Sual (1) : Əzadarlıq aylarında qara geyim dini mətnlərdə təsdiqini tapıbmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məhərrəm və səfər aylarında qara geyinmək məsələsi daim gündəmdə olub, bəzən bu məsələyə tənqidi yanaşılıb. 
Birinci baxışa əsasən, məhərrəm ayında Əhli-Beytə (ə) aşiq insanlar əzadarlıq başa çatana qədər böyük eşqlə qara libas geyir, qara bayraq götürürlər. Onların nəzərincə, qara rəng hüzn, peyğəmbər ailəsi ilə həmdərdlik nişanəsidir. İkinci baxışa əsasən, qara geyinməyin elə bir əhəmiyyəti yoxdur və bunun dini əsasları mövcud deyil. Bu mövqedən çıxış edənlər özlərini ziyalı kimi göstərir, öz zövqlərincə dəlillər ortaya qoyaraq qara rəngə üz tutanlara hücum edirlər. Onları dünya mədəniyyətindən geri qalmış kimi göstərməyə çalışırlar. Bir qrup məsələnin mahiyyətindən xəbərsiz olduğu üçün tərəddüdə qalıb, mövqe tuta bilmir. 
Əvvəla, fiqhi baxımdan namazda və namazdan başqa vaxtlarda qara geyinmək yalnız məkruhdur, kərahət həddini keçməyib. Amma fəqihlərdən bir qrupu bu fikirdədir ki, İmam Hüseyn (ə) əzadarlıqlarında qara geyinmək istisnadır və əzadarlıqda qara libas geymək məkruh deyil. Onlar qara geyimi əzadarlıq dövründə Əhli-Beytə (ə) məhəbbət nişanasi olduğunu nəzərə alırlar. Doğrudan da şiələr, Əhli-Beyt (ə) aşiqləri qara geyinməklə Əhli-Beytə (ə) öz sevgilərini göstərirlər. Necə ki məsumlar “şiələr bizim qəmimizdə qəmlidir” buyurublar. 
Digər tərəfdən qara geyimin Əhli-Beyt (ə) dəyərlərini dirçəltmək kimi qurucu təsiri var. Məsumlar buyurur ki, bizim təlimlərimizi dirçəldənlər Allahın rəhmətinə çatar. Şübhəsiz ki, qoca və cavan, orta yaşlılar və uşaqlar əzadarlıq dövründə qara geyinməklə hüznlü olduqlarını göstərirlər. Doğrudan da, həqiqi İslamın həyatı məhərrəm və səfər ayları ilə çox şərtlənib. 
İkincisi, tarixi baxımdan Aşura hadisəsindən sonra peyğəmbər ailəsindən olan qadınlar 1 il qara geyindilər. Onlar o qədər əzadar idilər ki, hətta yeməklərini İmam Səccad (ə) hazırlayırdı. Sonrakı dövrdə əzadarlıq dövründə qara libas geyinmək bir ənənəyə çevirildi, Əhli-Beyt (ə) aşiqləri, şiələr bu ənənəyə əməl etdilər. Hətta böyük fəqihlərin bir qismi İmam Hüseyn (ə) əzadarlığında qara geyinib, bu məsələyə ciddi yanaşıblar. Vəsiyyət ediblər ki, dünyalarını dəyişəndə təbərrük olaraq həmin libaslarda dəfn edilsinlər. Bütün bunları nəzərə aldıqda aydın olur ki, məhərrəm və səfər aylarında qara geyinmək nəinki məkruh deyil, hətta Əhli-Beytin (ə) hüzününə əzadarlıq baxımından fəzilətə malikdir. 
Quran və rəvayətlər Peyğəmbər (s) ailəsinə sevgini müsəlmanlara vacib buyurub. Dostluğun şərtləri var. Həqiqi dost o şəxsdir ki, dostluq şərtlərinə riayət etsin. Mühüm dostluq şərtlərindən biri dostun qəminə və sevincinə şərik olmaqdır. Buna görə də Əhli-Beytin (ə) şad günlərində şənlənmək, hüzünlu günlərində qəmlənmək tövsiyə olunub. 
Həzrət Əli (ə) buyurur: “Bizim şiələrimiz, ardıcıllarımız şadlıq günlərimizdə və hüzünlü olduğumuz zaman bizimlədirlər.” İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz bizim tənparəmizdirlər, bizdən qalan torpaqdan yaranmışlar. Məni sevindirən və qəmləndirən hadisələr onları da sevindirir və qəmləndirir.” 
Bu əqli və şəri məsuliyyət zəruri edir ki, Əhli-Beytə (ə) əzadarlıq günlərində öz rəftar və danışıqlarımızda hüzünlü olaq, hətta bu hüzn libasımızda da özünü göstərsin. 
Sual yaranır ki, nə üçün qara geyim? Qara rəngin müxtəlif baxımlardan özünəməxsus təsirləri var. Onun hər bir xüsusiyyətinin öz yeri vardır. Qara rəng bir tərəfdən geyim rəngidir. Bəzi insanlar bədənlərini örtmək üçün qara rəngli parçalardan istifadə edir. Digər tərəfdən bu rəngdə heybət və təşəxxüs var. Buna görə də qara rəng (eləcə də sürmeyi rəng) insana rəsmi şəxsiyyət verir. Tarixi mənbələrdə, eləcə də günümüzdə hakimiyyət rəsmilərinin daha çox öz geyimlərində bu rəngə üstünlük verdiyini görürük. 
Qara rəngin başqa bir xüsusiyyəti onun təbii olaraq hüzn aşılamasıdır. Dünyanın bir çox xalqları öz qəmini göstərmək üçün qara geyinir. Təbii ki, Əhli-Beyt (ə) əzadarlıqlarında bunun məntiqi və emosional səbəbləri də var. Matəm günlərində qara geyinən, ətrafda qara parçalardan istifadə edən insan bununla demək istəyir ki, öz əzizini itirib, ona həyat həvəsi verən bir şəxs əlindən çıxıb. O bu qara rənglərlə demək istəyir ki, sevdiyi insanı itirməklə dünyası qara rəngə boyanıb. Bunun müxtəlif dəlilləri var. Həzrət Peyğəmbərin (s) rihlətindən sonrakı 8 gündə xanım Zəhra (ə) əziz atasının qəbri üzərində oldu, və dedi: “Ey ata, sən getdin və gedişinlə mənim işıqlı dünyamı məndən aldın. Dünya sənin hüsn və cəmalınla işıqlanmışdı. Amma indi sən getmisən və dünya zülmətə bürünüb. Sənin gedişin zülmət gecələrindən danışır. Bu gediş bizim üçün qəm-qüssə olub...” 
Ədəbiyyatda da qara rəngin hüzn rəngi kimi qəbul olunması əsrlərdir özünü göstərir. Böyük Firdovsi öz divanında Siyaməkin qətlinə işarə ilə yazır ki, oğlunu itirmiş şah üçün dünya qaraldı. Demək, qara rəngdə təbii olaraq əzadarlıq ruhiyyəsi var. Qara rəng insana hüzn təlqin edir. Buna görə də dünyanın müxtəlif xalqları hüzn günlərində qara geyimə, qara rənglərə üstünlük verirlər. 
Tarixi mənbələrdə qara rənglə bağlı kifayət qədər məlumat var. Qara rəng matəm rəngi, qəm-qüssə rəngi kimi tanıtdırılır. Firdovsinin Şahnamə əsəri qədim İran mədəniyyətindən bəhrələnib. Bu əsərdə qara rəng əzadarlıq rəngi kimi göstərilir. Rüstəm qardaşı Şəğğadın əli ilə namərdcəsinə öldürüləndə əsərdə deyilir: Bir il Sistanda əza oldu, hamı qara geyindi; Sasanilər dövründə Bəhram dünyasını dəyişəndə onun canişini Yezdəgil qara geyindi; o 40 gün atasına əza saxladı, qara geyimi əynindən çıxarmadı; Firiydun dünyasını dəyişəndə onun ətrafındakılar və ordusu qara geyindilər; Mənuçehr bir həftə ağrı içində oldu, bütün qoşunu qara geyindi; bu qara geyim hazırda da ənənə olaraq yaşayır...
Qədim yunan əsatirlərində də eyni münasibətlə rastlaşırıq. Müxtəlif əsatirlərdə qətllərdən təsirlənən insanlar, öz yaxınlarını itirənlər qara geyimə üz tutub. Aydın olur ki, qədim Yunanıstanda da qara geyim əzadarlıq zamanı ənənə olub. Bu Homerin dövrünə qayıdır. İbrilərin dövründə də insanlar yaxınlarının əzasında qara geyinərdilər. 
Bistani öz ensiklopediyasında Avropa mədəniyyətində də qara rəngin əza rəngi olduğunu qeyd edir. O yazır: “Qərbdə yaxınını itirmiş insanlar bir həftədən bir ilə qədər əza saxlayar, bu müddətdə qara geyinərdilər. Həmin dövrdə bəzənməzdilər.”
Tarixi kitablarda məlumat verilir ki, ərəblər də onlara müsibət üz verəndə qara geyinərdilər. Peyğəmbər (s) dövründə Bədr savaşı başa çatandan sonra aydın oldu ki, müşriklər və Qüreyş bu döyüşdə 70 nəfər itirib. Həmin dövrdə Məkkə qadınları əzaya oturub, qara libas geyindilər. Tarixi və ədəbi nümunələrdən aydın olur ki, qədim dövrdən müxtəlif millətlər, qövmlər arasında qara rəng əzadarlıq rəngi kimi qəbul olunub. Bu təkcə İslama aid deyil. Ərəblər İslamdan qabaq əza vaxtı qara libas geyiniblər. Yunanlılar və iranlılar da istisna deyil. 
Müctəhidlər əzadarlıq zamanı qara geyimə necə münasibət göstərir? Doğrudanmı Əhli-Beyt (ə) əzadarlığında qara libas geyinmək məkruhdur? 
Ayətullah Behcət (r) buyurur: “Əzadarlıqda qara köynək geyinməyin eybi yoxdur, hətta bəyəniləndir.” 
Ayətullah Fazil Lənkərani (r) əzadarlıq günlərində qara libasda namaz qılmağı da məkruh saymır və buyurur: “Qara geyim Seyyidüş-şühədaya əzadarlıq nişanəsi olduğundan yaxşı olar ki, həmin dövrdə əzadarlıq ruhiyyəsi qorunsun. Bu dövrdə qara libasda namaz qılmaq məkruh deyil.”
Ayətullah Nuri Həmədani deyir: “Məsumların əzadarlığı zamanı qara libas geyinmək yaxşı işdir.”
Ayətullah Xamenei buyurur: “Seyyiduş-şühədanın və Əhli-Beytin (ə) əzadarlıq mərasimlərində qara köynək geyinmək hüzn mənasında bəyəniləndir.”
Ayətullah Məkarim Şirazi buyurur: “İslam dininin mərasimlərini, əzadarlıqları yaşatmaq baxımından qara geyinməyin eybi yoxdur.”
Mərhum Bəhrani yazır: “İmam Hüseynin (ə) əzadarlıq mərasimində qara geyinməyin istisnası ola bilər. Bu barədə rəvayət var, dini mərasimləri yaşatmaq baxımından istisnalar nəzərdə tutulur. Əllamə Məclisinin “Məhasin” kitabında Ömər ibn Zeynəlabidindən bu barədə rəvayət nəql olunmuşdur. 
Mərhum Əllamə Nuri İmam Hüseyn (ə) əzadarlığında qara geyimin məqbul olması ilə bağlı yazır: “Rəvayətlər var ki, İmam Hüseynin (ə) əzadarlığında qara geyinmək məkruh deyil.”
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq  
Sual (2) : Salam qadınlar bu ayda (məhərrəm ayı) üzr istiyirəm qaşların təmizləyə bilər, günah deyil ki?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə iradı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Ayətullah əl-üzma Məkarim Şirazi cənablarının Məhərrəm ayında əzadarlıqla bağlı tövsiyələri
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Məkarim Şirazi cənabları fiqhin ali mühazirələrində:
Əzadarlıq məclislərində siyasi cinah və partiya mövzularına yer verilməsin.
Şübhəsiz ki, baş yaran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm.
Şübhəsiz ki, qəmə vuran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl Əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi Qum şəhərində, “Məscidul-Əzəm”də özünün fiqhin ali mühazirələrində imam Sadiqin (ə) bir hədisinə işarə edərək buyurdu: O həzrətin (ə) Peyğəmbərdən (s) nəql etdiyi bu hədisə əsasən, Allah Rəsulundan (s) sonra ən səxavətli şəxs bilik əldə edən, sonra yayan, başqalarına öyrədəndir.
O, mənəvi bəxşişin maddi bəxşişdən üstün olduğunu önə çəkərək, əlavə etdi: Məhərrəm ayının günləri bu hədisin göstəricisidir: bu günlərdə din təbliği aparan kəslər sözügedən hədisin nümunəsidirlər.
Ayətullah əl-üzma Məkarim Şirazi məhərrəm ayından yüksək dərəcədə istifadənin vacibliyinə işarə edərək, xətiblərə, məddahlara, məclis təşkilatçılarına və camaata “əzadarlıq məclislərinin prinsipləri” başlığı altında müraciət etdi və buyurdu: Xətiblər təkcə müsibət deməklə kifayətlənməməli, Aşura hadisəsinin köklərinə, nəticə və bərəkətlərinə də yer verməli, bu qiymətli əsərləri qoruması xüsusunda, camaata da vəzifəsini xatırlatmalıdırlar.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: İmam Hüseyn (ə) məclisləri ənənəvi formada aparılsın, müsəlmanlar arasında ikitirəlik və ya nifrət yaradan mövzuların dilə gətirilməsindən çəkinilsin; xarlıq və kiçiklik qoxusu gələn, Kərbəla şəhidlərinin şəninə uyğun olmayan mətləblər deyilməsin, əksinə bu qəhrəmanlıq hadisəsinin tarixi aspektləri diqqətə alınsın.
Həzrət Ayətullah Məkarim Şirazi gənclərin dinə və dini məsələlərə cəlb edilməsinin zəruriliyinə işarə edərək, bildirdi: Xətiblər ilahi hökmləri, düzgün etiqadları xalqa, xüsusən gənclərə çatdırmaqda bu fürsətlərdən yararlansınlar; əxlaqi mövzuları qabartmaqla, mövcud şübhələri də cavablandırsınlar, çünki əsrimizdə əxlaq pozğunluqları, əqidə azğınlıqları olduqca çoxdur.
O, həmçinin xətib və məddahlara sifariş etdi ki, əza məclislərində siyasi cinah və partiya mövzularının ortaya atılmasından çəkinilsin və sözünün davamında buyurdu: İslam sisteminin və ölkə müstəqilliyinin qorunmasının ümumi siyasəti hər kəs tərəfindən məqbuldur və bunu önə çəkməyin heç bir iradı yoxdur, amma seçkilər ərəfəsində siyasi təşkilat və partiyaların əza məclislərindən öz xeyirlərinə istifadə etməməsi xüsusunda, ayıq olmalısınız.
Məkarim Şirazi cənabları davamında məddahların həmişə məsum imamların (ə) sevimlisi olmasına və Dibil, Fərəzdəq və Kumeyt Əsədinın əhvalatının buna şahidliyinə diqqət çəkərək, buyurdu: Möhtərəm məddahların istifadə etdiyi şeirlər epik janrda olmalı, gənclərdə igidlik ruhunu oyatmalıdır: bu gün belə ruhiyyəyə hər zamankından daha çox ehtiyac duyuruq.
O, əlavə etdi: Əzadarlıq mövzu və şeirləri mötəbər və məşhur qaynaqlara uyğun olmalıdır, eləcə də zəif və ya sənədsiz mövzular deyilməməlidir.
Məkarim Şirazi cənabları açıqladı: Məddahlar bayağı səslərdən pəhriz etməli, ağır və möhtərəm üslublardan yararlanmalıdırlar ki, İmam Hüseyn (ə) məclisinə qarşı ikrah yaratmasın.
O, möhtərəm məddahlar tərəfindən əxlaq mövzularının bəyanını ləyaqətli iş sayaraq, buyurdu: “Seyyidüş-şühəda”nın (ə) macərası (hekayəsi) İslam yayımı macərasdır, ona görə ki, o həzrət buyurmuşdur: “Əgər mən Yezidlə beyət etsəm, “Fə ələl-İslami əs-səlam!” (yəni İslamın “fatihə”si oxundu). Deməli, belə məclislərdə diqqət mərkəzində olmalı mövzu, İslamın dirçəlişidir.
Ayətullah əl-üzma Məkarim Şirazi nitqinin davamında bildirdi: Məclis təşkilatçıları da ənənəvi üslubları qorumalı, sadə məclislərin təşkilinə səy göstərməlidirlər; israf, nümayiş, özünü göstərmək kimi hallardan çəkinilməlidir; hər şeydən çox gənclərin cəlb edilməsi yönündə çalışmalıdırlar, çünki hamıdan çox bu təbəqə təhlükədədir və İslam yolunda hamından çox canfəşanlıq edirlər.
Ayətullah Məkarim Şirazi məclis təşkilatçılarından istədi ki, məclislərinə savadlı xətibləri, vəzifəsini bilən məddahları dəvət etsinlər. Davamında buyurdu: Daha çox insan toplamaq məqsədilə, İmam Hüseyn (ə) əzadarlığının qırmızı xəttini keçməməliyik.
Ayətullah əl-üzma Məkarim Şirazi cənabları, yanlış “əzadarlar önündə qoyun kəsmək” adətinə işarə edərək, bildirdi: Bu iş, mühiti çirkləndirməkdən əlavə, məscid və hüseyniyyələrin murdarlanmasına da səbəb olur.
O, əzadar dəstələri önündə qurban nəzrini qeyri-qanuni sayaraq, buyurdu: “Qurbanlıq mütləq əzadar dəstələrinin önündə kəsilməlidir” – qeydi doğru deyil, əlbəttə şərtin pisliyi əməlin pisliyinə dəlalət etmir, yəni nəzir özü-özlüyündə düzdür. Odur ki, qurbanı başqa yerlərdə kəsə bilərsiniz.
Ayətullah əl-üzma Məkarim Şirazi sonda hörmətli əzadarların əza məclislərində köynəklərini soyunmamasını üstün tutdu: olmaya bu iş ikrah hissi yarada!
Sonra o, qəmə vurmaq məsələsinə də işarə etdi və buyurdu:
Şübhəsiz ki, qəmə vuran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl Əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm. Yaxşı olar ki, qanlarını “Qanköçürmə” mərkəzlərinə bağışlasınlar və hansısa müsəlmana həyat versinlər:
ومن احیاها فکانما احیی الناس جمیعا
“Hər kim bir nəfərə həyat versə, sanki bütün bəşərə həyat vermişdir”.
Ümidvarıq, İmam Hüseynin (ə) builki əzadarlığı hər ildəkindən daha əzəmətli keçirilsin və Allah hər kəsə sonsuz mükafat versin!
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : salamun aleykum.. men Meherremlikde oruc tuturam niyyetini ne deyib tutum? qelbimde kecirdiyim var bu qeza deyil sadece ewqimdendir AGAMA.. adini ne deyim buna niyyetini ne deyim?
Ad: , Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qəza orucunuz varsa, qəza orucunuzu niyyət edin. Çünki qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Amma qəza orucunuz yoxdursa, müstəhəb oruc tuta bilərsiniz və "müstəhəb oruc tuturam qürbətən iləllah" kimi niyyət etsəniz kifayətdir.
Qeyd edək ki, Aşura günü oruc tutmaq bəyənilmir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Nə üçün Aşura günü qeyri-iş günü olmalıdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Matəm günlərini anmaq formalarından biri də idarə və ticarət mərkəzlərinin işini dayandırmaqdır. Aşura günü dünya qazancını tərk etmək haqqında hədis nəql olunmuşdur. 
İmam Rza (əleyhis-salam) demişdir: 
امام رضا(علیه السلام) فرمود: «مَنْ تَرَکَ السَّعْىَ فِی حَوائِجِهِ یَوْمَ عاشُورا قَضَى اللهُ لَهُ حَوائِجَ الدُّنْیا وَالاْخِرَةِ وَ مَنْ کانَ یَوْمُ عاشُورا یَوْمَ مُصِیبَتِهِ وَ حُزْنِهِ وَ بُکائِهِ، جَعَلَ اللهُ عَزَّوَجَلَّ یَوْمَ الْقِیامَةِ یَوْمَ فَرَحِهِ وَ سُرُورِهِ
Hər kəs Aşura günü dünyəvi səy və məşğuliyyətlərini kənara qoysa, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kəs Aşura gününü öz hüzn və kədər günü qərar versə, Allah Qiyamət gününü onun şadlıq və sevinc günü edər. (Məclisi, “Bihar əl-ənvar”, cild 44, səh. 284) 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : İmam Hüseyn üçün əza məclisi təşkil etmək haqda məsumlar tərəfindən tövsiyələr varmı?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İmam Hüseyn (əleyhis-salam) üçün qurulan matəm və əzadarlıq məclisləri ənənəvi matəm üslublarındandır. İmam Hüseyn məktəbini sevənlər belə məclislər təşkil etməklə İmam Hüseynin (ə) qiyamının yüksək və mənəvi hədəfləri ilə yaxından tanış olur, həzrətin və silahdaşlarının yaşadıqları faciəyə göz yaşı axıdırlar. Belə məclislər daima insanların oyanış və maariflənməsinə xidmət edir.
Bir gün İmam Sadiq (ə) Füzeyl adlı səhabəsindən: - Məclis təşkil edib öz aranızda (dini maarif və Əhli-beytin (ə) fəzilətləri haqda) söhbət aparırsınızmı? – deyə soruşdu.
Füzeyl: - Bəli, - deyə cavab verdi.
İmam (əleyhis-salam) buyurdu:
إِنَّ تِلْکَ المَجالِسَ أُحِبُّها، فَأَحْیُوا أَمْرَنا، فَرَحِمَ اللهُ مَنْ أَحْیا أَمْرَنا
"Belə məclisləri sevirəm. Bizim məktəbi yaşadın. Allah-taala bizim məktəbi qoruyub saxlayan hər kəsə rəhmət etsin".
Daha sonra İmam (ə) əlavə etdi: “Hər kəs bizə olan zülmləri yad etsə, yaxud onun yanında yad edilərkən az da olsa göz yaşları axıtsa, Allah günahlarını bağışlayar”. (Hürr Amuli, “Vəsail əş-şiə”, cild 10, səh. 392.)
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Aşura günü hansı əməlləri etmək yaxşıdır?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məhərrəmin onuncu günü yəni Aşura günü, həzrət imam Hüseynin (ə) şəhid olan günüdür. Bu gün məsumların (ə) və onların davamçılarının qəm və qüssə günüdür. Bu gün yaxşı olar ki, müsəlmanlar dünya işləri ilə məşğul olmasınlar. Əzadarlıq etsinlər, mərsiyə desinlər, ağlasınlar. Sanki övladları və yaxın əzizlərinin əzadarlığını keçirmiş kimi, bu işə şövqlə yanaşsınlar. "Aşura" ziyarətini oxuyaraq, həzrəti (ə) ziyarət etsinlər. Həzrətin qatillərinə lənət oxusunlar. Həmin günü oruc tutmayın, ancaq yemək və içməyə meyl göstərməyin. Əsrdən sonra müsibət əhlinin iftar etdiyi yeməklərdən yeyin. Qatıq, süd kimi. Əllamə Məclisi yazır: “Yaxşı olar ki, Məhərrəm ayının doqquzuncu və onuncu günü oruc tutmayasınız. Çünki Bəni-Ümməyə bərəkət olsun deyə bu iki günü oruc tutmuşdular. Yalan deyərək, bu iki gündə oruc tutmağın fəzilətli olmasını Peyğəmbərə (s) nisbət vermişdilər. Əhli-beyt (ə) bu iki gün haqqında çox sayda hədis nəql etmişdir. Bu iki gün, xüsusilə də Aşura günü oruc tutmaq məzəmmət edilmişdir".
Həzrət imam Rzadan (ə) nəql edilir: “Hər kim Aşura günü öz ehtiyaclarını unutsa və dünya işləri ardınca getməsə, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kim Aşura günü qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun sevincli və xoşhal olan günü edər. Behiştdə nəzərləri bizimlə aydın olar. Hər kim Aşura günü bərəkət günü adlandırar, həmin günü evi üçün nəyisə alarsa, Allah aldığı şeyi onun üçün mübarək etməz. Qiyamət günü Yezid, Ubeydullah ibn Ziyad və Ömər ibn Sədlə məhşur olar".
Ona görə də bu günü insan başqa işlə məşğul olmaması və əzadarlıqla məşğul olması çox təkid edilimişdir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Tasua və Aşura günləri alış-veriş etməyin hökmü nədir?
Ad: meherrem, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Möminlər məsumlara əzadarlıq günləri adətən işi dayandırırlar. Həmin gün şadlıq məclisi keçirmirlər. Möminlər işi dayandırırlar ki, dini mərasimlərdə iştirak etsinlər. Əgər sizin dükanı açmağınız, alış-veriş etməyiniz əzadarlıq və əzadarlara hörmətsizlik kimi qəbul olunacaqsa, bunun iradı var. Amma möminlərin zəruri ehtiyaclarını ödəmək üçün bir neçə saatlıq alış-veriş etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Sinə vurmaqla zəncir vurmaqla bədən göyərdikdə bunun ciddi zərəri olmazsa, eybi yoxdur. Amma bu həddi aşdıqda, məsələn üz və bədən yaralandıqda düşmən bundan istifadə edə bilər. Baş yarmaq, od üstündən keçmək kimi əməllərin heç bir elmi əsası yoxdur. Hazırda düşmən bu məsələlərdən əhli-beyt (ə) məktəbinə qarşı istifadə edir. Amma sui-istifadəyə səbəb olmayan şəkildə zəncir vurulsa, bədən qızarsa, bədənə zərərli olmadıqda eybi yoxdur.
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan hikmət və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:
1- Məhəbbət
Qurani-kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd peyğəmbərin (s) əhli-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23- cü ayədə buyurulur: "(Ya Məhəmməd) de ki, Əhli- beytimə məhəbbət və sevginizdən başqa sizdən heç bir şey istəmirəm!"
Həmçinin, Peyğəmbərimiz (s) buyurur: "Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur". ("Möcəmül- kəbir", cild 22, səh 247; "Kənzül- ümmal", cild 13, səh 662.)
Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsil dost və aşiq dotluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. ("Kamilüz-ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291.) Elə buna görə də, hədislərdə Əhli- beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə təkid edilmişdir. Həzrət Əli (ə) buyurur: "Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. ("Əl- məhəbbə fil- kitab vəs- sünnə", səh 169- 170; "Suallar və cavablar", səh 166.)
Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda- qanunlarından sayılır.
2- Mənəvi tərbiyə
Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mənəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla "nümunəvi insana" xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mənəvi islahata sarı meyllidir. Necə ki, İmam Sadiq (ə) buyurur: "İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir". ("Biharul- ənvar", cild 44, səh 287.)
Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə. Yalnız insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mənəvi dəyərlərin hakim olmasına xidmət göstərir.
Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt vəd edilmişdir. ("Kamilüz- ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291.) Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. ("Kamilüz- ziyarət", səh 171.)
Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq, daxilimizdəki mənəvi boşluğun hökm sürdüyü biz zamanda, onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayırıq.
3- İlahi xatirəni əbədiləşdirmək
Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani- kərimdə vacib edilmişdir. "Hər kəs İlahi şüarlarını deirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir". (Həcc surəsi, ayə 32).
Unutmayaq ki, mərhəmət və izzət sahibi uca Tanrı, onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri "özünün sadiq dostları" adladıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, "qurbanlıq bayramı" bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Deməli, Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.
4- Milli-mənəvi dəyərlərimizin qorunması
Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük təsir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamala, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani- kərim uğrunda canından və hətta Əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP