Sual (1) : Salam aleykum.ömrün sоn аnlаrındа imаnı qоrumаq üçün hansi göstәrişlәr var?Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələ barədə yeri var ki, hər kəs nigaran olsun və ciddi şəkildə aqibətinin xeyirli olması üçün çalışsın. Çünki şeytan son nəfəsdə də insandan əl çəkmir. Lakin təqvalı insanları Allah-taala öz amanında saxlayır. Quranda buyururlur: Qəsəs surəsi ayə 83. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
Əsas şərtlərdən biri də zamanənin imamını tanımaqdır. Peyğəmbər (s) buyurur: “Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”
Aqibət xeyir olmaq üçün bu duanı oxumaq müstəhəbdir:
اَللّهُمَّ اجْعَلْ عَوَاقِبَ اُمُورِنَا خَيْرًا
«Əllahumməcəl əvaqibə umurina xəyrən.»
Həmçinin Axiruz-zamanda şək-şübhədən azad olmaq üçün bu duanı oxuyuruq:
يَا اَلله يَا رَحمنُ يَا رَحِيم، يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِى عَلَى دِينك
«Ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.»

Allahsizə yarolsun.

Sual (2) : Salam aleykum.Men qeza ibadetlerimi ede bilmirem,nese ozumde o gucu hiss etmirem,ne edim? Allah oz haqqini bagiwlayandir,ola biler ki,bu qezalari da bagiwlasin,hesabi olmasin?cox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Niyyətiniz qəza namazlarını qılmaq olsun və bacaqdıqınız qədər də qılın və bu yolda Allahdan kömək istəyin. Əgər insan qəzaların çoxluğundan naümid olsa qılmağa və məqsədi qəzaları qılmamaq olsa, belə insan niyyətinə görə də günah qazanmış olur. Qəza namazlarınızı qılmaq üçün işinizi proqrama salın. Hər vacib namazın kənarında bir qəza namazı da qılın və ya hər gün yatmazdan əvvəl bir günün namazını qılın. Qıldığınız namazları bir yerə qeyd edin, tainki həm yadınızdan çıxmasın və həm də həvəsləndirici səbəb və stimul yaransın. Müstəhəb əməllərin əvəzinə qəza namazlarınızı qılın, çünki bu daha əhəmiyyətlidir. Bəzi alimlərin barəsində deyilir ki, qəzası olmamağına baxmayaraq üç dəfə ömründə qıldığı namazlarını yenidən təkrar edib.

Allah sizə yar olsun.

Sual (3) : salam aleykum.Namazlarimizin qebul olmasi ucun ne etemeliyik?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Maidə surəsi ayə 27 «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». Təqva olmadan namazda qəbul deyil. Namazın fəlsəfəsi insanı çirkinlikdən və günahdan saxlamaqdır. Namaz hər nəqədər insanı çirkinlikdən saxlayırsa o miqdarda da qəbul olur. 
Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır». Namazın qəbul olmağı ilə düzgün və səhih olması arasında fərq var. Namazı qəbul olmayan amma düzgün şərtləri ilə qılan insanın boynundan namaz götürülür. Bu şəxs qəbul olmayan amma düzgün olan namazının əvəzini görəcək. Belə ki, qiyamətdə namaz qılmayanların arasında olmayacaq və əzab çəkməyəcək.
Namazınqəbulu üçün insan Allah xatirinə nəfs istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Namaz hara, günah hara! İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. «Məryəm» surəsinin 58-ci ayəsində buyurulur: «Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar». Növbəti ayədə isə belə buyurulur: «Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi». Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
Namazın çoxlu təsir və bərəkəti var o cümlədən, Allaha yaxın olmaq və namazı qəbul olmayan insan bu İlahi nemət və lütfdən məhrum olur və faydalanmır. Namaz sanki bir nərdivan kimidir, Allah dərgahına yüksəlmək və kamilliyə çatmaq üçün bu nərdivandan yuxarı qalxmaq lazımdır. Hədisdə də buyrulur: namaz möminin meracıdır. Amma bununla belə insanın heç bir əməlini Allah-təala əvəzsiz qoymayacaq. Hətta kafər olsa belə xeyr əməlinin əvəzini bu dünyada görəcək.

Allah sizə yar olsun.

Sual (4) : Salam eleykum men dayim qizini isteyirem ama o ne hicabdadir nede namaz qilir menimde onu istediyimi bilir men nece edimki o hemi namaz qilsin hemide hicab baxlasin bunu cavablandirsaz cox memnun olaram?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bunu öz istəyiniz kimi yox Allahın istəyi kimi xatırladın və əvvəlcə həssasiyətlə məsələyə yanaşmayın, bəlkə qeyri müstəqim və tədricən islamın gözəlliyindən, Allahın mərhəmətindən, etdiyi işin aqibətin düşünməkdən, Quran və Əhli-beytin maraqlı ürəyə yatan kəlamlarından danışasınız. Bu şeyləri öz əxlaq və rəftarlarınızda cilvələndirməklə sözünüzün daha çöx təsiri olar. Onu dəyərləndirin və qadının dəyərindən danışın, hicablı qadın sanki sədəf içində gizlənmiş incidirlər.
İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.»
Allah sizə yar olsun.
Sual (5) : Bismillah. Salam aleykum. Hədis var ki, insanın bir günü digəri ilə eyni olarsa, ziyan içindədir. Bəs necə edim və ya hansı əməlləri yerinə yetirim ki, mənəvi və əməli yüksəlişə nail olum. Zəhmət deyilsə, ardıcıllıqla yaza bildiyiniz əməlləri qeyd edərdiniz. Allah sizləri müvəffəq etsin.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Məhəmməd (s) buyurur: Hər kəsin iki günü bir-birinə bərabər olsa, o kəs ziyan çəkmiş adamdır.

Bunun mənası odur ki, insan gərək hər gün yeni şeylər öyrənsin və dünənki biliyinə əlavə etsin. Əgər şəxs bilik cəhətindən iki gün eyni səviyyədə qalsa, ziyan çəkmiş olar, çünki ömründən bir gün itirib, lakin onun müqabilində heç bir şey ələ gətirməyib. Əlbətdə elm öyrənmək əməl etmək üçündür, elm əmələ yol açır, elmsiz əməlin qiymətidə azdır. Lakin elm olsa əməl olmasa yenədə ziyandadır, çünki əməlsiz elm barsız ağac kimidir.

Hər halda hədis ümumi bir məfhum daşıyır, təkcə elmə inhisar və məhdud etmək olmaz, hər cəhətdən insanı Allaha yaxınlaşdıran və kamilliyə yetirən şeylərə şamil olur.

Allah sizə yar olsun.

Sual (6) : SÜalam...Davamli olararaq şübhələrin gəlməsi imandandır, yoxsa şeytandan? Minnətdarıq..

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır» . Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər» . 
Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur.
Şübhə ərəb mənşəli sözdür oxşatmaq mənasındadır. Şübhəyə ona görə şübhə deyilir ki, batildir amma haqqa oxşayır.

[1] «Nas» surəsi, ayə 5.

[2] «Həcc» surəsi, ayə 52.

Allah sizə yar olsun.

Sual (7) : Salam.İnsan şeytan tərəfindən ona olunan vəsvəsələrə qarşı necə etməlidir ki,həssas olmasın,bunun qarşısını özündə alsın və məsələlərə soyuqqanlı olsun?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şeytan bütün insanlara vəsvəsə edir. Onun vəsvəsəsi hamıya tuşlanır. Amma kimsə ona qulaq asmayıb qalib gəlir, kimsə aldanıb məğlub olur. Elə isə onda biz nə edək ki, şeytanın vəsvəsəsi bizə təsir edib bizi yoldan çıxarmasın?

Bəqərə surəsində belə bir fərman var: ً وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطان‏
"Şeytanın addımlarıyla addımlamayın".
"Şeytanın addımları" ifadəsinin bəlkə də dəqiq bir tərbiyəvi nöqtəyə işarəsi var. O da budur ki, adətən azğınlıqlar insanda bir dəfəyə və birdən-birə deyil, tədricən yer edirlər. Misal üçün, bir cavanın narkotika və spirtli içkilərə qurşanmasının neçə mərhələsi var. Əvvəlcə o, belə məclislərdə adi bir tamaşaçı kimi iştirak edir, ikinci addımda maraq üçün özü də ondan istifadə edir, amma bu, sadəcə maraq üçündür. Üçüncü addımda deyir ki, bir az istifadə edim sonra tərk edərəm. Nəhayət, şeytan addım-addım bu cavanı aldadaraq əsl bir narkamana çevirir. Ona görə də, Allah-taala buyurur ki, elə həmin ilk addımdan şeytandan uzaq ol və onun addımlarıyla addımlama”. Demək, şeytanla üzləşmənin ilkin yolu onun hətta ən ibtidai addımlarından belə uzaq olmaqdır.
Şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hislərinə mənfi təsir göstərir, həmin vəsvəsələr zamanı Nas və Fələq surələrini zikr edin. Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar. Qurani-kərimdə şeytanla mübarizə yollarından biri də Allaha sığınmaqdır. Əraf surəsində belə deyilir: وَ إِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَميعٌ عَليم
  “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!”
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hakimiyyəti yoxdur!” Nəhl surəsi 99
Demək, şeytan düzgün imanlı, ixlaslı və sadiq, Allahına sığınıb yalnız Ona təvəkkül edən bəndələri azdıra bilmir. Elə isə O lənətlənmişin şərindən amanda qalmaq üçün çalışıb bu Allah deyən dəstədən olmaq lazımdır.

Allah sizə yar olsun.

Sual (8) : Salam Aleykum. Bilmek isterdim men Quran oxuyarken rahatliq, sakitlik tapiram. Sevincek oluram. Bu heqiqetenmi beledi? Yoxsa men Qurani teze basladiqim üçünmü beledi? Zehmet deyilse cavablandirin ve Quranin feziletleri haqqinda bilmek isterdim.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: “Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.” 

Ər-Rəd surəsi ayə 28. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.» 

İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.” 

İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”

Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum! Mene yeqine catmagin yollarini yazin Allah rizasi. Cunki demek olar ki, gunahsiz bir gunum yoxdu. Bu da yeqinin olmamasindan gelir. Allah razi olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Böyük filosof, “əl-Mizan” təfsirinin müəllifi mərhum Əllamə Təbatəbai yəqinə belə tərif verir: “Yəqin heç bir səhv və şübhənin yol tapmadığı bilikdir.”
Yəqin üçün üç dərəcə müəyyənləşdirilmişdir: elmül-yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə bir misalla aydınlaşdıraq. Divar başından tüstünü görən adamda odun varlığına olan əminlik elmül-yəqindir. Odu gözlə görən adamın əminliyi eynəl-yəqin, odda yanan adamın əminliyi isə həqqül-yəqindir.
Həzrəti Peyğəmbər (s) buyurur: “Yəqin əhlinin altı xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir və onun nəticələrindən həzər qılırlar; ölümdən sonra diriləcəklərinə yəqinlikləri var, ona görə də Qiyamət rüsvayçılığından qorxurlar; Behiştin haqq olduğuna inanır və ona can atırlar; Cəhənnəmin varlığına əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba əmin olduqlarından həmin hesabdan qabaq özlərini hesaba çəkirlər.”
Yəqinin bu üç dərəcəsinə Quran ayələri və Əhli-beyt rəvayətləri vasitəsi ilə çatmaq olar. Bu iki mənbə vasitəsi ilə yəqinə çatmayan kəs heç nəyin vasitəsi ilə yəqinə çata bilməz.
“Bir gün Allahın rəsulu məsciddə camaatla namaz qıldı. Sonra başını aşağı salıb, fikrə dalmış bir cavana nəzər saldı. Onun rəngi saralmış, bədəni zəifləmiş, gözləri çökəyə düşmüşdü. Allahın peyğəmbəri ona buyurdu: 
“Halın necədir?” O dedi: “Mən yəqinə çatmışam”. Allahın rəsulu onun sözlərinə təəccüb etdi (xoşu gəldi) və dedi: “Hər bir yəqinin həqiqəti var. Sənin yəqininin həqiqəti nədir?” O dedi: “Ey Allahın peyğəmbəri! Mənim yəqinimin əlaməti budur ki, gündüzlərim qəmgin, gecələrim oyaq və isti günlərim susuz keçir. Mən dünya və dünyada olanlara meylsiz olmuşam. Elə bil ki, Rəbbimin ərşini görürəm. Xalq hesab üçün düzülüb, mən də onların arasındayam. Behişt əhlinin nemətlər içində qərq olmuş, oturacaqlara söykənmiş və bir-birini tanıtdırdıqları halda görürəm. Cəhənnəm əhlini isə əzab içində və kömək axtaran vəziyyətdə müşahidə edirəm”. Allahın rəsulu buyurdu: «Bu bəndənin qəlbini Allah iman nuru ilə işıqlandır-mışdır...» 
Xalqın razılığını Allahın qəzəbi bahasına qazanmamaq, Allahın onlara verdiklərinə görə onları qınamamaq müsəlmanın gerçək əminlik nişanələrindəndir.”
İlahi ayələrdən məlum olur ki, yalnız qeyb aləminə iman gətirib, axirətə yəqinlə inanan şəxslər Qurandan faydalana bilər:
 “O kəslər ki, qeyb aləminə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edir axirətə də şəksiz inanırlar.” Bəqərə surəsi ayə 3-4. Elmül-yəqin əldə etmək üçün Allahı tanımaq və qeyb aləmi barəsində güclü dəlillər əldə etmək lazımdır. Saleh əməllə yanaşı yəqin insanın qarşısından bir çox maneələri götürərək, onun nəfsini eynül-yəqin və həqqül-yəqin əldə etmək üçün hazırlayır.
Şübhəsiz, yəqin, adi mərifət və inamdan üstün  olub çox az insanın çatdığı ən şərəfli, ən dəyərli insani fəzilətdir. Həmçinin elə böyük bir sərmayədir ki, ona çatan hər kəs böyük bir səadətə nail olmuşdur. Yəqin məqamına çatmış şəxs Allahdan qeyrisinə diqqət yetirmir, ancaq Allaha təvəkkül edir, Ondan başqasını təsir mənşəyi hesab etmir. Həqiqətdə, yəqin islam, iman və təqvadan sonra hasil olur; necə ki, İmam Rza (ə) buyurur: “İman islamdan bir pillə yuxarıdır, təqva imandan bir dərəcə yüksəkdir, yəqin də bir pillə təqvadan yuxarıdır. Allah bəndələri arasında yəqindən daha az bir şey bölünməmişdir. (bölünüb paylanmamışdır.)
Qüdsi hədisdə deyilir: “Bəndələrimdən heç kim ona vacib etdiyim şeydən başqa daha sevimli olacaq bir şeylə mənə yaxınlaşa bilməz. Onun nafilə ilə Mənə yaxınlaşmağının nəticəsi, sonra onu sevməyim olar. Elə ki, onu sevdim, onun eşidən qulağı, görən gözü, danışan ağzı, tutan əli olaram.”

Allah sizə yar olsun.

Sual (10) : Salam alekum. Evladin haqqi var valideyine desinki namaz qil , oruc tut .Evvelceden tesekkur edirem
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Valideynə hörmət vacib, əziyyət etmək haramdır. Valideynin hörmətin saxlamaqla onları Allahın hökmlərinə dəvət etmək lazımdır. Əgər övladın deməyi ilə narahat və əziyyət olurlarsa bu işi başqalarının öhdəsinə buraxmalıyıq.

Allah sizə yar olsun.

Go to TOP