Sual (1) : Salamun əleykum. Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi? Cavabınıza görə təşəkkür edirik.
Allahın adı ilə.   

Əleykumus-salam.

İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir. Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar». Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.

Allah sizə yar olsun. 

Sual (2) : Salam. Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən». 
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis bu böyük insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların «axı nə günah etmisən ki, belə bəlaya düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ çevrildi.
Allah sizə yar olsun.
Sual (3) : Salam. Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan sonra ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də etdilər. Allah-təala buyurur: «Biz də «ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol» buyurduq». 
«Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) İbrahimin (ə) görüşünə gəlib, dedi: «Köməyə ehtiyacın varmı?». İbrahim (ə) belə cavab verdi: «Sənin köməyinə yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək istə». Həzrət İbrahim dedi: «Hamıdan xəbərdar olması kifayətdir!».
Bütpərəstlər İbrahimi atdıqları odun vahiməsindən fəryad çəkir, Nəmrud isə İbrahimin bir ovuc külə dönəcəyi anı həsrətlə gözləyirdi. Amma tonqal yanıb tükəndikdən sonra İbrahimin sağ-salamat onunla üzbəüz dayandığını görən Nəmrud haray çəkib dedi: «Ey İbrahim! Doğrudan da, sənin Allahın böyük imiş. Səninlə od arasında pərdə çəkəcək qədər böyük! İndi ki, belə oldu, O Allahın qüdrətinə xatir qurbanlıq edirəm».
Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma İbrahim ona xatırladı ki, bütpərəstlikdən imtina edib, bir Allaha iman gətirməsə, qurbanları qəbul olmayacaq. Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».
Allah sizə yar olsun.
Go to TOP