Əgər onun dindən qaçmasının səbəbi münasib olmayan həyat mühiti, yaranmaz dostlarla gediş-gəlişdirsə, bu barədə dərindən götür-qoy edib düzgün qərara gəlməlidir. Çünki, insanı Allahdan uzaqlaşdıran şəxslər heç vaxt insanın xeyir və məsləhətini istəməz.
4. Əgər onun dindən qaçması “dinin əməli göstərişləri çətin və məhdudiyyət yaradandır” fikridirsə, ona demək lazımdır: Din həmişə bizim xeyrimizə və məsləhətimizə fikirləşir, amma biz ilahi göstərişlərin hikmətini bilmədiyimiz üçün onları çətin və məhdudedici hesab edirik, eynilə ata-ananın övladın bəzi təhlükəli işlərlə məşğul olmasını qadağan etməyi kimi. Bu qadağa uşağın fəaliyyət dairəsini məhdudlaşdırsa da və zahirdə çətin görünsə də, lakin həqiqətdə onun məsləhətinədir.
5. Əgər o, ətrafındakı şəxslərin ciddi tələbkarlıq və inadkarlığı ucbatından dindən qaçırsa, gərək ətrafındakılar insani-ülvi duyğular əsasında əlaqə yaradaraq onu dinə təşviq etsinlər, onunla əlaqələrin kəsilməsindən və sərt rəftarlardan uzaq olsunlar.
Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edin:
1. “Tənhaiye ləzzət və eşq”. Nəziri, Əli Əsğər
2. “Suallar və cavablar”, Vəliyyi-fəqihin nümayəndəliyi, 9-cu cild
3. İmam Xomeyni, “Çehel hədis”
4. “Mizanul-hikmət”
5. “Hikmətlər və nəsihətlər”, Mütəhhəri, Mürtəza

Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Təqva nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.

«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə) buyurur: «Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır».

Bəziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. «Təqva kiçik və böyük günahlardan uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdur: «Təqva bütün bağlı qapıların açarı, axirət ehtiyatı, şeytana nökərlik və bəlalardan qurtuluş yoludur»[4074].

Onu da qeyd edək ki, təqva müxtəlif sahələri əhatə edir. İnsanın iqtisadi, cinsi, ictimai, siyasi məsələlərdə təqvalı olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala yetişməsinin zəruri şərtidir.

«Məryəm» surəsi, ayə 72.
Allah sizə yar olsun.
Sual (7) : Salam. Vera-ni ustun tut Ne Demekdir?

Bismillahir-rəhmanir-rəhim.      
Əleykumus-salam.  
Əgər məqsədiniz "vərə"-dirsə
Vərə sözünün əsil mənası nəfsi haram şeylərdən saxlamaqdır. Sonralar bu kəlmə mütləq şəkildə çəkindirmək mənasında işlədildi. Vərə ilə təqvanın məfhumu bir-birinə çox yaxındır, amma vərə dedikdə əksər mələkə halını (bir xüsusiyyətin və ya halın davamlı özünü göstərməsi, adət halını alması nəticəsində insanın xarakterik xüsusiyyətinə çevrilməsi)  almış pərhizkarlıq–qəlbi bir halət nəzərdə tutulur.
Həzrət Əli (ə) vərənin insanı günahdan saxlamasındakı rolu barədə buyurur: “İslamdan böyük şərəf yoxdur, təqvadan daha dəyərli izzət yoxdur, vərədən daha möhkəm özünü günahdan qoruyacaq pənah yeri yoxdur.” 
Həqiqətdə vərə, özünü günahdan və şübhəli şeylərdən çəkindirmək Allaha bəndəliyin ən çətin mərhələlərindəndir. Bu üzdən İmam Baqir (ə) buyurur: “Vərə ən çətin ibadətdir.      
Allah sizə yar olsun.
Sual (8) : Əssalamu əleykum. İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər? çox sağolun cavabınıza görə.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.
Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!
Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.
Bəli, nemətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır.
Allah sizə yar olsun.
Sual (9) : Salam. Allah- taala nə üçün fasiq (günahkar) insanları düz yola hidayət etmir?

Allahın adı ilə.   

Əleykumus-salam.

İnsanların düz yola hidayət olması iki qismə bölünür:

Birincisi insanın daxilindən (fitrətən) gələn tohid səsidir ki, buna bəzən təbii (təkvini) hidayət və vicdanın səsi də deyirlər.

Qurani- kərimin bəyanına əsasən bütün dünya insanları, Allah taalanın lütfü sayəsində bu hidayət növündən bəhrələnərək ilahi şəriətə tərəf yönəlmişdir.

İkinci hidayət yolu isə möminlərə və Allahdan qorxub günahdan çəkinənlərə aiddir. Yəni zalımların, kafirlərin və fasiqlərin (pis əməl sahiblərinin) burada payı yoxdur. Çünki, möminlər (birinci qeyd etdiyimiz) təbii hidayət növündən gözəl bəhrələnməklə yanaşı öz qəlblərini pak və münəzzəh saxlamışdırlar. Bu da onların, düzgün hidayət olmalarına və bu yolda ilham səadətə çatmalarına səbəb olmuşdur. Amma fasiqlər, kafirlər və zalımlar Allaha asi olaraq fitrətinsəsini batırmış və pis əməllərə yiyələnmişlər. yəni onlar günah etdikləri üçün ilahi hidayətdən məhrum olmuşlar.

Allah sizə yar olsun. 

Sual (10) : Salam. Allahın yalnız təqvalılardan əməl qəbul etməsi adi və günahkar insanları ümidsizləşdirmirmi?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Quran buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”
 Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Qur`an bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.
Allah sizə yar olsun.
Go to TOP