Sual (1) : Salam aleykum! Allah razi olsun yazdiginiz cavablar bizlere lazimi tesirlerini gosterir. Amma bezileri deyirler yeqine catmagin yollarinda bir exlaq ustasina mutleq ehtiyac var. Yoxsa sheytan ve ya nefs mutleq boyuk mane olacaq. Nefsi ise zeherli meyvesi olan bir agaca benzedirler ki, eger suyunu kesib, qurudub kokunden qopardib atmasan yeri gelen kimi oz menfur isteklerini biruze verecekdir. Bele cixir ki, qarnimiz hemishe yari ac ve susuz olmalidir. Yaxshi ac qalmagi basha dushduk bes exlaq sheyxini hardan tapaq? Cismimiz xeste olanda hekime muraciet edirik, bes ruhumuzun xesteliklerine hekimi nece tapaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dördüncü İmam buyurur: Hərkəsin mürşidi və yol göstərəni olmasa həlak olar. Mürşid sözü, lüğətdə yol göstərən deməkdir. İslami termin olaraq isə, öz ardıcıllarına Allaha çatmaq, Əhli-beytə (ə) qəlbi məhəbbəti artırmaq yolarını elmi və mənəvi yollarla izah edir. Əhli beyt məktəbində həqiqi mürşid Peyğəmbər, İmamlar və Müctehidlərdir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qurani-kərimdə buyurulur: «Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir» Nəhl 99-100. 
Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qurani-kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci ayəsində buyurulur: «Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır».

İrfan nədir və arif kimdir və irfani məqamlara çatmağın üsulları nədir sualının cavabında Ayətullah Behcət (Allah ona qəni-qəni rəhmət etsin) buyurmuşdur: Ən ümdəsi şəri vəzifəyə əməl etməkdir. Səmavi göstərişlərə əməl etmək insana həqiqi irfanı bəxş edir və elə bir məqama çatan şəxs “Mən yalnız gördüyüm Allaha ibadət edərəm” deyir. Həqiqi irfan bütün şəriət hökmlərini yerinə yetirmək və ən başlıcası isə həm əqidə və həm əməl etibarı ilə günahları tərk etməkdir. 

Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərindən soruşurlar:

Sual: Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?

Cavab:  “Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”

Bəqərə surəsi ayə 282-də deyilir:....Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir. 

Allah sizə yar olsun.

Sual (2) : Salam. Xahis edirem seri tezkiyenin izahini vererdiniz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əngözəl təzkiyə və seyri süluk yolu, haramlardan çəkinib vacıbata əməl etməkdir. 

Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərindən soruşurlar:

Sual: Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?

Cavab:  “Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”

Bəqərə surəsi ayə 282-də deyilir:....Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir. 

Allah sizə yar olsun. 

Sual (3) : Salamun əleykum. İnsanın ruhu nədir və onun sağlamlığı necə olmalıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan həyatı onun qəlbində və ruhundan aslıdır. İnsan cismini idarə edən, əzalara məqsədli hərəkət verən ruhdur. Demək insanın səadəti onun qəlbinin necəliyindən asılıdır. Cism xəstələndiyi kimi ruh da xəstələnə bilər. “Şuəra” surəsinin 89-cu ayəsində buyurulur: “Sağlam qəlblə Allahın hüzuruna gələndən savay (kimsə fayda görməz)”
Ruhun xəstəliklərinə əhəmiyyət verməmək olmaz. Əgər orqanizmin xəstəliyi yalnız dünya həyatında əziyyətlidirsə ruhun xəstəliyi əbədi axirət əzabı ilə nəticələnə bilər. Xəstə qəlb ətrafda Allahın nişanələrini görüb, Onun hüzurunda olduğunu hiss edə bilmir. Belə insan bütün ömrünü küfr, günah, çaşqınlıq içində keçirir. Zahir gözü kor olan insan Allahı görə bilərsə, qəlb gözü kor olan insan Allahdan qəflətdə qalır. Belə insan qiyamət səhnəsinə kor gətirilər. “Taha” surəsinin 125-ci ayəsində oxuyuruq: “Pərvərdigara, məni nə üçün kor məşhur etdin, axı mənim gözüm vardı?!
Ayə və hədislərdə təkrar-təkrar xəbərdarlıq olunur ki, qəlbi yalnız iman nuru ilə işıqlandırmaq olar. Xəbərdarlıq olunur ki, küfr, təfriqə, günah, öz başınalıq insan qəlbini zülmətə bürüyən amillərdir.
İmam Baqir (ə) buyurur: “Qəlb üç cür olur: heç bir xeyri dərk etməyən dağınıq kafir qəlbi, xeyrlə şərin mübarizə meydanına çevrilmiş qara nöqtəli qəlb, heç zaman sönməyəcək bir çıraqla işıqlandırılmış mömin qalbi.

Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum.Fəna və fəna məqamını izah edin!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fəna, lüğətdə məhv olmaq və yoxluqdur. Bu sözün ziddi isə bəqa və qalmaqdır. Məsələn, Allah haqqında bəqa və qalmaq, digər mövcudatlar haqqında isə fəna və aradan getməklik ifadələrini işlətmək düzgündür. Ümumi mənası isə insanın özünü görməməsi və tapmaması deməkdir. Əlbəttə, o mənada yox ki, insan tamamilə özündən xəbərsiz olsun, bəlkə də insan özünü Allah-taalanın müqəddəs pak Zatı hüzurunda hiss etsin və Onun müqabilində özünü heç hesab eləsin və qəlbini Allahdan qeyrisindən boşaltsın.
Daha geniş cavab
Məqam, o mənzil və mərtəbəyə deyilir ki, arif uzun illərin çətinliklərindən və bədənin dəfələrlə mənəvi cəhətdən pakladıqdan sonra o mərtəbəyə çatır. Beləliklə, mühüm bir şeyin özünü ələ gəlməsi və dəyişiklik adətən, çox vaxt asanlıqla ələ gəlmir və baqi qalır.
Fəna məqamında insan özünü, bəndəçiliyini, arzu və meyllərini və ətrafında olan bütün cahanı Allah-taalanın dərgahında heç bilir və yalnız Allah-taalaya nəzər edir. İlahi övliyalar hər nə görürlərsə haqdır. İstər vasitə ilə, istərsə də vasitəsiz olsun. Bu vasitələr, bəzən ilahi sifətlər olur və mərifət sahiblərindən bütün hicabları, hətta nur hicablarını da aradan aparır: “İlahi! Özündən başqa hər şeydən ayrılmağı mənə lütf elə! .....Tainki, qəlbimin bəsirət gözləri nur hicablarını açsın!” Bəli, bu hal fənanın ən son dərəcəsidir və ondan sonra insan Allah-taalanın məhəbətində tam qərq olur və Ondan başqa hər şey heç olur. Bu haldır ki, haqqın qulağı ilə eşidir, haqqın gözü ilə görür və haqqın dili ilə danışır. Bu halətin Allah-taalanın pak Zatının dərkinin qeyri-mümkün olması ilə heç bir ziddiyyəti yoxdur. Allah-taalanın müqəddəs pak Zatının dərki heç kimin qüdrətində deyil.
İzah:
Fəna lüğətdə məhv olmaq və yoxluqdur. Bu sözün ziddi isə bəqa və qalmaqdır. Oxşarları istisna olmaqla, bu kəlmə Quranda istifadə olunmamışdır. Məslən, Quranda oxuyuruq: “(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.” [235]  Allah-taala bu ayədə fənanı bəqanın müqabilində qərar vermişdir. Yəni, bəqa yalnız, Allah-taala aiddir, Ondan başqa bütün varlıqlar hamısı fani olmağa məhkumdur.
Lakin, fənanın dini mənası ilə lüğətdəki mənası eyni deyil. Dində fəna - yəni, insanın özünü görməməsi və heç hesab etməsidir. Əlbəttə, bu mənada yox ki, insan tamamilə özündən xəbərsiz olsun, bəlkə də insan Allah-taaalının hüzurunda özünü heç hesab etsin və yalnız Allah-taalanı görsün.
Fənanın ariflər tərəfindən tərifi:
Əbu Səid Xərraz fənanın tərifində yazır: “Fəna bəndənin bəndəçilik cəhətdən fani olması, bəqa isə ilahi şahidlik cəhətdən bəqalıqdır.” [236]  Quşeyri mötəqiddir ki: “Hər kimə həqiqət soltanı qalib gəlsə və Haqdan başqa heç bir şeyi görməsə, ona deyərlər xalqdən fani oldu və Haqda qaldı.” Həmçinin, Mirseyid Şərif Curcani yazır: ”Bəyənilməmiş sifətlərin süqutuna fəna, bəyənilmiş sifətlərin vücuduna isə bəqa deyilir.” [237] 
Fəna məqamı:
İrfanda iki termin var: 1. Məqam; 2. Hal;
Məqam, o mənzil və mərtəbəyə deyilir ki, arif uzun illərin çətinliklərdən və özünü dəfələrlə mənəvi cəhətdən pakladıqdan sonra o mərtəbəyə çatır. Beləliklə, o məqamın aradan getməsi və ya dəyişməsi adətən baş verə bilməz. Başqa sözlə desək, arifin ixtiyari daimi seyr və mənəvi hərəkətləri çox çətinliklə ələ gəlir və zöhd və özündən keçməklə elə bir xüsusi məqama çatır ki, o məqam asanlıqla aradan getməz. Amma, “hal” bu məqamın əksidir. Xüsusi keyfiyyətdə olan bir dəyişiklikdir ki, müəyyən məqamlara çatdıqdan sonra ixtiyarsız olaraq arifin qəlbinə hakim olur. Ona görə də ola bilər ki, ani vaxtda olsun və aradan getsin. Bəs “hal”, sabit bir keyfiyyətdə olmayıb, dəyişilə və aradan gedə bilər. [238] 
Fəna məqamında insan özünü, bəndəçiliyini, arzu və meyllərini və ətrafında olan bütün cahanı Allah-taalanın dərgahında heç bilir və yalnız, Allah-taalaya nəzər edir. Bu halda fəna lüğət mənasında olan bir növ naqislikdən fərqli olub yaxşı bir vəsfdir. Bu hal insanın ən ali kamal mərtəbələrindən sayılır. O səbəbdən ariflər deyirlər: “Fənanın nəticəsi Haqqın dərgahında baqi qalmaqdır.” Sədinin dili ilə desək:
Ucalığı özünü aşağı salmaqla tap,
Yoxluqda özünü gör tainki var olasan!
Ariflərin dilində bu vəziyyətə “fəna fillah” (Allahda fani olmaq) deyilir.
Fəna məqamını ələ gətirmək:
İnsanla Allah-taala arasında günah və təkəbbür həmişə hicabdır. Ona görə də Allahdan qeyrisinə bağlanmaq özü bir növ hicabdır. Bu qaranlıq hicablar insanın Allah-taalaya yetişməsinə mane olur. Bəs, əgər insandan heç bir günah, hicab və dünyaya bağlılıq baş verməsə və insanın əsl diqqəti özünün fitrətinə olsa, o zaman məhdud halda da olsa Haqqı görə bilər. Bu məqamdan sonra fəna məqamı ələ gəlir.
44Əlbəttə, bu yolda çox mənzillər yer yolları var ki, bu qısa bəhsdə onları açmaq olmur. İxtisara görə o bəhslərə daxil olmuruq. Amma, Allah-taalanı görmək, fəna, bəqa və sair haldan məqsəd Onu adi gözlə görmək deyil. Çünki, Quran ayəsinə əsasən, “Gözlər Onu (görüb) dərk etməz. [239] ” Məqsəd fikir yolları da deyil. Çünki, fikir yollarına şuhud, görüş və sair .. deməzlər. Bəlkə də Quran ifadəsinə əsasən, Allah-taaladan qeyri hər şeydən əlini üzməyə deyilir. Fəna məqamına çatmaqdan ötrü saleh əməllər yerinə yetirmək, Allah-taalaya şirk qoşmamaq lazımdır. Yəni, hər kəs Haqqı vasitəsiz müşahidə etmək istəyirsə, özündən və Allahdan qeyrisindən keçməyi lazımdır. Quranda Allah-taala buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" [240]  Həzrət Musa (əleyhissalam) da Allah-taalanı bəsirət gözü ilə müşahidə etdikdə bihuş olur və özünə gəldikdən sonra buyurur: “İlahi! Səni səndə fəna olub, Səndən qeyrisindən əl üzmədən görmək olmaz!” [241] 
Amma, bu bəhsdə ən mühüm mətləblərdən biri budur ki, bəzi ariflər və seyr mənəviyyat əhlinin Allah-taalanı vasitəsiz bəsirət gözü ilə müşahidə etmələrinin mənsı nədir? Ümumiyyətlə, bu vasitələrdən məqsəd nədir?
Bu sualın izahında yaxşı olar ki, imam Xomeyni (rəhmətullah)-ın “Ərbəin hədis” kitabındakı ifadələrindən istifadə edək. Orda İmam (rəhmətullah) yazır: “İnsanın tam və kamil şəkildə təqva mərhələsini başa vurmasından, qəlbin bütün aləmdən üz çevirib, bütün maddi meyllərini və şəxsiyyət və mənəm-mənəmliyini ayaqlarının altına atmasından sonra tam niyyət və diqqətlə Allah-taalanın müqəddəs və pak Zati adlarına və sifətlərinə üz tutub Onun məhəbbətində qərq olduqdan və qəlbini bu istiqamətdə tam meylindən sonra arifin qəlbində bir növ qəlbi bəsirət gözü açılır və Allah-taalanın ad və sifətlərinin təcəliyyatlarını müşahidə etməyə nail olur. Bu halda arifin pak və müqəddəs ruhu ilə Haqq arasında Allah-taalanın sifət və adlarından başqa heç bir hicab qalmır. Bəzi irfan sahiblərində ola bilsin hətta, Allah-taalanın ad və sifətləri ilə onun arasındakı nur hicabları da aradan getmiş olsun və arif özünü müqəddəs pak Zata bağlı olduğunu müşahidə etsin və Haqqın onu hami kimi əhatə etməsi və arif, özünü müqəddəs pak Zatda fani və heç olmasını dərk etsin.” [242]  Bu məzmuna “Şəbaniyyə munacatı” adlı şərif duada işarə olunmuşdur. “İlahi! Özündən başqa hər şeydən ayrılmağı mənə lütf elə! .....Tainki, qəlbimin bəsirət gözləri nur hicablarını açsın!” [243] 
Bəli, ola bilsin bəndə elə bir məqama çatsın ki, onunla məbudu arasında Haqq-taalanın sifət və adlarından başqa heç bir hicab olmasın, həmçinin, ola bilsin, bəndə elə bir məqama yetişsin ki, hətta bu nurani hicablar da aradan getsin. Arif və mənəvi yolçu bu hicabların hamısından keçir va Haqda külli fani olur. O vaxt bəndə hər nə görürsə tamamilə Haqdır. Eşitdiyi hər şey eyni Haqdır. Sanki, Haqqın gözü ilə görür, Haqqın qulağı ilə eşidir və Haqqın dili ilə danışır və Haqqın xeyrindən kor olur. Budur, Allah-taalada fani olmaq və mütləq şəkildə Haqq dərgahında tam şəkildə heç olmaq.
[235]  Ər-Rəhman surəsi, 26-27-ci ayələr.
[236]  Fəna sözü ilk dəfə Əbu Səid Xərrazi irfan teminlərindən qərar vermişdir.
[237]  Xurrəmşahi, Bəhaəddin, Hafiznamə, intişarat Suruş, səh-975.
[238]  Sədi demişkən:
Misirdən köynək iyini eşitdin,
Vəli Kənan quyusunda görmədin.
Dedi: Bizim əhvalımız sanki işıqdır,
Bəzən yanar, bəzəndə hər dəm qaranlıq.
[239]  Ənam surəsi, 103-cü ayə.
[240]  Kəhf surəsi, 110-u ayə.
[241]  Cavad Amuli, Əbdullah, Təsir mövzuyi Quran-kərim, 7-ci cild, səh-255-dən sonra
[242]  İmam Xumeyni (rəhmətullah), Ərbəin hədis, səh-454.
[243]  Biharul-Ənvar, 91-ci cild, səh-98; Məfatehul-cinan, Munacat şəbaniyyə.


Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.
Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər:
1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;
2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;
3. Əxlaq qaydalarına əməl olunmalıdır;
4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə mübarizə aparılmalıdır.
«Nurus-səqəleyn»də (4-cü cild, səh. 549) oxuyuruq: «Allah-təala öz peyğəmbərinə buyurur ki, yaxşılıqla pislik eyni deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə pislik edənlərə yaxşılıqla cavab ver. Bu halda düşmən səmimi dosta çevrilər» 

Allah sizə yar olsun.
Sual (6) : Salam.Nəfslə mübarizənin yollarını mənə yazın lütfən nə etməliyəm ki Bu AYƏYƏ ƏMƏL EDƏNLƏRDƏN OLUM (Ey nəfs dön rəbbinə tərəf,o səndən razıdır sən ondan)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Nəfsin birinci məqamı "Mülk" mənzili, zahir və onun dünyasıdır. Böyük cihad və Həqq Təala yolunda öldürülməkdən üstün sayılan nəfslə mübarizə, bu birinci məqamda, insanın öz zahiri qüvvələrinə qalib olmasından, onları Böyuk Yaradanın əmrinə tabe etməkdən və məmləkəti (nəfs məmləkətini) Şeytan və onun qoşununun aldadıcı qüvvəsindən boşaltmaqdır.
Nəfslə mübarizənin və Həqq Təalaya tərəf hərəkətin birinci şərti, təfəkkürdür. Bu məqamda təfəkkür, insanın hər gün bir qədər (az da olsa) öz sahibi barəsində fikirləşməsindən ibarətdir. Fikirləşmək lazımdır ki, onu bu dünyaya gətirən, bütün asayiş və rahatlıq vəsaitlərini onun üçün hazırlayan, hər biri mənfəətli olaraq, ağılları heyran qoyan sağlam bədəni və qüvvəni inayət edən, bütün bu nemət büsatlarını verən, rəhm edən, başqa bir tərəfdən isə bu qədər peyğəmbərlər, hidayətçilər göndərən, kitablar nazil edən, və dəvətlər edən Padşahlar Padşahı olan bir sahibin qarşısında onun vəzifəsi nədir? Bütün bu verilənlər, heyvanların hamısı ilə şərik olduğumuz, heyvani həyat və şəhvəti idarə etmək üçündür, ya başqa bir məqsəd vardır? Bütün kəramətli peyğəmbərlər və əzəmətli övliyalar, böyük hikmət sahibləri, hər bir millətin alimləri camaatı ağıl və şəriət qanunlarına dəvət edirdilər, onları heyvani şəhvətlərdən və bu fani dünyadan çəkindirirdilər; onlarla düşmənçilikləri var idi, ya biz biçarə və şəhvətə qurşanmışların islah yolunu bizim kimi bilmirdilər?
Ağıllı insan bir an fikirləşsə başa düşər ki, bizim üçün sərilmiş bu nemət süfrəsindən məqsəd, başqa bir şeydir. Yaradılış aləmindən gözlənilən şey çox-çox böyük məqsəddir. Bu heyvani həyat, həmin məqsəd deyil.
Ağıllı insan, gərək özünə çarə fikirləşsin və öz çarəsizliyinə rəhm eləsin, özünə xitab etsin: "Ey bədbəxt nəfs, uzun illər boyu ömrünü şəhvət ardınca keçirdin, həsrətdən başqa bir şey nəsib olmadı. Yaxşı olar ki, bir az da öz halına rəhm edəsən, Padşahlar Padşahından həya edəsən, bir qədər də həmişəlik həyata və səadətə səbəb olacaq, əsil məqsəd yolunda addım atasan. Var gücünlə çalışsan da ələ gəlməyən, neçə günlük fani şəhvətə, həmişəlik səadəti satma. Qədimdən indiyə qədər gördüyün, bildiyin dünya əhli barədə bir az fikirləş. Bax gör, onların zəhmətləri, çəkdikləri əziyyətlər, rahatlıqları qarşısında nə qədər çoxdur. Bir halda ki, hər insan üçün də rahatlıq və xoşluq tapılmır. İnsan surətində olub, amma həqiqətdə, şeytanın qoşunundan olan və onun tərəfindən göndərilərək, səni şəhvətə və maddi həyatını təmin etməyə dəvət edənin, bir qədər də özü barəsində təhəmmül et, fikirləş, onu danışdır, gör onun özü, öz vəziyyətindən razıdırmı? Ya özü də mübtəladır və başqa bir biçarəni də özü kimi mübtəla etmək istəyir?
Hər halda öz Rəbbindən acizanə və ağlar halda təmənna et ki, səni öz vəzifənlə tanış etsin. Gərək bu səninlə Onun arasında olsun. Nəfsi əmmarə və şeytanla mübarizə qəsdi ilə etdiyin bu təfəkkürün, sənin üçün ayrı bir yol göstərməsinə və mübarizənin başqa bir mənzil və mərhələsinə müvəffəq olmağına ümid vardır.
Nəfslə mübarizənin, təfəkkürdən sonrakı məqam və mənzili "əzm", yəni, iradə və qəsddir. Əzm, insanın günahları tərk etməsinə və vacibləri yerinə yetirməsinə və yerinə yetirmədiyi üçün qəzaya getmiş əməlləri həyatda olarkən əmələ gətirəcəyinə qəsd etməsindən ibarətdir. Nəhayət, əzm budur ki, insan öz zahirini əqli və şəri etsin. Belə ki, şəriət və ağıl onun zahirinə xatir hökm etsin ki, bu şəxs insandır. Şəri insan, o kəsə deyirlər ki, şəriətin istəyinə uyğun rəftar etsin, onun zahiri, Rəsuli-Əkrəmin (s) zahiri kimi olsun və bütün davranışlarında, etdiyi əməllərdə, tərk etədiyi işlərdə o həzrətin davamçısı olsun. Bu olduqca mümkün olan bir işdir. Çünki, öz zahirini o həzrətə bənzətməyə, Allah bəndələrinin hər biri qadirdir.
İnsan, şəriət ədəbləri ilə ədəblənməyincə, heç bir gözəl əxlaqla sifətlənməyincə, Allahın mərifət nurunun onun qəlbində cilvələnməsi, batin elminin və şəriət sirlərinin onun üçün açılması mümkün deyil.
Ey əziz! Əzm sahibi və iradəli olmağa çalış. Çünki əzmsiz dünyadan köçsən, beyinsiz insan surətindəsən və o biri aləmdə insan surətində məşhur olmayacaqsan. Çünki o dünya, batinlərin və sirlərin açılacağı bir yerdir.
Günaha cürət etmək, yavaş-yavaş insanı əzmsiz və iradəsiz edir və bu da şərəfli cövhəri insandan alır.
Bəs ey qardaş, günahdan qaç və Allaha tərəf üz tutmağı əzm et. Zahirini insan zahiri et, özünü şəriət sahiblərinin yoluna daxil et. Xəlvətdə Allah Təbarək və Təaladan istə ki, sənə bu məqsədində yar olsun, kömək etsin, Rəsuli-Əkrəmi (s) və əhli-beyti (ə) sənin üçün şəfaətçi qərar versin, sənə müvəffəqiyyət inayət etsin, qarşıdakı uçurumlara yuvarlanmamağın üçün sənin əlindən tutsun. Çünki insan həyatında uçurumlar vardır ki, bir anda o həlakət uçurumuna elə düşmək olar ki, insan bir daha özünə çarə edə bilməsin. Bəlkə, çarə axtara da bilməsin, bəlkə şəfaətçilərin şəfaəti də onun halına şamil olmasın.
Nəfsi ilə mübarizə edənlərə müşaritə, müraqibə və mühasibə işləri də lazımdır.
"Müşaritə" odur ki, insan günün əvvəlində məsələn, özü ilə şərtləşsin ki, bu gün Allah Təbarək və Təalanın əmrinə zidd olan bir əməl etməsin. Bu mətləbi iradə etsin. İnsanın bir gün günah əməl etməməyinin asan bir iş olduğu məlumdur. İnsan, onun öhdəsindən asanlıqla gələ bilər. Sən əzm et, şərt bağla və təcrübə et, gör nə qədər asandır. Şeytanın və o məlunun qoşunlarının bu işi sənə böyük göstərmələri də mümkündür. Onlar, səni bağladığın şərtdən saxlamaq və ona əməl etməməyini istəyirlər. Onlara lənət göndər və onların şərindən Allaha pənah apar, Ona sığın, batil xəyalları ürəyindən çıxart və şeytana de: mən bu gün, Allah Təalanın əmrinə qarşı çıxmamağı özümlə şərt etmişəm. Mənim Nemət Sahibim illər boyudur ki, mənə nemət verib, səhhət, sağlamlıq və əmniyyət verib. Elə mərhəmətlər edibdir ki, əbədi olaraq Ona xidmət etsəm belə, heç onların birinin öhdəsindən gələ bilmərəm. Bir kiçik şərtə əməl etməməyim yaxşı iş deyil. Bundan sonra Allahın istəyi ilə şeytanın geri dönüb, qayıtması və Rəhman qoşunları qələbə etməsinə ümid var.
"Müraqibə"nin sənin işlərinin; qazanc, səfər, təhsil və s. heç biri ilə ziddiyyət və münafatı yoxdur.
Bu hal ilə qal, ta gecə "mühasibə" vaxtıdır.
Mühasibə odur ki, insan öz Allahı ilə etdiyi şərtdə nəfsini hesaba çəksin ki, bağladığı şərtə əməl etdimi və Nemət Sahibinə bu kiçik müamilədə xəyanət etmədimi? Əgər düz vəfa etmisənsə, onda bu müvəffəqiyyətə görə Allaha şükür et və bil ki, bir addım irəliləmisən, Allah sənə nəzər edibdir. Allah səni dünya və axirət işlərinin irəli getməsində hidayət edər. Sabahın işi bir az da asanlaşacaq. Bir neçə vaxt bu əməllərini qoru. Bunun səndə adətə çevrilməsinə və bu işlərin daha sənə çox asan gəlməsinə ümid vardır. Bəlkə o vaxt, bu dünyada Allah əmrinə itaət və günahları tərk etməyin ləzzətini bələrsən.
Bil ki, Allah Təbarək və Təala sənə çətin təkliflər etməyib. Sənin öhdəndən xaric və taqət gətirə bilməyəcəyin şeyləri sənə əmr etməyib. Lakin şeytan və onun qoşunu, işi sənə çətin cilvələndirir. Mühasibə vaxtı öz etdiyin şərtdə, süst və sönük olduğunu görsən, Allah Təaladan üzr istə. Söz ver ki, sabah bu işin öhdəsindən mərdliklə gələcəksən. Bu hal ilə qal ki, Allah Təala tofiq və səadət qapılarını sənin üzünə açsın, səni insanlığın düz yoluna hidayət etsin.
İnsana nəfs və şeytanla mübarizə etməkdə kamil köməklik edən işlərdən biri də "təzəkkür"dür.
Təzəkkür, Allah Təalanın insana mərhəmət etdiyi nemətləri yada salmaqdır.
Bil ki, insanda olan fitri şeylərdən biri də nemət verənə hörmət etməkdir. Gərək öz nemət sahibinə hörmət edəsən. Bu da məlumdur ki, nemət nə qədər böyük olsa və nemət verənin o nemətdə bir qərəzi olmasa, fitrət baxımından onun hörməti daha çox və daha lazımlıdır. Məsələn; sizə bir at verib və onda minnət qoyan şəxsə və xırda bir şey verib və bunda heç bir minnət qoymayan şəxsə hörmət etməkdəki fərq, çox aydındır. İndi özün əzəmətli şən sahibi, Padşahlar Padşahının bizə mərhəmət etdiyi zahiri və batini nemətlərə diqqət et. Əgər, ins və cin, o nemətlərin birini bizə vermək istəsələr, bacarmazlar və biz bundan qafilik. Məsələn; gecə-gündüz istifadə etdiyimiz, bizim və bütün mövcudların ondan asılı olduğu hava, on beş dəqiqə olmasa, heç bir canlı diri qalmaz. Gör nə böyük nemət! Bütün ins və cin, onun oxşarını bizə vermək istəsələr, aciz qalarlar. Həmçinin, hər birinin hədsiz-hüdudsuz mənfəətləri olan, sağlam bədən, göz, qulaq, dadma və hiss etmə kimi zahiri qüvvələr və xəyal, vəhm, ağıl və s. kimi batini qüvvələr olan ilahi nemətləri yada sal. Bütün bunları Padşahlar Padşahı, bizə özümüz istəməzdən öncə və minnətsiz olaraq inayət edibdir. Bunlarla da yenə kifayətlənməyib, peyğəmbərlər göndərib, kitablar nazil edib, səadət və bədbəxtlik, cənnət və cəhənnəm yolunu bizə göstərib. Bizim ibadət və itaətimizə ehtiyacı olmadan, ya itaət və günahlarımızın Onun halına heç bir fərq etmədiyi halda, bizim dünya və axirətdə möhtac olduğumuz şeyləri bizə inayət edibdir. Yalnız, bizim öz xeyrimizə olaraq, əmrlər və qadağalar buyurubdur.
Bütün bəşərin onu sayıb qurtara bilməkdən aciz olduğu, bu və bunun kimi saysız-hesabsız nemətləri yada saldıqdan sonra, sizin fitrətinizə əsasən, belə bir nemət verənə hörmət lazım deyilmi? Belə bir nemət sahibinə xəyanət etmək ağıl baxımından necədir? Fitrətdə yoğrulan və onda gizli qalan işlərdən biri də böyük və əzəmətli şəxsə hörmət etməkdir. Camaatın dünya əhlinə və sərvətlilərə, hökmranlara, böyüklərə etdikləri hörmətin səbəbi, onları böyük və əzəmətli bilməkləridir. Padşahlar Padşahının əzəmət və böyüklüyündən də əzəmətli bir şey varmı? Onun yaratdıqlarının biri olan bu kiçik dünyanı və onda olan adi məxluqlarını hələ heç bir mövcudun ağlı indiyə qədər dərk edə bilməyib. Başqa günəş sistemlərindən çox kiçik və nəzərə çarpmaz olan, elə həmin öz günəş sistemimiz, bu kiçikliyi ilə belə, dünyanın böyük alimlərinin ondan lazımı qədər xəbərləri yoxdur. Bütün bu aləmləri və minlərlə qeybi aləmləri xəlq edən o Əzəmət Sahibinə, ağıl fitrətinin hökmü ilə hörmət etmək lazım deyilmi? Bəs ey əziz, öz Allahının əzəmətini yada sal, onun nemət və mərhəmətlərini yada sal. Onun hüzurunda olduğunu yada sal, ona itaətsizliyi tərk et, əmrindən boyun qaçırma və bu böyük döyüşdə şeytan qoşununa qələbə et. Öz (nəfs) məmləkətini, rəhmani və həqqani məmləkət et. Hər halda özünə ümid etmə. Çünki, Allah Təaladan başqa heç kəs, sənə kömək edə bilməz. Ağlar halda Allah Təalanın Özündən tofiq və müvəffəqiyyət istə ki, sənə nəfsinlə bu mübarizədə inayət etsin.
Allah sizə yar olsun.  
Sual (7) : salam. nefs deyildikde ne bawa duwulur, nece cur nefs var? ve hansilardi. birde bu nefsler Quran ayetleri ile gosterin... diger bir sualim bundan ibaretdirki niye gore qiyamet suresini bezileri 40 bezileri ise 39 aye bilmiwler, bu ne ile baglidir ve bunun qisa tarixcesi neden ibaretdir
Allahın adı ilə.   
Əleykumus-salam.  
“Nəfs” sözü ərəb dilinə məxsus sözdür. Mənası “özüm”, “mən” deməkdir. Qurani-kərimdə bu söz müxtəlif mənalarda işlədilmişdir. Adi halda nəfs dedikdə insanın şəxsiyyəti, varlığı nəzərdə tutulur. Beləcə, insanın şəxsiyyəti, yəni nəfsi vahiddir və onun müxtəlif yönümləri var. Bütün qüvvələr, meyllər, istəklər həmin bu nəfsə aiddir. Yaxşını pisdən ayırmaq istedadına malik olan əql də bu qüvvlərdəndir. Demək, insanda mövcud olan iki yönümdən biri əql, digəri isə ölçü-biçim tanımayan istəklərdir. Əql ilə nəfsin mübarizəsi dedikdə həmin bu iki yönümün mübarizəsi nəzərdə tutulur.
Əmmarə, ləvvamə və mütməinnə adlanan üç növ nəfs də həmin yeganə nəfsin müxtəlif hallarıdır. Nəfs fitrətən kamillik tələbin-dədir. İnsan hələ uşaq çağlarından öz qüvvəsini və imkanlarını artırmağa çalışır. O, suallar verməklə elmini artırır.
Amma kamilliyin konkret öz yolu vardır. Bu yoldan çıxan insan gecə-gündüz çalışsa belə kamala yetəsi deyil. Təkamül yolunda səhvə düçar olan insan nə vaxtsa üzücü peşimançılıq çəkir. Bu peşimançılıq əvvəlki nəfsin bir başqa halıdır. İnsanı pisliyə çağıran nəfs əmmarə adlanırsa, əqlin təsiri ilə peşman olmuş nəfs ləvvamə nəfs adlanır. İki yol ayrıcında qalmış insan əqlinə müraicət etmədən həvəs ardınca gedirsə nəfs öz əmmarə halını möhkəmləndirir. Əmmarə nəfsə nəzarət olunmazsa insan böyük günahlara batar. Öz-özlüyündə pis olmayan istək yalnız nəzarətsiz qaldıqda həddi aşıb bəlaya çevrilir. Məsələn, insanın yeməyə meyli təbii bir meyldir. Amma bu meylə nəzarət olunmadıqda insan halal-haram, xeyir-zərər bilmədən qarnını doldurur. Belə insanın nəfsi əmmarə halındadır. Bütün meyllər həddini aşdıqda bu hal baş qaldırır. Nəfsin qidalanmaya, əyləncəyə, istirahətə və s. meyli onun əmmarə olmasına dəlil deyil. O, yalnız həddi aşdıqda əmmarə olur. İnsanın öz əqlinə zidd hərəkət etməsi onun azad olmasının nişanəsidir. İnsan həm əqlə, həm də azadlığa malikdir. O, əql vasitəsi ilə yaxşı və pisi tanıdıqdan sonra iki yoldan birini seçməkdə azaddır. İnsan iki yoldan birinə üz tutmağa məcbur deyil. İnsanın kamilliyi nəfsani istəklərin əqlə tabe edilməsindən asılıdır. Əqlin göstərişlərini eşitməməzliyə vuran insan əyri yolu seçir. Əqlin səsinə qulaq asan insan isə nəfsi cilovlaya bilir. İnsan yalnız bu zaman Allaha yaxınlaşa bilər. Əqlə təkrar-təkrar itaət edən insanlarda nəfsi cilovlamaq gücünə malik xarakter formalaşır. Bu zaman nəfs sakitləşir və insan çətinlik çəkmədən arxayın bir qəlblə həqiqətə doğru hərəkət edir. Bu həmin mütməinnə nəfsdir. Mütməinnə nəfs müxtəlif təhlükələri adlamış, ali dərəcəyə çatmış həmin əvvəlki nəfsdir. Ardıcıl şəkildə əqlinə tabe olan insanın nəfsi mütməinnədir. Əql və nəfsin mübarizəsi təkamül yolunda ilk addımlarını atan nəfsə aiddir. Nəfs əqlin hakimiyyətinə keçdikdən sonra mövcud ziddiyyət aradan qalxır.
Qiyamət surəsin Kufə qariləri 40 başqa qarilər isə 39 ayə oxuyublar çünki 16 və 17 ayələri bir ayə hesab ediblər.    Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum. Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan daha çox zəlalətdədir?
Allahın adı ilə.   
Əleykumus-salam.         

«Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət edənlər haqqında buyurulur: «Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər».

Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə tanrı edən insandan üstündürlər:

1. Düşünmə istedadından məhrum olan heyvanların nöqsanlı hərəkətləri bağışlana bilər;

2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından onlar üçün cəza da yoxdur;

3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;

4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə törətmək qüdrətində deyillər;

5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;

6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə varsa, elə də görünürlər.

Allah sizə yar olsun. 
Sual (9) : Salam. Kamil imana çatmağın yolu nədir? Indidən minnətdarlığımı bildirirəm.
Allahın adı ilə.   
Əleykumus-salam.        
İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur…
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra mə`lum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşayan Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.
Allah sizə yar olsun.
Sual (10) : Salam. Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.”
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
2. Dünyaya vurğunluq. “Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir.
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” Ayədən mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
4. Şeytanla dostluq. “Nisa” surəsində oxuyuruq: “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”
Allah sizə yar olsun. 
Go to TOP